Qəbələnin Nic
kəndindəki udinlər “Pasxa” və “Kala Axsibay”ı bayram ediblər
“Nic
kilsəsinin bərpasından sonra udinlərin
müqəddəs bayramlarını layiqincə qeyd etməsi tolerantlığa gözəl
nümunədir”
Mayın
5-də Qəbələ rayonunun Nic qəsəbəsində yaşayan
udinlər “Pasxa” və “Kala Axsibay” bayramlarını təntənə
ilə qeyd ediblər.
Qəbələ
İcra Hakimiyyətindən verilən məlumata görə,
Nic qəsəbəsindəki “Cotari” Alban kilsəsində təşkil
olunan bayram mərasimində Alban-udin icmasının rəhbəri,
kilsənin keşişi və icmanın üzvləri
çıxış edərək “Pasxa” bayramının
mahiyyətindən, Azərbaycanda dini ayinlərin icrası
üçün yaradılan şəraitdən, dövlətin
diqqət və qayğısından danışaraq bayram
münasibətilə insanları təbrik ediblər. Mərasimdə
çıxış edənlər qeyd ediblər: “Prezident
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda
dövlət- din münasibətlərinin demokratik prinsiplərə
və beynəlxalq hüquq normalarına uyğun tənzimlənir,
hər bir kəsin dini etiqad azadlığını təmin
olunur. Azərbaycanda mövcud zəngin mədəni irsin
qorunub saxlanılmasını yüksək qiymətləndiririk.
Nic kilsəsinin bərpasından sonra udinlərin müqəddəs
bayramlarını layiqincə qeyd etməsi tolerantlığa gözəl
nümunədir”. Udinlər rayonda onlara qarşı heç
bir ayrı-seçkiliyin olmadığını qeyd edərək
göstərilən diqqət və qayğıya görə
dövlətimizin başçısına minnətdarlıqlarını
bildiriblər.
Kilsədə
şamlar yandırılıb, dualar oxunub.
Dini
ayinlərin icrasından sonra “Cotari” kilsəsinin həyətində
udin xalqının qədim “Kala Axsibay” bayramı qeyd olunub.
Bayram tədbirində udin xalqının qədim ənənəsi
canlanıb, udin dilində ifa olunan mahnılar, müxtəlif
yeməklər və şirniyyatlarla bəzədilmiş
süfrələr hamıda xoş əhval-ruhiyyə
yaradıb.
Udin
dilində mənası “böyük bayram” olan “Kala Axsibay”
1836-cı ildə bir sıra səbəblərə görə
Alban kilsəsinin bağlanmasından sonra rəsmi olaraq qeyd
olunmurdu. Udinlər kilsəyə getmədən ibadətlərini
evlərində ediblər. Keçmiş sovet dövründə
də udinlərə öz bayramlarını qeyd etmək
qadağan olunub. Yalnız 2002-ci ildə əsaslı təmir
və bərpa olunan “Cotari“ məbədi udinlərin istifadəsinə
verilib. Artıq 10 ildir ki, udinlər Azərbaycan dövlətinin
onlara yaratdığı bu şəraitdən bəhrələnərək
öz müqəddəs bayramlarını lazımi şəkildə
qeyd edirlər. “Cotari“ alban kilsəsi (məbədi) Qəbələ
rayonunun Nic qəsəbəsində tarixi baxımdan da ən əhəmiyyətli
abidələrdən biridir. Sözügedən məbəd
müqəddəs Yeliseyin adını daşıyır.
Alban-udin
kilsəsi Qafqaz Albaniyasında xristianlığın ilk təbliğatçılarından
(I-II əsrlər) olub. İsa peyğəmbərin həvarilərindən
(apostol) olmuş müqəddəs Yeliseyin şərəfinə
tikilən kilsə böyük zaldan və onun üzərində
ucaldılan çadırabənzər dam ilə
örtülmüş kiçik zəng qülləsindən
ibarətdir. Kilsə dördkünc planda inşa edilib. Kilsənin
tikintisində Qəbələnin dağlarından gətirilən
daşlardan istifadə olunub. Qəsəbədə daha iki qədim
alban kilsəsi var.
Hazırda
Nic tolerantlığın kiçik modeli sayılır. Qəsəbədə
3 kilsə, iki məscid var. Hər məhəllədə
müsəlman və xristianların ziyarət etdikləri 5-7
pir var. Altı min əhalisi olan kənddə 3700 udin
yaşayır. Azərbaycanda 4000 udin yaşayır ki,
onların da 300-ü Oğuz və Bakıda qeydiyyatdadır.
Dünyada yaşayan udinlərin sayı isə 10 minə
yaxındır. Qəsəbədə udinlər öz dilini,
dinini, adət-ənənələrini 2500 ildir ki, qoruyub
saxlayırlar. Udinlərin dili Qafqaz dilləri ailəsinin ləzgi
yarımqrupuna məxsus olub, çoxlu qədim ünsürləri
özündə qoruyub saxlayıb. Udi dilinin üç
dialekti var: Oğuz , Nic , Oktomberi (Gürcüstanda kənd).
Nic dialekti də öz növbəsində 3 hissəyə
bölünür: aşağı, aralıq və yuxarı.
Belə ehtimal var ki, bu hissələr özləri də Tovuz
rayonu, Kirzan kəndi və Arsaxdan (Qarabağ, Seysulla kəndi,
Həsənqala) olan müxtəlif udin qruplarına uyğun
olaraq ayrı-ayrılıqda dialektdir. Bu tayfalar sonradan əsrlər
boyu yaşadıqları ərazilərin ermənilərlə
məskunlaşdırılması nəticəsində Nic və
Oğuz ərazilərinə köçüblər. Dünyanın
etnik xəritəsində udin adlı etnos bu gün yalnız
Azərbaycan ərazisində mövcuddur. Udin dilinin əlifbası
yoxdur. Udilərin ulu babaları Qafqaz Albaniyası
tayfalarından biri olan utilər (udilər) olub. Udilər barəsində
ilk məlumat hələ 2500 il bundan əvvələ aiddir. Bu
etnosun əcdadları olan utilər haqqında e.ə. V əsr
yunan müəllifi Herodotun “Tarix” əsərində məlumat
var. Utilər Alban çarlığının yaranmasında
mühüm rolu olan 26 alban tayfalarından biridir. Qafqaz
Albaniyasının paytaxtları Qəbələ və Bərdə
udilərin tarixən yaşadığı yerlər olub. Təsadüfi
deyil ki, Qafqaz Albaniyasının vilayətlərindən biri də
Uti adlanırdı. Sonrakı tarixi sənədlərdə
Şəki xanlığı ərazisində azı 4259 nəfər
udinin yaşadığı barədə məlumatlar var. Amma
nəzərə alınmalıdır ki, bu siyahıyaalma sənədlərində
bütün müsəlmanlar “tatar”, qriqoryan xristianlar “erməni”,
pravoslavlar isə “gürcü” kimi qeydə alınıb.
1836-cı ildə rus pravoslav kilsəsi və rusiya idarəçiliyi
alban katalikosunun taxtını və dəftərxanasını
ləğv etdikdən sonra, udin – xristianlar erməni kilsəsinin
tam təsiri altına düşürlər. Sonralar Azərbaycanda
islam dininin yayılması və türk dilinin inkişafı
ilə əlaqədar, Azərbaycan xalqının uzun müddət
formalaşması ilə vahid – azərbaycanlı etnosu
yaranıb. Udinlər Azərbaycan xalqının əcdadlarından
biri hesab edilir. Bəzən udinlərin erməni mənşəli
olması ilə bağlı fikirlər səsləndirilir.
Aparılan tədqiqatlar isə sübut edib ki, udinlərin ermənilərlə
heç bir bağlılığı yoxdur. Baxmayaraq ki, hər
iki xalqın nümayəndələrinin soyad sonluğu “yan”dır.
Bu barədə udinlər bildirirlər ki, onların emənilərlə
eyni olub-olmaması ilə bağlı onlara çoxlu suallar
verilir. Onlar qeyd edirlər ki, bizim dilimizdə heç bir dənə
də olsun erməni sözü yoxdur: “ Azərbaycan sözlərinə
oxşar bəzi sözlərimiz var, amma erməni dilində
bircə sözümüz də yoxdur. Sadəcə, bizi ermənilərlə
yaxınlaşdıran cəhət eyni dinə-xristianlığa
sitayiş etməyimizdir. Amma ermənilər
xristianlığın Qriqorian, biz isə katolik qoluna mənsubuq.
Bu təbliğat Azərbaycan xalqının əcdadlarından
olan udinlərin qədim tarixinin
saxtalaşdırılmasına nail olmaq üçün illərlə
ermənilərin özləri tərəfindən
aparılmış məqsədli və çirkin siyasətdir”.
Udinlər indi əminliklə bildirirlər ki, yavaş-
yavaş aparılan düzgün təbliğat artıq öz
işini görüb. Udin xalqının əsl kimliyini indi
hamı bilir.
Qeyd
edək ki, hazırda Nicdəki məktəblərin ibtidai
siniflərində udin dili tədris olunur, kilsədə dini
ayinlər də onların ana dilində icra edilir.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 7 may.- S.6.