Heydər Əliyev və Hüseyn Cavid
Bəşər
tarixində şeirə-sənətə, sənətkar şəxsiyyətinə
hamilik edən dövlət başçıları az
olmayıb. Ancaq Azərbaycanın ümummilli lideri, ulu öndər
Heydər Əliyev bu baxımdan unikal bir mövqeyə malikdir,
desək, yəqin ki, mübaliğə olmaz. Xüsusən
klassiklərin yaradıcılığına böyük
önəm verən Heydər Əliyev onların tədqiq və
təbliğinə, Vətən və millət
qarşısındakı xidmətlərinin dəyərləndirilməsinə
qayğı və diqqətini bir an belə əsirgəməyib.
Azərbaycan ədəbiyyatını dünyanın ən qədim
və zəngin ədəbiyyatlarından biri sayan ümummilli
lider, bu ədəbiyyatın yetirdiyi böyük dahilərin
qlobal miqyasda öz layiqli qiymətlərini
almadıqlarını dəfələrlə qeyd etmiş və
bu yolda göstərdiyi titanik səyləri təvazökarlıqla
özünün vətəndaşlıq borcu elan etmişdir.
Cavid sənətinə
hələ keçən əsrin 70-ci illərindən maraq
göstərən Heydər Əliyev onun adını Azərbaycan
ədəbiyyatı xəzinəsini zənginləşdirənlər
sırasında çəkib. Səksəninci illərin əvvəllərindən
isə ümummilli liderimiz Hüseyn Cavid irsinə müntəzəm
diqqət göstərmiş, şairə layiqli qiymətin
verilməsi işinə nəzarəti bir an belə zəiflətməmişdir.
Sonralar, 1993-cü ilin sentyabrında Azərbaycan Milli Elmlər
Akademiyasının ziyalıları ilə
görüşündə Heydər Əliyev Cavidlə
bağlı fəaliyyətini belə xatırlayırdı:
“...Böyük filosof-şairimiz, dramaturqumuz Hüseyn Cavid həbs
olundu, uzun illər əsərləri qadağan edildi. Ancaq
tarix hər şeyi öz yerinə qoydu. Hüseyn Cavidin cənazəsi
də Sibirdən öz Vətəninə gətirildi, onun
adı da yüksəldi. Ancaq təəssüf edirəm ki,
1981-ci ildə Hüseyn Cavidin 100 illiyi haqqında Kommunist
Partiyasının qəbul etdiyi qərarı Azərbaycanda on
il ərzində həyata keçirmədilər... İndi
Hüseyn Cavidin əsərləri xalqa hava-su kimi
lazımdır. Təkcə ədəbi baxımdan deyil, həm
də fəlsəfi, elmi baxımdan lazımdır. Lakin bu əsərlər
lazımi səviyyədə nəşr olunmuşdurmu”?
Təəssüf
ki, dahi şairin əsərlərinin nəşri
üçün dahi öndərimizin göstərdiyi bu
narahatlıq onun sağlığında aradan qaldırıla
bilmədi. Ancaq bu gün Cavid külliyyatının
beşcildliyi möhtərəm Prezidentimiz İlham Əliyevin
imzaladığı sərəncama əsasən latın
qrafikası ilə çap edilərək oxucu kütləsinə
çatdırılıb. Bəli, ataların
başladığı işi övladlar davam etdirir və
başa çatdırır. Xalqın, Vətənin
bütövlüyü də məhz bu faktorla müəyyən
edilir.
Lakin onu
da göstərməliyik ki, ümummilli liderimizin Moskvaya,
yüksək dövlət vəzifəsinə getdiyi səbəbindən
Cavid irsi ilə bağlı yarımçıq qalmış
bir çox işləri taleyin hökmü ilə elə onun
özü, respublika hakimiyyətinə ikinci
qayıdışından sonra tamamlamağa nail oldu.
Hələ
Moskvada ikən hər dəfə Bakıya gələndə
Hüseyn Cavidlə maraqlanan, onun əsərlərinin
tamaşalarına baxan Heydər Əliyev 1993-cü ildə
yenidən respublika rəhbərliyinə qayıtdıqdan
sonra, şübhəsiz ki, ilk vəzifə kimi Azərbaycanı
düçar olduğu ölçüyəgəlməz fəlakətdən
qurtarmağı qarşıya məqsəd qoydu və qısa
bir müddət ərzində bunun öhdəsindən
uğurla gəldi. Yalnız ölkədə əmin-amanlığı
bərpa etdikdən, vətəndaş
qarşıdurmasını aradan qaldırdıqdan sonra
ümummilli liderimiz mədəni-mənəvi quruculuq işlərini
davam etdirməyə başladı.
1995-ci
ilin iyununda Hüseyn Cavidin məqbərəsinin və
ev-muzeyinin yaradılmasına həsr edilmiş müşavirədəki
giriş sözündə Cavid irsinin əbədiləşdirilməsi
ilə bağlı prosesi incədən incəyə təhlil
edən Heydər Əliyev, doğrudan da mədəniyyətimiz,
ədəbiyyatımız, elmimiz üçün unikal bir
dahi şəxsiyyət olduğunu çox sadə sözlərin
köməyi ilə diqqətə çatdırır:
“Biz
1981-ci ildə Hüseyn Cavidin anadan olmasının 100 illiyi
haqqında qərar qəbul etdik. Bundan sonra bir çox işlər
görüldü. Ancaq təəssüf ki, o vaxt qəbul
olunan qərarlarda nəzərdə tutulmuş tədbirlərin
bəziləri indiyədək həyata keçirilməyib. O
dövrdən isə artıq on beş il keçir”.
1990-cı
ildə Naxçıvana qayıdan ümummilli liderimiz ilk
növbədə Cavidin məzarı üstə getmiş və
gördüklərindən heyrətə gəlmişdi.
Müşavirədəki nitqində Heydər Əliyevin
özü həmin hadisəni belə xatırlayır: “Fikirləşirdim
ki, məqbərə yoxdursa da, heç olmasa, sənətkarın
qəbrinin üstü götürülüb. Ancaq gedib
oradakı vəziyyəti gördüm, təəssüfləndim,
çox narahat oldum”.
Müşavirədəki
nitqini üç böyük işin həyata keçirilməsi
istiqamətində quran ümummilli liderimiz bu işlərin
hamısının müstəsna əhəmiyyəti
olduğunu qeyd etmiş, Cavid məqbərəsinin, ev-muzeyinin
və abidəsinin açılışını bir nömrəli
vəzifə kimi əlaqədar təşkilatların üzərinə
qoymuşdu. Yalnız bundan sonra qısa bir müddət ərzində,
Heydər Əliyevin şəxsi nəzarəti və
qayğısı altında nəhəng işlər
görülmüş və özünün müəyyənləşdirdiyi
kimi, böyük şairin anadan olmasının
ildönümündə – 1996-cı ilin oktyabrında
Naxçıvanda Hüseyn Cavidin məqbərəsi
bütün gözəlliyi və əzəməti ilə
xalqın gözü qarşısında ucalmışdı.
Onu da qeyd etməyi lazım bilirəm ki, Heydər Əliyev
bütün bu işləri yalnız faktı təsdiq etmək
xatirinə həyata keçirməmiş, doğrudan da,
ictimai-siyasi istedadının bütün potensialını sərf
etməklə, sevə-sevə görmüş və nəticədə
həm özünə, həm də Cavidə layiq gözəl
abidələr qoyub getmişdir.
Hüseyn
Cavid məqbərəsinin təntənəli
açılış mərasimində söylədiyi dərin
mənalı nitqində böyük öndər böyük
sənətkarı belə qiymətləndirmişdi:
“Hüseyn
Cavidin bütün yaradıcılığı, bütün
fəaliyyəti Azərbaycan xalqının mədəniyyətini
yüksəklərə qaldırmaqdan, xalqımızı
azad, müstəqil xalq etməkdən ibarət olub. Onun
bütün yaradıcılığı Azərbaycan
xalqını milli azadlığa, müstəqilliyə
çağırıb. O, həmişə öz iradəsi ilə
yaşamış, öz iradəsinə, millətinə sadiq
olmuşdur, millətini, xalqını həddindən artıq
sevmiş və millətinə həddindən artıq xidmət
edən bir insan olmuşdur”.
Bu abidələrdən
biri də, şübhəsiz ki, uzun illər üzərində
iş gedən, ancaq Cavid məqbərəsindən sonra, yenə
də dahi şairin anadan olmasının ildönümündə,
daha doğrusu, 120 illik yubileyində ümummilli liderimiz Heydər
Əliyev tərəfindən açılan Hüseyn Cavidin
ev- muzeyidir.
Hüseyn
Cavid dühası öz ölməz əsərləri ilə
adını tarixdə əbədiləşdirmiş sənətkarlardandır.
Heydər
Əliyev dühası bu əbədiləşdirməni
tamamlayan, bütövləşdirən, bir daha nadanların
hücumuna məruz qalmayacaq hala salan, ona layiq olduğu qiyməti
verən və layiq olduğu abidələri ucaldan nadir
dövlət rəhbərlərindəndir.
Ölkəmizdə
muzey şəbəkəsinin genişlənməsi prosesi də
bilavasitə ümummilli liderimiz Heydər Əliyevin müstəsna
xidmətləri sayəsində başlamışdır. Təkcə
onu söyləmək kifayətdir ki, respublikada 1945-ci ildə
22, 1969-cu ildə isə 29 muzey olduğu halda, başqa sözlə,
24 ildə yalnız 7 yeni muzey təşkil edildiyi halda, 1969-cu
ildən 2003-cü ilədək olan dövrdə 100-dən
artıq muzey yaradılıb.
Bu gün
də bu işlər davam etdirilir, Azərbaycanda muzey işi,
muzeylərin inkişafı dövlət qayğısı və
dəstəyi ilə təmin olunur. Prezident cənab İlham Əliyevin
“Azərbaycanda muzey işinin yaxşılaşdırılması
haqqında” sərəncam imzalaması dediklərimizin bariz
sübutudur. Sərəncamda deyildiyi kimi, son illər sürətli
yüksəliş dövrü yaşayan ölkəmizdə
milli mədəni sərvətlərin qorunması və gələcək
nəsillərə çatdırılması işinə
lazımi diqqət göstərilir. Respublikanın artan iqtisadi
potensialı əsasında yüksək inkişaf tempinə
uyğun olaraq, mədəniyyət sahəsində
ardıcıl mühüm işlər aparılır, bir
sıra mədəniyyət ocaqları yaradılır,
mövcud mərkəzlər üçün isə yeni
binalar inşa olunur.
Bu gün
Hüseyn Cavidin ev muzeyi təbliğat fəaliyyətinə,
xidmət göstəricilərinə, muzey işi sahəsində
tətbiq olunan standartlara cavab verməsinə və sanballı
nəşrlərinə görə seçilən muzeylərimizdən
biridir. Fəaliyyəti Hüseyn Cavidin zəngin
yaradıcılıq irsinin, eləcə də ümumiyyətlə
cavidlər ailəsinə aid sənəd və materialların
toplanması, qorunması və təbliği üzərində
qurulan muzey vəzifəsinin öhdəsindən layiqincə gəlməyə
çalışır.
Qeyd etdiyimiz kimi, Cavid irsinin təbliği muzeyin əsas vəzifələrindəndir. Son illərdə bu istiqamətdə muzey tərəfindən xeyli iş görülüb və görülür. Xatırlatmaq istərdim ki, Cavid irsinin təbliği təkcə ölkəmizdə deyil, onun hüdudlarından kənarda da həyata keçirilir.
Beynəlxalq təşkilatlarla da əməkdaşlığımızın yüksək səviyyədə qurulması üçün çalışırıq. İstiqlaliyyət əldə etdikdən sonra dövlətimiz qısa müddətdə Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, İslam Konfransı Təşkilatı, Müstəqil Dövlətlər Birliyi, Avropa Şurası, Avropa Birliyi, Avropa Parlamenti, NATO və başqa beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əlaqələr yaratdığı kimi Beynəlxalq Muzeylər Şurası (İCOM) ilə də sıx əməkdaşlıq edir. Bu isə öz növbəsində Hüseyn Cavidin ev muzeyinin də beynəlxalq əlaqələrinin inkişafına müsbət təsir edir. Mütəmadi olaraq İCOM-un rəsmi nəşrlərində muzeyin cari fəaliyyəti ilə bağlı məlumatlar dərc olunur, mütəxəssislər tərəfindən muzeyin işinə qiymət verilir. Əlaqələrimizin coğrafiyasının genişlənməsində muzeyin yaradılmış İnternet səhifəsinin (www.huseyncavid.com) də rolu az deyil. Sayt vasitəsilə zamanından və məkanından asılı olmayaraq istənilən şəxs virtual muzeyimizi ziyarət edə bilir. İndiyədək İnternet səhifəsini ABŞ, Fransa, Türkiyə, Rusiya, İtaliya, Almaniya və digər ölkələrdən 100 minlərlə cavidsevər ziyarət edib. Bu isə o deməkdir ki, Cavid yaradıcılığı, Cavid şəxsiyyəti yüksək qiymətləndirilir, cavidsevrlər dünyanın müxtəlif yerlərində olmalarına baxmayaraq muzeyimizin fəaliyyəti ilə tanış olmağa can atırlar.
Təbliğat işləri ilə yanaşı muzeydə nəşr işləri də uğurla aparılır. “Hüseyn Cavidin əsərləri”nin beş cilddə yenidən nəşr olunması, “Hüseyn Cavidin həyat və sənət yolu” biblioqrafik və veblioqrafik göstəricisinin nəşri, şairin seçmə şeirlərinin fransız dilinə tərcüməsi və çapı, “Azərbaycan qeyri-maddi mədəniyyət abidələri və Ərtoğrol Cavid” 10 cildliyinin nəşr edilməsi, Cavid haqqında tədqiqat və xatirələrdən ibarət nəfis şəkildə çapdan çıxmış çoxcildli “Cavidşünaslıq” toplusunun 10 cildi, “Hüseyn Cavid dünya dillərində” layihəsindən “Şeyda” əsərinin 10 dilə (rus, ingilis, alman, fransız, polyak, belarus, bolqar, ukrayna, çex, yunan) tərcüməsi və çapı muzeyin son elmi işlərinin bariz nümunəsidir.
Ümidvarıq ki, gələcəkdə Hüseyn Cavidin ev-muzeyinin fəaliyyəti daha da genişlənəcək və muzey Hüseyn Cavid irsinin, yaradıcılığının təbliğində respublika səviyyəli, eləcə də beynəlxalq əhəmiyyətli işlərin görülməsində aparıcı rolunu qoruyub saxlayacaq.
Gülbəniz BABAXANLI,
Filologiya üzrə elmlər
doktoru,
AMEA Hüseyn Cavidin
Ev-Muzeyinin direktoru
525-ci qəzet.-
2013.- 9 may.- S.4.