Müdriklik mücəssəməsi
“Azərbaycanın milli azadlığı, istiqlaliyyəti
yolunda ən çox bizim ədəbiyyatımız, mədəniyyətimiz,
incəsənətimiz xidmətlər göstəribdir. Əgər
biz 70 illik totalitar rejim çərçivəsində milli ədəbiyyatımızı,
mədəniyyətimizi, dilimizi, adət-ənənələrimizi
qoruyub saxlaya bilmişiksə, hesab edirəm, bunlar böyük
nailiyyətdir”.
Heydər Əliyev
O yüksək
natiqlik məharəti, geniş erudisiyası, ensiklopedik biliyi,
dərin analitik zəkası, müdrik və uzaqgörən
strategiyası, çevik taktikası, polad məntiqi,
sarsılmaz iradəsi, müstəsna idarəçilik
istedadı, peşəkar diplomatik manevrləri ilə əfsanələşərək
fenomenal şəxsiyyət Olimpində qərar tutdu.
Dünyanın görkəmli ictimai-siyasi xadimləri planetar
miqyaslı siyasətçi Heydər Əlirza oğlu Əliyevi
hələ onun sağlığında “canlı əfsanə”,
“dahi şəxsiyyət”, “siyasət ustadı”
adlandırırdılar. Planetimizin super dövlətlərindən
birinin – keçmiş SSRİ-nin rəhbərlik
piramidasının ən yüksək zirvəsinə qədər
ucalan, bir qərinəyə yaxın Azərbaycana rəhbərlik
edən, müxtəlif dövlətlərin ən yüksək
və çoxsaylı mükafatlarını, orden, medal və
fəxri adlarını alan ümummilli lider, əfsanəvi
tarixi şəxsiyyət, müstəqil dövlətimizin
qurucusu və memarı Heydər Əliyev həmişə
böyük qürur hissi ilə “Mən fəxr edirəm ki,
azərbaycanlıyam!” – deyirdi. Onun
bütün ömrü boyu çətin və keşməkeşli
məqamlarda arxalandığı, güc aldığı
bitib-tükənməz bu milli iftixar hissləri təmiz və
qədim gen, soy, köklə yanaşı şübhəsiz
ki, milli-mənəvi dəyərlərdən, təlim-tərbiyə
aldığı ilk təhsil ocaqlarından da
qaynaqlanırdı. Təhsilə xüsusi əhəmiyyət
verən, orta və ali məktəblərdə yalnız “əla”
qiymətlərlə oxuyan gənc Heydər Əlirza oğlu məktəbi,
müəllimi müqəddəs sayır, millətin
işıqlı gələcəyi naminə bu peşənin
aparıcı missiyasını dərk edir, hətta 8-ci sinfi
bitirdikdən sonra Naxçıvan Pedaqoji Texnikumuna daxil olur və
oranı müvəffəqiyyətlə bitirir. Ona
hörmət və ehtiramla “Heydər müəllim” – deyən
pedaqoqların ciddi əsası vardı. Bu böyük
şəxsiyyət 1998-ci il sentyabrın
25-də – Azərbaycan müəllimlərinin XI qurultayında
sevgi ilə vurğulanan incə eyhama aydınlıq gətirərək
dedi: “Mən bütün varlığımla, keçdiyim həyat
yolu ilə həmişə məktəbə, müəllimə
borcluyam.
Doğrudur, siz məni də müəllim hesab edirsiniz. Burada müəyyən
əsas var. Siz mənim təhsilimə əsaslanaraq bunu
deyirsiniz. ... Mən 1939-cu ildə
Naxçıvan Pedaqoji Texnikumunu bitirmişəm. Naxçıvan Pedaqoji Texnikumu məhz həmin
dövrdə müəllim
çatışmazlığına, ibtidai siniflərə, hətta
orta məktəblərin 7-8-ci siniflərinə qədər dərs
demək üçün müəllim olmadığına
görə, müəllim kadrları hazırlayırdı.
Mən isə orta məktəbin 8-ci sinfini
bitirdikdən sonra pedaqoji texnikuma daxil oldum. Məqsədim də o idi ki, müəllim olmaq,
müəllim işləmək və ailəmə kömək
etmək istəyirdim.
Bilirsiniz
ki, mən pedaqoji texnikumu bitirdikdən sonra Bakıda ali məktəbə qəbul olundum. Pedaqoji texnikumun sonuncu kursunda bizə pedaqoji təcrübə
dərsi verirdilər. Biz həftədə
2-3 dəfə gedib məktəblərin 2-ci, 3-cü, 4-cü
siniflərində dərs deyirdik. Ona
görə də mənim o vaxt dərs demək təcrübəm
olubdur. O günlər mənim xatirimdədir. Xatirimdədir ki, nə qədər həyəcan
keçirirdim. Əvvəlcə, bizi o
siniflərə aparırdılar, oturub baxırdıq ki,
müəllimlər necə dərs verirlər. Bir müddət belə idi. Ondan
sonra isə deyirdilər ki, gedib filan gün, filan sinifdə,
filan dərsi verməlisən. Nə qədər
hazırlaşsaydım da, 2-ci, 3-cü, 4-cü sinif
uşaqları qarşısında böyük həyəcan
keçirirdim. Mən həmin günləri
indi də xatırlayıram.”
İbtidai sinif şagirdləri qarşısında 16-17
yaşlı yeniyetmə gəncin həyəcan keçirməsi
təbii və başadüşülən hisslər idi. Dünənəcən təcrübəli
və nüfuzlu müəllimlərdən dərs alan, öyrənən tələbənin
çox erkən müəllim, öyrədən
funksiyasını daşıması məsuliyyət və
sevinc hissinin həyəcanını yaşaması, məktəb,
maarif, təhsil işini uca sayan, müəllim sənətini
yüksək qiymətləndirən şəxsiyyət
üçün gözlənilən idi. O həyəcan –
müəllim hazırlıqsızlığından yaranan təlaş
deyildi, o həyəcan – müəllim sənətinə sevgidən
qaynaqlanan ürək çırpıntıları idi. Uzun illər keçsə də, o həyəcanlı
günlər şirin bir xatirəyə, məktəb işinə,
müəllim sənətinə olan sevgi isə böyük məhəbbətə
çevrilmişdir. Onun təhsil
işçiləri ilə hər bir görüşü
bayram əhval-ruhiyyəsi yaradırdı. Açıq
və səmimi söhbətlər uğurlar və qüsurlar
üzərində köklənirdi. 1995-ci il
fevralın 12-də də ölkənin qabaqcıl təhsil
işçiləri ilə görüşündə fədakar
maarif xadimlərinə sabit və dəyişməz
mövqeyini həmişəki kimi çox səmimi bildirdi. “Demək istəyirəm ki, məktəb, maarif, təhsil
işi ilə həmişə sıx bağlı olmuşam.
...Ona görə də məktəb işi, müəllim sənəti
mənim üçün ən doğma işdir. Müəllimlik sənətini, müəllimin
işini, zəhmətini həmişə yüksək qiymətləndirmişəm.
Hesab edirəm ki, cəmiyyət haradan
olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli,
gənc nəslin təhsilinə, müəllimə kömək
etməlidir. Bu mənim prinsipial
mövqeyimdir. 25 il bundan öncə –
Azərbaycana rəhbər seçiləndə də bu
mövqedə olmuşam, indi, müstəqil Azərbaycanın
dövlət başçısı kimi də bu mövqedəyəm.
Mən həyatımın bütün mərhələlərində
məhz belə mövqedə durmuşam.”
Hər zaman prinsipial mövqe nümayiş etdirən Heydər
Əliyevin siyasi kursunda gənc nəslin təhsilinə və
tərbiyəsinə xüsusi qayğı və diqqət
ayrılırdı. Çünki ən ali sərvət
olan mötəbər və möhtəşəm milli
dövlət quruculuğu və milli mentalitetin
formalaşması gənclərin yüksək təhsilindən,
milli-mənəvi dəyərlərin keşiyində dayanmaq
istəyindən və peşəkarlığından
çox aslıdır. Bu mənada milli kadrların
hazırlanmasında və ziyalılar ordusunun yaranmasında
respublikada ilk ali təhsil ocağı olan
Bakı Dövlət Universitetinin müstəsna xidmətlərini
onun 50 illik yubileyində vurğulayan yenicə rəhbərliyə
gəlmiş dövlət başçısı demişdi:
“Azərbaycan xalqının parlaq və orijinal mədəniyyətinin
ən yaxşı ənənələri Bakı Dövlət
Universitetində inkişaf etdirilmişdir. Məşhur filosof Ə.Bəhmənyarın
və mütəfəkkir şair Nizaminin,
riyaziyyatçı-astronom Nəsrəddin Tusinin və dahi
lirik şair Füzulinin, orta əsrlərin böyük alimi
F.Rəşidəddinin və üsyankar şair Nəsiminin, tarixçi Bakıxanovun və realist
yazıçı M.F.Axundovun, görkəmli satiriklərdən
Mirzə Ələkbər Sabirin, Cəlil Məmmədquluzadənin
və bir çox başqalarının adları bu mədəniyyətin
çoxəsrlik tarixinin bəzəyidir.”
Ümummilli liderin hakimiyyətə gəldiyi ilk aylarda Azərbaycanda
təhsilin inkişaf istiqamətləri və milli-mənəvi
dəyərlər haqqında söylədiyi proqram xarakterli
yığcam və məzmunlu bu fikirlər əslində
mövcud cəmiyyət üçün yeni baxışlar
toplusu idi. Yeni Baş katib sovet ideologiyasını təbliğ
eimək əvəzinə auditoriyanın, professor-müəllim
heyətinin və gənclərin diqqətini Azərbaycan
mentalitetinin etalonuna çevrilmiş mütəfəkkir şəxsiyyətlərə,
elm və fikir adamlarına yönəldir, onlardan öyrənməyə
və bəhrələnməyə dəvət edirdi. Əslində bu yol – milli təhsilin milli-mənəvi
dəyərlər əsasında inkişafı milli müstəqilliyə
və milli dövlətçiliyə aparan yollardan biri idi.
Millətin
hərtərəfli tərəqqisində təhsilin rolunu və
əhəmiyyətini düzgün qiymətləndirən
Baş katib hakimiyyətinin ilk beş ilində
respublikada beş yeni ali məktəb yaratmağa müvəffəq
oldu. Həmin dövrdə keçmiş SSRİ-nin 40 şəhərinin
140 ali məktəbində təhsil almağa Azərbaycandan tələbələr
göndərilirdi ki, bu da təxminən 244 ixtisası və
2500 gənci əhatə edirdi.
Ümummilli
lider 1975-ci il avqustun 28-də Azərbaycandan
kənarda təhsil almağa göndərilən tələbələrlə
indi öz adını daşıyan sarayda görüş
zamanı gənclərə doğma ata qayğıkeşliyi
ilə tövsiyə edirdi. “İxtisasa yiyələnmək, zəngin
bilik qazanmaq, seçdiyiniz ali məktəbi
qurtarmaq asan iş deyildir. Bunun üçün
böyük səy, çalışqanlıq, dözüm, səbir
və iradə lazım olacaqdır. Biliklərə
mükəmməl və dərindən yiyələnmək
sizin əsas vəzifənizdir.
Yeniliyi dərindən mənimsəmək,
yaradıcılıqla düşünməyi bacarmaq,
özünə çalışqanlıq, axtarış
bacarığı, tədqiqat məharəti aşılamaq
lazımdır. Bilik pilləkəni ilə yorulmadan və
qətiyyətlə yuxarı qalxmaq gərəkdir, tələbəlik
həyatının hər günü bu pilləkənin bir
pilləsi olmalıdır. Getdikcə zənginləşən
bilik xəzinəsindən, geniş elmi məlumat
axınından baş çıxarmağı öyrənməlisiniz,
bir sözlə, sabahkı günün mürəkkəb məsələlərini
həll edə bilən yaxşı mütəxəssis
olmalısınız.
Bir çoxunuz gələcəkdə istehsalat rəhbəri
və təşkilatçısı olacaq, əmək
kollektivinə başçılıq edəcəksiniz. Bu
mühüm və məsul işə hazır olmaq
üçün iqtisadiyyatı, əməyin elmi təşkili
prinsiplərini yaxşı öyrənmək, kollektiv təcrübəni
qiymətləndirməyi, başqalarının rəyinə
qulaq asmağı, tənqiddən qorxmamağı, öz
işinə tənqidi yanaşmağı bacarmaq
lazımdır. Tələbəlik illərindən
bu keyfiyyətləri özünüzdə
aşılayın, məsuliyyətə və ciddi intizama
özünüzü alışdırın.”
Cənab
Heydər Əliyevin ali məktəbə qəbul
olunan abituriyentlərə uzaqgörənliklə və
müdrikliklə ünvanladığı bu kəlamlar 30 il
öncə deyilməsinə baxmayaraq, bu gün də aktual səslənir.
Azərbaycanda bu il ali məktəblərə
girən tələbələrin də “Biliklərə
mükəmməl və dərindən yiyələnmək
... yeniliyi dərindən mənimsəmək,
yaradıcılıqla düşünməyi bacarmaq,
özünə çalışqanlıq, axtarış bacarığı,
tədqiqat məharəti aşılamaq” kimi vaxtında
verilmiş qiymətli tövsiyələrə ehtiyacı
vardır və bu fikirlər müstəqil Azərbaycanın
taleyi və tərəqqisi üçün bu gün də
xüsusi əhəmiyyət kəsb edir.
Bütün
ömrü boyu qurub-yaratmaqla, xalq üçün
cahanşümul işlər görməklə məşğul
olan, müstəqil Azərbaycanın memarı
adlandırılan Heydər Əliyev gözəl bilirdi ki,
elmin və iqtisadiyyatın inkişafında, milli tərəqqidə,
uğurlu dövlət quruculuğu prosesində təhsil
sisteminin rolu əvəzsizdir. O ötən əsrin 80-ci illərin
ortalarında SSRİ miqyasında təhsil islahatına rəhbərlik
edirdi. Siyasi büronun üzvü və Sovetlər
İttifaqı Nazirlər Soveti sədrinin 1-ci müavini kimi
SSRİ Ali Təhsil Nazirliyi, Maarif Nazirliyi, Texniki Peşə Təhsili
Komitəsi kimi üç böyük qurum beş
il Heydər Əliyevin tabeliyində fəaliyyət göstərdi.
O, Sovet İttifaqında məktəb islahatının
keçirilməsi üzrə hökumət tərəfindən
yaradılmış böyük bir komissiyanın da sədri
idi. SSRİ Ali Sovetinin sessiyasında məktəb
islahatı haqqında məruzə etmiş, 1984-cü ildə
“Məktəb islahatı haqqında” qəbul olunmuş
Ümumittifaq qanununun həmmüəllifi idi. Vaxtaşırı kollegiyalarda,
yığıncaqlarda təhsil problemləri haqqında nitqlər
söyləyən, bu sahəni dərindən bilən
ictimai-siyasi xadim üçün müstəqil Azərbaycanın
təhsil sistemini dəyərləndirmək, inkişaf yoluna nəzər
salmaq, obyektiv qiymət vermək o qədər də çətin
deyildi. O yaratdığı və rəhbərlik etdiyi təhsil
sahəsində islahatlar üzrə Dövlət
Komissiyasının 19 aprel 1999-cu il tarixli
iclasında xüsusi vurğulayırdı: “Təhsil hər
bir dövlətin, ölkənin, cəmiyyətin həyatının,
fəaliyyətinin mühüm bir hissəsidir. Azərbaycanda iki milyon uşaq, gənc
ümumtəhsil məktəblərində və ali təhsil
ocaqlarında təhsil alır... Təhsil Azərbaycanın
hər yerini əhatə edibdir. Azərbaycanda
savadsızlıq ləğv olunub, insanlar məktəbdə təhsil
alıblar və fəaliyyətə başlayıblar. Bunun əsasında Azərbaycanın böyük
elmi yaranıbdır. Elmi müəssisələr
yaranıb, Azərbaycanın mədəniyyəti inkişaf
edibdir. Bunların hamısı təhsil
sisteminin və ondan səmərəli istifadə edilməsinin
nəticəsidir. İndi, burada
oturanların hamısı, təkcə onlar yox, bu gün Azərbaycanda
yaşayanlar – həm yaşlı, həm orta nəsil öz təhsilini,
biliyini həmin bu təhsil sistemində alıbdır.
Bu təhsil sisteminin nə qədər dəyərli
olduğunu ondan görmək olar ki, Azərbaycanda yüksək
savada, biliyə, ixtisasa, yüksək elmə malik insanlar var və
onlar cəmiyyətin çox hissəsini təşkil edir. Əgər
bunlar olmasaydı, Azərbaycanın iqtisadiyyatı belə
güclü inkişaf edə bilməzdi. Bunlar
olmasaydı, biz indi Azərbaycanı müstəqil dövlət
kimi idarə edə bilməzdik. Onları
qiymətləndirmək lazımdır və on illərlə əldə
etdiyimiz nailiyyəti heç vaxt unutmamalıyıq.”
Heydər Əliyev təhsil quruculuğu prosesi ilə əlaqədar
istər nəzəri görüşlərində, istərsə
də müsahibələrində, söhbətlərində
məntiqə əsaslanmağı, dünənə,
keçmişə münasibətdə ədalətli,
obyektiv fikir söyləməyi, ifrata varmamağı, tarixi təhrif
etməməyi, müsbət təcrübədən
faydalanmağı vacib sayırdı. O sovet təhsil sisteminin fərqli
xüsusiyyətlərini, ziddiyyətli məqamlarını dəyərləndirəndə
də eyni mövqedən çıxış edirdi. O,
ictimai-siyasi fəaliyyəti zamanı fərqli dövlət
formasiyalarında uzun illər rəhbər vəzifədə
işləsə də, elmi-nəzəri
baxışlarında fərqli, ziddiyyətli mövqelərdə
dayanması istisna təşkil edir. Çünki
onun bütün şəraitlərdə istinad nöqtəsi
həqiqət olmuşdur.
Müstəqil Azərbaycanda milli tərbiyə
konsepsiyasının təməl müddəalarının gənclər
tərəfindən düzgün dərki və qəbulu
üçün açıq-aşkarlıq, obyektivlik, ədalətlilik
prinsipi mühüm əhəmiyyət kəsb edir. Milli-mənəvi
dəyərlərin qorunmasında, gənclərlə tərbiyə
işinin səmərəliliyinin artırılmasında,
tariximizin, dilimizin, mədəniyyətimizin, dini dəyərlərimizin
tədrisinin və təbliğinin yüksəldilməsində
şübhəsiz ki, müstəqil Azərbaycan dövlətinin
mövcudluğu ciddi amildir. Heydər Əliyevin “Mənəviyyat
olmayan yerdə heç bir şey ola bilməz... Bu gün mənəvi tərbiyə də
keçmiş illərdən daha çox lazımdır” – kəlamları
mövzunun aktuallığını daha da ön plana çəkir.
Milli liderin tərbiyə konsepsiyasında gənclərə
vətənpərvərlik və azərbaycançılıq
hisslərinin, Vətənə, millətə, xalqa sədaqət
və məhəbbət ruhunun aşılanması, dövlət
rəmzlərinə – Azərbaycanın bayrağına, gerbinə
və himninə hörmət və ehtiram bəslənməsi
xüsusi yer tutur. Heydər Əliyev 31 avqust 1999-cu ildə
təhsil işçiləri və ali məktəblərə
daxil olmuş tələbələrlə görüşdə
milli təhsilimizin başlıca məqsədlərini şərh
edərkən deyirdi: “İndi bizim təhsilimizin məqsədi
gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə
hazırlamaqdır. Amma bununla yanaşı, ən
böyük məqsədi Azərbaycan vətəndaşı
hazırlamaqdır, müstəqil Azərbaycan cəmiyyətinin
ləyaqətli üzvünü hazırlamaqdır. Hər bir insan gərək eyni zamanda vətəndaş
olsun. Mütləq vətəndaş olsun! Sadəcə ona görə yox ki, Azərbaycan vətəndaşıdır.
Gərək dövlətinə sadiq, millətinə
sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş
olsun. Ona görə də orta təhsil
sisteminə çox ciddi fikir vermək lazımdır.”
Azərbaycan
tarixinin, Azərbaycan dilinin orta və ali məktəblərdə
tədrisinə və təbliğinə xüsusi əhəmiyyət
verən, vətənsevər, millətsevər gənclərin
böyüyüb layiqli təlim-tərbiyə almasına diqqət
və qayğı göstərən ictimai-siyasi xadim, dövlət
başçısı Heydər Əliyev işlərinin
çoxluğuna, zamanının sıxlığına
baxmayaraq bir valideyn, bir ata kimi övladlarının dərsləri
ilə mütəmadi maraqlanmış, onların vətənpərvər
şəxsiyyət kimi formalaşmasında birbaşa
mühüm rol oynamışdır. O, 1 sentyabr 2001-ci ildə
yeni dərs ilinin başlanması və Bilik günü
münasibətilə Bakı şəhərinin Səbail
rayonundakı 6 saylı məktəb-liseydə müəllim və
şagirdlərlə görüşərkən ötən
günləri yada salaraq dedi: “6 nömrəli məktəb
həmişə nümunəvi məktəb olub, onun
böyük tarixi var. Çox məmnunam ki, o, bu adı indiyə
qədər, bütün çətin dövrü
yaşayaraq qoruyub saxlayıb və ümidvaram ki, bundan sonra da
şərəflə qoruyacaqdır.
Bu gün xatırlayıram ki, 1977-ci ildə mənim
oğlum İlham məktəbi qurtararkən mən gəlib
başqa valideynlərlə birlikdə buraxılışda
iştirak etdim. Onların bir çoxları təəccüb edirdilər
ki, necə ola bilər ki, ölkənin
başçısı gəlib burada, məktəbdə bütün başqa
valideynlərlə birlikdə mərasimdə iştirak edir. Mən hesab edirəm ki, o təəccüb edənlər
səhv edirdilər. Çünki bizim
özümüz də məktəbdən
çıxmışıq. Bizim
özümüz də məktəbin yetirmələri idik.
Mənim oğlum on il burada təhsil
almışdır. Əgər yaxşı təhsil
alıbsa, təbiidir ki, mən onun buraxılış tədbirinə
getməli idim, öz təşəkkürümü bildirməli
idim. Keçmişi yada salaraq demək istəyirəm
ki, İlhamın, Sevilin anası, mənim mərhum həyat
yoldaşım Zərifə xanım valideynlərin
bütün iclaslarına gedirdi və iştirak edirdi. Bu da hər bir valideynin borcudur. Valideynlər
gərək məktəblə sıx əlaqə
saxlasınlar. Gəlsinlər,
uşağın dediyi ilə yox, müəllimlə haradasa
görüşməklə yox, məktəbdə
uşağının necə oxumasını, məktəbdə
olan şəraiti görsünlər. Beləliklə,
onlar öz uşaqlarının yaxşı oxuması
üçün yaxşı fəaliyyət göstərə
bilərlər.”
Ümummilli lider, dövlət başçısı
öz şəxsi nümunəsində valideyn borcundan, cəmiyyət
qarşısında valideyn məsuliyyətindən söz
açdı, gənc nəslin təlim-tərbiyəsində
valideyn – müəllim əlaqələrinin zəruriliyini
vurğuladı. Səmimi və açıq xatirələri
ilə məktəbə, müəllimə valideynlər tərəfindən
hörmət və ehtiram göstərməyin vacibliyini yada
saldı. “Uşaqların yaxşı
oxuması üçün” valideyn – müəllim təmaslarının
sıxlığını tövsiyə etdi.
Təhsil ocaqlarında çoxsaylı görüşlər
keçirən böyük valideyn, millət atası Heydər
Əliyevin hər bir sözü, kəlməsi, təklifi hər
kəs üçün təlimata, fəaliyyət
proqramına çevrilirdi. Onun ölkəmizin sabahı ilə
bağlı müraciətləri, söylədiyi fikirlər
isə milli liderin müstəqil respublikamızın gələcəyi
üçün məsuliyyət daşıyan gənc nəslə
təxirəsalınmaz məsul tapşırığı,
tövsiyələri kimi səslənirdi: “Gənclər, gələcək
nəsil haqqında danışarkən yenə də müəllimlərə
müraciət edirəm ki, onlar nəinki bu gün
üçün, gələcək üçün də
öz vəzifələrini, məsuliyyətlərini həmişə
düşünsünlər. Biz isə Azərbaycanın
müstəqilliyini daimi, dönməz edəcəyik. Bizim xalqımız daim müstəqil, azad
yaşayacaqdır. Biz bugünkü gənclərə
çox yüksək amallara, mənəvi keyfiyyətlərə,
yüksək iqtisadi potensiala malik olan dövlət, ölkə
əmanət edəcəyik. Ancaq bu işləri
gələcəkdə aparmaq üçün daha da biliklənmək,
elmə malik olmaq lazımdır. Bu isə
sizin, bizim, hamımızın vəzifəmizdir.”
Cəmiyyət üçün layiqli vətəndaşların
formalaşmasında milli-mənəvi təmələ
söykənən yeni dərsliklərin hazırlanması həmişə
dövlət başçısının nəzarətində
olmuşdur. Xüsusilə orta təhsil ocaqlarının
keçid mərhələsində yeni dərs vəsaitləri
ilə təchizi müşkül məsələ olaraq
qalmaqda idi. Çətinliklər
özünü xüsusilə humanitar elm sahələrində
büruzə verirdi. Azərbaycan tarixi qədim
və zəngin olsa da, bir sıra siyasi hadisələrin və
tarixi dövrlərin obyektiv qiymətləndirilməməsi,
faktların təhrif edilməsi, konyukturaya yol verilməsi mətbuatda
və ictimai fikirdə mübahisələrə səbəb
olmuşdur. Milli öndər problemlərə,
qaranlıq məsələlərə aydınlıq gətirilərkən
müstəqil Azərbaycanın dövlətçilik prinsiplərindən
obyektiv yanaşmanı tövsiyə edirdi. Vətənpərvərliyin, azərbaycançılığın
və milli iftixar hissinin rişələrini şərəfli
tariximizdə, onun tədqiqində, tədrisində və təbliğində
arayan Heydər Əliyev tarix dərsliklərinin həm elmi, həm
də poliqrafik baxımdan yüksək səviyyədə
hazırlanmasına xüsusi əhəmiyyət verirdi. Ən xırda qüsur diqqətindən
yayınmazdı. Bəzən tarixçilərə
problemin elmi istiqamətini nişan verirdi, məsələnin
həllini sürətləndirmək məqsədilə şəxsi
diqqət və qayğısını nümayiş etdirirdi.
Bəzən də gənclərin natiqə aludə
olduğunu duyub onlara şanlı tariximizin parlaq səhifələrindən
qürur hissi ilə danışırdı: “Bizim
xalqımızın böyük, möhtəşəm tarixi
var. Biz öz tariximizlə fəxr edə bilərik. Bizim xalqımızın böyük dövlətçilik
tarixi olubdur. Ən qədim dövrlərdən
Azərbaycan torpağında əzəmətli dövlətlər
olmuşdur. Orta əsrlərdə Azərbaycan
dövlətçiliyi tariximizə gözəl nümunələr
verilmişdir. Şirvanşahlar dövləti,
Atabəylər dövləti, Ağqoyunlular dövləti,
Qaraqoyunlular dövləti, Səfəvilər dövləti –
bunlar hamısı Azərbaycan xalqının dövlətçiliyinin
tarixidir. Ondan sonra Azərbaycanda olan
xanlıqlar da dövlətçilik xarakteri
daşımışdır. Və nəhayət,
XX əsrin əvvəllərində, 1918-ci ildə ilk Azərbaycan
Demokratik Respublikası yaranmışdır. Ondan sonrakı dövr – 1920-ci ildən 1991-ci ilə
qədər olan dövr Azərbaycanın həyatında
xüsusi bir dövr olmuşdur. Azərbaycan
müstəqil dövlət olmamışdır, ancaq Azərbaycan
xalqı böyük bir inkişaf dövrü
keçmişdir.
Nəhayət,
1991-ci ilin sonunda Azərbaycan öz dövlət müstəqilliyini
əldə etmişdir... Biz bununla fəxr edirik
və fəxr edə bilərik. Azərbaycançılıq
hissiyyatını gənclərdə yaratmaq lazımdır”.
(Ardı var)
Asif Rüstəmli,
filologiya elmləri doktoru,
ADMİU-nun professor
525-ci qəzet.-
2013.- 7 may.- S.4.