Elçinin publisistikasında Heydər Əliyev obrazı

 

Elçin müasir nəsrimizin parlaq nümayəndələrindən biri, ədəbiyyatşünas, tənqidçi, fəal ictimai xadimdir. O, 60-cı illər ədəbi nəslinin parlaq nümayəndəsi kimi həmçinin dövrün reallıqlarını əks etdirən müxtəlif səpgili publisistik əsərlər müəllifidir. Yeni Azərbaycan nəsrinin ən istedadlı, yaradıcı simalarından biri olmaqla yanaşı, düşündürücü publisistik əsərləri ilə deməyə əsas verir ki, o, peşəkarlıq zirvəsini fəth edib. 60-cı illərdən ədəbi mühitə qadəm qoymuş yazıçı Elçin artıq 80-90-cı illərdən başlayaraq ölkədə baş verən ictimai-siyasi ab-havaya uyğun olaraq ədəbi istiqamətini bir qədər dəyişir.

Təbii ki, bu müstəqilliyi bizə nəsib etmiş, dövlətimizin qurucusu, yaradıcısı olan ulu öndər Heydər Əliyevin xidmətləri hamımız üçün danılmazdır. Elə bu baxımdan müstəqil dövlətin qurucusu ilə çiyin-çiyinə addımladığını publisistik əsərlərində böyük iftixar hissi ilə qələmə alan Elçin artıq bu dəfə onu bir ictimai xadim olaraq daim, diqqətlə izləyə bilmək imkanına malik olmasını da qürur hissi ilə dilə gətirir. Yazıçı dahi rəhbərlə bağlı gördüyü, eşitdiyi, yaxından müşahidə etdiyi hər bir məqama yerindəcə qiymət vermə bacarığını məhz publisistik janr vasitəsi ilə oxucusuna daha tez çatdırmaqla  yaradıcı imkanlarından məharətlə istifadə edə bilib. Publisistik janrın bütün növlərində-oçerk, məqalə, müsahibə və çıxışlarında  qələmini sınayan yazıçı-publisist dahi rəhbərlə bağlı bütün hisslərini dolğun, mükəmməl, tarixi-siyasi faktları olduğu kimi əks etdirərək nəticədə uğurlu sənət əsərləri ortaya qoymağa nail olub. Bütün çıxış, müsahibə, məqalələrində müstəqilliyimizi dönə-dönə qürur və fəxarət hissi ilə vurğulayan müəllif  bu məqamı belə qələmə alır: “... Təskinliyi onda tapıram ki, Azərbaycanın  öz müstəqilliyi uğrunda mübarizəsinin bu tarixi çağında hadisələri də, vəzifə adamlarını da şəxsən prezidentin özünü də kənardan yox bilavasitə içəridən, “mətbəx”dən müşahidə etmək imkanına malikəm”.

Elçinin dahi rəhbərin xatirəsinə həsr etdiyi “Dünya axirət əkini...”(1992), “Tarixlə üz-üzə dayanmış adam”(1995) adlı geniş həcmli, sanballı publisistik əsərlərinin adını çəkə bilərik. Hər iki əsər haqqında çox söz demək olar: əsərin elmi, bədii tutumu, janrın tələblərinə uyğun olaraq hadisələri təhrif etmədən doğru-düzgün təqdim etmə bacarığı, dövrün siyasi icmalını yetərli baxış bucağından işıqlandırmaq və s. “Dünya axirət əkini...” publisist yazısını müəllif oçerk adlandırır. Oçerk publisistik janrın daha geniş həcm imkanlarına malik bir növü olduğu üşün burada hadisələr həyatdakı kimi təqdim edildiyindəndir, publisist ulu öndərlə bağlı saf, təmiz hisslərini işıqlandırmağa çalışıb. Əsərdə həm elmi, həm siyasi və həm də bədii publisistikanın bütün imkanlarından yerli-yerində, yetərincə bəhrələnən müəllif hər üç növün vəhdətinə məharətlə nail olub.

Bu əsərində Elçin H. Əliyevin Moskvadakı fəaliyyətindən, onun böyük nüfuza malik olmasından, xususilə burada 1985-ci ildə keçirilən Beynəlxalq Kitab Yarmarkasından söhbət açır. Publisist o dövr imperiyanın kəskin dönəmlərini, həmin tarixi günləri belə xatırlayır: “Məlum oldu ki, hamı, o cümlədən, Sov. İKP MK-nın yüksək vəzifəli çinovnikləri, nazirlər Heydər Əliyevin gəlişini gözləyir, o isə gəlib çıxmır. ...nəhayət H. Əliyevin maşını gəldi və indiki kimi mənim gözlərimin qabağındadır ki, Aleksandr Nikolayeviç Yakovlev –gələcək Siyasi Büro üzvü və bu gün köhnə üsul idarəni ifşa eləyən adam, o zaman isə Sov. İKP MK-nın yeni təyin olunmuş şöbə müdiri o yağışın altında axsaya-axsaya necə maşının qabağına yüyürdü, Heydər Əliyevi necə yaltaqcasına qarşıladı”.

Fenomenal yaddaşa, qeyri-adi hafizəyə malik bu insan XX əsrdə Azərbaycana ulu Tanrı tərəfindən bəxş edilmiş nadir şəxsiyyət  idi. Onun bu təkrarolunmaz xüsusiyyətlərini daim yüksək heyranlıqla müşahidə edən Elçin dahi rəhbərə həsr etdiyi publisistik əsərlərində onu belə xarakterizə edir: “ Həmişə öz-özümə fikirləşəndə, təəccüb, bəzən, hətta heyrət etmişəm                                                         ki, Heydər Əliyev kimi ucqar bir yerdə boya-başa çatıb təhsil alasan, uzun illər boyu DTK kimi sənətdən, yaradıcılıq mühitindən uzaq bir yerdə işləyəsən və bu dərəcə də də ədəbi-estetik təfəkkür tərzinə malik olasan”.

Heydər Əliyev həyatın hər üzünü görmüş, gələcəkdə dahi bir insan kimi yetişəcəyinə özündə böyük güc-qüvvə hiss etmişdi. 1969-cu ildən siyasət meydanında parlayan bu nadir insan həlli müşkül siyasi vəziyyətlərdə çevik, ayıq manevretmə qabiliyyəti, tükənməz enerjisi ilə çox keçmədən mərkəzi dairələrə səs salır. Uzun müddət vəzifədə olarkən əlindən tutub çörək verdiyi insanların o, vəzifədən ayrılarkən dönüklük etməsi şübhə yox ki, dahi rəhbəri mənən sıxmamış deyildi. Bu hissləri publisist belə nəql edir: “...adamlar, o iqtidardan düşdükdən sonra necə bəd üz göstərmələri hamıdan əvvəl H.Əliyevin özünə təsir etməlı idi və emosional adam olduğu üçün yəqin ki, də etdi”.

“Tarixlə üz-üzə dayanmış adam” adlı publisistik yazısında müəllif dahi rəhbərin hakimiyyətdə olduğu illəri birər-birər yaddaşının süzgəcindən keçirir. H.Əliyevlə bağlı hələ gələcəkdə cild-cild tədqiqatların yazılacağını əminliklə vurğulayan publisist onun qeyri-adi keyfiyyətlərini belə xarakterizə edir: “Elə bilirəm ki, təəssüratım məni aldatmır, belə də var,  çünki söhbət daxilən zəngin və emosional, amma impulsivlikdən uzaq, ən gərgin çağlarda belə, özünü səfərbərliyə almağı bacaran, iradəli və qorxmayan, çəkinməyən, özünə inanan və öz böyük imkanlarını qiymətləndirməyi bacaran unikal bir şəxsiyyətdən gedir-müstəqil Azərbaycanı bugünün kəşməkəşli yolları arasından magistral müəyyən edib bir dövlət kimi gələcəyə doğru aparan şəxsiyyətdən”.

Publisist  onu təqlid etmək istəyənlərin imkan və iddiaları arasında böyük bir təzad yarandığına da şübhə etmir, çünki “fitri keyfiyyətlərə görə onu yamsılayanlar, onun ayaqqabısını geyib, yerişini “ yeriyə bilməzlər.

Dahi rəhbərin unikal yaddaşı, qeyri-adi hafizəsindən çox bəhs edilib. Lakin onu bir həmməslək kimi eyni zalda, eyni iclas salonlarında çox yaxın məsafədən müşahidə etmək imkanına malik olan Elçin onun həm də qulaq asmaq bacarığı, dinləmək mədəniyyətinə də heyranlığını gizlədə bilmir. Bəzən çox  səviyyəsiz, cansıxıcı çıxışları belə sonacan dinləmək” qabiliyyətini də dahi rəhbərin ali keyfiyyətlərindən hesab edən publisist bu məqamı belə xarakterizə edir: “ ...danışanın sözünü kəsmir, söylənən fikirləri, gətirilən arqumentləri axıracan dinləyır. Bu da bir vergidir və elə bilirəm dövlət başçısı üçün çox vacib vergidir: adamlara öz sözünü axıra qədər deməyə münbit zəmin yaratmaq...”

Yenidən 1993-cü illərə qayıdan publisist həmin dövrdə dahi rəhbərin əleyhinə hədyanlar yazaraq xalqı ayağa qaldırmaq istəyənlərə yenə də ən tutarlı cavabı məhz onun özünün verdiyini belə nəql edir: “ Milli Məclisin canlı yayımla bütün ölkəyə göstərilən iclasında həmin vərəqələrdə yazılanları kamera qarşısında ucadan oxutdurdu,  bununla da o vərəqələri yazanların və  yayanların istədiklərinə tamamilə əks bir effekt, həm də çox güclü bir effekt alındı. Bu, çox şey deyən və mənim fikrimcə unudulmaz bir dərs idi”.

Hamımıza yaxşı məlumdur ki, H.Əliyev vəzifədə nə qədər sərt, zəhmli, sözü üzə şax deməyi bacaran, ötkəm xarakterə malik idisə, həyatda sadə adamlar arasında bir o qədər səmimi, xoşrəftar, incə yumor hissinə malik olması ilə seçilirdi. O, ailəcanlı bir insan olub. Bütün bunları həssaslıq və incəliklə, böyük yazıçı məharəti ilə müşahidə edən publisist onun millətə, xalqa bağlılığının kökünü də, məhz ailəsinə bağlılığından qaynaqlandığını düşünərək belə yazır: “...bu adam bütün varlığı ilə rəhmətlik həyat yoldaşına, övladlarına, nəvələrinə bağlıdır və belə bir həyat yoldaşı, ata, baba bağlılığı çox mühümdür, ona görə ki, millətə, Vətənə bağlılığın da kökü oradan başlayır”.

1982-ci ilin sonlarında Brejnevin vəfatından sonra Andropovun fərmanı ilə H.Əliyev SSRİ Nazirlər Soveti sədrinin I müavini vəzifəsinə təyin edilir. Sov. İKP MK-nın plenumunda isə Siyasi Büronun üzvü seçilir. O artıq Bakıdan Moskvaya köçmək məcburiyyətində idi. Həmin illərdə H.Əliyevlə xudahafizləşməyə gələnlər arasında olduğunu qürurla dilə gətirən publisist onun necə çətinliklə Azərbaycandan ayrılmasının şahidi olduğunu bildirir.  Yazıçı-publisist həmin səhnənı belə nəql edir: “ O zaman bir dəstə yazıçı, o cümlədən mən də daxil olmaqla bir neçə cavan yazıçı onunla xudahafizləşmək üçün onun yanına getmişdik və onda onun hansı bir çətinliklə Azərbaycandan ayrılmasının, necə deyərlər, Azərbaycandan qopa bilməməsinin şahidi olduq. Orasını da yaxşı xatırlayıram ki, həmin görüşdə H.Əliyev Azərbaycanın gələcək vahidliyi haqqında danışdı və elə danışdı ki, elə bil söhbət müstəqil bir dövlətdən gedir. Bunun həmin dövrün kontekstində və H.Əliyevin tutduğu vəzifənin səviyyəsində nə demək olduğunu, elə bilirəm ki, izah etməyə ehtiyac yoxdur”.

 

 

Leyla Məmmədəliyeva

 

525-ci qəzet.- 2013.- 9 may.- S.7.