“Tolerantlığın Azərbaycan nümunəsində sadəcə bir-birinə dözmək yox, qarşılıqlı hörmət amili əsas yer tutur  

 

Həmsöhbətimiz Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya Hüquq İnstitutunun şöbə müdiri, Fəlsəfi Maarifçilik Assosiasiyasının prezidenti, fəlsəfə elmləri doktoru Adil Əsədovdur. Müsahibimizlə xalqların tiplərinin millətlərarası münasibətlərə təsirindən, Qafqaz regionundakı xalqların tipoloji təsnifatından, mövcud milli birliyimizin əldə olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan, xalqımızın azərbaycançılıq ideyası ətrafında yaranan vəhdətindən başqa bu kimi aktual məsələlərdən danışmışıq.

İlk növbədə tolerantlıq, dözümlülük anlayışından daha üstün anlayışa diqqət yetirməklə söhbətə başlamaq istərdim. Bu da, əlbəttə ki, insanpərvərlik anlayışıdır. Tolerantlıq Avropa mənşəli məfhumdur, bu, öz-özlüyündə ona işarə vurur ki, bir şey bizdən deyil, bizim üçün doğma deyil, amma biz ona dözürük. Təxminən belə bir məna alınır: o şeyə ki, biz tolerant yanaşırıq, onu özümüzünkü hesab etmirik. Mənə elə gəlir ki, Avropa yanaşması bununla səciyyəvidir. Azərbaycanlıların yanaşması isə fərqlidir. Bizdə bir insanpərvərlik var. Biz hər bir insana məhz bu nöqteyi-nəzərdən yanaşırıq. Biz digərlərinə topluma qarşı duran bir qüvvə kimi yox, toplumun bir hissəsi kimi baxırıq, başqasına da bir insan kimi yanaşırıq, fikrimcə, bizim tolerantlıq anlayışımız bundan ibarətdir.

Adil müəllim, onu da qeyd edək ki, bizim xalqımızın təbii milli keyfiyyəti kimi əsrlərlə mövcud olan tolerantlığı, xoşgörünü Avropa hələ indi-indi demokratiyanın bir dəyəri kimi təqdim təbliğ etməyə çalışır...

Əgər söhbət tolerantlığın bir demokratik dəyər kimi səciyyələndirilməsindən gedirsə, ümumiyyətlə, belə bir şərh vermək olar ki, demokratiya özlüyündə çoxluğun iradəsinin ifadəsidir. Demokratiyada müəyyən bir təklif ətrafındə çoxluq fikirdədirsə, hesab olunur ki, o düzgündür, demokratiya əksəriyyətin fikrini düzgün fikir kimi nəzərə almaqdır. Bu nöqteyi–nəzərdən yanaşsaq, tolereantlıq çoxluqdan kənarda duran azlığın qüvvəsidir. Tolerantlıq azlığın mövqeyidir. Demokratiyadan tolerantlıq anlayışı çıxır demək olmaz, tolerantlıq anlayışı əgər hansısa bir anlayışdan çıxırsa, bu daha çox liberalizmə aiddir. Çünki demokratizmin liberalizmin fəlsəfi mənası ondan ibarətdir ki, birincidə əksəriyyətin iradəsi, fikri, mövqeyi bir həqiqət kimi qavranılır. Liberalizm nöqteyi-nəzərindən isə hər bir kəsin mövqeyi əhəmiyyətlidir, hər bir kəsin yanaşmasına diqqət yetirmək lazımdır. O nöqteyi-nəzərdən biz tolerantlığı demokratizmin deyil, liberalizmin ifadə forması kimi təqdim edə bilərik. Avropalıların bunu demokratik dəyər kimi təbliğ təqdim etməsinə gəlincə, deməliyəm ki, avropalılarla bizim düşüncə tərzimiz arasındakı fərq böyükdür. Avropalılar özlərinə aid olan hər bir şeyi demokratik dəyərlər, özlərinə aid olmayanları isə qeyri-demokratik dəyərlər hesab edirlər. Özlərinə aid olanları ümumbəşəri dəyərlər, digərlərini isə bu ümumbəşəri dəyərlərə uyğunlaşmalı olan bir dəyərlər kimi qiymətləndirirlər. Bizim avropalılardan fərqimiz ondan ibarət olmalıdır ki, biz ümumbəşəri dəyərlərə üstünlük verməliyik, amma ümumbəşəri dəyərlərin yalnız Avropa izahında yox. Bizim ümumbəşəri dəyərlər barəsində öz izahımız var. Hər bir millətin ümumbəşəri dəyərlər haqqında öz mülahizəsi var; çinlilərin , yaponların da, almanların da. Hər kəsin ümumbəşəri dəyərlər haqqında müəyyən təsəvvürləri mövcuddur. Biz bəşəri dəyərlər dedikdə ümumiyyətlə, ümumbəşəri dəyərlərə istinad etməliyik, məhz bunu nəzərdə tutmalıyıq. Təbii ki, Avropanın dəyərləri içərisində ümumbəşəri dəyərlər var. Məsələn, insan şəxsiyyətinə hörmət bu qəbildəndir. Avropanın böyük fəlsəfi sistemləri, möhtəşəm ədəbiyyatı var. Əlbəttə, Avropada ümumbəşəri məfhumlar çoxdur, amma orada varsa, hamısını ümumbəşəri dəyər kimi kor-koranə qəbul etmək olmaz. Ümumiyyətlə, yaxşı olar ki, Avropa da , biz öz mövcudluğumuzu ümumbəşəri dəyərlər səviyyəsinə yüksəldək. Bir sıra dəyərlər var ki, o bütün xalqlarda eynidir. Bütün xalqların əxlaqi normalarında ümumi əxlaqi prinsiplər var. Bu ümumi prinsiplər bizə danışmağa əsas verir ki, doğrudan da bütün əxlaqi dəyərlərdə ümumi cəhətlər mövcuddur. Əlbəttə ki, fərqli cəhətlərlə birgə. XVIII əsrin fransız ingilis filosoflarının belə bir fikirləri var idi ki, əxlaqi hiss insanda anadangəlmədir. Nəyin yaxşı, nəyin pis olduğunu insanlar öz ürəklərində intuitiv duyurlar. Bunu bir duyğu olaraq hiss edirlər. Daxili əxlaqi saflığını qoruyub saxlayanlar nəyin pis, nəyin yaxşı olduğunu hiss edir. Etdiyi bir işin yaxşımı, pismi olduğunu özü duyur. Əxlaqi hiss əxlaqi şüurdan daha fundamental keyfiyyətdir. Bu nöqteyi-nəzərdən bu bütün insanlara xasdır. Amma bir məsələ var ki, insanların əksəriyyəti bu hissin dəyərini itiriblər. Bəzi insanlar öz ürəklərindəki arzuların ülviliyini itirdikləri kimi eləcə bir çox hallarda əxlaqi hissin ülviliyini itiriblər. Ona görə nəyin düzgün olub-olmadığını insanlar bir çox hallarda başqalarından öyrənmək istəyirlər. İnsanda bir günah hissi var, yaxşı olmayan nəsə edibsə, fikirləşir ki, bu düzgün deyil, nəyi isə düz etmədiyini intuitiv hiss edir. Buna görə o məsləhətləşməyə ehtiyac duyur. Ambivalentlik bu zaman meydana gəlir. O zaman ki, insanın duyğuları korşalır, o düzü əyridən seçə bilmir. Onda insanın daxili meyillərində bir ziddiyyət əmələ gəlir. Bax, buna ambivalentlik deyilir. Ambivalentlik hər şeylə, o cümlədən dəyərlərlə bağlı olanda da fərqliliklər meydana çıxır.

Söhbət açdığınız ingilis fransız filosoflarının vətənlərində, ümumiyyətlə, Qərbdə hər bir dəyərə ikili münasibət var. Onların demokratiyası da daha çox onların öz xalqları üçündür. Bəzilərimizin kor-koranə qucaq açdığı Avropada digər millətlərin dinlərin nümayəndələrinə ikinci sort insan kimi baxılması da danılmaz faktdır.

– Bu da ondan irəli gəlir ki, onlar başqalarına məhz dözümlülük nümayiş etdirirlər, onlar münasibətdə demokratik mövqe yox, dözümlülük prinsipini əsas götürürlər. Yənibunlar da insandırprinsipi ilə yanaşaraq sadəcə dözürlər. Tolerantlığın Azərbaycan nümunəsinin prinsipləri isə başqadır. Burada bir-birinə dözmək yox, qarşılıqlı hörmət amili əsas yer tutur. Amma bununla belə, bizim tariximizdə milli etnik qarşıdurma təcrübəsi var. Müstəqilliyimizin ilk illərinə nəzərə salaq. O halda ki, özünüdərkin yeni meyarları, bəlkə tarixən əvvəllər mövcud olmuş meyarları yenidən ön plana çıxan kimi dərhal separatizm meyilləri yarandı. Biz buna həm ölkənin şimalında, həm cənubunda şahid olduq. Heydər Əliyevin azərbaycançılıq ideyası bu ideyanın arxasında möhkəm dayanması bu separatizmdən xilas olmağın əsas amili oldu. Bizdə tolerantlıq anlayışı başqadır. Biz sadəcə dözmürük, biz hesab edirik ki, bütün Azərbayan vətəndaşları, burada yaşayan hər kəs bizim qardaşlarımızdır, onlar hamısı azərbaycanlıdır. Biz bunu belə qəbul edirik. O zaman ki, biz azərbaycançılıq ideologiyasına qarşı digər ideologiyaları qoymaq istəyirik, tutalım, dini ideologiyanı, yaxud türkçülük, ya avropaçılıq ideologiyasını, onda bunun əks nəticələri ilə qarşılaşmalı olarıq. Əgər insanların bəziləri türk deyilsə, yaxud müsəlman deyilsə, təbii ki, onda bir meyil yaranır ki, onlar özlərini işğal olunmuş xalq kimi hiss etsinlər. İstər-istəməz onda ciddi etirazlar yarana bilər. Bu zaman suallar ortaya çıxar ki, əgər siz bizi özünüzdən hesab etmirsinizsə, deməli, biz özgə millətik, işğal olunmuşuq? İşğal olunmuş millət hər zaman narazılığa meylli olur. Ancaq Heydər Əliyevin çox müdrik siyasəti bunun qarşısını aldı, o bu siyasətlə sübut elədi ki, biz eyni xalqıq, hamımız azərbaycanlıyıq, hamımız da eyni hüquqlara malikik. Əgər konstitusiyamıza nəzər salsaq, bu, orada da təsbit olunub; Azərbaycan dövləti Azərbaycan xalqına məxsusdur Azərbaycan xalqının iradəsini ifadə edir.

 

(Ardı var)

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 8 may.- S.6.