«Qızıl Kəlmə» sahiblərinə
mükafatlar təqdim edilib
Bu gün M.F.Axundov adına Milli
Kitabxanada «Qızıl
Kəlmə» ədəbi
mükafatının təqdimetmə
mərasimi keçirilib.
Mədəniyyət və turizm naziri Əbülfəs
Qarayev mükafatın
yaranması tarixindən
danışıb: «Bir
neçə il əvvəl nazirlikdə qərara gəldik ki, xüsusi bir mükafat təsis edək. Ayrı-seçkiliyə yol vermədik,
bu mükafata təhsil ocaqları, nəşriyyatlar, redaksiyalar
ayrı-ayrı nominasiyalarda
namizədlərini təqdim
edə bilərlər.
Bu dairə getdikcə
genişləndi, mükafatı
iki ildən bir, məhz ümummilli lider Heydər Əliyevin ad günü ərəfəsində
təqdim etməyi məntiqli hesab etdik. Heydər Əliyev həmişə
ədəbiyyat adamlarını
dəstəkləyib, onları
yüksək dəyərləndirib.
O, həmişə çalışırdı
ki, Azərbaycan yazıçılarının və şairlərinin əsərləri xalqımız
tərəfindən qəbul
olunsun, millətin mənəviyyatına müsbət
təsir göstərsin,
son nəticədə xalqımızı
daha yüksək zirvələrə qaldırsın.
Artıq üçüncü
təqdimatının keçirilməsi
də sübut edir ki, «Qızıl
Kəlmə» mükafatının
yaşamağa haqqı
var. Burada əsas mahiyyət ondan ibarətdir ki, təkcə Azərbaycan ədəbi mühitində
yox, dünya ədəbi mühitində
gedən proseslər də qiymətləndirilsin. Buna görə
də bu mükafatda tərcümə
nominasiyası da mövcuddur. Düşünürəm ki, bu, çox
geniş imkanlar açır. Bu nominasiyaların sırasında
bir nominasiya da var ki,
dövlətin və Ulu Öndərin həmişə apardığı
siyasətlə çox
yaxşı uzlaşır.
Bu nominasiya «Şans»
adlandırılıb. Bu «Şans» yeni nəsilə, gənc ədiblərə yeni üfüqlər açır,
onlara stimul verir ki, yaratdığı
əsərin qiymətləndirildiyinin
şahidi olsun. Bir sözlə, «Qızıl
Kəlmə»nin təsis
olunması Azərbaycanda
həm nəsrin, həm poeziyanın, həm tərcümənin,
həm də ədəbi tənqidin inkişafına yönəlmiş
bir addım idi».
Nazir Azərbaycanda nəşriyyat
işinin, kitab təbliğatının son dövrlərdə
geniş vüsət
almasından da söz açıb: «İldən-ilə bizim kitablarımız xaricdə
keçirilən kitab
sərgilərində, yarmarkalarında
daha artıq təmsil olunur. Ən gözəli odur ki, Azərbaycan nəşriyyatı tərəfindən
buraxılan nəfis kitablar müxtəlif mükafatlara layiq görülür. Biz bu
il Bakıda
artıq üçüncü
dəfə beynəlxalq
kitab sərgisi keçirməyi planlaşdırırıq.
Bilirsiniz ki, iki ildən bir keçirilən bu sərgi ilk dəfə Bakının islam ölkələrinin
paytaxtı seçilməsi
münasibətilə keçirilmişdi.
Keçən dəfə -2011-ci ildə isə artıq 30-va qədər ölkə sərgidə iştirak elədi. Demək olar ki, Azərbaycanda
poliqrafiya və nəşriyyat işi ilə məşğul olan elə bir
təşkilat qalmadı
ki, bu sərgiyə
qatılmasın. Doğrudan da
bu, sözün əsl mənasında böyük bayrama çevrildi. Tədricən kitabın, ədəbiyyatın
yeri cəmiyyətdə
dəyişir. Onun müxtəlif
yeni daşıyıcılara
çevrilməsi, müasir
texnologiya vasitələri
ilə oxucularını
tapması prosesləri
getməkdədir. Bu gün ədəbi prosesimiz də sözsüz ki, buna uyğunlaşmalıdır.
Belə mükafataların təsis
edilməsi, müxtəlif
kitab sərgilərinin,
fuarların, kitab bayramlarının təşkili
çox vacibdir.
Çünki bunsuz kitab oxucularına yetişməyəcək.
Baxmayaraq
ki, bu gün
dünyada kitabın oxucusunun sayının azlığı tendensiyasını
müzakirə edirlər,
kitab öz-özlüyündə
heç vaxt ölməyəcək. Düşünürəm ki, kitab Azərbaycan
cəmiyyətində həmişə
özünəməxsus hörmətli
yerdə olacaq. Biz hamımız bunun
daha da möhkəmləndirilməsi
üçün var qüvvə ilə çalışmalıyıq və
inanıram ki, bu gün nominantların
və laureatların sırasında olan bizim ədiblər gələcəkdə bu sahədə əsərləri
ilə qətiyyətli
sözlərini deyəcəklər».
Mədəniyyət və turizm
nazirliyinin sektorun müdiri Çingiz Əlioğlu nominasiyalar üzrə qalib gəlmiş əsərlər
və onların müəllifləri
haqqında fikirlərini
tədbir iştirakçıları
ilə bölüşüb.
Sonra Ç. Əlioğlu
mükafatçıları ödüllərini almaq üçün tribunaya dəvət edib: «Nəsr nominasiyasında komissiya üzvləri mükafatı «Ölüm
mələyi» əsərinin
müəllifi, illərdir
bizim nəsrimizdə qələm çalan tanınmış yazıçı
Mustafa Çəmənliyə vermək qərarına gəlib».
Mustafa Çəmənli: «Bəlkə
də kitab yazmaq asandır, kitabın belə qiymətləndirilməsi isə
hər saat baş verən hadisə deyil. Çəkdiyim zəhmətin nazirlik
tərəfindən belə
yüksək qiymətləndirilməsinə
görə minnətdarlığımı
bildirirəm».
Çingiz Əlioğlu: «Nəsr
nominasiyasında ikinci
laureatımız Pərvin
ədəbiyyata gəldiyi
ilk gündən öz
sənət uğurları
ilə həmkarlarının
diqqətini çəkib.
Qürurla qeyd edirəm
ki, Gənc Ədiblər Məktəbinin
yetirməsi olan Pərvin «Qar yağacaq» kitabına görə mükafatlandırılır».
Pərvin:
"Qazandığım uğurlara
və yeni mükafata görə Mədəniyyət və
Turizm Nazirliyinə, münsiflər heyətinə,
Yazıçılar Birliyinə,
"Təhsil" nəşriyyatına,
«525-ci qəzet»ə minnətdaram.
Bir il
öncə kitabımın
təqdimat mərasimində
xalq yazıçısı
Anar demişdi ki, bu təqdimatda
deyilən sözlər
bir avansdır, arxayınlaşma. Düz bir
ildir ki, mən o avansı ödəməklə məşğulam.
Bu gün artıq
yenicə dincəlmək
istəyirdim ki, növbəti avans gəldi. Söz verirəm ki,
mənə inanan hər kəsin etimadını doğruldacağam
və sabah dünənkindən daha yaxşı yazmağa çalışacağam».
«Poeziya" nominasiyasında
mükafata «Yurd yerim-dərd yerim» kitabına görə mükafat alan
şair Adil Cəmil deyib: «Özümü xoşbəxt
hiss edirəm. Çünki Mədəniyyət və
Turizm Nazirliyinin obyektivliyinin şəxsən
şahidi oldum. Bu mükafatın mənim üçün böyük mənəvi dəyəri var».
Çingiz Əlioğlu növbəti
mükafatçını bu
cür təqdim edib: «Heç kimə sirr deyil ki, şair
dostumuz Elçin İsgəndərzadə ən
azı Şərq ölkələrində elə
bir mükafat qalmayıb ki, onu almamış olsun. «Qızıl Kəlmə»yə isə «Qürbət hücrəsində» kitabına
görə layiq görülüb».
Elçin İsgəndərzadə: «Müqəddəs
məmləkətimizin ən
ali mükafatlarından
olan «Qızıl Kəlmə»yə layiq görüldüyümə görə
ilk öncə ölkəmizin
memarı, qurucusu olan Ulu Öndər
Heydər Əliyev siyasətinə minnətdaram.
Bu siyasətin ən ümdə vəzifəsindən biri ədəbiyyat, sənət
adamlarına diqqətdir.
Çox şükürlər
olsun ki, bu diqqət və qayğı bu gün də
ali səviyyədə
icra edilir».
Çingiz Əlioğlu: «Yəqin
ki, bunu deməklə mübaliğəyə
yol vermiş olmaram ki, bugünkü ədəbi
fikrimizin ən görkəmli simalarından
biri də qələm dostumuz, «Sözü işığa
danışdım» kitabına
görə mükafatlandırılan
Rüstəm Kamaldır».
Rüstəm Kamal: «Fikrimcə,
Azərbaycan ədəbiyyatının
coğrafiyası böyüdükcə,
onun fiziki coğrafiyası da böyüyəcək, genişlənəcək.
Xüsusi olaraq bu gün Vaqif Bəhmənliyə və
Çingiz Əlioğluya
öz məhəbbətimi
və sayğımı
bildirirəm».
Çingiz Əlioğlu: «Hərdən
mənə elə gəlir ki, Əsəd Cahangirin qarşısını alan olmasa, respublikada almadığı
mükafat qoymayacaq. Əsəd Cahangir doğrudan da son dərəcə işlək, sanballı qələm sahibidir.
Onun «Kim yatmış,
kim oyaq»
kitabı da bunun sübutudur»
Əsəd Cahangir: «Mən«Qızıl
Kəlmə» mükafatını
Nobel mükafatından üstün
sayıram. «Qızıl Kəlmə» mükafatı
ilə məhz dövlətimin və millətimin mükafatı
kimi fəxr edirəm».
Çingiz Əlioğlu: «Şans»
nominasiyası üzrə
mükafat gənc şair Qismətə onun «Meqapolis hüznləri» kitabına
görə təqdim edilir. Məncə, bu nominasiya
gənc qələm sahibləri üçün
çox möhtəşəm
bir tramplin sayıla bilər».
Qismət:
«Gələcəkdə başqa
mükafatlara da layiq görüləcəyimizə
ümid edirəm».
Çingiz Əlioğlu: «Şans»
nominasiyasında ikinci
mükafat gənc ədəbi fikrimizin çox istedadlı hesab etdiyim nümayəndəsinə
-Elnarə Akimovaya «Yeni təfəkkür və ədəbi tənqid» kitabına görə verilir».
Elnarə
Akimova: «Belə mükafatlarla gənclərə
dövlət səviyyəsində yaşıl
işıq yandırılması
çox xoşdur».
Çingiz Əlioğlu: «Elxan
Zal Qaraxanlı və Akif Əhmədgil
böyük qazax şairi Oljas Süleymenovun «Kuman nəğməsi» kitabının
tərcüməsinə görə
mükafatlandırılıblar».
Sonda mərasimi yekunlaşdıran
nazir Əbülfəs
Qarayev mükafatın
ideya müəllifləri
olan Vaqif Bəhmənlinin və Çingiz Əlioğlunun
təşəbbüslərini təqdir edib: «Yaxşı fikir, dəyərli ideya həmişə qiymətləndirilir.
Əminəm ki, belə ideyaların gerçəkləşməsi
ilə Azərbaycan ədəbi mühiti daha da inkişaf
edəcək».
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.- 2013.- 8 may.- S.7.