Ədəbiyyat və onun adamları
(Elçin-70)
Vaxtın,
Zamanın sürət həddini gün-gündən
artırdığı, dünənin sabahı, sabahın
geriyə gərilib dünəni haqladığı bu
kulminativ kəsikdə Ədəbiyyat və Onun Adamları barədə
düşünərkən, özünü heç nəyin
axıb, ötüb keçmədiyi, bitib tükənmədiyi
qorunmuş bir Ərazidə hiss edir, bu sirli Məkanın
axıb keçən, ötəri olan hər bir şeyin əleyhinə
işləyən qanunlarıyla, son nəticədə, həm
də, necəsə, bütün o ötəriliklərin
müdafiəsinə qalxdığını və bununla da
İnsanlığı, Onun Özünün də dərk etmək
qüdrətində olmadığı nələrdənsə
xilas etdiyinin sirli həqiqətini anlayırsan...
Ədəbiyyat
və Onun Adamlarıyla bağlı gəldiyim bu qənaət
– həyatlarını şüurlu şəkildə, ya bəlkə,
gizli İlahi buyruqla Ədəbiyyata, Bədii Sözə
gömürmüş insanlar barədə düşünərkən,
anladığım sirli həqiqətlərdən biridir. Lakin
burda söhbət həqiqi ədəbiyyatdan və onun həqiqi
adamlarından – Əzəli və Əbədi Yazının
adda-budda işartılarını öz yazıçı məharətləri
ilə vərəqlərə köçürməyə
müvəffəq olmuş xüsusi növ insanlardan gedir. Bir
qədər də dəqiq olsam, “60-cılar” deyilən ədəbi
nəslə aid edilsə də, narahat yazıçı
heysiyyəti ilə Mirzə Fətəli Axundov və Cəlil
Məmmədquluzadədən, maarifçilik və vətəndaşlıq
təəssübkeşliyi ilə Həsən bəy Zərdabidən
olan yazıçı Elçindən gedir...
İlk
əvvəl, Elçinin nəsri və dramaturgiyası, ədəbi
tənqidi və esseistikası barədə kifayət qədər
deyilmiş və yazılmış elmi-nəzəri,
publisistik mülahizələri öz əlavələrimlə
yükləməməkdən ötrü, bu barədə
qısaca olaraq, bunu deməliyəm ki, Elçin – Azərbaycan
ədəbi dilinin və bədii fikrinin imkanlarını insan
təbiətinin gizli incəlikləri, müxtəlif zümrələrdən
və təbəqələrdən olan azərbaycanlı tipləri
və xarakterləri üzrə məharətlə açan
yazıçı kimi, hələ 70-ci illərdən maraqla
oxuduğum tək-tük qələm sahiblərindən
biridir. Dərin hörmət və ehtiramla
yanaşdığım digər keyfiyyətləri – onun
usanmaz ədəbiyyat və maarifçilik stixiyası, ədib,
həmkar və insan təəssübkeşliyi, məhsuldar
yaradıcılıqla bərabər, milli ədəbi
düşüncəni dünyanın işıqlı səmtinə
yönəltmək bacarığı, istedadı istedadsızdan,
dəyəri, dəyərsizdən ayırmaq, bu günkü ədəbi
həyatımıza hakim kəsilmiş müdhiş “dəyərsizləşdirmə”
dumanını yarıb dağıtmaq əzmidir.
Bütün
bunlara onun, bizim Tərcümə Mərkəzinə, “Xəzər”
ə olan diqqət və qayğısını, heç nəyin
aşındıra bilmədiyi əqidə birliyini və məsləkdaşlığını
da əlavə etsək, gözlərimiz önündə
Zamanın sınaqlarına, tarım etiketlər və rəsmiliklər
qəlibinə sinə gərib, heç nəyə uymadan,
öz asudə Ədəbiyyat Ərazisində yaşamağa
davam edən işıqlı bir ziyalı, ədiblik və
yazıçılıq şövqünü qoruyub
saxlamış nəcib sima canlanır...
lll
...Bina
qonşusu kimi, hələ 60-cı illərin ortalarından, ədəbiyyat
aləminə daxil olduqca, maraqlı bədii, elmi əsərlərindən,
nəsil-kök doğmalığı ilə isə, daha qədimlərə
gedib çıxan Əli Vəliyev-İlyas Əfəndiyev tandemindən
tanıdığım Elçinlə bağlı ilk xatirəm
– hələ orta məktəbdə oxuduğum uzaq illərə
– günün əksər saatlarını onunla qonşu
olduğumuz məşhur Yazıçılar Binasının
həyətində keçirdiyim qayğısız tətil
günlərinə gedib çıxır...
...O
dövrlər binanın orta blokunun ikinci mərtəbəsində
yaşayan İlyas Əfəndiyevin böyük oğlu kimi
tanıdığımız gənc Elçinin gecədən
keçənə qədər oynadığımız
badminton oyununu qəribə azarkeş marağı ilə həyətin
tən ortasına açılan açıq eyvandan izləməsi,
bizlərin (mən, Kamal Talıbzadənin, İsmayıl
Şıxlının, Bəxtiyar Vahabzadənin, Hüseyn
Abbaszadənin və s. uşaqları) bu “gərgin
tamaşadan” səfərbər olub, oyuna xüsusi həvəslə
girişməyimiz, valanı bir yerə salmamaqdan ötrü
özümüzü, az qala, göyün yeddinci qatına
atıb “virtuoz zərbələr” yaratmağımız...
Oyunun ən kulminativ dəqiqələrində bu yeganə
“tamaşaçımızın” tamaşasını qəfildən
yarımçıq kəsib “lojanı” tərk etməsi... Bu
gedişdən qol-qanadımızın qırılıb
yanımıza düşməsi və sair və ilaxır...
Nə
iləsə Elçinin erkən yumoristik hekayələrini
andıran bu vaqeəni xatırladıqca, o dövrlər eyvana
çıxmağının səbəbi – bizim oyunumuza
tamaşa eləmək yox, olsun ki, yazı prosesində itirdiyi
fikrin, ya cümlənin ardını bizim qızğın oyun
gedən sirli məchulluqlarda axtaran Elçinin “yaradıcı
fasiləsi” olduğunu yeniyetmə ağlımızla dərk
etmədiyimizə görə özümüzə gülməyim
gəlir. Hamının açıq yay kafelərində, dəniz
sahillərində istirahət edib əyləndiyi o
bürkülü yay axşamları heç hara getmədən,
sakit mənzilinə qapılıb, yazı-pozuyla, ya bəlkə
mütaliə ilə məşğul olan Elçinin yazıçılıq
və maarifçilik eşqinə isə rəğbət və
ehtiram doğurur...
Elçinlə
bağlı digər xatirəm bir qədər sonralara, ədəbiyyat
aləminə təzə-təzə qədəm qoyduğum
80-ci illərə – yazıçı ailəsində
doğulub böyüsəm də, daxili qayda-qanunlarından xəbərsiz
olduğum yerli yazıçı mühiti ilə ilk
tanışlıq dövrlərinə təsadüf edir...
...1986-cı
ilin may ayı idi. Yazıçılar
İttifaqının Filarmoniyanın dəyirmi, bəyaz
salonunda keçirilən qurultayında mən də gənc
yazıçı qismində iştirak edirdim.
Qurultayın
gündəliyindəki son məsələ – yaxın aylarda
Moskvada keçiriləcək SSRİ Yazıçılar
İttifaqının 8-ci qurultayına nümayəndə
seçimi məqamı yetişəndə və milli ədəbiyyatımızı
SSRİ yazıçılarının qurultayında təmsil
edəcək nümayəndə heyətinin tərkibi –
tanınmış, görkəmli adların yer aldığı
mötəbər siyahı müzakirəyə
çıxarılanda yerlərdən etiraz səsləri
eşidilməyə başladı... Nümayəndə
heyətinə hər dəfə eyni “görkəmlilərin”
salınmasına etiraz edənlərə, salonun qabaq cərgələrində
oturan digər “görkəmlilər” də qatıldı.
Bir qisim
adam Moskva qurultaylarında dəfələrlə iştirak
etmiş “görkəmliləri”, Rusiyanın bu mötəbər
tədbirinə qatılmaq “səadəti heç zaman nəsib
olmamış” digər “görkəmlilərlə” əvəz
edilməsi təklifini irəli sürdü, digərləri
adı siyahıda olan bir xalq yazıçısının o
birisi ilə dəyişdirilməsini tələb etdi və
yerlərdən yeni-yeni namizədlər irəli sürülməyə
başladı.
Söhbət
uzandı, ara qarışdı. Getdikcə,
əlbəyaxa savaşa çevrilmək üzrə olan
mübahisəni rəyasət heyətində əyləşmiş,
o zaman Yazıçılar İttifaqının gənc katibi
Elçin kəsdi...
O, salonun
hay-küyünə uyuşmayan ehmal aramlıqla ayağa
qalxıb zalın sakitləşməsini gözlədi, sonra
necəsə, hamının aydın eşidə biləcəyi
asta səslə:
– Mən
burda deyilənlərlə tam razıyam, – dedi. – Həqiqətən
də, niyə hər dəfə Moskva qurultayına eyni adamlar
getməlidi?.. Təklif edirəm,
ötən qurultaya gedənlər öz yerlərini o birilərə
təhvil versinlər.
Elçinin bu sözündən sonra salona ağır
sükut çökdü.
– Mənə
gəlincə, öz yerimi burda, salonda əyləşmiş gənc
yazıçımız Afaq Məsuda verirəm. Qoy getsin və o biri ölkələrin yazıçıları
da görsünlər bizim necə yazıçımız
var. Həm gənc, həm istedadlı. Üstəlik
də yaraşıqlı.
Salonun zindan sükutu Elçin sözünü bitirib
yerinə əyləşəndən bir müddət sonra da
davam elədi.
Bayaqdan bura zalı lərzəyə gətirən
seçki qovğasının təlaşı yatsa da,
“gökəmlilər ierarxiyası” qəbilindən olmayan bu “əcaib
təklif” qurultay əhlinin ürəyinə yatmadı.
Möhtəşəm sükut dalğası gül səbətləri
və projektor işığıyla dolu səhnəyə də
yayıldı...
...Mən
qulaqlarıma inanmır, Elçinin bu “ağlasığmaz” təklifinin
daşlaşmış qurultay ənənələrini yara biləcəyinə,
bu qədər görkəmli, tanınmış
yazıçı-şair dura-dura, mənim – iyirmi səkkiz
yaşlı gənc yazarın belə bir mötəbər heyətə
düşəcəyinə şübhə edirdim. Dörd bir
yandan üzümə dikilən, arxadan kürəyimi oxlayan
baxışlardan ürək döyüntülərimin
sürətləndiyini hiss etsəm də, həyəcanımı
gizləməyə, özümü ələ almağa
çalışırdım...
...Bir
neçə gündən sonra mən mötəbər
nümayəndə heyətinin tərkibində Moskvaya –
qurultaya yollandım. Unudulmaz Moskva günləri,
kitablarını hələ lap uşaqlıqda, bəzilərini
tələbəlik illərində oxuduğum Anatoli Kim, Vasili
Belov, Sergey Mixalkov, Nodar Dumbadze və digər
yazıçılarla görüşlərim arxada
qalmış Bakı qurultayını unutdura bilmir,
düşdüyüm yaradıcı mühit, fikir və
düşüncə azadlığı qurultayda baş verən
o hadisənin gizli mənasını açmağa, iclasın
gündəliyini laxladan o “əlamətdar təklifin” adi insan,
yaxud, həmkar xeyirxahlığı yox, bizim yerli
yazıçı mühitinin miskin “görkəmlilər
ierarxiyası” ənənəsini dağıtmaq,
Yazıçılar İttifaqında və onun qurultayında
çatışmayan nəyisə – bəlkə ali
“yazıçı” statusunu, onun əlahiddə göstəricisi
olan İnsan və Ədib nəcibliyini yada salmaq cəhdi
olduğunu mənə anlatmağa başlayırdı...
...Elçinlə
bağlı bu sayaq xatirələrim az
deyil... Ədəbiyyatı və Onun Adamlarını “ən
uzaq məsafələrdən” seçib, tanıyıb, dəyər
vermək məharəti, ədəbi prosesə mütəmadi
müdaxilələri ilə bir çox qaranlıqlara
aydınlıq gətirməsi, taleyini bədii sözə,
yazıya bağlamış köməksiz qələm
adamlarına arxa-dayaq olması, ən çətin və
çıxılmaz məqamlarda heç nədən çəkinmədən,
ehtiyat etmədən, dost və həmkar köməyini yetirməsi,
yazdığının yaxşı, ya pis olduğunu
özü də bilməyən və bu səbəbdən
nagümanlıqlar torunda vurnuxan gənc ədibləri (o
cümlədən, vaxtı ilə məni və həmkarlarımı)
usta nəzəri və elmi baxışları ilə yolun
aydın tərəfinə yönəltməsi, azad
düşüncəni, insan ruhunu sıxışdırıb
daraltmağa köklənmiş istənilən növ çərçivə
və qadağaları hər an dağıtmağa hazır
olması... Və ən əsası, həmin o çərçivələr
daxilində yaşaya-yaşaya, həm də, necəsə,
oralarda yaşamaması...
Bu qəbildən
olan son illərin bir xatirəsi də Elçinin 60 illik yubiley
məclisinə təsadüf edir...
...Ən
yaxın dostlarının və qohumlarının, həmçinin,
yüksək vəzifəli dövlət rəsmilərinin
iştirak etdiyi yubiley məclisinin bir məqamı badəsini
yüksəklərə qaldıran Elçin:
– Siz...
burda oturanların hamısı mənə doğma və əziz
adamlarsız. Amma çox xahiş eləyirəm, indi deyəcəyim
sözdən heç kim inciməsin, –
deyib məni sarı baxdı: – Burda mənim elə bir dostum əyləşib
ki, o, mənə hamıdan daha əziz və daha
doğmadı. Bu, müstəsna bir qohumluq, ilahi
doğmalıqdı. Böyük ədəbiyyat
doğmalığı...
Elçinin bu qəfil “bəyanatından” məclisə
yöndəmsiz pərtlik düşdü. Ortaya düşən
yöndəmsizliyi aradan qaldırmaq istəyən Elçin:
– Afaq mənim
ədəbiyyat doğmamdı. Bu səbəbdən
də mənə hamıdan əziz və doğmadı.
– dedisə də, məclisin pərtliyi
sovuşmadı.
...Mən
kövrək ədəbiyyat nisgili ilə deyilmiş bu
sözlərin Elçinin, bu “ədəbiyyatsız” məclisdə
duyduğu Böyük Ədəbiyyat Qəribliyi, Ədəbiyyatı
və Onun Adamlarını bu dünyanın bütün təbəqələrindən
və zümrələrindən fərqli ucalıqlarda tutmaq
istəyi olduğunu anlayır, Elçinə və
özümə görə, eləcə bu dünyanın
bütün Ədəbiyyat Adamlarına görə izaholunmaz
bir ağrı hissi duyurdum...
...O
axşamın sonrası... bir qədərdən sonra
sağlıqların musiqiylə əvəz olunduğu həzin
asudəliyin içində də rahatlıq tapmayan
yubilyarın süfrə başından ayağa qalxıb bizə
(yoldaşımla mənə) yaxınlaşması,
yanımızda əyləşib, heç vaxt görmədiyim
balaca uşaq üzü ilə astadan:
– Qəribə
işdi... Hələ bu vaxta qədər heç bir
yaşımın tamamında qorxu hiss eləməmişdim. – deyib, ətrafına nəzər salması,
sonra kimsənin eşidəcəyindən ehtiyat edən tək,
bir az da astadan: – Bu 60 rəqəmində nə isə var. Həqiqətən,
qorxuludu... – deyib pərt təbəssümlə gülümsəməsi
hələ də gözümün qabağından getmir...
...O
axşam Elçinə, onun “Zaman” deyilən dəyirmanın
gözündən çox-çox kənarda olduğunu,
şəxsiyyəti və əsərləri ilə Azərbaycanın
dili və ədəbiyyatı yaşadıqca,
yaşayacağını demək istəsəm də, onun, bu
sözlərimi yubileyi şərəfinə deyilən bəlağət
kimi, qəbul edəcəyini düşünüb
susmuşdum. Amma düşünürəm, gərək
susmayaydım. Gərək, elə o axşam ona,
yazıçının, əgər ona elə gəlirsə
də belə, bu dünyada ikən, burda yox, yazıb –
yaratdığı əsərlərində
yaşadığını və bu səbəbdən,
heç bir yaş həddinə dolmaq imkanı
olmadığını, hər yazıçının
yaş göstəricisinin onun istedad şkalası, bədii
tapıntı və kəşflərinin, fikir və
duyğularının dəyəri qədərində
olduğunu və bu mənada, onun yaşının artıq
çoxdannan bəri 70-i də, 80-i də, 90-ı, bəlkə
yüzü də adladığını deyəydim. Ədəbiyyatın
və Onun Adamlarının bütün Zaman və Məkan
ölçülərinin fövqündə, əbədi
olaraq, yaşamaq qüdrətində olduğunu deyəydim...
Bütün
bu deyəcəklərimi, fürsət tapıb, ona bu gün –
Zamanın bu kəsiyində deyə bildiyimdən dərin məmnunluq
duyur, hörmətli yubilyarımıza, heç bir rəqəmə
məhəl qoymadan, həmin o qorunmuş ərazisində –
Böyük Ədəbiyyat Evində yaşamağına davam
etməyi arzulayıram.
Həqiqətən
də, axı məhz Orda hər şeyi rəqəmlər
yox, sözlər həll edir...
Afaq Məsud
525-ci qəzet.-
2013.- 4 may.- S.16.