Akademik Cuvarlı – elm və nəcabətin
vəhdəti
Azərbaycan elektrofizika məktəbinin banisi, dünya
energetika elminin tanınmış simalarından olan Çingiz
Cuvarlı müasir Azərbaycan ziyalısı ənənələrinin
təməlçilərindən idi.
NƏSİB BƏYİN BACISI
OĞLU
Bu ZİYAnın genetik kökü də mövcud idi. O, Azərbaycanın taleyində
əhəmiyyətli rol oynamış familiyaya məxsus bir
ocaqda – Yusifbəylilərin ocağında, Gəncədə
doğulmuşdu. Çingizin anası Xanım Azərbaycan
Milli İdeyasının başlanğıcında duran bir
şəxsin, yaxın yüzillik
tariximizin ən güclü ictimai-siyasi simalarından
olan görkəmli xadim, Azərbaycan Cümhuriyyətinin
baş naziri Nəsib bəy Yusifbəylinin doğma
bacısı idi; atası Mehdi bəy Cuvarlı əvvəlcə
Sorbonna, sonra Tartu Universitetlərinin tibb fakultəsində
oxumuş, Azərbaycanın ilk baytar həkimi olmuşdur.
1920-ci ilin aprelində Mehdi bəy Azərbaycan
Cümhuriyyətinin Kənd Təsərrüfatı
Nazirliyinin baş baytarı təyin olunur. Yeni təyinat
üzrə ailəsi ilə birgə Bakıya yollanan Mehdi bəy
burada artıq 28 Aprel çevrilişi ilə üzləşir.
O, ailəsilə Cuvarlı kəndinə yollanır. Bir qədər sonra burada məktəb təsis edir və
onun direktoru işləyir. Lakin gözlənilməz
ölüm ailəni başsız qoyur. Aclıq
dövrü olduğundan Çingizi Bakıda uşaq evinə
verirlər. Ailə isə Gəncəyə
köçərək Yusifbəylilərin böyük qardaşı
Həmid bəyin himayəsinə sığınır
(buradaca qeyd edək ki, Həmid bəy də hələ
çar dövründən milli azadlıq hərəkatının
ön sıralarında getmiş, maarifçilik fəaliyyəti
ilə yanaşı 1905-ci ildə “Difai” milli firqəsinin
özəyini təşkil edəcək “Qeyrət” təşkilatının
yaradıcılarından olmuşdur).
1924-cü ildə Həmid bəy 11 yaşlı
Çingizi Bakıdan Gəncə Uşaq evinə
köçürməyə müvəffəq olur. Amansız
aclıq və xəstəlik artıq onun kiçik
bacısının və qardaşının həyatına
son qoyduğundan, ana bununla bir balaca təsəlli tapmış
olur. Həmid bəyin “istintaq”ı isə
uzun müddət davam edir. Nəhayət
1942-ci ildə onu tuturlar və Həmid bəy Bakı həbsxanasında
bir neçə aydan sonra vəfat edir. Nəsib bəyin
kiçik qardaşı Eyyub bəy isə Solovki adasına
sürgün edilir, oradan qayıtdıqdan bir qədər
sonra, 1948-ci ildə ikinci repressiya dalğası ilə Tomska
sürülür, 1956-cı ildə doğma ocağa dönməyə
müvəffəq olur. Bütün
ömrünü sürgündə keçirən Eyyub bəy
ailə də qura bilməmişdi.
1927-ci ildə
Gəncə Sənaye Texnikumunda oxuyarkən 14 yaşlı
Çingiz özünün elmə, eləcə də ədəbiyyat
və incəsənətə həvəsi ilə burada müəllimlik
edən Azərbaycan elminin gələcək korifeyi, respublika
Elmlər Akademiyasının yaradıcısı olacaq Yusif Məmmədəliyevin
diqqətini cəlb edir. Qətiyyətlə elm
yolunu tutmağa qərar vermiş Çingiz gələcəkdə
də dəfələrlə öz müəlliminin kömək
və dəstəyinə arxalanacaqdı.
Yaxın qohumu Məmməd Cuvarlinskinin Respublika Kommunist
Partiyasına rəhbər vəzifəyə irəli çəkilməsi
də məhrumiyyətlərin bir qədər səngiməsi
ilə nəticələnir. Çingiz Yusif Məmmədəliyevin
təqdimatı ilə Azərbaycan Sənaye İnstitutunun tələbəsi
olur. 3-cü kursdan institutun elmi-tətqiqat
sektorunda çalışır, 5-ci kursdan isə artıq
mühazirələr oxumağa başlayır.
1938-ci ildə gənc mühəndis Çingiz
Cuvarlı Bakı şəhərində ağır nəticələr
törədə biləcək qəzanın qarşısının
alınmasında şəxsən iştirak edir. Bu barədə
xəbər tutan respublika rəhbəri Mircəfər
Bağırov bir müddət əvvəl Xalq Maarif
Komissarı Məmməd Cuvarlinskini şəxsən güllələməsinə
baxmayaraq, Çingiz Cuvarlını qiymətli mütəxəssis
kimi qorumaq haqda göstəriş verir.
ELM FƏDAİSİ
Çingiz
Cuvarlının
87 illik ömrünün 67 ili Azərbaycan energetika
elminin inkişafına, xalqın tərəqqisinə sərf
olunmuşdur. Azərbaycan EA həqiqi üzvü, SSRİ, Azərbaycan
və Ukrayna Dövlət, SSRİ EA P.Yabloçkov adına
mükafatlarının laureatı, SSRİ-nin fəxri
energetiki, Azərbaycanın əməkdar elm xadimi, texnika elmləri
doktoru, professor Çingiz Mehdi oğlu Cuvarlı dünya
miqyasında elektroenergetikanın fiziki-texniki və fundamental
problemlərinin işlənilməsində və zənginləşdirilməsində
xidmətləri olan alim kimi tanınıb. Onun
başçılığı ilə aparılan tədqiqatlar
yüksək elmi səviyyə və nəticələrlə
fərqlənməklə yanaşı, dəfələrlə
SSRİ EA-nın və SSRİ Energetika Nazirliyinin yeni texnika
üzrə hesabatlarında sovet elminin əsas nailiyyətləri
sırasında yer alıb. Onun uzun illər
rəhbərlik etdiyi, Azərbaycan EA Energetika İnstitutunun
Yüksək Gərginliklər Laboratoriyası SSRİ, eləcə
də bir sıra xarici ölkələrin energetikləri
üçün yüksək səviyyəli məktəb
hesab olunub. Ən başlıcası isə bu
laboratoriyada çalışmağa gələnlər elmə
təmənnasız xidmət üzrə “Cuvarlı məktəbi”ni keçmiş olurdular. Bu məktəbin
yetişdirmələrindən olan akademik Arif Həşimovun sözləri alimin
portretinə maraqlı cizgilər vurur:
“Çingiz Mehdiyeviç yaşlı vaxtlarında da
yalnız əvvəlki uğurların xatirələri ilə
yaşayan alim deyildi. O, elmin sabahkı gününü, onillər sonrakı
inkişaf istiqamətlərini duyur və yetişdirmələrini
bu perspektivlərə yönəldirdi”.
Onu da deyək ki,
akademik Cuvarlı SSRİ Kosmik Uçuşlar üzdə
Dövlət Komissiyasının üzvü olub. Çingiz müəllimi dəfələrlə
Rusiya, Ukrayna, eləcə də İranın nüfuzlu elmi mərkəzləri
böyük imtiyazlı şərtlərlə işləməyə
çağırsalar da o, Vətəndə qalmağı
özünün vəzifə və mənəvi borcu hesab
edib.
AZƏRBAYCANA BÖYÜK ŞƏXSLƏR
VERMİŞ MƏBƏDDƏ
Bu evi sözün əsl mənasında belə
adlandırmaq olar. Materialımızı hazırlayarkən
biz Azərbaycanın siyasi tarixinə və elm aləminə
görkəmli şəxsiyyətlər vermiş bu ocaqda
olmaya bilməzdik. Elə evin önünə vurulmuş, Yusifbəylilərin
və Çingiz Cuvarlının barelyefləri də burdan
keçənlərə bu ocağın Vətənə təmənnasız
xidmət nümunəsi olan insanların yadigarı olduğunu
xatırladır.
Evin hal-hazırki sahiblərindən olan Rəfat
Cuvarlı Çingiz müəllimin yeganə sağ
qalmış qardaşı Zillinin oğludur. Belə görünür, Rəfat
müəllim Çingiz Cuvarlı üçün həm də
yaxşı dost və həmsöhbət imiş. O, bizə
Çingiz müəllimin dilindən eşitdiyi, onun təmiz
və prinsipial şəxsiyyətini, elm aləmində çəkisini
xarakterizə edən xeyli nümunələr gətirdi.
Bizi
çox sayda ailə fotoları ilə tanış
edən Rəfat müəllim Çingiz Cuvarlının doğma
Gəncəyə bağlılığı barədə də
danışdı:
“Gəncə
kəlməsi hər an dilində idi. Çox nadir məzuniyyətlərini də burada
keçirərdi. Öz ad gününü isə mütləq
Gəncədə qeyd etməli idi. Bu bir qanun
idi. Elə vəsiyyətində də
doğma şəhərində dəfn olmasını istəmişdi.
O, 2000-ci ilin avqustunda öz son arzusuna qovuşdu”.
Rəfat
müəllim əmisinin qürurlu, eyni zamanda sadə və təvazökar
insan olmasından da söhbət açdı:
“Oxumuşam ki, Yusif Məmmədəliyev uşaqlarla
nağıl-multfilmlərə baxmağı, onlarla birgə
sevinməyi xoşlayırmış. Qəribədir,
Çingiz Cuvarlı da müəllimi kimi uşaqla uşaq,
böyüklə böyük idi. Ümumiyyətlə,
bu iki böyük insan arasında oxşar cəhətlər
mövcuddur. Vaxtı ilə Y.Məmmədəliyev
özü haqda getmiş məqalədə guya onun əsl
proletar mənşəli olduğunu yazaraq, ona “xidmət
göstərmək” istəyən bir nəfərə
açıq etiraz etmiş və demişdi ki, mənim atam
Hacı Heydər heç vaxt siz yazdığınız kimi
“batrak” yox, meyvə tədarükü ilə məşğul olaraq ortabab səviyyədə
yaşayan bir adam olub; nə üçün bunu
danmalıyam?”
Yeri gəlmişkən, uzun müddət Həmkarlar
İttifaqı təşkilatlarında
çalışmış Rəfat müəllim bir neçə
ay əvvəl Tərəqqi Medalına layiq
görülüb. O, Yusifbəylilər nəslinin varisi olmağı ilə
fəxr edir və vurğulayır ki, Çingiz Cuvarlı da o vatki
bədxahların
basqılarına məhəl qoymadan hansı nəslin
nümayəndəsi olduğunu heç vaxt gizlətməyib:
“ Onun hər
bir hərəkətində, sözündə, jestində bu əsilzadə
mənşəyin təzahürləri
görünürdü. Çingiz Cuvarlı
heç zaman formal hərəkətlərə yol verməyib.
O, tərif sevməz və heç kimi tərifləməzdi. Bunu lazımsız, hətta ziyanlı sayardı”.
87 YAŞINDA İKƏN GƏNCLƏRƏ
MANİFEST YAZAN ADAM
Sizdə
elə təsəvvür yaranmasın ki, bu, ömrünün
sonuna az qalmış insanın gənclərə
vəsiyyəti idi. Əsla! Çingiz müəllim
heç zaman ruhən qocalmayan, həmişə enerjili, gələcəyə
istiqamətlənmiş bir şəxsiyyət olub. Onun fikrincə, “müasir elm hesab edir ki, fəal zehni
əmək, necə deyərlər, beyni cürbəcür
mümkün xəstəliklərə qarşı
“şuntlayır” və uzun ömür üçün şərait
yaradır. Belə ki, akademiklər Zelinski
və Qamaleya 90 yaşından sonra da əla mühazirələrlə
çıxış etmişlər”.
Odur ki, daim gələcək haqda düşünən
bu böyük insanın sözləri də gənclərə
ünvanlanıb. Biz də Çingiz Cuvarlı haqda qeydlərimizi
onun elə “Gənclərə müraciət”
adlandırdığı yazısından parçalarla bitirmək
istəyirik. Çünki buradakı mülahizələrin,
bu güclü şəxsiyyətin portretinin cizgilərini
tamamlamaqla bərabər, hər birimizə düşüncə
üçün faydalı məlumatlar verdiyinə əminik:
“Böyük dünyaya daxil olmuş və daxil olan dahi həmvətənlərimiz
haqda bilməli və xatırlamalıyıq. Yadıma müxtəlif
adlar düşür – rus şərqşünaslığını
zənginləşdirən Mirzə Kazım bəy; Azərbaycanın
ilk maarifçisi Həsən bəy Zərdabi; Əli bəy
Hüseynzadə; Səməd bəy Mehmandarovun oğlu,
SSRİ-nin baş terapevti Akademik Tuşinski; Türkiyənin ən
yaxşı torpaqşünaslarından hesab olunan Mirzə bəy
Göygöl (Nəsib bəy Yusifbəylinin qızı Zəhra
xanımın həyat yoldaşı – Z.M.) və digərləri.
Hal-hazırda
yaşayan və xaricdə əsl karyera qazanmış həmvətənlərimiz
də gənclər üçün işə yanaşma
nümunəsi olmalıdırlar – Ələsgər
Lütfizadə, onun haqqında kibernetikanın atası Nobert
Viner deyib ki, “Mənim ölümümdən sonra kibernetika
elminə böyük uğurla professor Lütfizadə rəhbərlik
edə bilər”; Rasim Barut (o əslən Gəncənin
barıtçılar məhəlləsindəndir)
hal-hazırda Amerika Nəzəri Fizika İnstitutuna rəhbərlik
edir ( yeri gəlmişkən, bizim günahımız odur ki, nə
Lütfizadə, nə də Barut
bizim akademiyanın fəxri üzvləri deyillər);
Pürhan Kərimov Moskva Dövlət Universitetində fizika
kafedrasına başçılıq edir; Dubnada isə
artıq uzun illərdir ki, gözəl nəzəriyyəçi-fizik
Rüfət Mirqasımov çalışır...
Yekunlaşdırarkən demək istərdim ki, bizim
üçün bu dünyada əsas olan öz
istedadımızı, öz yerimizi, həll etməli
olduğumuz “sirrimizi” dərk etməyimizdir. Böyük, dəyişkən
dünyada bizim də öz vəzifəmiz var. Kantın sadə
aforizmini tez-tez yada salın: “Öz ağlından faydalanmaq cəsarətinə
malik ol!”. Və hazırki bəşəriyyətin
problemləri nə qədər dramatikləşdirilsə də,
bilin ki, irəlidə sizi çox maraqlı şeylər
gözləyir, narahatlıq isə bəşəriyyəti
heç vaxt tərk etməyib”.
Zakir Muradov
525-ci qəzet.- 2013.-
11 may.- S.24.