Həssas insan, dahi siyasətçi
Ümummilli lider Heydər Əliyev Azərbaycan
xalqının yetişdirdiyi nadir dahi siyasətçilərdəndir. Azərbaycanın
müasir dövrdə dinamik inkişafı onun qurduğu
möhkəm dövlətçilik prinsipləri ilə
sıx bağlıdır. Sovet imperializmindən
və zülmündən qurtuluş Azərbaycanın
azadlıq çağırışının və
yanğısının labüd nəticəsi idi. Təbii ki, müstəqillik arzusu şirin olsa da, onu
əldə etmək o qədər də asan başa gəlmir.
Sovet tanklarına sipər olan xalqın mərd
oğulları müstəqillik uğrunda canlarından
keçərək şəhid kimi öz adlarını
tarixin yaddaşına həkk etdilər. Lakin
Azərbaycan hələ təhlükələrdən tam xilas
olmamışdı. 90-cı illərin əvvəllərini
təsəvvürünüzə gətirin, hakimiyyət
üstündə siyasi çəkişmələr xalqın
əhval-ruhiyyəsinə təsirsiz
ötüşmürdü. Bundan əlavə,
xaosdan istifadə edib ölkəni parçalamaq istəyən
daxili və xarici qüvvələrin, silahlı birləşmələrin
mənfur niyyətləri ölkədə
özbaşınalığın son həddə
çatdığını sübut edirdi. Digər yandan Dağlıq Qarabağda erməni
separatizminin güclənməsi ilə Ermənistan silahlı
qüvvələrinin torpaqlarımıza soxulması Azərbaycanın
mövcudluğunu böyük təhlükə altında
qoyurdu. Siyasi qeyri-sabitlik iqtisadi
inkişafı əngəlləyirdi, bu isə öz növbəsində
insanların maddi rifah səviyyəsinə mənfi təsir
göstərirdi. Daxildən və xaricdən
edilən təzyiqlər nəticəsində xalq dövlətçiliyə
olan etimadını və inamını itirməyə
başlamışdı. İnsanların
canı və qanı bahasına qazanılmış müstəqilliyi
qoruyub-saxlamaq xeyli çətinləşmişdi. Xalqı vahid dövlətçilik ideologiyası ətrafında
birləşdirmək, Azərbaycan insanının
inamını, qürurunu bərpa edib müstəqilliyi
qorumaq, möhkəmləndirmək, milli birliyi, iqtisadi
dirçəlişi təmin etmək üçün
güclü iradə, dərin zəka və uzaqgörənlik
tələb olunurdu. Heydər Əliyev məhz
bu çətin dövrdə öz xalqının imdadına
çatdı. Tarixi ədalət naminə
etiraf etmək lazımdır ki, o vaxtki iqtidar da nicat yolunu
yalnız onun siyasi hakimiyyətə gəlişində
görürdü.
Heydər Əliyev cəmiyyətin ehtiyaclarını
düzgün şəkildə dəyərləndirə bildi. O, ilk növbədə
xalqı müxtəlif siyasi dalğaların təsiri
altından xilas edib vahid Azərbaycan uğrunda birləşdirməyə
nail oldu. Heydər Əliyevin əsl liderlik
keyfiyyətlərindən biri də onda idi ki, o insanlara xəyallar
üzərində qurulmuş quru vədlərlə müraciət
etmədi, əksinə, dövrün tələblərini
xalqına çatdırmaqla praqmatik siyasətin
başlanğıcını qoydu.
O,
bütün mənliyi ilə Azərbaycana bağlı insan
idi, gücünü xalqından alırdı, alimlərə,
ziyalılara, yaradıcı insanlara xüsusi önəm
verirdi, onlara qayğı ilə yanaşırdı. Yaxşı bilirdi ki, tam siyasi sabitlik formalaşmasa,
daxildə ölkəni parçalamaq istəyən xain
qüvvələr zərərsizləşdirilməsə
xarici düşmənə qarşı müqavimət
göstərmək, ölkənin maddi rifahını yüksəltmək
qeyri-mümkündür. Güclü,
peşəkar, vahid, nizamlı orduya sahib olmadan Ermənistanın
işğalına qarşı təsirli mübarizə aparmaq
real deyildi. 1994-cü ildə Rusiya prezidenti
Boris Yeltsinlə uzun sürən danışıqlar
müharibənin mürəkkəb dövründə
dönüş nöqtəsi oldu. Atəşkəs
o zaman Azərbaycana hava və su kimi lazım idi və Heydər
Əliyev daxili sabitliyi, ciddi dövlət atributlarını,
güclü ordumuzu təsis etməyə nail oldu. Heydər Əliyev hüquqi, dünyəvi dövlət
quruculuğu sahəsində ölkədə qanunun aliliyini təmin
edən Azərbaycan Respublikasının Konstitusiyanı
yaratdı. O, xalqımızın çoxəsrlik
dövlətçilik tarixinə sadiq rəhbər kimi müsəlman
şərqində ilk müstəqil demokratik ölkə olan
Azərbaycan Demokratik Respublikasının ənənələrini,
atributlarını qoruyub-saxladı, yaşatdı.
Artıq ölkənin güclü iqtisadi təməlinin
yaradılması üçün zəruri şərait təmin
olunmuşdu. SSRİ-nin qapalı iqtisadi rejimindən qurtularaq,
ölkəni xarici sərmayələrə açıq elan
etmək vacib idi. 1994-cü ildə
Bakıda imzalanmış Əsrin Müqaviləsinə
dünyanın 8 nəhəng ölkəsinin iri şirkətləri
qoşuldu. Əsrin Müqaviləsi Azərbaycanı
dünya birliyinə, iqtisadiyyatına inteqrasiya etdirməklə
yanaşı, həmçinin SSRİ-nin dağılması
ilə regionda “böyük qardaş” sindromuna maraqlı
qüvvələrin təzyiqlərini azaltdı, Azərbaycanın
geosiyasi əhəmiyyətini artırdı. Neft
və qaz sənayesinə iri həcmli investisiyalar həm də
müstəqil ölkəyə Xəzər sektorunun
özünə aid olan hissəsində suveren
hüquqlarını möhkəmlətməyə xidmət
etdi. Əsrin Müqaviləsi heç də
sadə məsələ deyildi. Çünki
buna kənardan mane olmaq istəyənlərlə
yanaşı, daxildən də bu nəhəng layihəni
gözdən salmaq istəyən qüvvələr var idi.
Əslində, Heydər Əliyev müstəqil
çoxşaxəli xarici siyasətin strategiyasını
yaradırdı. Bu strategiyada asılılıq yox,
çoxsaylı tərəfdaşlarla
qarşılıqlı maraqlara əsaslanan ikitərəfli
faydalı əməkdaşlıq əsas xətt idi. 1999-cu ildə İstanbulda Bakı-Tbilisi-Ceyhan əsas
neft ixrac kəmərinə dair imzalanmış sazişin
ABŞ prezidenti Bil Klinton tərəfindən dəstəklənməsi
böyük əhəmiyyət kəsb edən vacib tarixi məqam
idi. Bu əlamətdar hadisə eyni zamanda
ölkəmizin iqtisadi tərəqqisində dönüş
nöqtəsi oldu. Uğurlu siyasətin nəticəsi
idi ki, 2006-cı ildə Azərbaycan və Avropa
İttifaqı arasında enerji sahəsində strateji tərəfdaşlığa
dair anlaşma memorandumu imzalandı. Heydər
Əliyev təhlükəsizlik və demokratik quruculuq sahəsində
digər beynəlxalq nüfuzlu təşkilatlarla əməkdaşlığa
xüsusi önəm verirdi. 1994-cü ildə
NATO ilə Azərbaycan arasında imzalanmış “Sülh
naminə Tərəfdaşlıq” proqramı Avro-Atlantik
strukturlara inteqrasiyanın vacib tərkib hissəsi idi.
Müstəqilliyimizin ilkin dövrlərinin çətinliklərini
yaşamış insan kimi taleyüklü məsələlərin
həllində Heydər Əliyevin cəsarətli qərarlarının
canlı şahidi olmuşam. Onunla uzun illər
çalışan hər kəs əmin olurdu ki, o, xalqına
arxalanır və gücünü vətəndaş həmrəyliyindən
alırdı. Heydər Əliyev öz əməli
ilə silahdaşlarına hər zaman vətənə, millətə,
dövlətçiliyə sədaqətlə, təmənnasız
xidməti təlqin edirdi. Yaltaqlıq, məddahlıq
kimi naqis xislətlər onun təbiətinə tamamilə zidd
idi və o, yaltaqlığı, riyakarlığı, səmimiyyəti
və əməli xidməti asanlıqla ayırd edə biləcək
qədər həssas insan idi. Onun rəhbərlik
keyfiyyətlərindən biri də o idi ki, xətaya yol verən
işçilərin yanlışdan dönmələrinə
kömək edərdi, xidmətləri bir səhvə qurban
verməzdi.
Heydər Əliyev xalqına siyasi sabitliyin bərqərar
olduğu, uzun illərə hesablanmış, milli mənafelərə
əsaslanan və bütün sahələri əhatə edən
dinamik inkişafa malik güclü Azərbaycanı bəxş
etdi. Onun misilsiz xidmətləri, milləti
üçün fədakarlığı öz bəhrəsini
verməkdədir. Bu gün doğma Azərbaycanımız
qərb və şərq mədəni dəyərlərini
tarixən özündə təcəssüm etdirən
tolerant ölkə kimi sivilizasiyalar arası dialoqa töhfə
verən ölkəyə çevrilib. Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən
ölkədə müasirləşmə, demokratik-hüquqi
dövlət quruculuğu, vətəndaş cəmiyyətinin
inkişafı sahəsində mütərəqqi islahatlar aparılır.
Azərbaycan humanitar, mədəni sahədə bir sıra
möhtəşəm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Fikir versəniz, bu
cür tədbirlərdə dünyanın nüfuzlu
ictimai-siyasi, elm və mədəniyyət xadimləri
iştirak edir. Bu isə o deməkdir ki, bu
gün Azərbaycan dünya ictimaiyyəti tərəfindən
qlobal məsələlərin həllində beynəlxalq
dialoq və əməkdaşlığı təşviq edən
səmimi tərəfdaş, bəzən örnək ölkə
kimi qəbul olunur. Azərbaycanın beynəlxalq
müstəvidə artan nüfuzu xaricdə yaşayan hər
bir həmyerlimizi sevindirir, qürurlandırır.
Müasir Azərbaycan qloballaşan dünyanın tələbləri
ilə ayaqlaşmaq iqtidarına malik ölkədir. Təbii ki, həllini
gözləyən bir sıra məsələlərimiz hələ
də mövcuddur. Bunların ən
acınacaqlısı Azərbaycan torpaqlarının davam edən
işğalı və məcburi köçkünlərin
doğma yurd-yuvalarından didərgin vəziyyətdə
yaşamasıdır. Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə
ədalətli həllində ATƏT-in Minsk Qrupunun bu və ya
digər fəaliyyətindən asılı olmayaraq, hesab edirəm
ki, bu məsələdə vətənpərvər milli ruha,
birliyə daha çox ehtiyacımız var. Ümumiyyətlə
problemlər hər zaman olub və olacaq. Yüz
illik dövlətçilik tarixi olan ölkələrdə,
ideal sayıla biləcək demokratik cəmiyyətin
özündə belə fərdlər və toplum səviyyəsində
müəyyən narazılıqlar mütləq
özünü göstərir. Təəssüflə
qeyd etməliyəm ki, bizim cəmiyyətdə bəzən
fürsət düşdükcə Azərbaycan xalqı haqda
zəlil, vəhşi, dağıdıcı obraz yaratmaqla “tərəqqipərvər”
ideyalar təbliğ edilməyə
çalışılır. Çox maraqlı
haldır ki, bunlar ölkə xaricində, beynəlxalq tədbirlərdə
özünü daha çox biruzə verir.
Mən özüm baş ofisi Buxarestdə yerləşən
QHT statusuna malik Qara dəniz-Xəzər dənizi əməkdaşlığı
və tərəfdaşlığı üzrə beynəlxalq
fondun baş katibi kimi beynəlxalq konfranslarda, müxtəlif səpkili
tədbirlərdə tez-tez oluram. Həmin tədbirlərdə
ölkəmizdən olan təmsilçilərlə bəzən
açıq mübahisələrim yaranır. Hər zaman onlara deyirəm ki, Azərbaycanda
mövcud problemlərin həllini xaricdən gözləmək,
mədəd ummaq çıxış yolu deyil. Kiçik bir ailədə də narazılıqlar
baş verir, anlaşılmazlıqlar olur. Azərbaycana
uğuru ilə, problemi ilə, hər şeyi ilə sahib
çıxmaq lazımdır. Nöqsanlarımızı
daxildə həll etməyə
çalışmalıyıq, bundan ötrü sağlam
dialoq mühitinin yaradılması da vacibdir.
Qeyd etdiyim kimi, yaltaqlıq, məddahlıq kimi xislətdən
qurtulub, sədaqətimizi, vətənpərvərliyimizi və
dövlətçiliyə
bağlılığımızı əməli fəaliyyətimizlə
isbat etməliyik. Bu ən sadə vətəndaşımızdan
tutmuş bütün məmurların fəaliyyətində
ana xətt olmalıdır. Hesab edirəm
ki, biz cəmiyyət olaraq buna nail olduğumuz zaman mərhum
Prezidentimiz, Azərbaycan xalqının fədakar oğlu Heydər
Əliyevi tam mənası ilə anlamış və onun
ruhunu şad etmiş olarıq.
Sonda
sevinc hissi ilə qeyd etmək istərdim ki, bu gün Heydər
Əliyevin xatirəsini əbədiləşdirmək məqsədilə
Avropanın iki nüfuzlu ölkəsi – Rumıniya və
Serbiyada çalışan
diplomatik heyətimizin səyləri nəticəsində
paytaxt Buxarest və Belqradda yerli hökumət və parlamentin
qərarı ilə ümummilli liderimizin büst və heykəli
qoyulub, universitetlərdə tələbələrə Heydər
Əliyev adına təqaüd təsis olunub. Bütün
bunlar həmin ölkələrdə yaşayan həmyerlilərimizin
Heydər Əliyevin dövlətimiz, millətimiz və
xalqımızın rifahı naminə göstərdiyi misilsiz
xidmətlərinə dərin ehtiramının ifadəsidir.
Rumıniya və Serbiyada ümummilli liderimizin
adı ilə bağlı mövcud təşəbbüslər
doğma Azərbaycanımızın təbliğatında
müstəsna əhəmiyyət kəsb edir.
Eldar HƏSƏNOV,
Azərbaycan Respublikasının
Serbiyadakı fövqəladə və
səlahiyyətli
səfiri
525-ci qəzet.-
2013.- 9 may.- S.5.