Əməl dostları: İ.Qasprinski və
Ə.Topçubaşov
1914-cü
ildə Əlimərdan bəy Topçubaşov fəal
jurnalistikadan uzaqlaşmışdı. İmzası qəzet və
məcmuə səhifələrində nadir hallarda
görünürdü. Bu da iki səbəblə bağlı
idi. Əvvəla, milli mətbuata yeni, bacarıqlı və cəsarətli
qüvvələr gəlmişdi. Digər tərəfdən,
məşhur “Vıborq bəyannaməsini”
imzaladığına görə “Kaspi”nin redaktorluğundan
istefa vermək məcburiyyətində qalandan sonra Əlimərdan
bəy əsas vaxt və enerjisini Dövlət Duması
Müsəlman fraksiyası Bürosunun rəhbəri kimi siyasi fəaliyyətə və
qanun yaradıcılığına yönəltmişdi.
Lakin
1914-cü il sentyabrın 11-də Krımdan aldığı kədərli
xəbər onu “Kaspi” səhifələrində siyasi
publisistikasının son, eyni zamanda təsirli və yaddaqalan
nümunələrindən birini qələmə almağa
vadar etmişdi. Həmin gün türk dünyasının
tanınmış şəxsiyyəti, “Tərcüman” qəzetinin
naşiri və redaktoru, “dildə, fikirdə, əməldə
birlik” şüarının müəllifi İsmayıl Qasprinski
Bağçasarayda vəfat
etmişdi.
Yaxınları
və doğmaları, istedadının pərəstişkarları
mərhumun üç mərasiminə toplaşdıqları
gün “Kaspi” Ə.Topçubaşovun “İsmayıl bəy
Qasprinskinin xatirəsinə” (13 sentyabr 1914-cü il, ¹ 203)
adlı məqaləsini dərc etmişdi.
“Qasprinski öldü”, – deyə o, heç
bir müqəddiməsiz – filansız özü
üçün də son dərəcə ağır,
sarsıdıcı xəbəri həmvətənlərinə
çatdırırdı:
“Son
yarım əsr ərzində adı yalnız Rusiyadakı
müsəlmanlar arasında deyil, xaricdə də çox
yaxşı tanınan bu şəxs daha
sıralarımızda deyil. Yarım əsr ərzində
sakit, lakin inamlı bir tərzdə müsəlmanlara bilik, tərəqqi
və ictimai şüur yolunu göstərən insanı həmişəlik
itirdik.
Amansız
tale öz qəddar əli ilə işıq saçan
şamı söndürdü. Bununla da müsəlmanları
dərin ələm və qüssəyə qərq etdi.
Müsəlmanlar arasında doğma xalqın mənafeyinə
səmimi-qəlbdən bağlı olan ictimai xadimlərə
çox az rast gəlindiyindən
ələm və qüssəmizin miqyası da
böyükdür. Çünki indi unudulmaz İsmayıl bəy
Qasprinskini əvəz etməyə başqa adamımız
yoxdur”.
Türklərin
yaşadıqları digər məmləkətlərdə
olduğu kimi, Azərbaycanda da Qasprinskinin dostları və həmfikirləri
çox idi. Böyük Krım-tatar maarifçisinin
seçilmiş əsərlərinin 3 cildliyini çapa
hazırlayan türkiyəli professor Əli Yavuz Akpinar onun
ölkəmizlə bağlılığı məsələsinə
aydınlıq gətirərək yazır: “Azərbaycanlı
ziyalılarla və Hacı Zeynalabdin Tağıyevlə
yaxın və sıx ilişkiləri hər zaman olmuşdu.
Başda Həsən bəy Məlikzadə-Zərdabi və Əlimərdan
bəy Topçubaşlı olmaq üzərə Ünsizadə
qardaşları, Hüseynzadə Əli bəy, Əhməd
Ağaoğlu, Sultan Məcid Qənizadə və nəhayət
qızı Şəfiqə xanımla evlənən Nəsib
bəy Yusifbəyli ilə (mətndə səhvən Nəsib
bəy Nəsibzadə getmişdir – V.Q.) çeşidli
zamanlarda ortaq fəaliyyətlərdə bulunmuş, onlar
haqqında “Tərcüman”da bir çox yazı da
yazmışdır”.
Qohumluq
əlaqələrini bir tərəfə buraxsaq İsmayıl
bəyin Azərbaycanda ən sıx münasibət
saxladığı, mütəmadi məktublaşdığı,
fikir və mülahizələrinə böyük
sayğı ilə yanaşdığı, bəzən yol
göstərdiyi, bəzi məsələlərlə
bağlı isə məsləhət aldığı şəxs
Ə.Topçubaşov olmuşdu. Aralarındakı dostluq
münasibətləri təxminən dörddə bir əsr ərzində,
böyük maarifçinin vəfatına qədər davam
etmişdi.
Tanışlıqlarının
tarixi XIX əsrin 90-cı illərinə təsadüf edirdi.
Bunu sübuta yetirən
yazılı sənəd “Tərcüman”ın ilk
yubileyinin – 10 illiyinin qeyd olunduğu 1893-cü ilin aprelində
Tiflisə, Ə.Topçubaşova ünvanlanan məktub idi. Həmin
məktubda İsmayıl bəy qəzetin məqsədini, məramını
açıqlayaraq naşir və redaktor kimi əsas niyyətinin
“Rusiya müsəlmanlarının
ana dillərində düzgün təlim-tərbiyə
görmələri, xalq üçün anlaşıqlı ədəbiyyatın
inkişafı, müsəlmanlar arasında rus dilinin, elm və
mədəniyyətin mümkün dərəcədə
yayılması, müsəlman əhalinin mənəvi və
maddi tərəqqi zəminində ruslarla sıx birləşmələri”
olduğunu qeyd edirdi. Bu məqsədlərin həyata
keçirilməsi baxımından onun yardımına ehtiyac
duyduğu, arxalandığı ictimai xadimlərdən biri o
zaman hələ otuz yaşı tamam olmayan Əlimərdan bəy
Topçubaşov idi. Zaman və sonrakı illərdə Rusiya
imperiyasındakı türk xalqlarının mənafeyinin
qorunmasına yönəlmiş birgə fəaliyyət
türk birliyi ideyası müəllifinin öz seçimində
qətiyyən
yanılmadığını göstərdi.
1893-cü
ildən sonra onlar Qazanda, Peterburqda, Moskvada, Tiflisdə,
Bakıda, Nijni-Novqorodda dəfələrlə
görüşmüşdülər. Görüşə
bilmədikləri vaxtlarda isə qarşılıqlı
ünsiyyəti məktublar vasitəsi ilə davam
etdirmişdilər. İ.Qasprinski ailəsində, “Tərcüman”
redaksiyasında, nəhayət, Krım tatarları arasında Əlimərdan
bəyin hörməti o qədər böyük idi ki,
krım-tatar tarixçisi İ. Kərimovun
yazdığına görə, 1908-ci ilin mayında
Bağçasarayda qəzetin 25 illik yubileyi təntənə
ilə qeyd olunanda məsciddəki camaat namazı zamanı imam
hamını “bakılı publisistlər Əlimərdan bəy
Topçubaşov və Əhməd bəy Ağayevin
sağlamlıqları və işlərinin rast gətirməsi
üçün” dua etməyə
çağırmış, xütbəsini “Eşq olsun bu
insanlara !” sözləri ilə tamamlamışdı.
Eyni
zamanda təəssüf etməli oluruq ki, iki əqidə
dostunun, iki böyük şəxsiyyətin ümumi mənafe uğrunda əməkdaşlığını
və yüksək səviyyəli şəxsi münasibətlərini
işıqlandıran sənədlərin yalnız bir
neçə nümunəsi günümüzə qədər
gəlib çatmışdır. 1918-ci ilin mart
qırğınında Ə.Topçubaşovun şəxsi
arxivinin böyük bir hissəsi (özünün
yazdığına görə, bir neçə sandıq əlyazması
və sənədlər) məhv olmuşdu. Eləcə də,
1918-1920-ci illərdə Krımın dəfələrlə əldən
ələ keçməsi, bolşevik rejiminin repressiyaları,
nəhayət, Krım tatarlarının öz tarixi vətənlərindən
zorakı sürgünü nəticəsində Qasprinski arxivi
də demək olar ki, tamamilə it-bata
düşmüşdü.
Hazırda
onların çoxillik yazışmasından yalnız
İsmayıl bəyin Ə.Topçubaşova göndərdiyi
6 məktub qalmışdır. Bu məktubların mətnləri
tatar tarixçisi, Azərbaycan siyasi mühacirətinə dair
bir sıra araşdırmaların və sənədlər məcmuəsinin
müəllifi S.İshakov tərəfindən 2012-ci ildə
Moskvada “Ə.M.Topçubaşi. Şəxsi arxivlərdən
sənədlər. 1903-1934-cü illər” kitabında (rus
dilində) çap olunmuşdur. Öz növbəsində həmin
məktubları tərtibçiyə mühacir irsinin
toplanmasında və Vətənə gətirilməsində
müstəsna xidmətləri olan görkəmli diplomat Ramiz
Abutalıbov təqdim etmişdir.
Nizami
adına Ədəbiyyat İnstitutunda Azərbaycan mühacirətinin
ədəbi irsinə dair ilk beynəlxalq konqresi
keçirdiyimiz 1992-ci ildə Ramiz müəllim həmin məktubların
foto-surətlərini mənə də vermişdi. Xarici
İşlər Nazirliyində birgə
çalışdığımız dövrdə isə belə
“hədiyyələrin” sayı daha da artmışdı... Təbii
ki, bütün bunları minnətdarlıq hissi keçirmədən
xatırlamamaq olmur.
İsmayıl
bəy Qasprinskinin azərbaycanlı əqidə dostuna göndərdiyi
məktublar öz səmimiliyi, inam və etimad ruhu ilə
seçilir, onların arasında ən müxtəlif məsələlərlə
bağlı tam qarşılıqlı anlaşmanın
mövcudluğunu göstərir. Ə.Topçubaşovdan 12
yaş böyük olan İ.Qasprinski
dövrün epistolyar mədəniyyəti
üçün səciyyəvi müraciət
formalarını (“mərhəmətli cənab”, “cənab” və
s.) bir tərəfə qoyaraq məktublarında ona sadəcə
“Əzizim Mərdan” deyə üz tutur, məktublarını
“Sənin İsmayılın” sözləri ilə
tamamlayır və bu yolla da münasibətlərinin
yaxınlığını, doğmalığını bir
daha nəzərə çarpdırmış olurdu.
“Yaxşı bilirsən ki, nə tənqidlərin, nə də
təriflərin mənə təsir etməz, çünki mənə
çox yaxınsan” – deyə 24 sentyabr 1906-cı il tarixli məktubda
qarşılıqlı münasibətlərin xüsusi
xarakterini bir daha vurğulayan İ.Qasprinski məhz gənc
dostunun qəlbini qırmamaq üçün bəzən hətta
hadisələrə və insanlara münasibətdə prinsiplərini
qurban verməkdən də çəkinməmişdi. Əlimərdan
bəy də öz növbəsində şəxsi həyatından
tutmuş ictimai-siyasi fəaliyyətinə qədər ən
müxtəlif məsələləri özünün
yaşca daha böyük və təcrübəli həmkarı
ilə müzakirə edir, ciddi qərarların qəbulunda
ondan məsləhət istəyirdi.
Onların
maraqlarının fokusunda dayanan problemlər kifayət qədər
geniş idi. Bura mətbuat, maarif, kitab nəşri, qadın təhsili,
müsəlman dini müəssisələri, türk toplumunun
mədəni, mənəvi, siyasi tələbləri, vəqf
torpaqlarının məscidlərin istifadəsində
qalması və s. daxil idi. “Şərqi-rus”
redaksiyasının Bakıya köçürülməsi və
bu yolla da azərbaycanlıların baş şəhərində
ana dilində mətbuat orqanı yaradılması təklifi
gündəliyə çıxanda Əlimərdan bəy məsləhət
üçün ilk növbədə “Tərcüman”
redaktoruna müraciət etmişdi. İ.Qasprinski 1904-cü
ilin dekabrında məsələ ilə bağlı ona
yazırdı: “Şərqi-rus”a gəldikdə, özün
bilən kimi hərəkət elə. Əlbəttə,
“mülkiyyət” kimi (burada Əlimərdan bəyin qəzetin
imtiyaz sahibi olması nəzərdə tutulurdu – V.Q.) sənə
ağır yük olacağını düşünmürəm.
Əslində çox tələsməyə ehtiyac yoxdur.
Çünki bilmək olmaz, bəlkə də mətbuat
azadlığı dövrünə qədər
yaşadıq; onda “Şərqi-rus” mərhələsi üzərindən
keçərək həqiqi qəzet buraxmağa
başlarıq”. Məsələ ilə bağlı qərar
qəbul edilməsində, yəni M.Şahtaxtinski ilə əməkdaşlıqdan
imtinada İ.Qasprinskinin fikrinin nə
dərəcədə mühüm rol oynadığını
deyə bilmərik. Amma burada iki cəhət diqqəti cəlb
edir: əvvəla “Şərqi-rus”un ümummilli mətbu orqana
çevrilə bilməməsi məktub müəllifinə bəlli
idi, eyni zamanda o, bir tərəfdən
Ə.Topçubaşov və Ə.Ağayev, o biri tərəfdən
isə “Şərqi-rus”un sahibi M.Şahtaxtinski
arasındakı fikir ayrılıqlarından,
qarşıdurmadan xəbərdar idi...
1906-cı
ildə Ə.Topçubaşov Bakı şəhəri və
quberniyasından Birinci Dövlət Dumasına deputat
seçiləndə buna ən çox sevinənlərdən
biri, heç şübhəsiz, İsmayıl bəy
olmuşdu. Həmin vaxta qədər Rusiya türklərinin I və
II qurultaylarına birgə rəhbərlik etmişdilər və
İsmayıl bəy dostunun siyasi iradəsi, polemika mədəniyyəti,
milli məsələlərdə dönməzliyi barəsində
təsəvvür əldə etmişdi. Odur ki,
Topçubaşovun Rusiya türkləri üçün
mühüm məsələləri çəkinmədən
Duma gündəliyinə çıxaracağına
inanırdı. Tezliklə ali qanunverici orqanda Müsəlman
fraksiyasının yarandığını və Əlimərdan
bəyin bu quruma rəhbərliyi öz üzərinə
götürdüyünü eşidən İ.Qasprinski Bağçasaraydan göndərdiyi
1906-cı il 28 iyun tarixli məktubda ona həm ciddi, həm də
yarızarafat bəzi məsləhətlərini verərək
yazırdı:
“Əzizim
Mərdan, sən çox qaynar mühitdə yaşamısan və
yaşayırsan. Bunu bir dəqiqəliyə də olsa unutma və
özün öz başına gündə bir neçə dəfə
soyuq su tök. Səni əhatə edənlərin,
oxuduqlarının və eşitdiklərinin
hamısının soyuq ağılla, ciddi tənqidi şəkildə
nəzərdən keçirilməsi ilk növbədə
özün üçün çox zəruridir. Yadından
çıxarma ki, taxt-tac sahibləri də daxil olmaqla
bütün müsəlman dünyasının gözü səndədir.
Unutma ki, rus tarixi də sənin adını öz səhifələrində
qoruyub saxlamalıdır. Sən ciddi dövlət adamı və
ictimai xadim ola bilərsən və olmalısan. Bizim
fraksiyanın işini elə qurmalısan ki, “müsəlman
qrupu”, yaxud “milli qrup” kimi həm sağdan, həm də soldan
ona hörmətlə yanaşsınlar”.
Əslində,
İ.Qasprinskinin bu məktubdakı peyğəmbərliklərinin,
daha dəqiq desək
inamının tam doğrulduğunu söyləmək
mümkündür. Çünki Ə.Topçubaşov həqiqətən
də ciddi dövlət adamı və böyük ictimai xadim
kimi fəaliyyətini yalnız
siyasi publisistika və Dövlət Duması kürsüsü
ilə məhdudlaşdırmadı, siyasi mübarizəsində
daha irəli gedərək öz xalqının milli dövlətinin
– Azərbaycan Cümhuriyyətinin qurucularından biri kimi
tarixdə yer tutdu.
Mətbuat
səhifələrində siyasi maarifçiliklə
başlayan bu mübarizə Birinci rus inqilabı dövründə
açıq müstəviyə keçdi. Eyni zamanda Azərbaycanın
öndə gedən fikir adamları milli oyanış və
ictimai fəallıq baxımından Krım və Volqaboyu
tatarları ilə ittifaqa girərək güclü blok
yaratmağa nail oldular. Tezliklə siyasi partiyaya çevrilən
bu bloku tatarlar tərəfdən İsmayıl Qasprinski, Azərbaycan
türkləri tərəfdən isə Ə.Topçubaşov
təmsil etdiklərindən onların 1905-ci ildən
sonrakı yazışmalarında türk birliyi ideyası,
imperiyanın türk-müsəlman xalqlarının siyasi təşkilatlandırılması
qayəsi aparıcı yer tuturdu. Artıq özünü
kifayət qədər ahıl sayan “Tərcüman” redaktoru bu
mübarizənin lideri kimi Əlimərdan bəyi
görürdü, məktublarında və mətbuatda həmin fikri açıq şəkildə
müdafiə edirdi. Türk hərəkatına təfriqə
salmaq, yaxud vahid lider kimi Ə.Topçubaşovun mövqeyini zəiflətmək
istəyənlər qarşılarında ilk növbədə
İ.Qasprinskini görürdülər. Bu baxımdan məktublarda
tatar publisisti və ictimai xadim
Qabdraşit İbrahimov haqqında yazılanlar səciyyəvidir.
Əlimərdan
bəy çox güman ki, Qasprinski vasitəsi ilə Krım
tatarlarının başqa
görkəmli nümayəndəsi, türk birliyi
ideyasının ardıcıl tərəfdarlarından biri
kimi tanınan Mustafa Davidoviçlə (1851-1914) tanış
olub yaxınlaşmışdı. Mustafa Davidoviç əslən
Litva tatarı və beş yüz illik tarixi olan əsilzadə
– murza nəslinin təmsilçisi idi. İlk gənclik illərində
İ.Qasprinski ilə birlikdə Moskva hərbi gimnaziyasında
təhsil almışdı. Onun təsiri altında Krıma gəlmiş
və həyatının sonuna qədər bir vaxtlar əcdadlarının
köç edib getdikləri əski vətənə xidmət
etmişdi. 1895-1902-ci illərdə Bağçasarayın,
1907-1914-cü illərdə isə Aluştanın şəhər
başçısı olmuşdu. XX əsrin əvvəllərində
xüsusi ilə geniş vüsət alan türk-müsəlman
hərəkatının fəal
iştirakçılarından idi.
Çar
I Nikolayın əmri ilə
Birinci Dövlət Dumasının buraxıldığı, Ə.Topçubaşov
da daxil olmaqla narazı deputatların xalqı etiraza
çağıran “Vıborq bəyannaməsini”
imzaladıqları 1906-cı ilin iyul günlərində Mustafa Davidoviç hadisələrin
gələcək inkişafı ilə bağlı
narahatlıqlarını azərbaycanlı məsləkdaşı
ilə bölüşərək yazırdı: “Çox
ağır təəssürat altındayıq və “sonra nə
olacaq?” sualına cavab tapa
bilmirik. Aralarında əhval-ruhiyyə coşqunluğu sezilən,
öz insan ləyaqətlərini dərk edən, ictimai fəaliyyətə
can atan və vətənpərvərlik hissləri ilə
yaşayan tatarlar (Krım tatarlarını nəzərdə
tuturam) bu şəraitdə yenidən fəaliyyətsizliyə
qayıdır, ruh düşkünlüyünə
qapılırlar. Soydaşlarımın belə hallarda
bütün müsəlmanların qanına və iliyinə
işləmiş hər
şeyi Allahın ümidinə buraxmaq, ondan mərhəmət
və şəfqət gözləmək hissinin təsiri
altına düşəcəklərindən əndişələnirəm”.
Yaranmış
qeyri-müəyyənliyə mümkün qədər tezliklə
son qoymaq, öz haqlarını tələb edən Krım-tatar cameəsinə
düzgün yol göstərmək üçün Mustafa
Davidoviç növbəti
türk-müsəlman qurultayının keçirilməsini zəruri
sayır və bu məsələdə təşkilati məsələlərin
ağırlığını öz üzərinə
götürmüş Əlimərdan bəydən məsləhət
almaq istəyirdi: “Qurultay haqqında son qərarınızı
bildirin. Bəlkə də Finlandiyada toplaşmaq lazım gəldi.
Mən künc-bucaqda gizlənməyin tərəfdarı deyiləm.
Bir sıra narahatlıqlar, məsələn, yolun
uzaqlığı və s. belə işdə maneəyə
çevrilməməlidir”.
Məktub
Əlimərdan bəyin Vətənində – Azərbaycanda erməni
fitnəkarlarının əli ilə körüklənən
millətlərarası münaqişə ilə bağlı
narahatlığı ifadəsi ilə başa
çatırdı: “Qafqaza üz verən bu bədbəxtlik nədir?
Doğrudanmı nə yerdə, nə də göydə ədalət
deyilən bir şey yoxdur? Bu misli bərabəri görünməyən
qəddarlığa, günahsız insanların qanının
axıdılmasına son qoymaq mümkün deyilmi?”.
Qaldırılan
məsələlərin vacibliyi və təxirəsalınmazlığı
Mustafa Davidoviçi ertəsi gün – iyulun 25-də Əlimərdan
bəyə yeni məktub yazmağa vadar etmişdi. Bu dəfə
o, türk qurultayı keçirilməsi üçün rəsmi
müraciət variantına üstünlük verir və
Dövlət Dumasının üzvü kimi azərbaycanlı
həmkarını bu məsələdə daha prinsipial
mövqe tutmağa çağırırdı. Yalnız
hökumət tərəfindən icazə verilmədiyi təqdirdə
qurultayın məxfi şəkildə, yaxud Finlandiyada təşkilini
məqsədəuyğun sayırdı.
Məlum
olduğu kimi, Rusiya türklərinin birinci qurultayı
İ.Qasprinski və Ə.Topçubaşovun sədrliyi
altında 1905-ci il avqustun 15-də yarımleqal vəziyyətdə,
bir qrup adamın gəmi ilə Volqa səyahətinə
çıxması adı altında “Qustav Struve” paroxodunda keçirilmişdi.
Bunun kifayət qədər poetik olduğunu etiraf etməklə
birlikdə məktub müəllifi mövcud şəraitin
ciddiliyinin nəzərə alınmasını da zəruri
sayırdı. Onun fikrincə, Stolıpinin hələlik
liberalizm oyunu oynamağa üstünlük verdiyi bir vaxtda hər
hansı “qırmızı” meylin nəzərə
çarpmadığı müsəlman qurultayının təşkilinə
icazə almaq mümkün idi. Əsas məsələ formal
razılığın əldə edilməsi idi; gündəliyi
qurultayın gedişi zamanı genişləndirmək, yaxud dəyişdirmək
mümkün idi.
Həmin
dövrdə İsmayıl bəyin müalicədə
olduğunu nəzərə alsaq, Davidoviçin məktublarının
onların hər ikisinin adından
yazıldığını güman etmək
mümkündür. Məktublar öz rolunu oynadı. Əlimərdan
bəy dostlarının məsləhətinə qulaq asdı
və qurultayla bağlı rəsmi icazə alınmasına
nail oldu. Bunu yüksək qiymətləndirən
İsmayıl bəy bütünlükdə mübarizəsinin
leqal müstəvidə aparılması tərəfdarı
idi və Ə.Topçubaşovu da yalnız belə olduğu
təqdirdə xalqın dəstəyinin, kütləviliyin təmin
ediləcəyinə inandırmağa
çalışırdı.
Beləliklə,
Rusiya türklərinin III qurultayı 1906-cı il avqustun 16-dan
21-nə qədər Nijni-Novqorod şəhərində
keçirildi. Onun işində Rusiya imperiyasında
türk-müsəlman əhalinin yaşadıqları ərazilərdən
gəlmiş 900 nəfərdən çox nümayəndə
iştirak edirdi. Mötəbər məclisi tərkibinə İsmayıl
Qasprinski, Əlimərdan bəy Topçubaşov, Seyid Girey
Alkin, Şah Heydər Sırtlanov və b. daxil olduğu rəyasət
heyəti aparırdı. Miqyasına və gündəliyə
çıxarılan məsələlərin mahiyyətinə
görə bu qurultay Birinci rus inqilabı dövründəki
müsəlman siyasi hərəkatının zirvəsi
sayıla bilərdi.
Qurultay
Rusiya müsəlmanlarının ilk siyasi partiyasının –
“İttifaki-müslim”in Ə.Topçubaşov tərəfindən
yazılmış proqramını və nizamnaməsini qəbul
etdi. 15 nəfərdən ibarət Mərkəzi Komitə
seçildi. Əlimərdan bəy partiyanın sədri oldu. Mərkəzi
Komitənin tərkibinə seçilənlərin 11 nəfərinin
Volqaboyu tatarlarını təmsil etmələrinə
baxmayaraq sədrlik postuna azərbaycanlı siyasi xadimin layiq
bilinməsi onun Rusiya türkləri arasında həqiqətən
də böyük nüfuz sahibi olduğunu göstərirdi.
Stolıpin
irticasının tüğyan etdiyi, Rusiya türklərinin
başlatdıqları fəaliyyətin təhlükə
altına düşdüyü dövrdə İsmayıl bəy
ən çox Ə.Topçubaşova, onun ağlına, təcrübəsinə,
imperiya paytaxtındakı əlaqələrinə güvənirdi.
1908-ci il aprelin 11-də mübarizənin gələcək
taleyi ilə bağlı fikirlərini onunla bölüşərək
yazırdı: “Əzizim Mərdan, əzablar içərisində
nail olduğumuz işlərin vəziyyəti mənə
yaxşı məlumdur, odur ki, soruşuram: sonra nə olacaq? Nə
etməliyik? İlk növbədə sən Peterburqda
qalmalısan, inanıram ki, əyalətlərdə təşkilati
işlər başlayacaq və o, rus tarixinin xaotik
dövründən, ümumrusiya partlayışından
(Birinci rus inqilabı nəzərdə tutulur – V.Q.) daha ciddi
xarakter alacaq. Aradan keçən üç il xalqı xeyli tərbiyələndirib.
Psixoloji dönüş baş verib, sadə camaatın və
ziyalıların fikri daha ciddi xarakter alıb”.
Belə
şəraitdə hadisələrin episentrində, siyasi qərarlar
qəbul edildiyi yerdə şöhrətə, rəyasətə
can atanların deyil, həqiqi milli liderin olması zəruri
idi. İ.Qasprinskinin nəzərində belə siyasi lider Ə.Topçubaşov
idi. “Yaramazları və cahilləri çıxmaq şərti
ilə sağlam düşüncəli insanların
hamısı sənin Peterburqda qalmağının əhəmiyyətini
yaxşı başa düşürlər. Ona görə də,
nəyin bahasına olursa olsun o mühitə
uyğunlaşmağı, orada baş
çıxarmağı bacarmalısan. Sonra nə baş verməsindən
asılı olmayaraq heç kim sənin biliyinə, təcrübənə,
hisslərinə qarşı söz deyə bilməz,
onların əhəmiyyətini azalda bilməz. Sən xalqa
lazımsan, lazım olacaqsan, bunu heç vaxt yaddan
çıxarma”.
İ.Qasprinski
təkcə Rusiyada deyil, beynəlxalq miqyasda görüləcək
işlərdə də Əlimərdan bəyi
özünün ən yaxın müttəfiqi və ideya
silahdaşı sayırdı. 1907-ci ildə o, ümumdünya
müsəlman qurultayı təşkil etmək fikrinə
düşmüş, bu məqsədlə Osmanlı
imperiyasında və Misirdə olmuşdu. 1908-ci il aprelin 11-də
nəzərdə tutulan islam forumu ilə bağlı
gördüyü işlər, keçirdiyi görüşlər
haqqında Əlimərdan bəyə məlumat verərək yazırdı: “Müsəlman
konqresini bu il toplamaq mümkün olmayacaq, çox güman ki,
gələn 1909-cu ilin oktyabrında keçiriləcək.
İş çox ehtiyatla aparılır, meydana çıxan
təhlükələrdən yayınmaq üçün
taktiki gedişlərə əl atılır”. Konqresin
işçi dilinin fransızca olması nəzərdə
tutulduğundan İ.Qasprinski bu dili yaxşı bilən Əlimərdan
bəyi də rəhbər heyətin sıralarında
görürdü.
1909-cu
ildə İran hökuməti ölkədə hüquqi
islahatlar aparmaq, ədliyyə sistemini dövrün tələblərinə
cavab verən şəkildə qurmaq üçün Ə.
Topçubaşovu təkidlə Tehrana dəvət edirdi. Ona
nazir postundan aşağı sayılmayan vəzifə və
ideyalarını həyata keçirmək üçün
geniş səlahiyyətlər vəd olunurdu. Seçim
qarşısında qalan Əlimərdan bəy yenə də
Bağçasaraydan məsləhət almaq qərarına gəlmişdi.
İ.Qasprinski 14 mart 1910-cu il tarixli məktubunda açılan
imkanları dəyərləndirərək yazırdı:
“Tehranın layiqli adamlar axtarması məni sevindirir. Yəqin
başa düşüblər ki, xilas yolu diplomatik dəftərxanalarda
yox, insanlardadır. Əlbəttə, səni Tehranda görmək
istərdim. Çünki orada hələlik bizdə
mümkün olmayan fəaliyyət meydanı və vəzifələr
meydana çıxıb. Orada görülməli işlər
çoxdur və onlar bizə yad deyil. İstər faydalı tərəflərini,
istərsə də əksini nəzərə alaraq dəvəti
qəbul edib-etməmək sənin ixtiyarındadır. Bir tərəfdən
şəxsi işlərini qaydaya salmaq, o biri tərəfdən
isə onları yenə də yarımçıq qoymaq
artıq xeyirxah ürəyinin qərarı olmalıdır.
Lakin bir şeyi deyə bilərəm: İranda səni
yüksək və tarixi vəzifələr gözləyir”.
Eyni tarixi vəzifələr daha kəskin və təxirəsalınmaz
şəkildə doğma Vətəndə də
qarşıda dayandığından Ə.Topçubaşov Qacarların
dəvətindən boyun qaçırmağı üstün
tutmuşdu.
Siyasi
məsələlərdən sonra onların sadəcə
İsmayıl bəyin bir neçə məktubuna əsaslanaraq
fikir yürütdüyümüz yazışmalarında
ikinci əsas yeri mətbuat mövzusu tuturdu. “Tərcüman”
Krım və Volqaboyu tatarları arasında Ə.Topçubaşovun
adı ilə bağlı olan “Kaspi”,
“Həyat” kimi nəşrlərin təbliğinə,
yayılmasına diqqət yetirirdi. Eyni zamanda İsmayıl bəy
“Tərcüman”ın planları, mündəricəsi,
dövriliyi, materialların bir hissəsinin rus dilində verilməsi,
siyasi istiqamətin qüvvətləndirilməsi, nəşriyyat
fəaliyyətinin əlaqələndirilməsi və s. məsələlər
barəsində azərbaycanlı dostu və həmkarı ilə
məsləhətləşməyi də vacib sayırdı.
“Həyat”
qəzetinin Azərbaycan mətbuatına qarşı təzyiq
alətinə çevrilmiş Qafqaz Senzura Komitəsinin
basqıları altında nəşrini dayandırmaq məcburiyyətində
qalması İ.Qasprinskini diqqətindən
yayınmamışdı. M.Ə.Sabirin “Əfsus, “Həyat” isə,
məmat oldu, qapandı!” – deyə yas tutduğu bu hadisəyə
azərbaycanlı həmkarlarından az kədərlənməmişdi.
Ə.Topçubaşova ünvanladığı 11 sentyabr
1906-cı il tarixli məktubda (“Həyat”ın son sayı
sentyabrın 3-də çıxmışdı – V.Q.) “Əzizim
Mərdan, “Həyat” üçün çox da qəmlənmə,
işimiz onsuz da boğazdan olacaq” –deyə qələm dostunu
sakitləşdirirdi. 24 sentyabr tarixli məktubda isə yenidən
bu məsələyə qayıdaraq postskriptum qeydində
yazırdı: “İki kəlmə “Həyat” haqqında. Onun
bağlanmasından kədərləndiyini hiss edirəm. Sənin
çox vaxt orada olmamağın, iş bacaran adamların
çatışmaması nəticədə Hacının (qəzeti
maliyyələşdirən H.Z.Tağıyev nəzərdə
tutulur – V.Q.) yaxasını kənara çəkməsinə
səbəb oldu. “Elansız qəzet” və “müsəlmanlar
üçün qəzet”lə bağlı təcrübəndən
ibrət götürməlisən. Burada sənin də üzərinə
məsuliyyət düşür – çünki hələlik
məhdud olan bir mühit üçün məsələləri
geniş şəkildə qoymuşdun. Abunədən
qazandığın pullar müəlliflərin
mükafatlandırılmasına gedirdi. Bəs kağız,
poçt, mürəttib xərcləri?”
Digər təsadüflərdə olduğu kimi, yenə də
düşünməyə tam əsas var ki, bu qeydlər Əlimərdan
bəyin mətni əlimizdə olmayan məktubuna cavab səciyyəsi
daşıyır.
lll
H.Zərdabi,
İ.Qasprinski və Ə.Topçubaşovun 1907-ci ildə
Bakıda çəkilmiş məşhur foto-şəkli
var. Həyatının son günlərini yaşamaqda olan
üzgün, kədərli Həsən bəy ortada oturub. Qasprinski
sağında, məsləkdaşı və kürəkəni
Əlimərdan bəy isə solunda qərar tutublar. Estafeti
sıra ilə biri digərinə ötürən üç
nəsil, Rusiya imperiyasında türklərin milli
hüquqları uğrunda mübarizənin üç fədaisi bir aradadır.
Hər
şeyi Zərdabi başlamışdı. Rusiyada ilk türk qəzetini
– “Əkinçi”ni çıxarmış, ilk teatr
tamaşasının, ilk qız məktəbinin təşkilatçısı
olmuş, ilk dəfə Azərbaycan türklərinin milli iradəsinin
ifadəçisi kimi çıxış etmişdi. “Su
damcısının da mürur ilə daşı dələcəyinə”
inandığından dayanmadan, təkbaşına da olsa,
çalışmışdı. Sonda səyləri nəticəsiz
qalmamışdı. Böyük “Əkinçi”nin səpdiyi
toxumlar cücərmişdi. Səsinə Krımdan
İsmayıl Qasprinski səs vermişdi. “Əkinçi” “Tərcüman”ı yetirmişdi.
Uzaq
perspektivdə dünya müsəlmanlarını bir araya gətirmək
istəyən Qasprinski bu fantastik niyyəti ilə bir sırada
həm də türk birliyi ideyasının beşiyi
başında dayanmışdı. Ortaq dil, türkün tarixi
və mənəvi dəyərlərinə birgə sahiblik
şüuru formalaşdırmağa
çalışmışdı. “Dildə, fikirdə, əməldə
birlik” – şüarı ilə nədənsə slavyanofillikdən
fərqli olaraq daim mənfi çalarla xatırladılan
panturkizm ideya-siyasi cərəyanının qurucularından
biri kimi tanınmışdı.
Rusiya
imperiyasındakı türk-müsəlman xalqların
milli-azadlıq mübarizəsi epoxasına qədəm
qoyduğu dövrdə estafeti ondan Əlimərdan bəy
Topçubaşov almışdı. XX əsrin ilk iyirmi ilində
həqiqətən titanik fəaliyyət göstərmişdi.
Maarifçilik hərəkatının siyasi müstəviyə
keçirilməsinə nail olmuşdu. Tale Ə.Topçubaşova
sələflərindən böyük sevinc və
böyük acı bəxş etmişdi – milli dövlət
qurucuları sırasında yer almış, onun mövcudluğunun
ehtişamını və süqutunun faciəsini
yaşamışdı. Amma həyatının son
gününə qədər mübarizədən çəkinməmişdi.
May, 2013-cü il.
Budapeşt
Vilayət QULİYEV
525-ci qəzet.- 2013.- 1 may.- S.18-19.