Təzəpir məscidi: dini-ruhani ocaq,
milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri
kimi (davamı)
Martın
30-da N.Nərimanov dinc əhalini sakitləşdirmək
üçün Təzəpir məscidinə gələrək
silahların tezliklə qaytarılacağını vəd
etdi. N.Nərimanov məsciddə həyəcanlı durum
yaşayan əhaliyə müraciətində deyirdi: “Müsəlman
qardaşlar, aldanmayın, fitnə-fəsada uymayın, mənəm-mənəm
deyənlərə inanmayın. Hökumətlə hökumətlik
eləmək olmaz. Bunların topu var, çoxlu silahları
var, nizami əsgərləri var, hərbi paroxodları var. Ayaq
altında tapdalanarsınız. Sizdə nə var? Var-yox
beş-on dənə pas atmış dayandoldurum, berdanka,
otuz-qırx köhnə, sınıq əfsər
tapançası. Üzünüzü dala çevirib hara gəldi
gülləni tolazlayarsınız, kimə dəydi, dəydi.
Nə nizam bilirsiniz, nə də intizam. Bir qədər səbr
edin. Mən iyirmi yeddi tüfəngi alıb sizə qaytaracam.
Bura müqəddəs yerdir. İmkan verməyin ki,
daşnaklar bura xətər yetirsinlər. Namazı qılanlar
evlərinə dağılışsın ki, kimsə sizləri
bəhanə edib buranı hədəf seçməsin”.
Erməni
Milli Şurası, “Daşnaksütyun” rəhbərliyi və
Bakı Soveti qurumu Azərbaycan xalqının birliyinin təmin
olunmasında Təzəpir məscidinin oynadığı rolu
yaxşı bilirdilər. Ona görə də martın 31-də
müsəlman əhalisinə qarşı soyqırıma
başlayan daşnak-bolşevik birləşmələri
İsmailiyyə binasını, “Kaspi” qəzetinin
redaksiyasını və mətbəəsini, mətbəədə
Qurani Kərimin yenicə çap olunmuş 5 min nüsxəsini
yandırıb külə döndərərək, uzaqvuran
toplarla Təzəpir məscidini atəşə tutub zədələdilər.
Belə ki, türk-müsəlman əhalisinə qarşı
soyqırıma əvvəldən hazırlıq görən
erməni-daşnak qüvvələri şəhərdə
şayiə yaydılar ki, guya din xadimlərinin fitvası ilə
müsəlmanlar rus millətindən olanları qırır,
evlərini yandırırlar. Ermənilər rus
matroslarını bu şayiəyə inandıra bildilər.
Şayiəyə inanan rus matrosları gəmilərdən
Bakının müsəlman məhəllələrinə bir
neçə top atəşi açdılar. Çəmbərəkənddə
bir neçə tikili, o cümlədən məktəb, hərbi
xəstəxana və yetim uşaqların evi top atəşi
ilə dağıdıldı. Ermənilər rus
matroslarını Təzəpir məscidini top atəşinə
tutmağa çağırırdılar. Matroslardan biri gəmidəki
uzaqvuran topla Təzəpiri atəşə tutmağa
başladı. Birinci top mərmisi Təzəpirin həyətində
partladı. Məscidin həyətində çaxnaşma
başlayanda din xadimlərindən biri adamları sakitləşdirib,
ağ bayraq götürüb məscidin damına sancmaq
üçün yuxarıya qalxdı. İkinci top mərmisi məscidin
lap qabağına düşdü, ətrafa səpələnən
qəlpələrdən məscidin pəncərə
şüşələri çilik-çilik olub yerə
töküldü. Üçüncü mərmi isə məscidin
yan divarına dəyərək onu möhkəm zədələdi.
Məscidin həyəti xarabalığı xatırladırdı.
Matroslar şəhərdə ruslara qarşı heç bir
qırğının törədilmədiyini yəqin edəndən
sonra top atəşini dayandırdılar.
1918-ci ildə
türk-müsəlman əhalisinə qarşı həyata
keçirilən soyqırımlarının təhqiqi ilə
əlaqədar yaradılmış Fövqəladə Təhqiqat
Komissiyasının sənədlərində qeyd olunur ki,
Bakı şəhərinin keçmiş rəisi
Ter-Mikaelyants Təzəpir məscidinə pənah
aparmış əliyalın azərbaycanlı əhaliyə
qarşı hər cür zorakılıqlar etməyi, hətta
lazım gələrsə məscidi belə
yandırmağı əmr etmişdi. Xoşbəxtlikdən
daşnak-bolşevik birləşmələri bu məkrli niyyətlərini
həyata keçirə bilmədilər.
Mart
qırğınları günlərində və ondan sonra
soyqırıma məruz qalan 10 minlərlə müsəlmanın
dəfn edilməsi mərasiminə Təzəpir və
başqa məscidlər rəhbərlik edirdi. Azərbaycan
xalqına qarşı həyata keçirilən bu faciə
günlərində milli ruhlu ziyalıların əksəriyyəti
Təzəpir məscidinə gələrək əhalini səbrli
və dözümlü olmağa
çağırırdı.
N.Nərimanov
1918-ci ilin mayında yenidən Təzəpir məscidində
olmuşdu. Belə ki, Qafqaz cəbhəsində əsir
düşən alman, türk və avstriyalı əsgər və
zabitlərin böyük bir hissəsi Nargin adasında
saxlanılırdı. Əsirlərin ərzaq və paltarla təminatı
çox pis vəziyyətdə idi. Xəstə
düşmüş əsirləri müalicə etmək
üçün adada heç bir şərait yox idi. Həbsxana
rəhbərliyi adada sanitar və feldşer məntəqələrinin
təşkil edilməsinə lüzum görmürdü. N.Nərimanov
hərbi əsirlərə kömək məqsədilə Təzəpir
məscidinə gələrək Nargindəki türk əsirlərinin
vəziyyəti haqqında dindarlara məlumat verdi. Nərimanovun
təklifi ilə əhali Təzəpir məscidinə gələrək
din qardaşlarına ərzaq və pulla yardım etməyə
başladılar. Bir həftə ərzində Təzəpirin
həyətində türk əsgərləri
üçün yığılan ərzaq, paltar və dərman
o qədər çox idi ki, onları Nargin adasına
daşımaq üçün bir ay vaxt lazım oldu.
1918-ci il
aprelin 25-də Bakıda Xalq Komissarları Soveti adlanan mənfur
bir qurum təşkil edildi. Azərbaycan xalqına düşmən
olan bu qurum Bakının dini qurumlarına, o cümlədən
Təzəpir və Göy məscidlərinə nəzarət
edilməsi haqqında dekret imzalamışdı. Lakin dindar əhali
bu qadağaya baxmayaraq, məsciddə azanın verilməsinə
və dini mərasimlərin yerinə yetirilməsinə fasilə
vermirdi.
Bakı
Soveti rəhbərliyi Təzəpir məscidinin
mollalarından tələb edirdi ki, Azərbaycan
torpaqlarını bolşevik-daşnak qüvvələrindən
azad etməyə gələn türk əsgərlərinin hərəkətlərini
lənətləyən fətva versinlər. Hətta onlar məzhəb
fərqini də şişirdərək Osmanlı əsgərlərinin
Bakı şəhərinə daxil olmasını
bağışlanmaz bir günah kimi qələmə vermək
istəyirdilər. Bakı Soveti rəhbərliyinin bu cəhdi
də baş tutmadı.
1918-ci il sentyabrın 15-də Bakını düşmən qüvvələrindən azad edən Qafqaz İslam Ordusu və onun 29 yaşlı komandanı Nuru paşa bütün Bakı əhalisinin arzusuna əsasən sentyabrın 16-da Təzəpir məscidinə dəvət olundu. Ətraf küçələr, məscidin həyəti hər yaşda olan adamla dolu idi, şadyanalıq edən adamların əlindən tərpənmək olmurdu. Məscidin içərisi isə osmanlı ordusunun yüksək rütbəli zabitləri, paşalar, milli hökumətin nazirləri, milyonçular və ruhanilərlə dolu idi. Təzəpir məscidinin axundu Axund Ağa Əlizadənin müşayiəti ilə Nuru paşa minbərə çıxdı. Cəmi üç pillə qalxdı. Minbərin hər iki tərəfində iri qara ələm sancılmışdı. Nuru paşa ələmlərdən birindən yapışaraq təmkinlə nitqinə başladı. Ucaboy, gözəgəlimli, bir qədər arıq, cavan natiqin mərdanə üzü, zəkalı gözləri var idi. Əynində türk paşası libası, şinelin hər iki tərəfində parıldayan düymələr tikilmişdi. Nuru paşa danışanda bütün məscid sükuta qərq olmuşdu. Türk ordusunun Bakını azad etməsi Qurban bayramına təsadüf edirdi. Ona görə də Təzəpir məscidi öz qapılarını müsəlmanların üzünə açdığı gündən bəri məscid bu qədər insan görməmişdi. Yüzlərlə insan məscidin həyətində qurban kəsir, Bakının azad olunmasını bayram edirdi. Təzəpir məscidi ilk dəfə idi ki, general libaslı 29 yaşlı bir zabiti məscidin minbərində görürdü. Bakı camaatı bu mərasimə heyrətlə baxırdı, məscidin axundu Ağa Əlizadənin dili ilə desək “Allah-Təala müsəlmanları kafirlərdən qorumaq üçün osmanlı əsgərlərini öz din qardaşlarının köməyinə göndərmişdi”. Beləliklə, Təzəpir məscidində Qafqaz İslam Ordusunun Bakı şəhərinin azad olunmasına həsr olunmuş ən böyük mərasim keçirildi. Bu hadisə bir daha göstərdi ki, Təzəpir məscidi millətin həyatında baş verən bütün siyasi məsələlərdə öncül yerdə durur.
Sentyabrın 16-da H.Z.Tağıyev öz evində Bakının azad olunması münasibətilə Nuru paşa başda olmaqla türk əsgərlərinin şərəfinə böyük ziyafət təşkil etmişdi. Nuru paşanın Təzəpirin həyətində on minlərlə insan tərəfindən qarşılanması uzun çəkdi. Həm də paşanın ayağı altında kəsilən qurbanlar onun paltarlarını və çəkmələrini yararsız hala salmışdı. Buna görə də məcburən öz qərargahına qayıdan Nuru paşa Hacı tərəfindən təşkil olunan ziyafətə gecikməli oldu.
Bakı daşnak-bolşevik qüvvələri tərəfindən işğal olunarkən H.Z.Tağıyev bildirmişdi ki, Bakı şəhərini bu düşmən qüvvələrinin əlindən kim azad etsə, yaşadığım evi (indiki Azərbaycan Tarixi muzeyi) ona bağışlayacağam. Doğrudan da, Hacı sentyabrın 16-da təşkil etdiyi ziyafətdə sözünün üstündə durararq nümayişkaranə şəkildə evin açarını Nuru paşaya təqdim etdi. Nuru paşa Hacının böyük bir insan olduğunu söylədi, ona minnətdarlığını bildirdi və hamının alqışları altında açarı ona qaytardı.
Məlum olduğu kimi, 1918-ci il mayın 28-də Tiflisdə Azərbaycan Milli Şurası Azərbaycanın İstiqlal bəyannaməsini elan etdi. Tiflisdə Fətəli xan Xoyskininin başçılığı ilə təşkil edilən Milli Hökumət Cənubi Qafqaz Ruhani İdarəsinin Azərbaycana köçürülməsini məqsədəuyğun hesab etdi. Hökumətin Dini Etiqad Nazirinin şeyxülislama və müftiyə ünvanlanmış 10 avqust 1918-ci il tarixli, 13-14 saylı rəyinə əsasən keçmiş ruhani idarələri Azərbaycanın müvəqqəti paytaxtı Gəncə şəhərinə köçürüldülər.
Gəncədə vahid dini idarənin yaradılması məsələsi gündəliyə çıxarıldı. Din xadimlərinin iddiasına görə çarizm məzhəb ayrılığından istifadə edərək Azərbaycanın din xadimləri arasında düşmən münasibətlər yaratmaq istəsə də, niyyətləri boşa çıxdı. Ona görə də Gəncədə qərarlaşan hər iki məzhəbin dini rəhbərləri, hökumətin mövqeyini gözləmədən Türkiyə nümunəsi əsasında Qafqaz Müsəlmanları Ruhani İdarəsinin “Məşixət” adı altında yenidən qurulması təşəbbüsü ilə çıxış etdilər. Şeyxülislam və müftinin 1 sentyabr 1918-ci il tarixli birgə qərarı ilə hər iki idarə “Məşixət” adlanan vahid bir idarədə birləşdirildi. 1918-ci il sentyabrın 15-də Bakı Qafqaz İslam Ordusu tərəfindən düşmən qüvvələrindən azad ediləndən az sonra “Məşixət” bu şəhərə köçürüldü.Ruhani idarəsinin Təzəpir məscidinin həyətində təşkil edilməsi qərara alındı. Müxtəlif vaxtlarda Azərbaycanın dövlət rəhbərləri Təzəpir məscidinin dini mərkəz kimi rolunu yüksək qiymətləndirmiş və xalqa müraciətlərini buradan söyləmişdilər.
(Ardı var)
Anar İSGƏNDƏROV,
Tarix elmləri doktoru,
Professor
525-ci qəzet.- 2013.- 4 may.- S.22.