Müdriklik mücəssəməsi
Azərbaycançılıq
hissiyyatı – Azərbaycanı sevmək, onun yüksəlişi
yolunda çalışmaq və mübarizə aparmaqdır. Heydər
Əliyevin elmi-nəzəri irsində azərbaycançılıq
hissiyyatı – Azərbaycan xalqının tarixi keçmişi
ilə yanaşı, onun çağdaş dövrünü,
yeniləşən və yüksələn bu
gününü də tam və geniş mənada əhatə
edir.
Elmin,
iqtisadiyyatın, mədəniyyətin və mənəviyyatın
tərəqqi yolu şübhəsiz ki, dövlətin təhsil
siyasətindən, bu sahədəki işlərin uğurla həyata
keçirilməsindən başlanır. Təcrübə
göstərir ki, ölkədə təhsil siyasətini
dünya praktikasına söykənərək düzgün
yürüdən rəhbərlər nəticədə nəinki
öz ölkələrinin yüksəlişinə nail
olurlar, eyni zamanda, sivilizasiyaya böyük töhfələr bəxş
edirlər. Ümummilli lider Heydər Əliyevin titanik xidmətləri
sayəsində onun hakimiyyətdə olduğu dövr Azərbaycan
elminin, iqtisadiyyatının, mədəniyyətinin və təhsilinin
intibah dövrüdür. Fəaliyyətində və siyasi təcrübəsində
elmin son nailiyyətlərindən bəhrələnən,
elmin, mədəniyyətin, maarifin inkişaf məsələlərinin
həllində peşəkarlıq göstərən Heydər
Əliyev yüksək intellektə və elmi təfəkkürə
malik şəxsiyyətdir. Hər zaman elmə, alimə diqqət
və qayğı göstərən öndər Azərbaycan
xalqının milli fikir və mədəniyyətinin çoxəsrlik
mərhələlərində mühüm dönüş
nöqtəsi və fundamental elmin beşiyi olan Elmlər
Akademiyasının fəaliyyətini izləmiş,
uğurları yüksək qiymətləndirmiş, problemlərdən
narahatlıq keçirmişdir. O, 1993-cü ildə hakimiyyətə
yenidən qayıtdıqdan sonra respublikada ilk görüş
keçirdiyi ən iri auditoriya – Elmlər Akademiyası idi. On
illik ayrılıqdan sonra alimlərlə, ziyalılarla
görüş məkanı rəmzi məna daşısa da,
müstəsna əhəmiyyət kəsb edirdi. Xaos içərisində
çırpınan respublikada gedişatı elmi müstəvi
üzərinə keçirmək zərurəti
yaranmışdı. Azərbaycan xalqının milli sərvəti
olan Elmlər Akademiyasının başı üzərində
dolaşan qara buludlar haqqında açıq danışmaq,
problemlərin həlli yollarını müəyyənləşdirmək
vaxtı təxirəsalınmaz idi. Azərbaycan Prezidenti vəzifəsini
icra edən, Milli Məclisin sədri Heydər Əliyev
Akademiya haqqında bəd niyyətə düşənlərin
arzusunu ürəyində qoyaraq 1993-cü il sentyabrın 21-də
elm xadimləri və ziyalılar ilə görüşündə
dedi: “Bir sözlə, elmimiz, mədəniyyətimiz
yaşamalı, inkişaf etməlidir.
Mənə
sədalar gəlir ki, Elmlər Akademiyasını,
institutları dağıtmaq istəyirlər, elm ocaqlarına
biganə münasibət var. Biz bunların hamısına son
qoyacağıq. Nəyin bahasına olursa-olsun, elm inkişaf
etməlidir. Elmlər Akademiyası Azərbaycan xalqının
tarixi nailiyyətidir. 1945-ci ildə
bu akademiyanı yaradan adamlar, Azərbaycanın böyük
alimləri çox böyük şücaət göstərmişlər.
Ötən dövrdə bu akademiyanın çərçivəsində
Azərbaycan elmi çox inkişaf etmişdir. Akademiyanın fəaliyyətini
tənqid etmək də olar, naqis cəhətlər də var.
Ancaq ümumən götürdükdə, şübhəsiz
ki, elmin keçdiyi inkişaf yoluna yüksək qiymət verməli,
onu əldə saxlamalı, itirməməliyik. Dağıtmaq
asandır, qurmaq, yaratmaq çətindir. 1945-ci ildə Elmlər
Akademiyasını yaratmaq, sonra isə onu inkişaf etdirmək,
yeni-yeni institutlar təşkil etmək asan iş idi?! Əlbəttə,
yox...
Tarix,
insanlar həmişə quranları, yaradanları qiymətləndirir.
Dağıdanlar həmişə tarixdən silinmişlər,
yaxud da tarixə mənfi rol oynamış adamlar kimi daxil
olmuşlar. Əmin ola bilərsiniz ki, Elmlər Akademiyası
da, institutlar da fəaliyyət göstərəcəklər və
biz buna imkan yaradacağıq. Azərbaycan elmi inkişaf etməlidir.
Universitetlər, ali məktəblər də inkişaf etməlidir.”
Məlumdur
ki, hər bir xalqın elmi-mədəni tərəqqisində
ana dilinin müstəsna xidmətləri vardır. Azərbaycan
dilinin zənginləşməsində, istifadə miqyasının
genişlənməsində, dövlət dili kimi statusunun
möhkəmlənməsində Heydər Əliyevin xidmətləri
danılmazdır. O, natiqlik məharəti, dəqiq məntiqi,
nurlu zəkası, heyrətamiz yaddaşı, müdrikliyi və
mövzuya dərindən bələdliyi ilə ana dilimizin,
nitq mədəniyyətimizin ən gözəl nümunələrini
yaratmışdır. Hakimiyyətdə olduğu bütün
zamanlarda Azərbaycan dilinə üstünlük verən, bu
dili Avropa ölkələrinin və beynəlxalq təşkilatların
rəsmi məclislərində səsləndirən, ölkədəki
yüksək çinli məmurları Azərbaycan dilində
danışmağa məcbur edən, “Dövlət dilinin tətbiqi
işinin təkmilləşdirilməsi haqqında” fərman
imzalayan Heydər Əliyev gənclərə üz tutaraq
onlara dönə-dönə tapşırırdı:
“...Öz ana dilimizi, Azərbaycan dilini mənimsəmək lazımdır, bu dildə
yaxşı danışmaq lazımdır, du dili ana dili kimi
daim duymaq lazımdır, bu dili sevmək lazımdır. Öz
dilini bilməyən, öz dilini sevməyən adam öz
tarixini də yaxşı bilməz.” Onun qəti qənaətinə
görə “Xalqı xalq edən, milləti millət edən
onun ana dilidir. Layiqli ana dili olmayan, ana dilindən istifadə edə
bilməyən, ana dilindən bəhrələnə bilməyən,
xalq, millət ola bilməz.” Ümummmilli lider dünənə,
keçmişə nəzər salaraq müsbət meylləri
düzgün qiymətləndirir, hətta əsarət
altında, imperiya tərkibində olanda da dilin zənginləşməsində
aparıcı amilləri açıq nişan verir və
yüksək qiymətləndirirdi. O deyirdi: “Bizim xoşbəxtliyimiz
ondan ibarətdir ki, Şərq ölkəsinin əsarəti
altında olduğumuz zaman da, sovet imperiyasının tərkibində
olduğumuz zaman da biz bu dilimizi yaşatmışıq. Nəinki
yaşatmışıq, onu inkişaf etdirmişik. Bu,
xalqımızın, xüsusən bizim söz
ustalarının, ədəbiyyatçıların, mədəniyyət
xadimlərinin, elm xadimlərinin ən böyük nailiyyətidir.”
Heydər
Əliyev hələ ötən əsrin 60-cı illərinin
sonunda siyasi hakimiyyətə gəldikdən sonra Azərbaycan
dilinin məişət səviyyəsindən dövlət
statusu səviyyəsinədək yüksəldilməsində
müstəsna xidmətlər göstərdi. Bu müqəddəs
işin intişar tapmasında o özü dövlət məmurlarına
nümunə olurdu. 1972-ci ildə Azərbaycan
yazıçılarının V qurultayında ölkə rəhbərinin
doğma ana dilimizdə nitqini ən qocaman ədib və
şairlər belə təəccüb və heyrətlə
qarşıladılar. Azərbaycan sovetləşəndən
sonra hakim dilin rus dili olduğu bir dövrdə dövlət
başçısının yazıçıların ali
orqanı olan qurultayında ana dilimizdə məruzə etməsini
ilk ədəbi-mədəni hadisə adlandırmaq olar. Bu, əslində
milli mədəniyyətin, ədəbiyyatın və dilin
inkişafı üçün start verilməsinin bariz əlaməti
idi. Dilimizin kasıblığına eyham vuraraq özgə,
yabançı dillərdə danışanlara,
yaradıcılıqla məşğul olanlara cavab
ünvanlayan ümummilli lider deyirdi: “Azərbaycanda mövcud
olan Azərbaycan dili çox mükəmməl dildir, çox
zəngin dildir, çox inkişaf etmiş dildir, böyük
söz ehtiyatına malik dildir.” O, Azərbaycan dilinin
formalaşmasında, inkişaf etməsində, lüğət
fondunun zənginləşməsində
yazıçılarımızın, şairlərimizin, ədəbiyyatşünasların,
dilçi alimlərin böyük xidmətlərini həmişə
yüksək qiymətləndirirdi. Heydər Əliyevin siyasi
hakimiyyəti dövründə Azərbaycanda ən çox
şairə, yazıçıya, elm və mədəniyyət
xadimlərinə monumental abidələr ucaldılıb,
yubiley mərasimləri böyük təntənə ilə
qeyd olunubdur. Dövrün ədəbi-mədəni hadisəsinə
çevrilmiş iki yubileyi – Məhəmməd Füzulinin 500
illik və “Kitabi-Dədə Qorqud”un 1300 illik təntənəli
yubiley mərasimlərinin keçirilməsini xüsusi
vurğulamağa ehtiyac duyulur.
Azərbaycan
ağır müharibə şəraitində, iqtisadi
böhran burulğanında çırpındığı
bir zamanda, 1994-cü ilin martında prezident M.Füzulinin 500
illik yubileyinin keçirilməsi ilə əlaqədar sərəncam
imzaladı. İqtisadi çətinliklərə baxmayaraq,
yubiley Azərbaycan ədəbiyyatının və mədəniyyətinin
bayramına çevrildi, mərasim Bağdadda, Kərbəlada,
Kərkükdə, Tehranda, Ankarada, Moskvada, Bakıda
böyük təntənə ilə qeyd olundu. YUNESKO-nun hər
iki möhtəşəm yubileyin keçirilməsi
haqqında qərarları, türkdilli dövlət başçılarının
bu tədbirlərdə iştirakı ümummilli liderin
uzaqgörən siyasətinin Azərbaycan xalqına əvəzsiz
töhfəsi idi. Bu yubiley tədbirləri qədim və zəngin
mədəniyyətə malik xalqımızın dünyada
sülhsevər millət imicinin formalaşması, dünya
türklərinin milli-mənəvi birliyi istiqamətində
müsbət rol oynadı.
Heydər
Əliyev özünün və ölkənin ən çətin
məqamlarında da milli dəyərlərə, mənəvi
sərvətlərə həmişə diqqət və
qayğı ilə yanaşmış, yüksək səviyyəli
bədii əsərlərdən zövq almışdır. Sənət
adamları, yazıçı və şairlərimiz də
ulu öndərini hər zaman sevgi və səmimiyyətlə
qarşılamış, hörmət və ehtiramını
gizlətməmişdir. Hələ 1990-1991-ci illərdə
keçmiş SSRİ-nin və Azərbaycanın rəhbərliyi
tərəfindən ona qarşı ədalətsizliklər
ediləndə, əleyhinə böhtan kampaniyası
aparılanda, böyük təzyiq və təqiblərə məruz
qalanda onu ilk növbədə ədəbiyyat adamları
müdafiə edir, yanında olur və dəstək verirdilər.
O ağır günləri, eləcə də Azərbaycan
yazıçılarının IX qurultayına dəvət
olunmasını sonralar qədirşünaslıqla
xatırlayan ümummilli lider deyirdi: “1991-ci ilin əvvəli
idi. Unutmamışamsa, martın 21-i idi. ...Çox sevindirici
haldır ki, məhz o vaxt, o çətin zamanda, dövrdə
siz yazıçılar öz sənətinizə sadiq qalaraq
o qurultaya
toplaşmışdınız. İş elə gətirdi
ki, mən də sizin qurultayda oldum.
O
vaxt Elmira xanım Axundova gəlib mənə bildirdi ki,
yazıçılar qurultayı keçəcək. Sizi oraya
dəvət edirlər... Fikirləşdim ki, bəlkə xatir
naminə dəvət ediblər, bilirlər ki, getməyəcəyəm.
Sonra da məlum olacaq ki, dəvət etdilər, mən gəlmədim.
Ondan xahiş etdim, dedim ki, sən bir daha dəqiqləşdir.
Sonra o, mənə zəng edib dedi ki, mən Anar müəllimlə
bu barədə danışdım. Anar müəllim dedi ki,
biz onu ürəkdən dəvət etmişik. Bu, formal bir
xarakter daşımır, ona görə də əgər gəlsə,
biz məmnun olarıq. Mən bundan sonra ürəkləndim,
dedim ki, əgər belədirsə, pis olmaz, gedim görüm
yazıçılar necədirlər. Gəldim. Siz məni
hörmətlə rəyasət heyətinə dəvət
etdiniz. Bu təklifi gərək ki, şair Məmməd Aslan
vermişdi. Ancaq mən təşəkkür edib dedim ki, indi
də aşağıda oturub yuxarıya baxmaq istəyirəm.
O vaxt mən salonda oturarkən çox
düşünürdüm. Gərək ki, mənim
sağımda Xəlil Rza, solumda Rəfiq Zəka
oturmuşdular. Ətrafımda da yazıçılar var idi,
çox mehriban söhbət edirdik.
...Mən
yenə də özümün ədəbiyyatla
bağlılığımı və ədəbiyyatla məşğul
olan şəxslərin başqalarına nisbətən daha sədaqətli
olduğunu qeyd etmək istəyirəm”.
Böyük
öndərin ədəbiyyat adamlarına səmimi qəlbdən
gələn qayğısı və sevgisi cavabsız qala bilməzdi.
Bu məhrəm ünsiyyət, ehtiram hissi həmişə təmənnasızlığa,
saf duyğulara əsaslanmış və
qarşılıqlı olmuşdur. Odur ki, Azərbaycan
yazıçılarının, şairlərinin arasında
Heydər Əliyev özünü həmişə ən
yaxın doğmalarının, dostlarının
arasındakı kimi hiss edirdi.
Bu sətirlərin
müəllifinin yaxşı yadındadır. Böyük
dramaturq Cəfər Cabbarlının 80 illik yubiley təntənələrini
görənlər üçün 90 illik yubileyi 1991-ci il
martın 22-də M.F.Axundov adına Azərbaycan Dövlət
Opera və Balet Teatrında çox sönük keçirdi. Hətta,
salonun orta hissələrində yerlərin xeyli hissəsi
boş idi. Cabbarlı ailəsi Heydər Əliyevin Bakıda
olduğunu bildiyi üçün onu yubiley tədbirinə dəvət
etmişdi. Yubiley tədbirinin rəsmi hissəsi
başlandıqdan xeyli sonra
yanında qara dəri gödəkçəli, orta boylu,
tökmə bədənli bir nəfərlə (çox
güman ki, bu şəxs general Bəylər Əyyubov idi –
A.R.) gözlənilmədən Heydər Əliyev zala daxil oldu
və mənə yaxın sırada boş yerlərdən
birində əyləşdi. Salonda xəfif bir
pıçıltı sürətlə yayıldı: “Heydər
Əliyev gəldi”. Yubiley mərasiminin rəsmi hissəsi bitib
bədii hissəyə qədər fasilə elan edildikdən
sonra mən Heydər müəllimə yaxınlaşıb
onu salamladım. C.Cabbarlının çox möhtəşəm
heykəlini ucaltdığını, ev muzeyini
yaratdığını, təntənəli yubiley mərasimi
keçirdiyini minnətdarlıqla yada salaraq ədibin 90 illik
yubileyi münasibətilə naməlum və çap olunmayan əsərlərindən
ibarət “Ədirnə fəthi” adlı toplu tərtib etdiyimi
və üç ildi nəşriyyatda yatıb
qaldığını vurğuladım. O, axırıncı
məsələyə dərhal reaksiya verərək
soruşdu ki, yaxşı, kitab indiyədək nə
üçün çap olunmayıbdır?! Mən fikrimi belə
əsaslandırmağa çalışdım ki, indiki rəhbərliyin
Azərbaycan mədəniyyətinə, Cəfər
Cabbarlı irsinə soyuq münasibətinin nəticəsidir.
Foyedə isə bizi Cəfər Cabbarlı ev muzeyinin əməkdaşları
əhatəyə aldı. Heydər Əliyev böyük sənətkarın
qızı Gülarə Cabbarlı ilə çox
mehribanlıqla görüşdü, həmin anlardan xatirə
olaraq şəkil çəkdirdik. 1994-cü il dekabrın
28-də Cəlil Məmmədquluzadənin ev muzeyinin
açılışında Gülarə xanım həmin
şəkli dövlət başçısı Heydər Əliyevə
təqdim etdi. Prezident şəkilə baxdı və o
ağır günləri yada salaraq dedi: “O vaxt sizin vəziyyətiniz
mənimkindən yaxşı idi”.
Ümummilli
liderin ədəbiyyata, mədəniyyətə sıx mənəvi
tellərlə bağlılığı hələ onun gənclik
vaxtlarından, ötən əsrin 50-ci illərinin əvvəllərindən
ədəbi ictimaiyyətə bəlli idi. Dövlət Təhlükəsizlik
Komitəsində işləməsinə baxmayaraq görkəmli
yazıçı və şairlərlə, sənət
adamları ilə sıx dostluq əlaqələri
yaratmışdı. Bu əlaqələrin örnək ola biləcək
nümunəsi kimi 1950-ci illərin əvvəllərində
Mehdi Hüseynzadənin kəşf olunub üzə
çıxarılmasını göstərmək olar. Müharibədən
sonrakı illərdə təhlükəsizlik
orqanlarının qarşısına qoyulan vəzifələrdən
biri də əsir düşən
həmyerlilərimizdən kimlərin faşistlərə xidmət
göstərməsini, legionda qulluq etməsini müəyyənləşdirməkdən
ibarət idi. Ələ keçən ilkin sənədlərdə
Mehdi Hüseynzadənin faşistlərə xidmət göstərməsi
qeyd olunsa da daha dərindən axtarışlar və bu işə
Heydər Əliyevin şəxsən özünün
qarışması nəticəsində məlum oldu ki, o, həqiqətən
əsir düşsə də, faşistlərin yanında xidmət
etsə də, düşmən arxasında əsl qəhrəmanlıq
göstərmişdir. Ümummilli liderin hələ o illərdə
şəxsi cəsarəti, siyasi iradəsi və inadcıl təşəbbüsləri
nəticəsində Mehdi Hüseynzadə kimi görkəmli
Milli Qəhrəmanımız kəşf olundu, onun halal
haqqı – Sovet İttifaqı Qəhrəmanı kimi yüksək
adla qiymətləndirildi. Gənc çekistin bu barədə əldə
etdiyi kəşfiyyat materialları vətənpərvərlik
hissinin təbliğində bəhrələnmək niyyətilə
yazıçı-kinossenarist İmran Qasımov və Həsən
Seyidbəyliyə verildi və nəticədə “Uzaq sahillərdə”
romanı (1953) və eyniadlı film yarandı.
Heydər
Əliyev DTK sədri olanda da, respublikaya rəhbərlik edəndə
də ədəbiyyat adamlarına, mədəniyyət və
incəsənət xadimlərinə mütəmadi
qayğı göstərib, həyat həqiqətlərini
real əks etdirmək üçün hər cür şərait
yaradıb, onları yersiz təzyiqlərdən və təqiblərdən
qoruyub, bununla da milli ədəbiyyatın inkişafına
misilsiz töhfələr bəxş edibdir. XX əsrin 60-70-ci
illərində Azərbaycan ədəbiyyatında dissidentlərdən
xalq yazıçısı, məşhur kino xadimi Rüstəm
İbrahimbəyovun 60 illiyinə həsr olunmuş mərasimdə səmimiyyətlə söz
açan ümummilli lider o illəri yada salaraq deyirdi: “...Əgər
o illər 60-70-ci illərdə Azərbaycanda dissident
axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar
Vahabzadə idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik
Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi
qoyulmuşdu. Yaxud da ki, Xəlil Rza böyük dissidentlərdən
biri idi. Çünki onun əsərləri, o cümlədən,
Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti
deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologiyasına
zidd idi və buna görə də onlar dissident idilər. Ancaq biz Xəlil
Rzanı da qoruduq, saxladıq.
Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl
dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar.
Bəlkə də onlar indi heyifslənirlər
ki, o vaxt Əliyev qoysaydı və biz dissident olsaydıq, indi
bəlkə hörmətimiz daha da artıq olardı.
Yaxud, götürək Anarı. O da dissident idi. Məsələn,
“Qobustan” jurnalının yaranması və o jurnalın səhifələrində
yayılan əsərləri şübhəsiz ki, dissident
xarakteri daşıyırdı.
Mənim xatirimdədir, 1970-ci ildə Leninin 100 illiyi qeyd
olunurdu. Azərbaycanda da biz Nəriman Nərimanovun 100 illiyini
hazırlayırdıq. Çünki onlar
eyni ildə – Lenin də, Nərimanov da 1870-ci ildə anadan
olublar. O vaxt Moskvadan gəlirdilər və mənə
deyirdilər ki, bəs burada millətçilik var, burada
antisovet var, burada filan var. Hər dəfə baxırdım və
onlara izah edirdim.
Bir dəfə Moskvadan nümayəndə gəldi ki, belə
şey olarmı, “Qobustan” jurnalında yazılıbdır ki,
Nərimanov Lenindən də böyük adamdır. Dedim, a kişi,
belə şey olmaz, yəqin sizə səhv deyiblər. Gətirin baxım. Gətirdilər
baxdım. “Qobustan” jurnalında
yazıçı İsa Hüseynovun Nəriman Nərimanov
haqqında bir yazısı getmişdi. Orada
yazmışdı ki, bəli, Nəriman Nərimanov Lenin deyil,
Lenindən də üstün bir adamdır. Mən dedim,
bilirsiniz nə var, indi bu yazıçıdır,
yazıbdır, sərbəst adamdır. Bu o demək
deyil ki, bizim də fikrimiz belədir. Bizim
fikrimiz belə deyil. Mən birtəhər
bu məsələni sovuşdurdum.”
Sovet dönəmində milliliyə meyllilik həmişə
zərərli hesab edilirdi. Ötən əsrin 30-cu illərində
“pantürkist”, “panislamist”, “əksinqilabçı” məfhumlarının
60-70-ci illərdə ekvivalenti “dissident” anlayışı idi.
1937-38-ci illər repressiyası zamanı 27 nəfər ən
istedadlı şair və yazıçısını, minlərlə
ləyaqətli oğul və qızlarını itirən Azərbaycan
xalqı 60-70-ci illərdə Heydər Əliyevin
qayğısı və himayəsi sayəsində bir nəfərin
də olsa dissidentliyə görə burnunun ucu
qanamamışdır. Rusiyada Anna Axmatovanın, Marina
Svetayevanın, Nikolay Qumilyovun, Mixail Soljınitsinin, İosif
Brodskinin və b. başlarına gətirilənlərdən
onların azərbaycanlı həmkarları yalnız mətbuatdan
məlumat tuturdular.
Azərbaycanda
da xalqın qədim tarixinə, zəngin mədəniyyətinə
iftixar hissi aşılayan, milli ruhun dirçəlişinə
təkan verən, azad fikrə meydan açan sənət əsərlərinin
qarşısına kənardan çəpər çəkildiyi
hallar az olmamışdır. Kommunist ideologiyasına zidd hesab edilən mənfi
meyllər kino sahəsində özünü daha tez-tez
büruzə verirdi. Bakıda istehsal olunan
“Bir Cənub şəhərində”, “İstintaq” filmləri
Moskvanın, xüsusilə SSRİ daxili işlər naziri
Şoloxovun qəzəbinə tuş gəlsə də, Heydər
Əliyevin məsələyə birbaşa müdaxiləsindən
və cəsarətli qərarından sonra hər iki film
ekranlara yol açmış və uğurlar
qazanmışdır.
Ümummilli liderin zəngin elmi-fəlsəfi irsi içərisində
mədəniyyətimizin, incəsənətimizin müxtəlif
sahələrinə aid dəyərli fikir və tövsiyələri
geniş yer almışdır. Onun Azərbaycanın
milli teatrı, musiqisi, rəssamlığı, heykəltəraşlığı,
memarlığı haqqında söylədiyi dəyərli
fikirləri, təlim və tövsiyələri uzun əsrlər
dövlət siyasətinin mədəniyyət sahəsində
aparıcı lokomotivi olacağı şübhəsizdir.
Müstəqil Azərbaycan Respublikasının memarı
ziyalılarımızın gələcək
missiyasının əhəmiyyətini yüksək qiymətləndirərək
deyirdi: “Bu günümüzü gələcəyə aparan
ziyalılarımız, mədəniyyət, elm xadimlərimiz,
xalqın qabaqcıl adamları – həm bugünkü, həm
də gələcək nəsil olacaqdır. Bu
adamların içərisində görkəmli
yazıçılarımız, bəstəkarlarımız,
alimlərimiz, rəssamlarımız, incəsənət xadimlərimiz
daim qiymətli olacaq və biz əlimizdən gələni edəcəyik
ki, onların yaratması, yaşaması üçün
şərait yaradılsın.”
Təməli,
bünövrəsi ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulan milli mənəvi dəyərlərə, elm və təhsil
sisteminə, ədəbiyyat, mədəniyyət və incəsənət
xadimlərinə dövlət qayğısı, hörmət
və diqqət ənənəsi onun siyasi varisi Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin şəxsində
də bu gün uğurla davam etdirilir. Mədəniyyət
və incəsənət ocaqlarının əsaslı təmir
edilməsi, yenidən qurulması, elmi layihələrin maliyyələşdirilməsi,
ziyalıların, sənət adamlarının
yaradıcılıq imkanlarının genişləndirilməsi
istiqamətində atılan yeni-yeni addımlar danılması
mümkün olmayan mötəbər dəlillərdir.
Ümummilli lider siyasi fəaliyyəti dövründə
elm, ədəbiyyat, mədəniyyət və incəsənət
xadimlərinə Azərbaycanda və onun hüdudlarından kənarda
saysız-hesabsız abidələr qoydu, heykəllər
yaratdı, ən yüksək pyedestal üzərində isə
müstəqil Azərbaycanı ucaltdı. Azad, müstəqil,
qüdrətli, yenilməz Azərbaycan dövləti onun
öz əli ilə özünə və xalqına
yaratdığı ən möhtəşəm abidədir.
Əfsanəvi öndər, bütün zamanlar
üçün çağdaş tarixi şəxsiyyət
Heydər Əliyevin elmi-fəlsəfi, ədəbi-mədəni
irsi milli-mənəvi dəyərlərimizin tərkib hissəsi,
bəşəriyyətin dolğun fikir, sərbəst
düşüncə kapitalı, söz sivilizasiyasının
sanballı sərvətidir.
525-ci qəzet.-
2013.- 8 may.- S.4.