Məsihağa Məhəmmədi üçün triptix
1. Bir görüş sonrası
“Külək yatıb”- dedin. Məni diksindirdin.
Vərdiş etdiyimiz cümlənin
son hissəsiylə-
indi görünməyən,
olmayan təbiət hadisəsiylə
mənim qohum olduğumu asanca bildirdin.
Bunu indi xatırladım. Mən indi daha çox xatirəyəm.
Hara baxsam, hara dönsəm
arxada yalnız keçmişdir,
hətta arxadakı
göydələn belə
az əvvəl keçilmişdir,
yəni, ən yaxın tarixdir də söyləyə bilərəm.
Yenə bu feli qafiyələr. Yalnız onlar
yüzə-yüz düzdür.
Yenə
dar səkilərdə
kimsəsiz adamı ötürən addım səsləri-
üstəgəl onların
əksləri, göydələnin
sancıldığı səma
yastığında
qızılı xallardan
parıltılarını çıxsan
belə azdır. Təklik heç vaxt çoxalmır.
Külək yatıb. Yazdır. Yenə günəş
doğacaqmı bir sabah?
Batacaqmı? Gələcəkmi
arxasından yeni günlər, kim
bilir?
Yatıb külək. Oyaq uşaq pəncərədə
bir çiçəyi
dindirir,
qığıltıya qoxusuyla
gülümsəyir ətirşah.
5 iyun, 2009
2. Səttarın
Məsihağaya dediklərindən
Öləndən sonra adamdan şəkillər və xatirələr qalır,
onların hasilindən
və cəmindən dirilik heç cürə alınmır.
“Vətən! Vətən!”
deyib dili qabar olan babamın
rəsmi önündə
durmaqdan başqa mənə indi bir şey qalmır.
İtirdiklərimiz bizi həmişə
yandırır,
çünki heç
nə itmir, çünki bu dünyada hər şey həmişə yanımızdadır;
sağımızda,solumuzda, başımızın
üstdədir;
tikanlı məftillər
elə tikanlı bəhanədir-
bunu anlayanda isə gec olur.
Yəni,
demək istəyirəm
ki, biz bir-birimizi sevmirik,dostum,
və biz heç nəyin fərqində deyilik.
Məsələn, günəş,o
mənim həyatımda
12131 dəfə doğub,
hesablamışam.
Qəribədir, üst-üstdə yığsam,
mən ona heç 1000 dəfə düz-əməlli baxmamışam.
Hə, qəribədir dünyanın
işləri, bilirsən,
qızım on beş
aylığında gördü
Bakını, mən-
otuz üç yaşımda,
Vətəni tanımaqda qızımla həmyaşıd olduq dünən.
Dünən oteldə, qızım
qucağımda güzgüyə
baxırdıq,
qürrələnirdik.
Amma fərqliydi bu sevinclər: qızım mənimləydi deyə sevinirdi,
mən birgəlikdən
çox diriliyə.
Sonra lap
az, azca
da Vətəndə olmağın sevinci vardı içimdə.
Bunu anladım
və pis oldum, Məsih. Görəsən,
niyə
güzgülər bizi belə asanlıqla göstərdilər,
çoxatdılar, topdan etdilər?
Mənanı ustalıqla həm
gizlətdilər, həm
də faş etdilər!?
Küçələrdən, binalardan, evlərdən asılan
dini rəhbərin şəkli
hələ də məni diksindirir, təqib edir.
Hamı şəkillə şəkil
çəkdirir, ona sakitcə təzim edir.
Hər şey satılır bu ölkədə, satılırsa-demək alınır,
şəkil bizə
bizi satmağı təklif edir:
be sobut nist lozum.
İndi,
tacir dükanlarında
insan qəlbi həmişə endirimdədir,
satılan şeyin
üstündə o adi
bir peşkəşdir,
hədiyyədir, dostum.
O şəklin biri də bizim evdədir.
Bilirsən, şəkil, hər
dəfə ona baxmaqçün
sayğı duruşu
tələb edir.
Mən
o şəklin şüşəsində
diriliyə,
mütiliyə nifrət
etdim, Məsih.
Onun riyakar, hökmlü və iti baxışı,
saqqalı
xirtdəyimə dirənmiş
ülgücü xatırladır,
“rədd ol!”
əvəzinə məni
xırıldadır.
İllərdir ki, hər gecə əqrəblər
cütləşir, Ay doğur,
amma o məni qadınımla olmağa sanki qoymur.
Mən qadınıma hər dəfə demək istəyirəm: gözəlim!..
Şəkilsə sanki pıçıldayır:
to mesle aftab zibayi...
Sənin
dilin dildir, mənimki zəban,
sənin dünyada
Vətənin vardır
– Azərbaycan,
mənim bu cahanda didərgin Təbrizim, Ərdəbilim.
Sənin
sözün sözdür,
ağzın ağız,
məndə yalnız
dəhan,
onu da vəsf ediblər orta əsrlərdə.
Sözlər bitmir, dostum, onlar bizi atıb
gedirlər,
qızımla məni
qoyub gedən qadınım kimi,
Pirərvan yolunda, qumluqda, üfüqdə qaralıb
itən köçlər,
yazsan əgər, elə o sətirlər kimi.
Mən də sözəm, Məsih və yəqin sabah
çıxıb gedəcəm.
7-8 iyun,
2009
3. Gəzinti
Məsihağa müəllimin 50 yaşına
Biz o gün üzü axşama doğru düz iki saat
sərasər
sahilboyu dayanmadan bərabər addımladıq,gəzdik.
Yollar daha yorğundu, çoxlu yolçular görmüşdü
çünki.
Sənə “abi” dedim- zarafatla, “ustad” dedim-ciddi-ciddi,
sən də zarafatla mənə “bəradər” deyib gülümsədin.
Bilmirəm, dənizin üzərində
ayın gümüşü
çevrəsi
hansı pərgarla
cızılmışdı; və o axşamüstü
qağayıların harayında
səsin sürəti
uçuşun sürətinə
qədər necə düşmüşdü?
Bunları soruşdum. – Bax,- dedin,-
onların işığa
boyanmış qanadına...
İşığın quş sürətilə uçduğunu
göstərdin, yəni,
asta-asta – yavaşcadan...
–Görmək bəs etməzmi bu ecazları,
bu təşbehləri
və məcazları neynirsən,
axı?
Bizim gördüklərimizdə daha
çox görə bildiklərimiz var...
Həyat
bir nəfərlə azalmazsa da, bir
nəfərdə mütləq
az olar.
Acmışdım. Evə tələsirdim.
Dedin ki,
seirdə, sözdə
də vacibdir oruc və pəhriz.
O axşam iftar süfrəsi açdın,
Məsih.
Şəfqət dolu sükutla gülümsəyirdilər,
başda əyləşmişdilər:
Xaqani, Hafiz,
Sədi, Şəhriyar və Sepehri.
Hamı
da sənin səsinlə danışdı
o axşam...
7 aprel, 2013
Səlim Babullaoğlu
525-ci qəzet.- 2013.- 4 may.- S.29.