Heydər Əliyev və Azərbaycan teatrı

 

Teatr müqəddəs  yerdir!  İnsanların mənəvi cəhətdən    formalaşmasında teatr  həmişə çox  böyük rol oynamışdır.

 

Heydər Əliyev  

 

 

Ümummilli liderimiz, ulu öndər  Heydər Əliyevin bu sözləri mədəniyyət və incəsənətimizin böyük hamisi olan fenomen bir şəxsiyyətin teatr sənətinə verdiyi yüksək qiyməti bütün parlaqlığı ilə əks etdirir. O, tamaşaların premyeralarına gələr, tamaşa bitdikdən sonra səhnə arxasına keçər, dramaturqla, rejissorla, rəssamla, ayrı-ayrı aktyorlarla bu sahənin bilicisi kimi söhbət edər, fikirlərini bildirərdi. Ulu öndərimiz ömrünün son günlərinə qədər bu ənənəni davam etdirdi. Heydər Əliyevin teatra gəlişi, səhnə arxasında yaradıcı heyətlə görüşləri, söhbətləri, bir qayda olaraq, televiziya vasitəsi ilə xalqa çatdırılırdı.  Böyük həvəs, maraq və heyrətlə bu görüşlərə baxırdım, Heydər Əliyevin sənət haqqındakı fikirləri, yeri gələndə dramaturqa, rejissora və aktyorlara xoş sözlərlə bərabər haqlı irad tutması o qədər obyektiv, professional səviyyədə tutarlı olurdu ki, mən bir teatrşünas kimi heyranlığımı gizlədə bilmirdim.  Bəli, Heydər Əliyev doğrudan da fenomen bir şəxsiyyət idi. Çox vaxt Heydər Əliyevi Mustafa Kamal Atatürklə müqayisə edir, onların ruhən bir-birinə yaxın olduqlarını deyirlər. Bu yerdə mən Mustafa Kamal Paşanın bir tamaşadan sonra səhnə arxasına keçib aktyorlarla görüşünü və onu müşayiət edən məmurlara dediyi sözləri xatırladım: “Əfəndilər, onu bilin ki, hər biriniz nazir, millət vəkili, hətta cumhurbaşqanı da ola bilərsiniz. Amma sənətçi ola bilməzsiniz. Gəlin həyatını bu müqəddəs işə qurban vermiş cocukları sevək!”.

H.Əliyev teatr sənətinin məna və mahiyyətini, onun insanların qəbinə, hissinə, əqidəsinə dərin təsirini, tərbiyəvi əhəmiyyətini, ideya-estetik keyfiyyətini dərindən duyurdu, bu sənətin təcrübi və nəzəri əsaslarına yaxşı bələd idi. H.Əliyevin sənət adamlarına hörməti hər zaman hədsiz olub. Onun tamaşalara hər gəlişi, fikir söyləməsi teatr kollektivlərini yeni-yeni yaradıcılığa səslədi. Teatrların repertuarları yeniləşdi, zənginləşdi, klassik əsərlərin yozumuna müasir baxış qüvvətləndi. Azərbaycanın  görkəmli sənətkarına SSRİ-nin Xalq artisti, yaxud Sosialist Əməyi Qəhrəmanı adının verilməsinə H.Əliyev böyük mənəvi və fiziki qüvvə sərf etdi. H.Əliyev incəsənət xadimlərinə böyük ehtiramla yanaşırdı:

“Mədəniyyət uşaq kimidir. Həmişə tumar və qayğı istəyir. O həssasdır: əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi o hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi, ölkə başçısı bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”.

1974-cü ildə Azərbaycan teatrının 100 illik yubileyi münasibətilə Respublika Sarayında (indiki Heydər Əliyev adına sarayda!) keçirilən təntənəli yığıncaqda Azərbaycan rəhbərinin teatrımızın tarixi, keçdiyi çətin, mürəkkəb və şərəfli yaradıcılıq yolu haqqında qüdrətli teatrşünas və müdrik siyasətçi baxışı ilə söylədiyi dolğun, mənalı məruzəsi yalnız teatr xadimləri deyil, eyni zamanda xalqımız tərəfindən məmnunluqla, heyranlıqla qarşılandı: “Teatr müqəddəs yerdir; tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, fədaidirlər... Teatr xadimləri tamaşaçıya bir söz demək üçün, mədəni səviyyəni yüksəltmək üçün, irəliləyişimizə mane olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç kim bilmir ki, artist səhnəyə çıxıb rolu tamaşaçı qarşısında oynadığı vaxta kimi nə qədər həyəcan, sevinc keçirir”. Azərbaycan  teatrının 100 illik yubileyi (1974) respublikamızın həyatında böyük mədəni və siyasi əhəmiyyətli hadisəyə, teatr bayramına çevrildi...

Böyük dövlət rəhbərinin 100 illik yubileydə tarixi nitqini söylədiyi zamanda görkəmli rejissor Tofiq Kazımov artıq on il idi ki, M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru idi. Bu on il ərzində Tofiq Kazımov psixobioqrafiyasında gizlədilən “zədə”ləri, demək olar ki, tam sağaltmasa da, ağrı-acılarını xeyli yüngülləşdirmişdi. Amma məhz bu məqamda, onun əleyhinə olan bəzi “kəslər” sənətkarın ətrafında yaradıcılıqla bağlı olmayan “işlər” görməyə başladılar. Bu işlərdə səriştəli olan “intriqaçı”lar T.Kazımovu ruhdan salmaq, onu əsəbiləşdirmək, düşünülməmiş, çılğın, emosional addımlar atmağa təhrik etməkdən ötrü xeyli çalışdılar. Bəzi bədxahların məkrli əlləri o vaxtkı hakimiyyətin ali eşelonlarına belə çatırdı... T.Kazımovun başının üstünü “qara bulud”lar alırdı. Tədricən yaranan və sənətkarın “gününü qara” edən buludlar bir anın içində parçalandı, havaya sovruldu. T.Kazımovu normal yaradıcı həyata qaytaran yenə də ulu öndərimiz Heydər Əliyev oldu. “Şəhərin yay günləri” tamaşasında pərdə axırıncı dəfə bağlanandan sonra Heydər Əliyev adəti üzrə səhnəyə qalxdı: yaradıcı heyət onu alqışlarla qarşıladı, o da cavabında hamıya bir-bir əl çaldı. Yaranmış sükutu pozmağa heç kim cürət etmirdi. Sükutu Heydər Əliyev özü pozdu. Onu müşayiət edən rəsmilərə sarı döndü və konkret olaraq, heç kimə müraciət etmədən uca səslə dedi:

– Bəs deyirdiniz Tofiq Kazımov bir rejissor kimi tükənib?! Mən isə gözəl rejissor işini gördüm.

Birinci Katibin bu sözləri sürəkli alqışlar qopartdı. Amma o, əlini qaldırdı və sözünə davam etdi:

–”Şəhərin yay günləri” çox lazımlı, aktual olmaqla yanaşı, əsl bədii əsərdir. Hamınızı təbrik edirəm.

Beləliklə, “Şəhərin yay günləri” pyesinin tamaşasına baxdıqdan sonra yaradıcı heyətlə görüşən ölkə rəhbəri Anarın bu pyesini yüksək qiymətləndirmişdi, psixoloji realizim  üslubunda yazılmış, ali məktəbə qəbul məsələsinə toxunan, rüşvətxorluğu, əliəyriliyi kəskin tənqid edən bu pyesin əhəmiyyətini vurğulamışdı. “Şəhərin yay günləri” tamaşasının quruluşçu rejissoru, ustad rejissorumuz  Tofiq Kazımov, aktyorlardan Səməndər Rzayev və Şəfiqə Məmmədova 1978-ci ildə Respublika Dövlət mükafatına layiq görüldülər.

1998-ci il oktyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev Dövlət Musiqili Komediya Teatrının açılış mərasimində öz mövqeyini bir daha səsləndirmişdi: “Bəlkə, kimsə deyə bilər ki, biz ağır vəziyyətdə olduğumuz bir zamanda nə üçün teatr binasının tikintisinə bu qədər xərc qoyulubdur. Ancaq yox, biz Azərbaycan xalqının mədəniyyətinin inkişafını heç vaxt dayandıra bilmərik. Bizim xalqımız öz mədəniyyəti, elmi ilə yüksəlibdir. Biz mədəniyyətə nə qədər diqqət yetirsək, qayğı göstərsək, mədəniyyət xadimlərinin yaradıcılığı üçün imkanlar yaratsaq, xalqımızı da o qədər yüksəldəcəyik, xalqımızın mənəviyyatını daha da yüksəklərə qaldıracağıq.

Müstəqil Azərbaycan dövlətinin Azərbaycan Prezidenti kimi mənim siyasətimin böyük bir qolu bundan ibarətdir. Əmin ola bilərsiz ki, bu siyasəti mən bundan sonra da davam etdirəcəyəm”.

Heydər Əliyevin geniş erudisiyası, mükəmməl analiz bacarığı və incə bədii-estetik zövqü çox tez bir zamanda onu teatr çevrələrində də danılmaz bir avtoritetə çevirmişdi. Onun baxdığı tamaşalardan sonra yaradıcı heyətlə apardığı söhbətlər aktyor və rejissorlar üçün hər şeydən əvvəl əsl teatral ilə səmərəli ünsiyyət aktına çevrilirdi. Ancaq tamaşadan sonra səhnəyə qalxan və tamaşanın yaradıcı heyəti ilə söhbət edən yalnız dövlət başçısı deyil, ilk növbədə, sənət adamlarının çox sevdiyi, ehtiram bəslədiyi həssas, bilikli və səmimi teatr tamaşaçısı idi. Məhz buna görə, onun “səhnə söhbətləri” həm də teatr tarixinin faktlarına dönürdü.

Heydər Əliyevin “səhnə söhbətləri”nə konseptual prizmadan yanaşsaq, burada teatrşünaslığın təməli anlayışlarını aşkarlaya bilərik. Belə ki, Heydər Əliyev pyeslə – tamaşanın ədəbi əsası ilə zaman-məkan sənət növü olan tamaşanın köklü fərqini vurğulayır və əsərin “məzmununu, mənasını” tam dərk etməkdən ötrü onu “yaşamaq” şərtini önə çəkirdi. Səhnə əsərinin özünəməxsus təsir spektrini açıqlayan nitqlərində Heydər Əliyev teatrşünaslıq analizinin təməlində duran əsaslara arxalanırdı. Tamaşanın estetik, psixoloji və mənəvi təsirinin əhəmiyyətini alim dəqiqliyi ilə vurğulayan Heydər Əliyev istənilən tamaşanın başlıca məqsədini – emosional hasilini qeyd edirdi. Tamaşadan həyəcanlanmaq qabiliyyətini ömrü boyu itirməyən ulu öndər nəinki tarixi şəxsiyyətdir, həm də tarixi yaradan şəxsiyyətdir. Görünür elə buna görə də Heydər Əliyev mövzusu zaman-zaman bədii təfəkkürə  güclü təsir göstərmiş və göstərməkdədir.

Heydər Əliyev İlyas Əfəndiyevin “Hökmdar və qızı” tamaşasına o vaxt respublikamızda qonaq olan görkəmli alim İhsan Doğramacı ilə birlikdə gəlmişdi. Tamaşadan sonra Heydər Əliyev qonaqla birgə səhnə arxasına gəlib yaradıcı heyəti təbrik etdi. Həmin görüşdə Heydər Əliyev İlyas Əfəndiyev haqqında belə dedi: “İlyas Əfəndiyev Azərbaycan teatrına çox böyük töhfələr veribdir, böyük xidmətlər göstəribdir. Çox dəyərli əsərlər yaradıbdır. İlyas Əfəndiyevin yaradıcılığı başqa cəhətlərlə yanaşı bir də ona görə əhəmiyyətlidir ki, o, öz əsərlərində həm Azərbaycan xalqının tarixinin çox mühüm səhifələrini ədəbiyyat, teatr vasitəsilə bugünki nəsillərə çatdırıbdır, həm də öz əsərlərində müasir həyatımızın müsbət və mənfi cəhətlərini çox gözəl təsvir edibdir.”

“Qayıdış” adlı sənədli televiziya filmində H.Əliyev deyir:

“13-14-15 yaşlarında Naxçıvan Dövlət Teatrının tamaşalarına çox böyük həvəs və maraqla baxırdım. İbrahim Həmzəyevin ifa etdiyi rolların vurğunu idim. Sonralar eşitdim ki, İ.Həmzəyev dram dərnəyi təşkil edib. Mən o dərnəyə yazıldım və həvəslə iştirak etdim.

Mən teatrla gənc yaşlarımdan məşğul olmuşam. Baş rollarda oynamışam. Mən həmişə teatra yaxın və bağlı adam olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn bir məhəbbətdir. Teatrı çox sevirəm. Teatra məhəbbət mənim içimdə var”.

“Sənətdə hər kəsin öz yeri var. Heç kəs kiminsə yerini almır”, deyən rəhbər qayğı göstərməklə yanaşı, obyektiv olmağı da qoruyurdu. Xalq artisti A.Pənahova xatırlayır ki, Azərbaycan Dövlət Akademik Dram Teatrında görkəmli dramaturqumuz İ.Əfəndiyevin “Mahnı dağlarda qaldı” tamaşasının Dövlət mükafatı alması şəxsən H.Əliyevin təşəbbüsü ilə baş tutub. Belə ki, Dövlət mükafatı üzrə komissiya üzvləri bir yerə yığışıb tamaşaya baxa bilməyiblərmiş. Sonra onlar baxmaq istəyəndə Böyük bəy rolunun ifaçısı İsmayıl Dağıstanlı xəstələnir. Tamaşa göstərilmir. Odur ki, dövlət komissiyasının yekun iclasında H.Əliyevə təqdim olunan siyahıda “Mahnı dağlarda qaldı” tamaşasının adı olmur. H.Əliyev bunun səbəbini soruşduqda komissiya üzvləri bir yerdə tamaşaya baxa bilmədiklərini söyləyiblər. Ulu öndər üzünü komissiya üzvlərinə tutub deyir: “Mən tamaşanı görmüşəm. Çox bəyənmişəm. Mən tamaşaya baxanda sizin əksəriyyətiniz də teatrda idiniz. Tamaşaya baxırdınız. Kim tamaşanı görməyib, yaxud bəyənməyib, qoy sözünü desin”. Heç kimin dinmədiyini görən H.Əliyev: – Niyə susursunuz? Kim “Mahnı dağlarda qaldı” tamaşasına Dövlət mükafatı verilməsinə razıdırsa, səs versin. Burada adları çəkilən artistlərə etirazınız yoxdursa, gəlin səsə qoyaq”. Komissiya üzvləri ayrı-ayrılıqda öz müsbət rəylərini bildirdikdən sonra “Mahnı dağlarda qaldı” tamaşası   Azərbaycanın ilk Dövlət mükafatına layiq görüldü.

1981-ci ildə görkəmli dramaturqumuz İlyas Əfəndiyevin “Xurşud Banu Natəvan” pyesinin tamaşasına Azərbaycan KP MK-nin büro üzvləri ilə birlikdə baxan H.Əliyev əsərin və tamaşanın orijinal  təhlilini vermiş, ifaçılara öz fikirlərini söyləmişdi:  “Siz ilk növbədə Natəvan – bu şairə haqqındakı şaiyələrə son qoydunuz. Natəvanı gözəl Azərbaycan qadını kimi bizə təqdim elədiniz, bununla yanaşı, gözəl xan qızının timsalında siyasi baxımdan və onun xan qızına layiq hərəkətləri ilə bizim şərq qadınlarının obrazını yarada bildiniz. Mən buna görə sizə sağ ol deyirəm. Həm də son monoloqunuza görə sağ ol deyirəm”. Sonralar da ayrı-ayrı vaxtlarda H.Əliyev Azərbaycan teatrının “Xəyyam”, “İblis”, “İnsan”, “Dəli yığıncağı”, “Fərhad və Şirin”, “Darıxma, ana”, “Aydın” və s. tamaşalarına  baxmış, yaradıcı heyətə öz dəyərli tövsiyyələrini vermiş, onları yeni yaradıcılıq uğurlarına ruhlandırmışdı. Onun baxdığı son tamaşa isə görkəmli rejissorumuz, Xalq artisti A.P.Nemətin “Hamlet” tamaşası idi.

Heydər Əliyevin dəyərli teatr-estetik görüşləri onun ayrı-ayrı iclaslarda, müşavirə və toplantılarda, plenum və qurultaylarda çıxışları zamanı teatr haqqındakı fikirlərində, ayrı-ayrı sənətkarlarla görüşlərində dediyi sözlərdə, görkəmli sənətkarların yubileylərində göndərdiyi təbrik teleqramlarında, baxdığı tamaşalar barədə mülahizələrində öz dolğun əksini tapıb.

Ümummilli liderimiz Heydər Əliyev ömrünün sonuna qədər Azərbaycan incəsənətinin, o cümlədən Azərbaycan teatrının inkişafı üçün əlindən gələni əsirgəmədi.  Onun ölməz ideyaları bu gün də yaşayır, bu gün də bizim yol göstərənimizdir.

Heç şübhəsiz ki, ulu öndərimiz Heydər Əliyevin böyük diqqət və qayğısı nəticəsində inkişaf etmiş Azərbaycan teatrı gələcəkdə daha yüksək sənət  zirvələri fəth edəcək.

 

 

Məryəm Əlizadə,

Əməkdar incəsənət xadimi

Sənətşünaslıq doktoru, professor

 

525-ci qəzet.- 2013.- 9 may.- S.4.