Genetik yaddaş üstündə köklənmiş
düşüncələr...
və yaxud Xoca Əhməd Yəsəvi
irsinə yeni baxış...
Professor,
filologiya elmlər doktoru Buludxan Xəlilov elmə ən
çox dilçi kimi tanınıb. Amma indi ədəbiyyat aləmində
ən samballı məqamlardan birini tutmuş, istedadı və
qabiliyyətilə ədəbiyyatşünas, tənqidçi
kimi də tanınmaqdadır. Elmin ən aktual məsələlərinə
toxunur. Zaman-zaman elmdə, ədəbi ictimaiyyətdə,
pedaqoji aləmdə sözünün və mövqeyinin cəsarəti,
prinsipiallığı ilə seçildi, həmişə həqiqətin,
elmin tərəfində dayandı, xeyirxah, humanist hərəkətləri
ilə hörmət qazandı...
Elmi təşkilatçılığı
ilə fərqləndi, xüsusən
“Dədə Qorqud elmi-tədqiqat laboratoriyası”na rəhbərlik
etdiyi dövrlərdən başlayaraq bir yaradıcı şəxsiyyət
tipi kimi özünü qabarıq göstərdi, xüsusən,
dilçilik elminin onomastika, etimologiya, dialektologiya bölməsinin
çətin və aktual
problemlərinin həlli istiqamətində səmərəli
elmi-təşkilati işlərin yaranmasına stimul oldu...
Buludxan Xəlilov bu illərdə dilçiliyin müxtəlif
problemlərinə, xüsusən onomastikaya aid xeyli elmi
konfranslar keçirdi, tədqiqat işlərinin, yeni nəşrlərin
yaranmasına səbəbkar oldu. O dövrdə fəaliyyət
göstərən həmkarlarımız yaxşı bilirdilər
ki, bütün
bu işlər onun şəxsi təşəbbüsü və
səyi nəticəsində həyata keçirilirdi. Buludxan Xəlilov təkcə universitetimiz və
respublikamız daxilində deyil, türk dünyasında getdikcə
yaxşı tanınmaqdadır, elmi nüfuz sahibinə
çevrilməkdədir. Deyərdim ki, o
getdikcə öz müəllimləri və ustadları olan
Afat Qurbanovun, Ağamusa Axundovun, Tofiq Hacıyevin türk
dünyasında qazandıqları nüfzün sferasına
daxil olmuş yeganə dilçi alimlərimizdəndir. Onun 2006-cı ildə Türkiyənin
Ankara şəhərində Orxon-Yenisey yazılı abidələrinə
həsr olunmuş samballı, sayılıb-seçilən
alimlərinin iştirakı ilə keçirilən
ümumtürk konfransında
iştirakı və yeni elmi konsepsiyası ilə fərqlənən
məruzəsi bu dediklərimə kiçik bir nümunədir
və belə misalların sayını dönə-dönə
artırmaq olar.
Ən nəhayət, mən Buludxan müəllimi dekan
kimi fəaliyyətində daha yaxşı tanıdım. Onun çoxlarının
duymadığı və bilmədiyi keyfiyyətlərini hiss
etdim. Gördüm ki, Buludxan müəllim təhsili, tədrisi
əla bilir və təhsildə, tədrisdə milli
maraqları,azərbaycançılıq və
türkçülük ideyalarını hər şeydən üstün
tutur.
Məlumat
üçün, onu da nəzərə çatdırım
ki, tanınmış publisist, dilşünas, 2001-ci ildən
Azərbaycan Yazıçılar Birliyinin üzvü,
filologiya elmləri doktoru (1999), professor, Azərbaycan Pedaqoji
Universitetinin filologiya fakültəsinin dekanı Buludxan Əziz oğlu Xəlilov
1966-cı il iyulun 25-də Qərbi Azərbaycanda Amasiya
rayonunun Ellərkənd kəndində anadan olmuşdur. Burada kənd orta məktəbini bitirdikdən sonra Azərbaycan
Dövlət Pedaqoji İnstitutunun Azərbaycan dili və ədəbiyyatı
fakültəsində təhsil almışdır (1983-1990).
Ordu sıralarında hərbi xidməti borcunu
yerinə yetirmişdir (1985-1987). Əmək
fəaliyyətinə Azərbaycan Dövlət Pedaqoji
İnstitutunun (indiki ADPU-nun) Azərbaycan dili kafedrasında
laborant kimi başlamışdır. Burada
baş laborant, müəllim (1990-1996), indi isə professordur
(2001-ci ildən). Qeyd etdiyim kimi, Dədə-Qorqud elmi-tədqiqat
laboratoriyasına başçılıq etmiş, üzün
müddət “Filologiya
məsələlərinə dair tematik toplu”nun redaktoru kimi fəaliyyət
göstərmişdir. 2006-cı ildən
professor Buludxan Xəlilov ADPU–nun filologiya fakültəsinin
dekanı vəzifəsini aparır.
Müasir ədəbi-tənqidi
fikrin, ədəbi irsin araşdırılmasında öz dəst-xətti
ilə seçilir. M.F.Körpülünün
“Azəri” əsərini transliterasiya edib ön söz və
şərhlərlə çap etdirmişdir (2000). Ədəbi
dilin tədqiqinə dair “Azərbaycan dilində təkhecalı
fellərin əsasında duran ilkin köklərin fonosemantik
inkişafı” (1995), “Azərbaycan
dilində ikihecalı fellərin fonosemantik inkişafı”
(1996), “Fellərin ilkin kökləri”
(1998), “Birinci Beynəlxalq Türkoloji qurultay” (1999), “Müasir Azərbaycan dilinin
morfologiyası (I hissə)” (2000), “Türkologiyanın intibah
dövrü (XIX əsrin sonu XX əsrin 30-cu illəri), (2001),
“Azərbaycan dili: dünən, bu gün”, (2004),
“Türkologiyaya giriş: Dərslik, (2006), “Müasir Azərbaycan
dili: fonetika, yazı, əlifba, qrafika, orfoqrafiya, orfepiya, Dərslik,
(2007), “Müasir Azərbaycan dilinin morfologiyası”, [2 hissədə]:
[dərslik].- I hissə.- (2007),
“Müasir Azərbaycan dilinin morfologiyası [2 hissədə]:
dərslik- II hissə, (2007), “Müasir Azərbaycan dilinin
leksikologiyası: leksikologiya, semasiologiya, etimologiya, onomalogiya,
frazeologiya, leksikoqrafiya, söz yaradıcılığı [Dərslik],
(2008) kimi samballı, Azərbaycanda və türk elm aləminə
məşhur olan Mahmud Kaşğarinin “Divani lüğət
–it-türk” əsərində etnonimlər”(2012), “224-qədim
türk sözü”(2012), “Dil, ədəbiyyat, mədəniyyət”(2013)
və haqqında danışdığımız onlarla
monoqrafik əsərlərin, kitabların, dərsliklərin müəllifidir.
Həmçinin
onun son vaxtlar Respublikanın say-seçmə, mötəbər
mətbuatında dərc etdirdiyi “Mirzə İbrahimovun
yaradıcılığında dil və ədəbiyyat dərslərinə
münasibət”, “Xalq qəzeti”, – 2012. – 10 yanvar. – N 5; “Mirzə
İbrahimovun dilçilik görüşləri”, “Azərbaycan məktəbi”
jurn., – 2012. – ¹ 1. – S. 40-49; “Səməd
Vurğunun yaradıcılığında dil məsələləri”,
“Azərbaycan məktəbi” jur., – 2012. – ¹ 4. – S. 39-47; “Doğma dil milli ruhun
daşıyıcısı”, “Respublika” qəzet., – 2012. – 30
noyabr. – ¹ 267. – S. 5; “Türkün genetik
yaddaşı və yaratdığı hikmət xəzinələri”, “Azərbaycan
dili və ədəbiyyatı tədrisi”. – 2012. – ¹ 4. – S. 61-68 – elmi-nəzəri və metodik məqalələri
ədəbi-elmi ictimaiyyətin ciddi marağına səbəb
olmuşdur.
Müəllif bu monoqrafiya və dərsliklərində,
məqalələrində türk dillərinin tipologiyası,
tarixi, quruluşu, təsnifatı, əlifbası ilə
bağlı elmi tələblərə cavab verən
araşdırmalar aparmış, müxtəlif elmi mənbələrə
özünün baxış bucağından baxmaqla onları
analoji təhlildən keçirmişdir. Yaxşı haldır ki, professor Buludxan Xəlilov kitabdan-kitaba tədqiq
etdiyi elmi məsələlərin arenasının dərinliyinə
diqqət yetirir. Bu
mənada onun bütün əsərləri, sözün həqiqi
mənasında gərgin əməyin, zəhmətin bəhrəsi
olmaqla, həm də dəyərli dərsliklərdir, elmi-nəzəri
araşdırmalardır.
Professor Buludxan Xəlilovun onlarla maraqlı və
lazımlı, problematik, elmi-nəzəri və ictimai-sosial məzmunlu
məqalələri vardır. Bu məqalələrin
bir qismində, o həm də özünü alim-publisist kimi
də bacarığını nümayiş etdirir.
Bunların içərisində problematikasının
genişliyi və türkologiyadakı əhəmiyyətinə,
ümumtürkçülüyə xidmətə görə
təkcə bir məqaləsinin – “Çağdaş
türkologiyamızın qarşısında duran vəzifələr” məqaləsini
xatırlatmaq, məncə yetərincədir.
Ümumiyyətlə,
professor Buludxan Xəlilovun bu əsəri
onun indiyənə qədər apardığı türkoloji
araşdırmaların məntiqi nəticəsi kimi ortaya
çıxıbdır.
Onun bu sahədə
apardığı araşdırmaların qısa xülasəsinə
nəzər salsaq olduqca maraqlı və cazibədar bir mənzərənin
şahidi olar, həm də, professor Buludxan Xəlilovun
erudisiyası, tədqiqat sferası barəsində təsəvvür
yaratmış olarıq.
Müəllif qədim türk dövrü ilə əlaqədar
araşdırmalarının miqyasını dəyişməli
olur. Heç şübhəsiz bu miqyaslı dəyişmələrin
müəyyən səbəbləri vardır, çünki
bu maraqlı və səriştə tələb edən
dövr özünəməxsus xüsusiyyətləri ilə
diqqəti çəkir. Bildiyimiz kimi, qədim
türk dövrünün ilk yazılı abidəsi
Orxon-Yenisey yazılarıdır. Yazıların
tədqiqinə böyük diqqət ayıran dilçi alim
bu qədim tarixi abidə ilə bağlı xeyli
ağlasığan, elmi araşdırma aparıb. O bu
yazıların tapılması və onun tədqiqi məsələlərinə
çox ciddi əhəmiyyət verib. Bu məqsədlə
yazılı abidəni ilk dəfə aşkar edib üzə
çıxaran F.İ.Stralenberq və onun elmi cəhətdən
oxunmasını ilk dəfə üzə çıxaran
danimarkalı V.Tomsen haqqında məlumat verməklə onun tədqiqi
məsələlərinə müxtəlif bucaq altından
baxıb. O, Gültiginin, Bilgə Xaqanın, Tonyukukun
şərəfinə yazılmış abidələr üzərində
çox böyük anlamda ciddi araşdırmalar aparıb. Bir abidə kimi təqdim olunan bu yazılarda əslində
müəllifin göstərdiyi kimi müəyyən mənada
mahiyyət fərqi vardır. O bu fərqləri elmi dəlillərlə
sübut edir. Dilçi alim uyğur mədəniyyəti
ilə də əlaqədar maraqlı elmi fikirlər söyləyir.
Uyğur türklərinin Soqdi əlifbası ilə
bağlı müəyyən açıqlamalar verir. Qədim
uyğur mədəniyyətinin özünə xas olan
düzxətli inkişafını belə izah edir: “Ərəblərə
və avropalılara kağız hazırlamağı uyğur
türkləri öyrətdi. Uyğurlar mətbəə
və çap işlərini bilirdilər. Uyğur türkləri Orxon əlifbasını
buraxıb Soqdi əlifbasına keçmişlər.
Soqdi yazısı İran köklü yazı olub: 3 səssiz,
15 səsli hərfdən (yəni cəmisi 18 hərfdən)
ibarətdir. Soqdi yazısı sağdan sola
yazılır. Uyğur mədəniyyəti
içərisindəki rəsm və heykəl (budda heykəl),
memarlıq, teatr, musiqi də inkişaf etmişdir”.
Uyğurların “Törəyiş”, “Köç”
dastanlarının yığcam məzmunu fəsildə
müfəssəl məlumatı da bəyəniləsi
haldır. Müəllif qədim türk
dövrünün qırğız mərhələsinə də
xüsusi önəm verir. O, “Manas” dastanının tədqiqi
ilə bağlı xeyli araşdırmalar aparır, qədim
qırğız dastanının tədqiqi ilə bilavasitə
bağlı olan V.V.Radlov, V.Jirmunski, M.Auezov, V.Yunusəliyev,
K.Raxmatullin kimi tədqiqatçıların adlarını
qeyd edir və “Manas”ın konkret olaraq məzmununu müəyyən
süjet xətti ilə açıqlayır.
Buludxan Xəlilov orta
türk dövrünə tarixi nöqteyi-nəzərdən
müfəssəl yanaşmağı unutmur. Belə ki,
o, Qaraxanlı, Xarəzmşahlar, Qaraqoyunlular, Ağqoyunlular
dövlətləri haqqında xronoloji qaydada məlumat verərək,
bu tarixi dövrün bir qism yazılı abidələri olan
M.Kaşğarinin “Divani lüğət-it-türk”, Yusif
Balasaqunlunun “Kudatqu bilik”, Əbu Həyyan əl-Qarnatinin
“Kitabül-əl idrak lilisanül əl-ətrak”,
Qütbün “Xosrov və Şirin”, “Dədə Qorqud”
dastanları, “Dastani-Əhməd Hərami”, Səyyad Həmzənin
“Yusif və Züleyxa” kimi əsərlərini
xatırladır və yeri gəldikcə onları müəyyən
ardıcıllıqla, sistemli, müqayisəli şəkildə
təhlil edir. Dilçi alim öz
yazılarında M.Kaşğariyə xüsusi diqqət
vermişdir. Bu da təsadüfi deyil.
O, M.Kaşğarinin məzarı ilə bağlı xeyli zəhmət
tələb edən tədqiqat işləri
aparmışdır. “Həzrəti mövlam” məzarı
ilə də xeyli tədqiqat tələb edən materiallara
alim gözü ilə baxıb, onlara aydın, elmi prizmadan
münasibət bildirmişdir. O, M.Kaşğarinin Vətəni
olan Kaşğar, Opal, Azık, Kasi şəhər və kəndləri
ilə də əlaqədar yaddaqalan, oxucuların maraq dairəsinə
xoş təsir bağışlaya biləcək müqayisəli
analoji təhlillər aparır. Bu baxımdan
onun O.Pritcak, A.Rozin kimi tədqiqatçıların fikirlərinə
müraciət etməsi heç də təsadüfi xarakter
daşımır. Dilçi alim eyni zamanda
elm aləminə məlum olan iki əsəri –
M.Kaşğarinin “Divani lüğət-it-türk” və
“Kitabi-cavahirül nəhv fil lüğatitürk” əsərlərini
də təhlilin mərkəzinə çəkir.
Müəllif həmin fəsildə Yusif Balasaqunlu və onun
“Kutadqu bilik”in nüsxələrinin, Əlülqazi Bahadır
xanın “Şəcəreyi-tərakimə” və Rəşidəddinin
“Oğuznamə” əsərlərinin tədqiqinə də
xüsusi önəm verir.
Mənə elə gəlir ki, məhz
belə bir geniş, əhatəli marağın nəticəsində
Buludxan Xəlilovun qələmə aldığı
“Türkün hikmət xəzinəsi: Xoca Əhməd Yəsəvi”
tədqiqat işi, monoqrafiyası, zərif nəşr
olunmuş kitabı diqqəti daha çox cəlb edir.
Kitabda tüpk bədii
və fəlsəfi fikir xəzinəsinin dünənindən,
bu günündən seçmələr verilir, yüksək
elmi səriştə ilə təhlil olunur, şərh edilir.
XI əsrin hikmət sahibi, türk dünyasının ən
görkəmli ədiblərindən və mövlalarından
biri olan Əhməd Yəsəvinin həyatı,
yaradıcılığı, təriqətə aid
görüşləri, onun yaradıcılıq fəlsəfəsi,
sadə, elmi arqumentlərə uyğun bir tərzdə,
müasir oxucunun qəbul edə biləcəyi
anlaşıqlı bir üslubda araşdırılır...
Müəllif Yəsəvi təriqətinin
məzmun və mahiyyətinin açılmasına xüsusi
diqqət yetirir, yeri gəldikcə Əhməd Yəsəvi
ideyaları Azərbaycan bədii fikrinin nümunələri əsasında
izlənilir, müqayisə edilir, maraqlı, dürüst elmi
müstəvidə oxucuya təqdim etməyi bacarır...
Seçilən
cəhətlərdən biri də budur ki, professor
Buludxan Xəlilov Əhməd Yəsəvi hikmətlərindən
verilmiş nümunələri orijinaldan – Türkiyə
türkcəsindən seçərək təqdim etmişdir.
Bu da Əhməd Yəsəvi irsinin öyrənilməsini,
mənimsənilməsini təhriflərdən qorumuşdur.
Bu
baxımdan professor Buludxan Xəlilovun “Türkün hikmət xəzinəsi:
Xoca Əhməd Yəsəvi” (Bakı, 2010) kitabı tədqiq
obyekti kimi yeni elmi dəyərlərə cavab verir, Əhməd
Yəsəvinin şəxsiyyəti,
yaradıcılığı, mühiti, dövrü
haqqında oxucuda tam təsəvvür yaradır.
Elə
bunun nəticəsidir ki, 2010-cu ilin sentyabr ayında Aşqabadda keçirilən “Xoca Əhməd
Yasəvi və Şərqin sufi ədəbiyyatı”
mövzusunda beynəlxalq elmi konfransda ABŞ, Türkiyə,
Rusiya, Əfqanıstan, Bolqarıstan, Gürcüstan, Hindistan,
İran, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Özbəkistan,
Türkmənistan və digər ölkələrdən gəlmiş
alimlərli yanaşı Azərbaycan
alimlərindən filologiya elmləri doktoru, professor Buludxan Xəlilov
təmsil etmişdir. Məlumat üçün deyim ki, bu mötəbər
beynəlxalq tədbirdə – Konfransın əvvəlində
Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovun
iştirakçılara ünvanlanmış təbriki
oxunmuşdur. Elmi konfransın iştirakçıları “Xoca
Əhməd Yasəvinin əsərlərinin əlyazma mənbələri
və onun öyrənilməsi”, “Xoca Əhməd Yasəvinin
dövrü və 12-ci əsr Şərq tarixi”, “Xoca Əhməd
Yasəvinin yaradıcılığı və türkmən
klassik ədəbiyyatı”, “Xoca Əhməd Yasəvinin
yaradıcılığı və Səlcuqilər
dövrünün türk ədəbiyyatı”, “Xoca Əhməd
Yasəvinin ədəbi irsi və türkmən dili”
mövzuları üzrə bölmələrdə 100-dən
artıq məruzə dinləmişlər. Bu məruzələr
içərisində maraq doğuran və fərqlənən
məruzələrdən biri də, “Türk bədii fikrində
Əhməd Yəsəvinin dil faktoru” mövzusunda söylədiyi
məruzə olmuşdur. Bu faktın özü göstərir
ki, professor Buludxan Xəlilov qələməı
alığı mövzuları təkcə regional-məhəlli
siferada deyil, beynəlxalq müstəviyə də
çıxarmağı bacaran alimlərimizdəndir.
Buludxan Xəlilov bu
kitabında Azərbaycan oxucusuna Əhməd Yəsəvinin həyat
və yaradıcılığı barədə müfəssəl
məlumat verir. Kitabdakı “XI əsrin hikmət sahibi
Xoca Əhməd Yəsəvi” və “Xoca Əhməd Yəsəvinin
həyatı”, “Hikmət xəzinəsində yaş həddi”
başlıqları altında yazılmış ikinci fəsildən aydın olur ki,
Əhməd bin İbrahim bin İlyas Yəsəvi Batı
Türküstanın Çimkənd şəhəri
yaxınlığındakı Sayram qəsəbəsində
dünyaya gəlmiş, doğum ili dəqiq məlum olmasa da,
onun XI əsrin əvvəllərində 1103 və ya 1105-ci illərdə
dünyaya gəlməsi təxmin edilir. Müqəddəslik
məqamına yüksəlmiş Əhməd Yəsəvi
1166-cı ildə vəfat etmişdir. Onun
məzarı üstündə Əmir Teymur tərəfindən
inşa etdirilmiş möhtəşəm türbə bu
gün də ehtişamına, zənginliyinə və
memarlıq struktruna görə heyranlıq doğurur. Əhməd
Yəsəvinin türbəsi əsrlər boyu türkmənlərin,
özbəklərin, qazaxların, qırğızların ən
müqəddəs ziyarətgahı olaraq qalmaqdadır...
Müəllif
haqlı olaraq Əhməd Yəsəvini – XI əsrin məşhur
mütəfəkkir-şairi, ortaq türk ədəbiyyatında
ilk mütəfəkkirlərdən, türk dilində sufizm ədəbiyyatının
ilk yaradıcılarından, Orta Asiya türkləri
arasında İslamı yayan, Anadolunun türkləşməsində
və müsəlmanlaşmasında böyük rolu olan bir
şəxs kimi faktların dili və dərin təhlillərlə,
faktoloji sübutlarla təqdim edə bilir.
Əhməd
bin İbrahim bin İlyas Yəsəvi – Pir Sultan, Xoca Əhməd,
Kul Xacə Əhməd kimi də tanınmışdır. O,
ilk təlim və tərbiyəsini Yəsi şəhərində
almış və bu şəhərin adını
özünə təxəllüs
götürmüşdür.
Kiçik yaşlarında anasını itirən Əhməd
ilk dərslərini Sayramın ən məşhur vəlilərindən
olan atası Şeyx İbrahimdən almışdır. Amma onun 7
yaşında ikən atası da vəfat etmişdir.
Atası öləndən sonra əvvəlcə Yəsidə
Arslan Babadan dərs alan Əhməd,
qısa zaman içində təhsildə böyük
uğurlar qazanmışdır. Arslan Baba
dünyasını dəyişəndən sonra o, Buxaraya
yollanmış və burada böyük övliya Yusif Həmədaninin
şagirdi olmuşdur. Həmədanidən icazət və
xilafət alan Əhməd Yəsəvi
müəlliminin vəfatından sonra bir müddət Buxarada
qalıb burada şagird yetişdirmişdir.
Əhməd Yəsəvinin əsas əsəri
sayılan və YUNESKO tərəfindən dünya ədəbiyyatının
incilərindən biri kimi nüsxəsi qorunan “Divani-hikmət”
əslində müəllifdən əsrlərcə sonra Yəsəvi
dərvişləri tərəfindən tərtib
edilmişdir.
Rəvayətə görə, onun Türküstanın hər
tərəfində yayılan doxsan doqquz min müridi, on iki min
kamil təsəvvüf əhli (sufi),
özünun sağ ikən təyin etdiyi bir çox xəlifələri
olmuşdur.
Müəllif haqlı olaraq mahir, səriştəli bir
dilçi kimi müəyyənləşdirir ki, bu səbəbdən
əsərin mətninin dili XI əsrin deyil, daha sonrakı
yüzilliklərin dil xüsusiyyətlərini də mənimsəmişdir. Belə ki,
“Divani-hikmət” qafiyə sistemi və vəzn baxımından
qoşmalara bənzəyən dördlüklərdən və
əruz vəznində yazılmış qəzəllərdən
ibarətdir. Bu da poetik janrların yaranma və
inkişaf tarixini müəyyənləşdirməkdə
ciddi faktlardan biri kimi maraq doğurur.
Buludxan Xəlilov
təhlil yolu ilə göstərir ki, Xoca Əhməd Yəsəvi
ən məşhur əsərlərindən biri olan
“Divani-Hikmət”i ərəb
və fars dillərinə dərindən bələd
olmasına baxmayaraq, sadə türklərin
hamısının anladığı və başa
düşdüyü xalq dilində yazıb. O, bu əsərində
sadə dildə yazdığı mənzumələrlə
İslamın əsaslarını, şəriətin hökmlərini
ədəb və qayəsini, mahiyyətini xalqa
çatdırırdı. Ona görə Yəsəvi
yazdığı mənzumələrə hikmət
adını vermişdi. Onun bu mənzumələrini
dərvişləri uzaqlarda yaşayan türk xalqlarına
çatdırır və bununla da onların İslama daha
sıx bağlanmasına, dostluq və qardaşlıq
içində yaşamalarına yardım edirdilər. Bu da o dövrdə türklər arasında mənəvi,
ruhi, qardaşlıq birliyinin formalaşmasında önəmli
rol oynadı.
Kitabın “Xoca Əhməd Yəsəvinin təriqət
görüşləri” adlanan 3-cü fəslində müəllifə
görə, Yəsəvinin ən böyük xidmətlərindən
biri onun İslamı sadə türklərin daha dərindən
dərk etməsi, islami həyat tərzinə yiyələnməsi
üçün təsəvvüfdən istifadə etməsi
və bu ruhda çox sayda mənzumələr
yazmasıdır. Bu mənzumələr köçəri
həyat keçirən hər bir türk üçün
başa düşülən idi.
Beləliklə, Yəsəvi təsəvvüf ruhunda
yazdığı əsərlərlə islamın türklər
tərəfindən daha dərindən öyrənilməsi və
dərk edilməsi ilə bağlı yeni bir məktəbin əsasını
qoydu. O, təsəvvüflə
yüz minlərlə türkün ruhunu, qəlbini fəth
etdi. Bu da sadə xalq kütlələrinin
İslama daha dərindən bağlanmasına, Haqqa gedən
yolu özlərinin gündəlik həyatına bir nur edərək
yaşamasına, onunla nəfəs alıb-verməsinə gətirib
çıxardı. Bu müstəvidə
də Yəsəvilik sadəliyin, fədakarlığın və
bütün yaradılmışlara olan ilahi eşqin parlaq bir
nümunəsi kimi min illər boyu yaşamaqdadır.
Onun “Divani-Hikmət”ində dinindən, rəngindən,
irqindən asılı olmayaraq, bütün insanlara Allah tərəfindən
yaradılmışların hamısına bir sevgi və məhəbbət
təbliğ edilir. Yəsəvidə yaradılmışların ən
şərəflisi olan insana sevgi və məhəbbət var.
Bu sevgi uca
Yaradana olan sonsuz eşqlə qovuşaraq Haqqa gedən yolu bir
nur kimi işıqlandırır. Bu
anlayış Yunus Əmrənin “Yaradılanı sev, əməllərinlə,
yaşadığın həyatınla ona Haqqa gedən yolu
göstər” düşüncəsi ilə vəhdət təşkil
edir.
Müəllif göstərir ki, İnsanların mənəvi
və ruhi tərbiyəsində, dinimizi dərindən öyrənməsi
və onu yaşamasında əmək amili də xüsusi
önəm daşıyır. Yəsəviyə
görə, əmək insanın həyatının mahiyyətini
təşkil edir və işləməyən, zəhmətin
nə olduğunu bilməyən insan ruhi-mənəvi və
islami dəyərlər baxımından kamil insan kimi yetişə
bilməz. Yəsəviyə görə,
insanların haqqını tapdamaq, başqasının əməyi
hesabına dolanmaq Allah tərəfindən
bağışlanması inandırıcı görünməyən
əməllərdəndir. Yəsəvi
işləməklə, halal yolla, əlinin zəhməti ilə
ailəsini dolandıranları, haramdan özünü və nəfsini
qoruyanları hər iki dünyanın ən xoşbəxt
adamı hesab edir.
Müəllif sübut edir ki, Yəsəviyə görə,
qadın və ailə münasibətləri həyatda
xüsusi önəm daşıyır. Qadın-kişi
bərabərliyi, onların ailə birliyi içində
dinimizin şərtlərinə uyğun şəkildə həyat
yaşaması ilahi eşqin əsaslarından birini təşkil
edir. Belə ki, ailədə hüzur və sakitlik, ruhi
rahatlıq olmadan insan Haqqa gedən yolu tapa, ona daha ürəkdən
bağlana bilməz . Yəsəvinin
fikrincə, ailəsi hüzur içində olmayan insanlar mənəvi
və ruhi baxımdan dumana düşərək
yollarını tapa bilməyən qazları xatırladarlar.
Tədqiqatçıya
görə, Əhməd Yəsəvinin
dünyagörüşünün əsasında 7 prinsip
dayanır: Allaha ilahi eşqlə bağlılıq,
İslamiyyət və Allaha iman, ixlas (maddi və şəxsi
mənfəət güdməyən müsəlmanlıq),
Allahın yaratdığı və yer üzünün ən
şərəflisi olan insanı sevmək və onun xidmətində
dayanmaq, rəngindən, dilindən, dinindən, cinsindən
asılı olmayaraq, bütün insanlara məhəbbətlə
yanaşmaq, onlar arasında ayrı-seçkilik qoymamaq,
qadın-kişi bərabərliyi, əmək və halal yolla
ruzi qazanmaq, bu çərçivədə də qul
haqqını tapdalamamaq və elm. Əhməd Yəsəvi
elmin insanı Allaha yaxınlaşdıran ilahi əmr
olduğunu vurğulayır.
Əhməd
Yəsəvinin cağatay ( əski özbək
türkcəsi) ləhcəsində yazdığı “Risalə”
( Fakrnamə) adlı əsərində də İslamiyyətin
əsasları özünəməxsus sadə və şirin dillə izah
edilib.
Yaxşı,
xoşa gələn cəhətlərdən biri də budur
ki, Buludxan Xəlilov istifadə və istinad etdiyi mənbələri
kamilliklə mənimsəyib, “Qurani-Kərimdən” , Əhməd
Yəsəvinin “Divani-hikmət”indən, Şərq və
türk alimlərinin seçmə əsərlərindən –
Əhməd Yügnəkinin irsindən, Yusif Balasaqunlunun məşhur
“Qutadqu bilik – xoşbəxtliyə aparan elm” əsərindən,
“Oğuznamə” lərdən gətirdiyi seçmə
misallarla onlardan geriyə qalmayan öz fikir dünyasını
təqdim etməyi bacarıbdır. Beləliklə o, Əhməd
Yəsəvi şəxsiyyətini və
yaradıcılığını ön planda tutsa da, Qədim
türk korifeylərini – Əhməd Yəsəvini, Yusif
Balasaqunlu, Əhməd Yügəngi
üçlüyünü – bu nəhəng türk fikir
triadasını birgə şəkildə
müasir oxucuya təqdim edə bilir!
Beləliklə,
professor Buludxan Xəlilov “Türkün hikmət xəzinəsi:
Xoca Əhməd Yəsəvi” əsərində XI əsr
türk fikir korifeyi Əhməd Yəsəvinin 63
yaşına qədər keçdiyi ömür və yaradıcılıq
yolunu mərhələlərlə təsvir edərək,
əslində insanın mənəvi-əxlaqi yüksəlişini
və kamilliyə doğru gedişini təsvir etmişdi. Buludxan
Xəlilov bütün bunları yüksək
professionallıqla təhlil edir və yekun olaraq söyləyir:
“Əhməd Yəsəvi yaşlanan insanların hər
yaşının üstünə yaş gəlməsini
onlara verilən imtiyaz, bəraət, təltif kimi qiymətləndirir.
Eyni zamanda yetmiş, səksən, doxsan yaşa
çatanların günahını yox etməyi, onların
günahlarının bağışlanmvsını istəyir.
Burada o, adi insan kimi deyil, təriqət adamı
kimi, Yəsəvi təriqətinin yaradıcısı kimi
öz mövqeyini nümayiş etdirir.
...Xoca Əhməd
Yəsəvi Türküstandan doğan bir türk günəşi
kimi uca Yaradanın əmrlərinə bütün
varlığı ilə bağlı olması, hər
şeyini bu yolda fəda etməsi yüz minlərlə
insanın qəlbində iman nurunun yanmasına səbəb
oldu.”
Müəllif sübut edir ki, Əhməd Yəsəvinin
ən böyük xidmətlərindən biri onun
İslamı sadə türklərin daha dərindən dərk
etməsi, islami həyat tərzinə yiyələnməsi
üçün təsəvvüfdən istifadə etməsi
və bu ruhda çox sayda mənzumələr
yazmasıdır. Bu mənzumələr köçəri
həyat keçirən hər bir türk üçün
başa düşülən idi. Beləliklə,
Yəsəvi təsəvvüf ruhunda yazdığı əsərlərlə
islamın türklər tərəfindən daha dərindən
öyrənilməsi və dərk edilməsi ilə
bağlı yeni bir məktəbin əsasını qoydu.
O, təsəvvüflə yüz minlərlə türkün
ruhunu, qəlbini fəth etdi. Bu da sadə xalq
kütlələrinin İslama daha dərindən
bağlanmasına, Haqqa gedən yolu özlərinin gündəlik
həyatına bir nur edərək yaşamasına, onunla nəfəs
alıb-verməsinə gətirib çıxardı. Bu
müstəvidə də Yəsəvilik sadəliyin, fədakarlığın
və bütün yaradılmışlara olan ilahi eşqin
parlaq bir nümunəsi kimi min illər boyu
yaşamaqdadır...
Həmçinin,
Buludxan Xəlilov bu əsəri ilə bir daha göstərir
ki, türk kimi poetik şəkildə fikir söyləmək
təkcə bədii təfəkkr tərzinə malik olmaqla
kifayətlənmir, həm də ən azı təbiətin
özü qədər qədim olmağı, hissiyyatlı və
emossional olmağı, qavrayış və düşüncə
dərinliyinə malik olmağı, həyatı həyat kimi
yaşamağı, həyatın və təbiətin dilini
bilmək bacarığını, ruhlu olmağı,
obrazlı danışmaq qabiliyyətini, ən
başlıcası dil və təfəkkür qədimliyini tələb
edir!..
Beləliklə,
bu kitab, bir daha, XI əsr türk dünyasının
düşüncə tərzinin, dini-fəlsəfi təfəkkürünün,
türk dilinin zənginliyinin daşıyıcısı olan
bir filosofun, təriqət sahibinin irsinin müasir və klassik
elmin qovuşuğunda təqdim edən, türkün kim olduğunu sübut edən bir əsər
kimi qiymətlidir və xüsusən müasir gəncliyimizin
stolüstü mənəvi-əxlaqi dərslik kitabı kimi əhəmiyyətlidir...
Tərlan NOVRUZOV,
filologiya elmləri doktoru
professor
525-ci qəzet.-
2013.- 4 may.- S.24-25.