Azərbaycana xidmətin dəyəri

 

Tükənməz xalq sevgisi

 

Qosqoca tarixdə həmişə cavan qalan liderlər var. Onlar öz  şəxsiyyətləri, xalqına və dövlətinə xidmətləri ilə seçilən Təklərdir. Belə liderlər bir xalqın görkəmli övladı olmaq statusundan çıxaraq bəşəriyyətin tanıdığı və qəbul etdiyi simalara çevrilirlər. Bu görkəmli şəxsiyyətlər öz xalqlarına daim xidmət etsələr də, həlledici anda lazım olurlar. Məsələn, Çörçill ingilislərə 1940-cı ildə, Ruzvelt 1942, Adenauer amerikalılara 1946-da, de Qoll fransızlara 1958-ci ildə, Atatürk türklərə 1919-cu ildə, Heydər Əliyev isə Azərbaycan xalqına uzun müddət xidmət etsə də, 1993-cü ildə lazım oldu – ölkənin və milyonların taleyi həll olunduğu vaxt.

Müharibəni səngərdən diplomatiya cəbhəsinə keçirməyə, “Əsrin müqaviləsi”nin banisi olmağa, dünyanın maraqlarını Azərbaycana cəlb etməyə, dağıdılmış, viran edilmiş, talan olunmuş Azərbaycanın sabit inkişaf xətti, hüquqi-demokratik dövlət quruculuğu yolu ilə irəliləməsini təmin etməyə, vaxtilə ölkənin beynəlxalq imicinə vurulmuş ləkələri fəal surətdə təmizləməyə yalnız və yalnız ümummilli liderin gücü çatardı. O özünün bilik və bacarığı, kamil şəxsiyyəti, fövqəladə intellekti, xüsusi təşkilatçılıq və idarəetmə qabiliyyəti, dövlətinə və millətinə bağlılığı ilə ölkəsinin müstəqilliyini nəinki qoruyub saxlaya bildi, həm də ona dönməz xarakter verdi. Müstəqil Azərbaycan və onun xalqı yolunda dəfələrlə həyatını təhlükə altında qoydu, sağlamlığını əsirgəmədən xərclədi. Qazandığı mükafat isə əbədi xalq sevgisi oldu.

Mən bu yazımda, əgər belə demək mümkünsə, ümummilli liderin bir addımlığında dayandığım və işlədiyim zaman gördüklərimdən çıxış edərək qənaətlərimi oxucularla bölüşəcəyəm.

 

Qarabağ uğrunda

 

Azərbaycanı  informasiya blokadasından ümummilli lider çıxardı. O, xarici ölkələrə səfərləri zamam bütün görüşlərində ilk olaraq Dağlıq Qarabağ probleminin yaranmasını, onun tarixini, Ermənistanın təcavüzünü və ölkəmiz üçün ağır nəticələrini, beynəlxalq separatizmin və terrorçuluğun bəşəriyyət üçün təhlükəsini dəmir məntiqi ilə tərəf-müqabilinə çatdırır və fikrini “Əgər dünya ədalətlidirsə, təcavüzkarı və təcavüzə məruz qalanı fərqləndirməlidir” kredosu üzərində qururdu. Onun üçün tərəf-müqabilin prezident, baş nazir, yaxud da adi bir jurnalistin olması fərq etmirdi. Heydər Əliyev həmsöhbətinə yorulmaq bilmədən, bəzən eyni fıkri dəfələrlə təkrar etmək məcburiyyətində qalaraq Azərbaycan reallığını çatdırırdı. Və nəinki çatdırırdı, onu buna inandırırdı. Böyük öndərin diplomatiyasının xarakterik xüsusiyyətlərindən biri məhz bu idi.

Siyasət şahmatının ustası “xalqların öz müqəddəratını təyin etməsi” prinsipindən spekulyativ formada istifadə edənlərə və onların havadarlarına çox açıq formada deyirdi: “Bu prinsip hər hansı bir etnik icmanın öz müstəqilliyini özbaşına elan etmək və başqa dövlətin tərkibinə daxil olmaq hüququ kimi yozulması ilə pərdələnir. Öz müqəddəratını təyin etmək hüququnun bu cür yozulması dövlətin suverenliyi və ərazi bütövlüyü prinsipləri ilə kəskin ziddiyyət təşkil edir. Bu hüququ mütləqləşdirmək sahəsində hər hansı bir cəhd amansız münaqişələrə gətirib çıxarır”. O, fikrini bariz örnəklər göstərməklə əsaslandırırdı. Qeyd edirdi ki, separatizm zəminində yaranmış münaqişələr nəinki müstəqil dövlətlərin inkişafını ləngidir, həm də möhkəmlənmiş demokratik cəmiyyətlərin varlığı üçün birbaşa təhlükə doğurur, sülh və təhlükəsizlik üçün qorxu yaradır. Ümummilli lider böyük dövlətlərin başçıları ilə dialoq zamanı onların üzərinə xüsusi məsuliyyət düşdüyünü qətiyyətlə vurğulayırdı. İstər ABŞ və Rusiyada, istərsə də Fransa və İngiltərədə keçirdiyi yüksək səyiyyəli görüşlər zamanı bu fikri xüsusi vurğulayırdı: “Siz öz iqtisadi, maliyyə və hərbi imkanlarınızdan istifadə edərək yer üzünün hər bir guşəsində sülhün və sabitliyin bərqərar olmasına öz töhfənizi verməlisiniz”.

Ümummilli lider kiminlə hansı dildə danışmağın vacibliyini bilən böyük diplomat idi. İki misal. 1994-cü ildə Parisdə Fransa prezidenti Fransua Mitteranla Yelisey Sarayında görüşərkən danışıqların nəticəsi olaraq Fransa prezidenti belə dedi: “Fransa Ermənistanın dostu olduğu kimi, Azərbaycanın da dostudur. İndi biz Azərbaycanı Fransa üçün açırıq. Fransa ilə Azərbaycan arasında dostluq və əməkdaşlığın yaranması bilavasitə prezident Heydər Əliyevin xidmətləridir”. Fransada erməni lobbisinin gücünü, Ermənistan-Fransa tarixi əlaqələrini, o vaxt erməni əsilli adamın Fransanın baş naziri olduğunu nəzərə alsaq, Heydər Əliyevin Fransa-Azərbaycan münasibətlərində yaratdığı dönüşün böyüklüyünü qiymətləndirmək mümkündür. Mitteranın jurnalistlər qarşısında söylədiyi həmin fıkirlərin həyata vəsiqə aldığını Fransa-Azərbaycan münasibətlərinin indiki vəziyyətində əyani surətdə görürük. O vaxt Parisin meri olan Jak Şirakla görüşən Heydər Əliyev onun yüksələn xətlə inkişaf edən siyasi karyerasını nəzərə alaraq danışıqlar apardı. Səfərdə onu müşayiət edən xarici işlər naziri Həsən Həsənovun söylədiyi “prezident Şirakla əməlli-başlı işlədi” fıkrinin mənasını mən sonralar dərk etdim.

Siyasi polemika zamanı Azərbaycan lideri heç vaxt müdafiədə oynamırdı. 1995-ci ilin sentyabrında ABŞ-a səfəri zamanı senator Şelbi ilə görüşdü. Onun “biz demirik ki, ABŞ zorakılıq edənlərə qarşı ciddi münasibət göstərsin, biz ədalətli münasibət istəyirik. Bəli, Amerikada ermənilər çoxdur. Prezident Klinton dedi ki, burada bir milyon erməni yaşayır. 260 milyon əhalisi olan bir ölkəyə bir milyon adam necə təsir göstərə bilər? Onlar ABŞ-ın adından danışa bilməzlər!”. Bu fıkirlər qətiyyətli dövlət başçısının ABŞ administrasiyasına, konqresinə və senatına ünvanlanmış açıq və ədalətli tənqidi idi, özü də düz Amerikanın göbəyində.

Böyük öndər həlledici anlarda həlledici məqamları elə incəliklə seçir, öz fikrini diplomatik formada, lakin çox kəskinliklə həmsöhbətinə elə çatdırırdı ki, bunu yalnız O edə bilərdi. Məsələn, 1996-cı il iyunun 13-də ABŞ-ın Azərbaycandakı səfıri Riçard Kozlariçi qəbul edərkən 1992-ci ildə ABŞ konqresi tərəfindən “Azadlığı müdafıə aktı”-na edilmiş 907-ci düzəlişə diqqət çəkərək dedi: “Bizim siyasətimiz o deyil ki, 907-ci düzəliş aradan qaldırılsın. İndiyə qədər biz ABŞ tərəfindən edilə biləcək humanitar yardımsız yaşamışıq və bundan sonra da yaşayacağıq. Söhbət ədalətsizlikdən gedir. Ədalətsizlik etmək isə olmaz. Sizin vasitənizlə Azərbaycanın adından Azərbaycan dövlətinin başçısı kimi ABŞ hökumətinə qarşı öz ciddi narazılığımı bildirirəm”. ABŞ səfıri ilə belə sərt formada yalnız Heydər Əliyev danışa bilərdi.

Ümummilli liderin Qarabağ savaşındakı siyasətində qırmızı xəttlə keçən bir prinsip olub. O, sübut edirdi ki, çağdaş və gələcək dünyamızda siyasi məharət hərbi məharətdən daha səmərəli ola bilər. Böyük öndər Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli üçün Azərbaycanın imkanları ilə yanaşı, özünün xarizmasını da ortaya qoyur, danışıqlar zamanı bu iki qüvvəni sinxron şəkildə çox məharətlə birləşdirirdi. O, dünyanın maraqlarını Azərbaycana cəlb etməklə, ölkəmizin gələcək təhlükəsizliyi üçün strateji kursunu addım-addım həyata keçirirdi. Məsələn, İngiltərənin sabiq baş naziri Con Meycorla görüş zamanı dedi: “Azərbaycanın neftinə cəsarətlə sərmayə qoyun. Azərbaycan sabah inkişaf etmiş güclü bir dövlət kimi dünya qarşısında dayanacaq və tərəfdaşlarının energetika problemlərinin çözülməsini təmin edəcəkdir”. Bu gün artıq bu reallıqdır.

 

Dövlətçiliyin keşiyində

 

Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra onu yenidən itirmək təhlükəsi ilə üzbəüz dayanmışdı. Belə ağır məqamda ümummilli lider öz xilaskar missiyasını yerinə yetirdi. 1993-cü ilin iyununda onun yenidən hakimiyyətə qayıdışı ilə Azərbaycan parçalanmaqdan, dövlətçiliyini itirməkdən və faktiki olaraq başlanmış vətəndaş müharibəsindən xilas edildi. Böyük dövlət xadimi inkişafın Azərbaycan modelini müəyyənləşdirdi. Bu modelin prinsipləri isə belədir: demokratikləşmə, hüquqi dövlət quruculuğu yolu, dünya demokratiyası təcrübəsindən milli xüsusiyyətlər və milli ənənələr nəzərə alınmaqla istifadə, beynəlxalq iqtisadi əməkdaşlığa xüsusi əhəmiyyət vermək.

Xüsusi bir məqama diqqət çəkmək istəyirəm. Liderin qayıdışından sonra 1993, 1994, 1995-ci illərdə öz şəxsi, konyuktur maraqlarına görə Azərbaycanın real müstəqilliyinə qarşı çıxanlar, ölkəni marionet bir dövlətə çevirmək istəyənlər və lideri fiziki cəhətdən məhv etmək niyyətində olanlar hələ onun yaxın ətrafinda idilər. 1994-cü ilin oktyabr, 1995-ci ilin martında dövlət çevrilişinə edilən cəhdlərin qarşısını yalnız və yalnız ümummilli liderin zəkasının qüdrəti, xalqın öz liderinə olan inamı və “Xalq-Heydər Əliyev” birliyi aldı. Böyük öndərin həyatına dəfələrlə sui-qəsd cəhdlərinə baş vurulsa da, o, “Azərbaycanın müstəqilliyi yolunda özümün də, övladlarımın da həyatını lazım gələrsə qurban verməyə hazıram” bəyanatı ilə çıxış edərək bütün varlığı ilə sevdiyi xalqını və müstəqil Azərbaycan Respublikasını qorudu.

1994-cü il oktyabrın dördünü ömrüm boyu unuda bilmərəm. Həmin gün axşam televiziyanın “Xəbərlər” redaksiyasına belə xəbərlər daxil olurdu: “Gəncə Surət Hüseynovun tərəfdarlarının əlindədir. Onlar ətraf rayonları da tuturlar. XTPD-çilər 8-ci kilometrdəki qərargahlarından şəhərə hücuma hazırlaşırlar”.

Çəkiliş qrupu prezident iqamətgahında idi. Şirkətin sədri vəziyyətin ağırlığı ilə bağlı məni məlumatlandırdı və xüsusi tapşırıqlar verdi. Bildirdi ki, prezident televiziya ilə xalqa müraciət edəcək. Az sonra dövlət başçısının müstəqil Azərbaycan dövləti və dövlətçiliyini xilas edən tarixi müraciəti efirə verildi. Yüz minlərlə adam – cavan, qoca, qadın, uşaq gecəyarısı prezident sarayının qarşısına toplaşdı. Təhlükə sovuşduruldu. Bununla da ümummilli lider ən böyük arxasının xalq olduğunu bir daha sübut etdi. Azərbaycanın tarixində ilk dəfə idi ki, xalq küçə və meydanlara iqtidarı devirmək üçün yox, prezidenti müdafiə üçün axışdı. Əgər hər hansı qüvvənin etibarına elə çətin məqamda şübhə ola bilərdisə xalqın öz prezidentinin yenilməzliyinə inam və sədaqəti şəksiz idi. Elə məhz buna görə də ümummilli lider “XTPD-nin qərargahına havadan bombardman etmək” kimi təkliflər də daxil olmaqla avantüraları və zor işlətməyi rədd etdi. O, xalqına arxalanaraq dövlət çevrilişinə cəhd edən qüvvələri yerində oturtdu.

Ümumiyyətlə, 1993-1994-1995 və qismən də 1996-cı il həm müstəqil Azərbaycan dövləti, həm də onun yaradıcısı və qurucusu üçün sınaq illəri olub. Belə sınaqlardan biri 1994-cü ilin sentyabrında prezident ABŞ-da səfərdə olarkən baş verdi. “Əsrin müqaviləsi” imzalanandan sonra Azərbaycanın iki dövlət xadimi – Afiyəddin Cəlilov və Şəmsi Rəhimov qətlə yetirildilər. Təbii ki, prezident bu terror aktından az sonra xəbər tutmuşdu. Lakin həmin səfərdə prezidenti müşayiət edən jurnalistlərdən biri kimi deyə bilərəm ki, nümayəndə heyəti üzvlərinin 99,9 faizinin bu dəhşətli faciədən səfər günləri xəbəri olmadı. Prezident həmişəki işgüzar görkəmində, həmişəki soyuqqanlığında görünürdü. Yalnız səfərdən döndükdən sonra videolentin yaddaşında qalan Heydər Əliyevin ABŞ-da mehmanxananın pəncərəsindən uzaqlara, çox uzaqlara dalğın və qüssəli baxışlarla dolu olan bir portreti diqqətimi çəkdi. Mən yalnız onda bildim ki, Heydər Əliyev həmin faciənin ağırlığını o anlarda yaşayırmış. Buna baxmayaraq o, böyük qətiyyət və cəsarətlə BMT Baş Məclisinin 59-cu sessiyasında çıxış etdi. Belə dözümlülük və sarsılmaz iradə yalnız ona məxsus ola bilərdi.

 

Heyrətləndirməyi bacaran şəxsiyyət

 

Ümummilli lider böyük natiq idi. İstənilən auditoriyanın ona qulaq kəsilməsi üçün bir neçə dəqiqə kifayət edirdi. Bu xüsusda prezident Heydər Əliyevin çıxışını 1993-cü ilin dekabrında dinləyən Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Roren deyib: “Prezident Heydər Əliyevin nitqi mənim üçün bir inqilab idi: səlis, aydın, məntiqli və inamlı danışıq. General de Qolla qulaq asdığımı zənn edirdim. Onun sözləri 1974-cü ildə xatirimdə qalmış çıxışını bir daha xatırlatdı”.

Ümummilli lider bütün səviyyələrdə və ən müxtəlif şəraitlərdə müsahibin diqqətini cəlb etmək, tarixi həqiqəti vurğulamaqla nadir məziyyətlər nümayiş etdirməklə qələbəni həmişə təmin edirdi. Bu vaxt ümummilli liderin şəxsi keyfiyyətləri istənilən auditoriyada ona müsbət münasibət yaradırdı. Belə məqamlarda onun kompüter yaddaşı önəmli rol oynayırdı.

Bir fakt. 1995-ci ilin mayında Bolqarıstana səfəri zamanı həmin ölkənin parlament üzvləri qarşısında çıxışı nəzərdə tutulmuşdu. O vaxt kommunist rejimindən sıyrılmış Bolqarıstanın prezidenti demokrat Jelyü Jelev idi. O öz çıxışında Bolqarıstan kommunistlərinin başçısı Todor Jivkovun ölkədə yaratdığı böhranlı vəziyyətdən, SSRİ-nin onun ölkəsini də 15 müttəfiq respublikadan biri kimi öz tərkibinə qatmaq cəhdindən də söhbət açdı. Sonra söz Azərbaycan prezidentinə verildi. Öz çıxışını Azərbaycanın müstəqilliyi və onun qorunub saxlanması üzərində quran Azərbaycan rəhbəri Dağlıq Qarabağ münaqişəsinin yaranma tarixi, onun həlli ilə bağlı görülən işlər haqqında ətraflı məlumat verdi. Beynəlxalq separatizm və terrorizm haqqında, onun bəşəriyyətə vurduğu ziyanla əlaqədar fıkirlərini açıqlayan prezident keçmiş Sovet İttifaqındakı vəziyyətlə bağlı da müəyyən tarixi məqamlara aydınlıq gətirərək qəfıl tərəf-müqabilini naqolay vəziyyətə saldı. O dedi: “Bolqarıstan prezidenti Jelyü Jelev öz çıxışında bildirdi ki, keçmiş SSRİ rəhbərliyi bu ölkəni 15 müttəfıq respublikadan biri kimi öz tərkibinə qatmaq cəhdlərində bulunurdu. Mən bu məsələyə aydınlıq gətirmək istəyirəm. Əslində tam tərsinədir. Ölkənizin sabiq rəhbəri Todor Jivkov dəfələrlə Sov.İKP MK-nın Siyasi Bürosuna müraciət edirdi ki, Bolqarıstanı 16-cı müttəfıq respublika kimi Sovet İttifaqının tərkibinə qatsınlar. Deyim ki, Siyasi Büroda bu məsələyə birmənalı münasibət yox idi. Lakin hər halda məsələ qapalı müzakirəyə çıxarıldı. Mən – Heydər Əliyev çıxış edərək bildirdim ki, Todor Jivkovun bu təklifinə müsbət cavab vermək məqsədəuyğun deyil. Çünki beynəlxalq aləmdə düzgün qarşılanmaz və s. Onu da deyim ki, mənim bu təklifimi Siyasi Büro üzvlərindən müdafıə edənlər oldu. Jivkovun təklifi qəbul olunmadı. Xatirimdədir, sonralar bu məsələ gündəliyə bir də çıxarıldı. Yenə də eyni cür münasibət oldu. İcazə verin qürurla bildirim ki, o vaxt Bolqarıstanın SSRİ-nin tərkibinə qatılmamasının əsas səbəbkarlarından biri qarşınızdadır”. Daha sonra zarafatla əlavə etdi: “Bəlkə o vaxt atdığım addım üçün indi mənə minnətdarlıq edəsiniz”?! Bolqarıstan parlamentinin sədri yekun sözündə prezident Heydər Əliyevə dərin məzmunlu çıxışı və o vaxt atdığı addım üçün təşəkkür etdi: “Cənab prezident, siz tarixi çıxış etdiniz. Bolqarıstanın taleyi ilə bağlı bizə məlum olmayanı da söylədiyinizə görə çox sağ olun”.

1994-cü ildə prezident Heydər Əliyev Fransaya səfər etmişdi. Diplomatik korpusun nümayəndələri qarşısında çıxış edirdi. Söz alanlardan biri Azərbaycan prezidentinə belə bir sual verdi: “Cənab prezident, siz keçmiş sovetoloqsunuz. Necə bilirsiniz, MDB-nin taleyi necə olacaq”? Prezident zəndlə ona baxdı və üzünə bir qədər yumor hissi verərək “Ovanesov, siz hələ də keçmiş SSRİ və onun üzərində qurulan müstəqil ölkələrin taleyi ilə maraqlanırsınız? Axı, mən sizi 1982-ci ildə Kremldə qəbul edərkən SSRİ-nin taleyi ilə bağlı fıkirlərimi çox aydın söyləmişdim. Deyəsən, yaddaşınız zəifləyib. Mən isə sizi yaxşı xatırlayıram. Bizim düz 30 dəqiqə dialoqumuz oldu”- dedi. Bu sözlərdən sonra erməni stola çökdü. Zaldakılar prezident Heydər Əliyevin hafizəsinə heyran qaldılar. Belə heyrətləndirici məqamlar çox olub. Onu “kompüter adam” adlandıranlar yanılmırlar.

Mən böyük öndərin islam dininə münasibəti ilə bağlı yaddaşımda əbədi iz qoyan bir məsələyə də diqqət çəkmək istəyirəm. 1994-cü ilin iyulunda Səudiyyə Ərəbistanının kralı Fəhd Əbdül Əziz əl-Səudun dəvəti ilə həmin ölkəyə səfər edən Azərbaycan prezidenti böyük hörmət və izzətlə qarşılandı. Kral məhz Azərbaycan rəhbərinin islam dininə olan münasibətini, bağlılığını yüksək qiymətləndirərək müqəddəs Kəbənin qapılarının onun üzünə açılmasına icazə verdi. Bu həm də Allah-Təalanın ümummilli liderin taleyinə yazdığı müqəddəs bir əməl idi.

Böyük öndər islam dininin də kamil bilicilərindən idi. Kəbə ziyarətindən sonra Məkkə valisi Maacid Əbdül Əziz əl-Səudla görüş zamanı islami dəyərlərdən, müqəddəs Məkkə və Mədinənin tarixindən geniş söhbət açan prezident belə dedi: “Mənim oxuduğuma görə Kəbənin özülü Misirdən gələn qaçqınlar tərəfindən qoyulub”. Heydər Əliyevin islam dini, Məhəmməd peyğəmbərin həyatı və fəaliyyəti, islamın mövcud durumu və perspektivi haqqındakı fikirləri Məkkə valisini gerçəkdən təəccübləndirdi. O, “cənab prezident, sizin islama bu qədər bağlılığınız, dinimiz haqqında zəngin biliyiniz bizə imkan verir ki, sizi Məkkənin fəxri vetəndaşı elan edək. Siz buna layiqsiniz. Müqəddəs şəhərimizin qapısı həmişə üzünüzə açıqdır” dedi.

 

Lider və media

 

MDB məkanında ilk dəfə Azərbaycanda informasiya mənbəyinin açıqlanması üzərinə qadağa qoyuldu. Öncə senzura, sonra Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Bu “ilk dəfə”lərin, mətbuatın inkişafına dövlət qayğısı ilə bağlı bir çox tarixi fərman və sərəncamların müəllifi də ümummilli liderdir.

Prezidenti müşayiət etdiyim bütün xarici səfərlərdə ona göstərilən jurnalist marağının şahidi olmuşam. Bu, liderin şəxsi keyfiyyətləri ilə bağlı idi. Hər hansı ölkənin paytaxtına gedəndə elə aeroportdaca Azərbaycanın liderini ən azı 25-30 jurnalist qarşılayırdı. Onların arasında hər zaman “Assoşeytedpress”, “Röyter”, “Bİ-Bİ-Sİ”, “Vaşinqton Post”, “Nyu-York Tayms”, “Qardian”, “Fiqaro” və başqa nəhənglərin nümayəndələri olurdu. O heç vaxt jurnalistlərdən qaçmaz, ən sərt sualları belə cavablandırmaqdan yayınmazdı. Eksklüziv müsahibələr vermək üçün istirahət vaxtını ayırırdı. Bu şəxsiyyət xarici səfərlər zamanı 14-16 saat işləyirdi.

Diqqət çəkən bir məqam barədə. Zirvə toplantılarında iştirak edən jurnalistlər digər dövlətlərin rəhbərləri ilə müqayisədə Azərbaycan prezidentinə daha çox suallar verirdilər. Yaxşı yadımdadır. 1995-ci ildə Alma-Atada MDB dövlətlərinin zirvə toplantısı keçirilirdi. Sonra mətbuat konfransı təşkil olundu. Giriş sözü ilə mətbuat konfransını Rusiyanın Baş naziri Viktor Çernomırdin açdı. Suallar verilməyə başlandı. Onlar əsasən Çernomırdinə və Heydər Əliyevə ünvanlanırdı. Növbəti suala cavab verən prezident Heydər Əliyev həmkarlarını vəziyyətdən çıxarmaq üçün gülə-gülə dedi: “Viktor Stepanoviç, bəlkə digər prezidentlərin vaxtını almamaq üçün mən ayrı bir zala keçim”? Zalda alqış səsləri ucaldı. Bax, jurnalistlərin Heydər Əliyevə marağı belə idi.

Xarici səfərlərdən birindən dönürdük. Yolüstü İstanbuldakı Atatürk hava limanında qısa müddətə dayanmalı olduq. Ermənistan nümayəndə heyəti də hava limanında idi. Bir az aralıda Levon-Ter Petrosyanı gördüm. Ona bir neçə sual vermək üçün gözəl məqam yaranmışdı. Mən prezidentin köməkçisi Eldar Namazova yaxınlaşıb niyyətimi bildirdim. O, “əzizim, mən bir şey deyə bilmərəm” dedi. Prezident Heydər Əliyev dörd-beş metr kənarda Azərbaycan nümayəndə heyətinin üzvləri ilə söhbət edirdi. Ani olaraq nəzərlərim ona dikildi. Dövlət başçısı niyyətimi hiss etmiş kimi göründü. Onun üzündəki ifadədən bir cəsarət tapıb operatorla birlikdə Ter-Petrosyana yaxınlaşdım. Müsahibə alındı.

Liderin yanında olmaq hər bir jurnalist üçün böyük bir məsuliyyət olduğu kimi, həm də böyük şərəf idi. Prezident Heyder Əliyevin “Ağababalı, (o mənə Ağbabalı yox, Ağababalı deyirdi) bura gəl görüm” ifadəsini işlətməsi o demək idi ki, sərbəst şəkildə ona çox sayda suallar vermək imkanım var. Lakin bu sərbəstlik nisbi sərbəstlik idi. Həyəcanımı bir çox hallarda zorla boğurdum. Ondan müsahibəni ən sərbəst formada təyyarənin salonunda üzbəüz əyləşərkən alırdım. Həyəcanımı azaltmaq üçün Heydər Əliyev baxışları və oturuşu,  üzündəki xoş təbəssüm və səmimi ifadələri ilə buna şərait yaradırdı.

Bir hadisə isə yaddaşıma əbədi həkk olundu. İş otağında oturmuşdum. Xidməti hökumət telefonu zəng çaldı. Dövlət başçısının köməkçisi Tariyel Ağayev bildirdi ki, prezident mənimlə danışacaq. Təxminən bir dəqiqədən sonra “Komsomolskaya pravda” qəzetində çıxan materialı oxumusan?” sualını eşitdim. “Xeyr, cənab prezident” deyə astaca cavab verdim. “Bəs, nə işlə məşğulsan? Oxu, mənimlə əlaqə saxla” deyerək dəstəyi asdı. Telefonun dəstəyi əlimdə donub qalmışdım...

Sədrin birbaşa telefonu zəng çaldı: “Hazır ol, prezident çağırır, gedirik”. Bir gün əvvəl “Xəbərlər”də Azərbaycan dövlətçiliyinin müdafıəsi ilə bağlı gedən bir süjetdə yol verilən çox ciddi nöqsan mənə bəlli idi. Lakin bu nöqsanın müəllifı mən deyildim. Onun müəllifı Prezident Aparatının indi ekslər sırasında olan yüksək vəzifəli şəxsi idi. Prezidentin bizi həmin məsələ ilə əlaqədar çağırdığının fərqinə vardım. Dövlət başçısının iş otağına daxil olanda mənə veriləcək suala necə cavab verəcəyim barədə düşünmək halında belə deyildim. Lakin içəridə gedən qısa söhbətdən mənə aydın oldu ki, dövlət başçısı həmin ciddi nöqsanın haradan gəldiyini yaxşı bilir. O, Azərbaycanın milli maraqlarının, dövlətin və dövlətçiliyinin qorunmasında mformasiyanın rolu barədə öz fikirlərini qısa formada bildirəndən sonra mənə “sətı get” dedi. Mən bir daha əmin oldum ki, prezident Heydər Əliyev həm də AzTV-də gedən bütün proseslər haqqında ən dəqiq məlumatlara malikdir.

Dövlət o zaman məhvə yuvarlanır ki, onun gələcək taleyi barəsində həm də fikirlər, ideyalar tükənir. Müstəqil dövlətimiz bu təhlükədən birdəfəlik xilas edilib. Çünki Azərbaycanın gələcək taleyi üçün nəinki fıkirlər, ideyalar mövcuddur, həm də ümummilli lider tərəfındən işlənib hazırlanan, ölkənin intibahının sabit iqtisadi, siyasi, sosial yüksəlişini, onun dünyaya inteqrasiyasını təmin edən strateji xətt mövcuddur. Bu strateji xətt çox böyük uğurla Prezident İlham Əliyev tərəfindən həyata keçirilir. ümummilli liderin 90 illik yubileyinə ən böyük hədiyyə də elə budur.

Mən qeydlərimi Oljas Süleymanovun bu fikri ilə tamamlayıram: “Vaxt gələcək, Şumer dövründən tutmuş zəmanəmizədək türklərin “Bilgamıs” (“Müdrik qəhrəman”), Bilgə xaqan (“Müdrik xaqan”), İltəriş (“Torpaqları birləşdirən”), Atatürk... kimi dahi adlara söykənən tarixi yazılacaqdır. Bizim zəmanəmiz ustad titullu layiqli adlarla təmsil ediləcəkdir. Heydər Əlirza oğlu Əliyev belə ustadların ən birincilərindəndir”.

 

 

Səyyad AĞBABALI

 

525-ci qəzet.- 2013.- 4 may.- S.8-9.