“Nəcib Fazil Qısakürək irsinin Azərbaycanda
daha geniş təbliğinə ehtiyac var”
(Müsahibə)
Müsahibimiz filologiya elmləri üzrə fəlsəfə doktoru Eşqanə Babayevadır. Gənc alimin bugünlərdə XX əsr türk ədəbiyyatının görkəmli şəxsiyyətlərindən olan, böyük şair, qüdrətli dramaturq, yazıçı, tənqidçi, filosof və publisist Nəcib Fazil Qısakürəyin ömür yolu, ədəbi mühiti və yaradıcılığından bəhs edən “Nəcib Fazil Qısakürəyin yaradıcılıq yolu” adlı monoqrafiyası və onun dilimizə uyğunlaşdırdığı “Bir adam yaratmaq” pyesi nəşr olunub.
– Niyə məhz Nəcib Fazil Qüsakürək yaradıcılığına üz tutmusunuz? Sizi burada cəlb edən əsas cəhətlər hansılardır?
–Nəcib Fazil Qısakürək Türkiyənin XX əsrdə yetişdirdiyi böyük sənətkarlardan biridir. Nəcib Fazil insan ruhunun metafizik dərinliklərini özündə əks etdirən böyük bir sənətkar, son dərəcə maraqlı bir şəxsiyyət olub. O, ilk dəfə olaraq Türk poeziyasına fərdi ruhun şeirini gətirib, bununla da yeni bir məktəb yaradıb. Doğrudur, Nəcib Fazildən də öncə Türk ədəbiyyatında fəlsəfi şeir var idi. Əbdülhaq Hamidin, Haşimin poeziyası bunun ən bariz nümunəsidir. Amma Nəcib Fazilin poeziyasındakı bu fəlsəfi düşüncə tərzi tamamilə fərqli, tamamilə yeni idi. Bu yeni bir səs, yeni bir ürpərti, yeni bir duyğu idi. Nəcib Fazili digər şairlərdən ayıran da məhz bu idi. Bundan başqa, Nəcib Fazil öz ədəbi şəxsiyyəti ilə diqqətimi cəlb edib. Onun tərcumeyi-halına nəzər yetirdikdə gözlərimizin önündə öz nəfsi ilə mübarizə apararaq Mütləq Həqiqətə çatmaq üçün çırpınan kamil bir insan obrazı canlanır.
– İndiyədək ədəbiyyatşünaslığımızda Nəcib Fazil yaradıcılığından kimlər söz açıb? Sizə qədər Azərbaycanda Nəcib Fazilin yaradıcılığı belə geniş və sistemli səviyyədə tədqiq olunubmu?
– Türkiyədə ədibin yaradıcılığı, xüsusən də şeirləri geniş tədqiq olunub. Qısakürək Azərbaycanda əsasən lirikası ilə tanınır. Əlimizdəki məlumata görə, ölkəmizdə ustad haqqında ilk dəfə şair Mikayıl Müşfiq fikir söyləyib. “Dəmir pərdə”nin bütün təzyiq və yasaqlarına baxmayaraq hələ 1958-ci ildə böyük şairimiz Rəsul Rza Nəcib Fazilin məşhur “Otel odalarında” şeirini dilimizə çevirərək “Ədəbiyyat və incəsənət” qəzetində çap etdirib. Sənətkarın poetik nümunələrinin ölkəmizə ikinci gəlişi tam otuz il sonraya-müstəqilliyimizin ilk illərinə təsadüf edir. 1991-ci il, mayın 22-də “Ədəbiyyat qəzeti”ndə şairin bir neçə şeiri çap olunub. Bəxtiyar Vahabzadə, Zəlimxan Yaqub, Xəlil Rza Ulutürk, Fikrət Sadıq kimi tanınmış şairlər Nəcib Fazil poeziyasına yaxından bələd olublar, yeri gəldikcə, bu gözəl sənət nümunələrindən ilhamlanaraq sənətkar haqqında qiymətli fikirlər söyləyiblər.
Bu qeyd elədiklərim Azərbaycanda Nəcib Fazil sənətinin və şəxsiyyətinin tədqiqatına doğru atılmış ilk uğurlu addımlar hesab oluna bilər. Qeyd edim ki, böyük ədibin yaradıcılığı sistemli şəkildə və tam halda ilk dəfə məhz bu monoqrafiyada tədqiq olunub, şairin türk ictimai fikrindəki yeri, XX əsr türk poeziyası, dramaturgiyası və nəsrinin inkişafındakı xidmətləri müəyyənləşdirilib. Xüsusilə vurğulayım ki, türk ədəbiyyatında şairin yaradıcılığının əsasən II mərhələsi tədqiqat obyektinə çevrilib. Çünki şair özü, həyatında dönüş, fikri inqilab yaradan şeyx Əbdülhakim Ərvasi ilə tanış olduqdan sonra, yaradıcılığının ilk mərhələsindən özəlliklə də şeirlərindən qəti şəkildə imtina edib. Ancaq araşdırma vaxtı müxtəlif məcmualarda, kitablarda unudulub qalmış həmin şeirləri də tədqiqata cəlb etdik. Nəcib Fazili olduğu kimi tədqiq etmək, onun sənət anlayışını, bir insanın kamillik zirvəsinə yüksəlməsini müəyyənləşdirmək üçün bu çox vacib idi. Onu da qeyd edim ki, Nəcib Fazil əsasən şair kimi tanınsa da, bu əsərdə onu çox sahəli yaradıcılığa malik böyük bir şəxsiyyət, böyük şair, görkəmli yazıçı, istedadlı dramaturq, filosof, publisist kimi təqdim etməyə çalışmışam. Zənnimcə, Nəcib Fazil Qısakürək irsinin Azərbaycanda daha geniş təbliğinə ehtiyac var.
– Nəcib Fazil Qüsakürəyin yaradıcılığını tədqiq edərkən kimlərlə görüşmüsünüz? Yaşadığı yerdə olmusunuzmu, özünüz üçün maraqlı olan nələri aşkarlamısınız?
– Nəcib Fazili tədqiq edərkən dəfələrlə Türkiyədə oldum. Müxtəlif beynəlxalq elmi konfranslarda məruzələr etdim. Əsas araşdırmalarımı isə İstanbulda, vaxtı ilə Nəcib Fazilin özünün təsis etdiyi, hazırda oğlu Mehmed Qısakürəyin rəhbərliyi ilə fəaliyyət göstərən Böyük Doğu Yayınevində apardım. Nəcib Fazilin bütün əsərlərini, eləcə də onun haqqında yazılmış kitabları əldə etdim. Burada, şairin tədqiqatçılarından görkəmli yazıçı Mustafa Miyasoğlu, Bəkir Oğuzbaşaran, yazıçı-jurnalist Əbdürrəhman Şən, pakistanlı tədqiqatçı Məsud Aktar, şairin kitablarının redaktoru Suat Ak, eləcə də onu yaxından tanıyan, özünə ustad sayan bir çox insanlarla görüşdüm. Mustafa Miyasoğludan ustad haqqında aldığım müsahibə isə “Xalq qəzeti”ndə, həm də Kult.az-da yayımlandı.
Onu da deyim ki, 2009-cu ildə Elazığda keçirilən Xəzər şeir axşamları da Nəcib Fazilin əziz xatirəsinə həsr olunmuşdu. Mənim də dəvət olunduğum bu festivalda demək olar ki, dünyanın hər yerindən şairin tədqiqatı ilə məşğul olan alimlər iştirak edirdilər. Təbii ki, bu tədqiqatçılarla həmsöhbət olmaq, fikir paylaşmaq da çox səmərəli oldu.
– Tədqiqat apardığınız dövrdə onunla bağlı sizi çox təsirləndirən məqam olubmu?
– Ümumiyyətlə, Nəcib Fazilin uşaqlıq illəriylə bağlı kövrək xatirələri, xüsusi ilə də altı yaşında vəfat etmiş bacısı Səlmayla bağlı qeydləri çox təsiredicidir. O, özü də xatirələrində yazır ki, Səlma mənim ən dərin nisgillərimdən, müəmmalarımdan biridir.
– Qarşıdan şairin doğum günü-26 may gəlir. Bununla bağlı hansı tədbirlərdə iştirak edəcəksiniz, hansı törənlərə qatılacaqsınız?
– Həm doğum, həm də vəfat günüylə əlaqədar olaraq Türkiyədə bir çox tədbirlər keçiriləcək. Onu da deyim ki, bu il ustadın vəfatının 30-cu ildönümüdür. Bununla əlaqədar olaraq, həm Konyada, həm də Maraşda bir-birinin ardınca Beynəlxalq Nəcib Fazil Qısakürək konfransları keçiriləcək. Hər iki beynəlxalq konfransa dəvətliyəm.
– Nəcib Fazil Qısakürək yaradıcılığı ilə bağlı gələcəkdə hansısa işlər görməyi planlaşdırırsınızmı?
– Bəli, hazırda onun “Yunus Əmrə” və “Rəis bəy” dram əsərlərini Azərbaycan türkcəsinə uyğunlaşdırıram. Bunlardan başqa qısa bir zamanda onun “Siyah pelerenli adam” və “Qanlı sarıq” (Qana bulaşmış əmmamə) dram əsərlərini də dilimizə uyğunlaşdıracağam. Özəlliklə də, “Qanlı Sarıq” əsərinin Azərbaycanda çap olunması çox vacibdir. Əsərdə, Orxan Pamukun “Qar”ından fərqli olaraq, bugünkü türk dünyasını narahat edən qanlı yaddaş, erməni vəhşətləri öz əksini tapır. Əslində, bu əsərdə bu günkü tariximizlə səsləşən tarixi gerçəkliklər bütün çılpaqlığı ilə ifadə olunur. Bundan başqa, Nəcib Fazil haqqında yazdığım məqalələrdən ibarət toplu da dərc etdirməyi düşünürəm. Fürsətdən istifadə edib həm monoqrafiyanın, həm də Nəcib Fazilin “Bir adam yaratmaq” əsərinin tərcüməsinin çapına göstərdikləri maddi və mənəvi dəstəyə görə Türkiyə səfirliyinin kültür və tanıtma müşavirliyinə, özəlliklə də Seyid Əhməd Arslan bəyə öz dərin minnətdarlığımı bildirirəm.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 4 may.- S.21.