Oralarda kimlər var-
İnqilab Həsənli-3
“GÖRÜŞDÜYÜM SƏNƏTKARLARIN
HƏRƏSİNDƏN BİR ŞEY ÖYRƏNDİM”...
ONLAR NƏ DEDİLƏR: BDU-nun
professoru CAHANGİR MƏMMƏDLİ
İnqilab Həsənlini lap tələbə
vaxtından tanıyıram. Hələ universitetin
jurnalistika fakültəsində oxuyandan onun çox maraqlı
yazı üslubu, bədii istedadı məni özünə
cəlb etmişdi. Onun bədii üslubu ədəbi
“altmışıncılar” adlandırdığı
böyük söz ustadlarının – Anarın, Elçinin,
Ramiz Rövşənin, İsi
Məlikzadənin – bir sözlə, 1960-cı illərdən ədəbiyyata
gəlmiş istedadların üslubu ilə həmahəngdir. İnqilab XX əsrin ikinci yarısında dünya ədəbiyyatında
Qabriel Qarsia Markesdən tutmuş rus ədəbiyyatında
Valentin Rasputinə qədər böyük söz
ustadlarının meydana qoyduğu və Azərbaycan bədii
mühitində də görkəmli nasirlərin
yaradıcılığında yeni mərhələ kimi qiymətləndirilən
kənd nəsrinin maraqlı nümunələrini
yaratmış bir istedaddır. Əlbəttə,
çox təəssüf ki, İnqilab bəzən bu
istedadı ifadə etməyə vaxt tapmadığını
da dilə gətirir. Lakin
bununla belə, onun nadir əsərləri şəxsən mənim
üçün
Azərbaycan kəndinin, Azərbaycan kəndlisinin
tipik obrazı kimi əziz və qiymətlidir.
– İnqilab, bilirəm ki, jurnalistlik fəaliyyətinin
böyük bir hissəsi Azərbaycan radiosu ilə
bağlıdır. Hazırladığın verilişlər,
xüsusilə redaktoru olduğun “Ulduz” proqramı həmişə
maraqla qarşılanıb. Radio ilə əməkdaşlığın,
o dövr üçün o qədər də asan olmayan bir
şəraitdə radioya işə düzəlməyin barədə
nə deyə bilərsən?
– Radioya məni
hələ birinci kursda oxuyanda uşaqlıq dostum şair
Dilsuz apardı. “Gənclik” redaksiyasında redaktor işləyən
gözəl insan və gözəl jurnalist rəhmətlik
Natiq Səfərovla tanış elədi. Elə ilk verilişim də Natiqin xeyir-duası ilə
efirə çıxdı. İkinci və
daha uzunmüddətli əməkdaşlıq elədiyim
redaksiya isə Ədəbiyyat və İncəsənət
baş redaksiyası olub. Baş redaktor, görkəmli
jurnalist Mailə Muradxanlı, şair İbrahim
Göyçaylı (Allah hər ikisinə rəhmət eləsin),
çox istedadlı jurnalist Vaqif Əlixanlı və gözəl
yazıçımız Mövlud Süleymanlı məni
doğmaları kimi qarşılayıb, mənə xüsusi
diqqət və qayğı göstərdilər. Məhz onların tapşırığı ilə
hazırladığım verilişlər məni – tələbə-jurnalisti
“aləmdə məşhur” elədi. Universiteti bitirənə
qədər Azərbaycanın onlarla görkəmli ədəbiyyat
və incəsənət adamı ilə
görüşüb tanış
olmuş, onlar barədə verilişlər
hazırlamışdım. Onların hər biri ilə
görüşlərim, söhbətlərim mənim
üçün bir məktəb olub... Rəhmətlik
Şəmsi Bədəlbəylinin evində hansısa
tamaşa ilə bağlı çıxışını
yazırdım. Mikrofonu açıb stolun üstünə
qoydum və başladım qabaqcadan hazırladığım
sualları verib cavab almağa... Şəmsi müəllim
ikinci, ya üçüncü sualdan sonra iki-üç saniyəlik
pauza verdi və xəfifcə
öskürdü. Mən tez reportyoru
keçirtdim. Şəmsi müəllim, yəqin mənim
təcrübəsizliyimi hiss eləyib, yüngülcə
gülümsədi və “niyə keçirtdin, ay oğlum, –
dedi. Mən isə utana-utana “öskürdünüz, Şəmsi
müəllim” – dedim. “Özüm qəsdən
öskürdüm, axı bu, radiodu, gərək dinləyicini
yormayasan, sənə qulaq asan hiss eləyə ki, kiminsə
yazıb verdiyini üzündən oxumursan, özün nə
fikirləşirsən, onu da danışırsan...” Bu sözlər
mənim bütün sonrakı fəaliyyətimdə
böyük rol oynadı, demək olar ki, bütün
verilişlərimi, yazdıqlarımı büsbütün
unudub, sərbəst və səmimi söhbətlər əsasında
hazırlamağa başladım...
İndi də
özümü bağışlaya bilmirəm ki, nəyə
görə mən dəfələrlə
görüşüb söhbət elədiyim, səslərini
yazdığım Azərbaycan xalçaçılıq məktəbinin
təkrarolunmaz bilicisi və təbliğatçısı,
dünya şöhrətli rəsam Lətif Kərimovun,
İncəsənət Muzeyinin direktoru, görkəmli rəssam
Kazım Kazımzadənin, SSRİ Xalq rəssamı
Mikayıl Abdullayevin, bir parça çubuğu ilə minbir
çalarlı səslər dünyasında möcüzələr
yaradan Niyazinin, habelə onlarla başqalarının
çıxışlarını – səslərini qoruyub
saxlaya bilməmişəm. İllah da ki, Səttar Bəhlulzadənin...dahi
rəssamın Respublika Şəkil Qalereyasında fərdi sərgisi
açılırdı və redaksiyanın
tapşırığı ilə sərgidən reportaj
hazırlamağa gedirdim. Reportyoru götürüb qapıdan
çıxmaq istəyirdim ki, Mailə xanım: “İnqilab, Səttarın
səsini yazmağa vaxt itirmə, onsuz da danışmayacaq” –
dedi...
Sərgi açıldı, televiziyadan gələnlər
sərginin təşkilatçılarından,
tanınmış sənət adamlarından adi
tamaşaçılardan bir neçə nəfərin
çıxışını yazdılar,
mikrofonlarını söndürüb,
avadanlıqlarını yığışdırıb
çıxıb getdilər. Mənsə gedə
bilmirdim. Mailə xanımın sözləri
bütün diqqətimi “qırxıncı” qapıya yönəltmişdi.
Bəlkə lazım olduğumdan da artıq
adamın Səttar müəllim və onun bənzərsiz əsərləri
barədə dediklərini lentə alıb, gəlib
durmuşdum qapının ağzında. Səttar müəllimsə
ərəb və kiril əlifbası ilə çap
olunmuş bukletlərinə imza atıb bir ucdan
tamaşaçı-pərəstişkarlarına
paylayırdı... Mənim Allah bilir, neçə saatdan bəri
bir yerdə qərar tuta bilməyib narahatlıqla var-gəl elədiyimi
görən, qapının ağzında stol qoyub oturmuş,
nimdaş geyimli bir kişi (sonra öyrəndim ki, mənim
“xilaskarım” rəssamın uşaqlıq dostu imiş): “Niyə
belə narahatsan, ay oğlum, – dedi – gördüm axı sən
çox adamın səsini yazdın,,,”
– “Nə
olsun, yazmışam, ay əmi, əsas Səttar müəllimdi,
onun səsini yazmasam, məni redaksiyaya buraxmayacaqlar” – dedim və
hiss elədim ki, səsimdə nəsə bir çarəsizlik,
yalvarış tonu var. Xoşbəxtlikdən bunu həmin “əmi”
də hiss elədi və “Darıxma, razı salaram
danışar” – dedi... “Səttar, bu uşaq bayaqdan səni
gözləyir, bir-iki kəlmə danış, səsini
yazsın...
– Nə
danışım, mən bunlara deyirəm ki, indi
atdanıb-düşmək lazım deyil, “Qoy bir gedək, sonra
xəlvirləşsinlər... kim qalar, o da qalar... Kim ki, sənətdə
xalqın qəlbini fəth eləyəcəksə, o da
qalacaq...” Bu mənim yaddaşımda
qalanlardı. Ancaq etiraf edirəm ki, qoruyub
saxlaya bilmədiyim lentin yaddaşında qalanlar daha gözəl,
daha təsirli və daha qiymətli idi. Çünki o, təkcə
söz deyildi, həm də səs idi – dünya durduqca sənəti
ilə birlikdə özü də dipdiri qalacaq – yaşayacaq
dahi bir sənətkarın – Səttar Bəhlulzadənin səsi...
–İnqilab yaxşı yadımdadı ki, o dövrdə
bütün tələbələrə təyinat verilirdi və
Bakıda qalmaq çox çətin idi.Necə oldu ki, şəhərdə
qaldın və Azərbaycan radiosunda işə düzəldin.
– ...Bir az əvvəl ömür yolumdan
danışarkən anama görə Allahıma
şükür eləmişdim. Bir də
Yaradanıma ona görə özümü borclu bilirəm ki,
qarşıma həmişə xeyirxah adamlar
çıxarıb.
1974-cü ildə təhsilimi başa vurdum. O dövrdə Azteleradio
Komitəsində sədr müavini işləyən
böyük insan və böyük yazıçı Cəmil
Əlibəyov bütün gələcək taleyimdə əvəzsiz
rol oynayan bir qərara imza atdı: jurnalistika fakültəsinin
təyinat bölgüsünü aparan Mərkəzi Komitəyə
tələbnamə göndərib, məni radioda işə
götürəcəkləri barədə zəmanət verdi. Bu yerdə bəlkə də
heç kimin inanmayacağı bir məqamı xatırlatmaq
istəyirəm. İllərdən bəri verilişlərin
həftəlik müzakirəsi zamanı məruzəçilərlə
bərabər hazırladığım verilişlər barədə
dəfələrlə xoş sözlər söyləyən,
komitənin həyətində yaxud binanın dəhlizlərində
rastlaşdığımızda mənimlə son dərəcə
səmimi görüşən,çox
vaxt da böyüklük göstərib məndən qabaq salam
verməyə çalışan Cəmil müəllim
adımı belə bilmirdi, daha doğrusu, mənim hələ
efirə getmədən verilişlərimi oxuyub, efirdən səsimi
eşitsə də, mənim İnqilab Həsənli
olduğumu bilmirdi.
Təyinatım gəldi və mənim “azad sənətkarlıq”
dövrüm başa çatdı. Uşaqlar
üçün verilişlər baş redaksiyasına redaktor
təyin olundum. Bir az əvvəl
dediyim kimi, heç kim alın yazısından, onu həyatda nələrin
gözlədiyindən xəbəri olmur. Mən də az sonra
öyrəndim ki, məndən cəmi bircə həftə əvvəl beş-altı il yaş fərqimiz olan, bu gün də
DƏDƏ dediyim, hər dəfə də səsini eşidəndə
ruhum dincələn, halallığı, düzlüyü, uca
Yaradana bağlılığı ilə başqalarından
seçilən Rafiq Savalan həmin redaksiyaya baş redaktor təyin
olunub. Çox ciddi senzuranın olduğu bir dövrdə, demək
olar ki, bütün verilişlərin qabaqcadan yazılıb
sonra üzündən oxunduğu, üstəlik hər
birimizin qələm tutan əlimizin üstündə gözəgörünməz
bir “ideoloji əlin” yapışdığı bir vaxtda Rafiq
müəllim mənim heç bir təklif və təşəbbüsümün
qarşısını almadı, əksinə,
ağıllı məsləhətləri ilə məni bir
az da çərçivələri sındırmağa, sərbəstliyə
həvəsləndirdi. Beləliklə, yuxarı sinif
şagirdləri üçün nəzərdə tutulan
“Ulduz” proqramında təkcə məktəb həyatı,
yeniyetmələrin təhsil və tərbiyəsi deyil,
onların ümumi dünyagörüşünü
formalaşdırar, tariximiz və tarixi şəxsiyyətlərimiz
barədə, habelə başqa xalqların elmə, sənətə
bəxş etdiyi dahilərin həyatı,
yaradıcılığıynan bağlı bilgi verən
verilişlər ərsəyə gəlməyə
başladı. Bunun üçün onlarla gənc və
savadlı alimləri, istedadlı yazarları, jurnalistika
fakültəsinin tələbələrini redaksiya ilə əməkdaşlığa
cəlb elədik, misal üçün, gənc alim Rəfael
Hüseynov (hazırda Nizami adına Ədəbiyyat muzeyinin
direktoru, millət vəkili) “Ulularımız
ucalarımız”, İnşaat İnstitutunun müəllimi
Telman Əliyev “Dünyanın səkkizinci möcüzəsi”,
hələ tələbə ikən “Ulduzla” əməkdaşlıq
eləyən, Azərbaycan Dövlət Universitetinin (Baş
Dövlət Universiteti) müəllimi Nizami Cəfərov
(hazırda MEA-nın müxbir üzvü, millət vəkili)
“Yer üzünün ulduzları” rubrikalarının daimi
müəllifləri idilər... Bundan başqa, bu gün
çox sevilən şairlərdən Taleh Həmid, Vaqif Bəhmənli,
Maarif Soltan, Ağacəfər Həsənli,habelə
unversitetin istedadlı tələbələri Aida Quliyeva,Məti
Osmanoğlu və
başqaları “Ulduz”un daimi müəlliflərindən idilər...
“Ulduz”
proqramını seçdirən və sevdirən əsas cəhət
o idi ki, hər bazar günü efirə çıxan 40 dəqiqəlik
verilişi o dövr üçün texniki cəhətdən
nə qədər çətin və əziyyətli olsa da,
tədricən demək olar ki, bütünlükdə sərbəst
çıxışlar, səmimi söhbətlər əsasında
hazırlamağa çalışırdım...
(Davam edəcək)
Tofiq ABDİN
525-ci qəzet.- 2013.-
11 may.- S.23.