Unudulmaz sevgi şeirləri
-...bu kimdəndir Bizə?"
PƏRVİNin təqdimatında
Elə ki vuruldun, vəssalam. Sual əlindən
günün-güzəranın olmur. Səhərini sualla açıb, tərəddüd içində
yuxuya gedirsən... Ən balaca işarələri, nəzərə
çarpmayacaq dərəcədə
kiçik hadisələri
mənalandırmağa çalışırsan...
Bütün “ölçən”ləri
yığıb qoyursan
yanına... Sözün
istiliyini, baxışın
dərinliyini, gülüşün
səmimiliyini, ağlamağın
həqiqiliyini ölçənləri...
Vay o gündən biri əskik gələ... Sevdiyin azca soyuq, zərrə qədər quru danışdımı,
göy geyinib qara bağlayırsan.
Az qala
bütün bəşəriyyəti
günahlandırırsan. Bəxtindən küsüb, taleyindən gecə-gündüz şikayətlənirsən.
Səbəbi axtarıb
tapmaq üçün
vurnuxursan... Çox fikirdən, götür-qoydan
sonra “yəqin daha sevmir”, “yorulub məndən” – deyib kədərlənirsən.
Əvvəlcə dünya
bozlaşır, ən
mənasız işləri
də özünə
dərd eyləyirsən.
Ah-nalən yerə-göyə
sığmır... Sonra düşünürsən,
axı deyinməkdən,
zar-zar ağlamaqdan nə çıxar?
Hayqırırsan, üsyan
qaldırırsan... hoqqa
çıxarırsan! Zəifliyinə
əsəbləşib “necə
yəni sevmir, sevməlidi, sevəcək...”
deyir, mübarizəyə
girişirsən... Hə! Nəticəsi
də olur. Allah əziyyət çəkənlərlədir
axı... Ölçənlərin
əqrəbləri maksimuma
çatdımı, sakitləşirsən!
Şükür düzəldi. Sevir, özü də lap çox... – deyə arxayınlaşırsan. Amma
bu arxayınlığın
da çox çəkməyəcək...
... Yəqin qorxusuz, şübhəsiz sevgi heç ola
bilməz. Bəlkə də bu hisslər insanın qəlbinə eşqdən
qabaq düşür.
Əvvəlcə qorxursan...
Sevginin qarşılıqsız
olacağından! Sonra
şübhə edirsən...
Etirafın doğruluğuna!
Və zamanla məhəbbətin böyüyüb
– böyüyüb bütün
qəlbini, ruhunu sarsa da nə
qorxu, nə də şübhə beynini tərk etmir. Hər gün yoxlamaq istəyirsən, isbat gözləyirsən... Çobanyastığı
ləçəkləri metodundan
tutmuş ağlına
gələn istənilən
yolla həqiqətə
can atırsan... Sevir? Sevmir? Cavabların
birdən çox güclü, bəzən də zəifdən zəif edir səni... Körpə uşaq kimi
yıxıla, dura irəliləyirsən.
... Amma elə ki,
sevgi ürəyindən,
köksündən üzüyuxarı
qalxıb başına
çatdı, elə
ki təkcə qəlbinlə deyil, beyninlə də sevməyi öyrəndin, elə ki sevməyə
100 səbəb, sevildiyinə
1000 sübut tapdın...
Cənnətinə yetdin!
Dünya gözəlləşir,
al-əlvan rənglərə
boyanır, əvvəldə
özünə dərd
elədiyin məsələləri
eyninə belə almırsan.
Əliağa Vahidin də
şeiri məhz bu ovqatın təsviri ilə diqqəti çəkir.
Qəzəlin qəhrəmanı
dərdindən öldüyü
güli-xəndan, ol məhi-taban, zülfi-pərişan,
canalan onu Sevdiyi üçün göylərdədir... Aşiqə elə bu lazımdı!
...Başqa heç nə! Ayrı heç kim!
Çox toxsan! Yalnız Sən və O! Yüksəklərdəsiz,
buludların üstündə...
Vahidin təbirincə
desək, ora nə rəqiblər, nə paxıllar, nə də Əğyar qalxa bilər... Çünki Səni Sevir! Səni!!!
Əliağa Vahid:
“...cəhənnəm, istəməsin
qoy rəqiblər!”
Qəm çəkmə, ey könül, yenə canan sevir səni,
Dərdindən öldüyün güli-xəndan
sevir səni.
Zalım fələk qoyarmı səni vəslə yetməyə?
Çox
da o canalan, o gözəl can sevir səni.
Hər bir sözü müvəqqətidir nazəninlərin,
Aldanma, gərçi ol məhi-taban sevir səni!
Batdı
rəqib ömr uzunu qarə günlərə,
Ol sərv
boylu, zülfi-pərişan
sevir səni.
Ceyran dalınca düşsə
bir ovçu əcəb deyil,
Yüzlərlə ovçu, yüz quzu ceyran sevir
səni.
Xəlq
eyləyəndə, səhv
deyil, tanrı gər desəm
Olmuş o gül camalına heyran, sevir səni.
Vahid, cəhənnəm, istəməsin
qoy rəqiblər,
Sən fəxr qıl
ki, Azərbaycan sevir səni.
PƏRVİN
525-ci qəzet.- 2013.- 11 may.- S.21.