Möhtəşəm məktub
Salam, Heydər
baba! Bu gün – mayın 10-u sənin anım yox, ad
günündür! Ölənləri anarlar, sən ki ölməmisən!
Hər il dünya tarixində ən
möhtəşəm bir qələbə günündən
– 9 maydan sonra sən yenidən doğulursan! Çünki
tale səni möhtəşəm qələbələr
üçün dünyaya gətirmişdi.
BİSƏT
Sən
şöhrətli ailədə doğulmadın!
Çünki şöhrəti özün
qazanmalıydın! Qazandın da! Sən dövlətli ailədə
doğulmadın! Çünki dövləti özün
qurmalıydın! Qurdun da! Sən adi, sadə bir ailədə
dünyaya göz açdın! Çünki adi, sadə
insanların halına yanmalıydın! Əzab-əziyyətin
nə olduğunu bilməliydin ki, əzab-əziyyət
içində olanların qədir-qiymətini biləsən!
Bilirdin də!
Sən – adi, sadə, göygözlü, ağbənizli
bir naxçıvanlı balası bilmirdin ki, qarşıda necə
bir tale ilə üzləşəcəksən. Min bir güzəran
çətinlikləri içində dərslərini
hazırlayır, sinif yoldaşın Zəroşla birgə məşhur
aktyor, Naxçıvan cavanlarının kumiri İbrahim Həmzəyevin
dərnəyinə gedir, özünü səhnədə
görürdün. Sonra o balaca Zəroş
Naxçıvan səhnəsinin kraliçası – Azərbaycanın
Xalq artisti Zəroş Həmzəyeva oldu! Səni isə Azərbaycan
siyasi səhnəsinin kralı olmaq gözləyirdi! Taleyin
yazısı insanın istəyindən güclü idi!
Bakıya
gəldin, ali təhsil aldın, dövlət
təhlükəsizliyi orqanlarında qulluğa girdin,
çevikliyin, intizamın, ağlınla yuxarıların diqqətini
çəkdin, qiymətləndirildin, pillə-pillə
qalxdın. Tale səni ən böyük mənəvi
dəstəyinlə, Xədiceyi-Kübranla – Zərifə
xanımla qarşılaşdırdı. Sevginin və sədaqətin
örnəyinə çevrildiniz! Övladların
dünyaya gəldi. Onsuz da ilhamlı idin,
onsuz da sevilirdin, daha da ilhamlandın, daha da sevildin. Buracan
olanlar sənin həyatının birinci dövrü, bura qədərkilər
sənin BİSƏTin idi! Sən böyük bir missiyanın
icrası üçün hazırlanırdın! Bu, taleyin
hökmü idi! Bu, sənin hünərin idi!
DƏVƏT
Sonra SSRİ adlı nəhəng imperiyanın
başında duranlar gördülər ki, Azərbaycan
taxtında əyləşməyə səndən layiqli namizəd
yoxdur. Hakimiyyətə dəvət olundun. Birinci hakimiyyət dövrün başladı.
Qəlbinin bir istəyi, dilinin bir sözü oldu – AZƏRBAYCAN!
Kommunist Partiyasının bileti döşünün
üstündə, Azərbaycan sevgisi döşünün
altında oldu! Sənin yenilməz iradənin
gücüylə Azərbaycan adlı qartal öz
qanadlarını açıb SSRİ adlı nəhəng bir
səmada qalibiyyətlə pərvaz etməyə
başladı. Şovinist rusların, paxıl ermənilərin,
özündənrazı gürcülərin,
çoxbilmiş yəhudilərin arasında sən Məhəmməd
Hadinin nakam bir arzusunu həyata keçirdin: “Qoymuş millət
imzasını övraqi-həyata, VAR millətimin xətti ol
imzalar içində!”
Onlar bizim Yevtuşenkomuz var deyəndə, sən bizim də
Vahabzadəmiz var deyirdin. Onlar öz Matevosyanları ilə qürur
duyanda, sən Anarla fəxr edirdin. Onlar Kobzonumuz,
Zıkinamız, Osparyanımız var deyəndə, sən
bizim də Maqomayevimiz, Xanlarovamız var deyirdin. Onlar
bizim Mordyukovamız, Doroninamız var deyəndə, sən
bizim də Məmmədovamız, Pənahovamız var deyirdin.
Onlar Rustavelidən, sən Nizamidən, onlar Data Tutaşxia,
Sasunlu Daviddən, sən Qaçaq Nəbi, Koroğludan bəhs
edirdin. Onlar gümüşlənmiş
öküz buynuzlarını qaldırıb böyük bir fəxarətlə
özlərini şərab, bizi “çay oğlu”
adlandıranda sən üzümçülük mədəniyyətini
inkişaf etdirir, öküzün buynuzunu qırırdın.
Gürcüstanla üzüm, Orta Asiya ilə
pambıq yarışına çıxır və qalib gəlirdin.
Sən özünün yorulmaz yarış ruhunla daha nələr
eləmirdin... Sən SSRİ-ni dindən-imandan
eləyirdin. Sən SSRİyə Azərbaycan adlı yeni
bir İNANC gətirirdin! Və hamını bu yeni inanca
baş əyməyə vadar edirdin! Sən yeni bir Şah
İsmayıl idin! Sən rus, erməni, gürcü... bütlərini
yıxırdın! Sənin adın bütün SSRİ ilə
bir olmuşdu! Sən Azərbaycanın adını
bütün SSRİ ilə bir eləmişdin!
Bu mümkünsüzü necə mümkün eləyə
bilirdin? Çünki konkret siyasi durumu, tarixi situasiyanı dəqiq
görən iti zəkanla sağa-sola ifratlardan yan keçir,
qızıl ortanı tuta bilirdin. Birmənalı kommunist
ideologiyası, yoxsa radikal millətçilik! Sən Nizaminin Bəhramı
kimi qələbə tacını bu ifrat və təfrit
şirləri arasından götürdün! Azərbaycanın
gələcəyinə dair bəlkə də ən
böyük xəyallarla yaşayırdın. Amma nəhəng
sovet imperiyasının real gücü qarşısında
xülyalara da qapılmırdın! İncəsənətə,
ədəbiyyata heyrətamiz bir sevgi bəsləyən
romantik, duyğusal bir insanıydın! Amma bayağı,
romantik, siyasi uzaqgörənlikdən uzaq “vətənpərvərliyə”
də uymurdun! Reallıqla hesablaşmaq və konkret durumda
mümkün olanları etmək! Sənin
ildırım sürətli siyasi uğurlarının əsasında
bu müdrik qənaət durdu. Səndə qılınc
və qələm birləşmişdi!
Sən SSRİ siyasi mənzərəsinə təyyarə
uçuşundan baxır, panoramı bütöv
görürdün. Ona görə müdrikiydin. Ona görə səhv eləmirdin. Bu
müdrikliyinlə də sən öz xalqının tarixi
taleyində silinməz izlər qoydun! Bu
müdrikliyinlə də sən İŞ görə bildin.
Buracan olanlar sənin həyatının ikinci dövrü,
bura qədərkilər sənin DƏVƏTiniydi! Daha
böyük missiyan hələ qabaqda idi!
HİCRƏT
Sonra
gördün ki, Azərbaycanı on beş
“qardaş” arasında başa çıxarmaq
üçün başa keçməlisən. Sonra
gördülər ki, artıq Azərbaycana
sığmırsan. Səni Kremlə
çağırdılar. Doğma
Bakıdan hicrət elədin. Məkkədən Mədinəyə
vardın! Amma ruhən yox, cismən! Əlin həmişə
Vətənin üstündə oldu! Gözün həmişə
Azərbaycanın üstündə oldu! Davan həmişə
Azərbaycanın üstündə oldu! Qromıkolar,
qrişinlər, qorbaçovlar... Bir sürü slavyan
şovinisti arasında tək qaldın! Tale ən böyük
mənəvi dəstəyin Zərifə xanımı da əlindən
aldı! Amma sən ona sadiq qaldın! Sənin sədaqətin
oldu! Dastanlara sığmayacaq bir sədaqət! Bu sədaqətlə
də dəhşətli sınaq dövrüylə
üz-üzə qaldın!
Sənin
siyasi peyğəmbərliyinə slavyan-yəhudi Mədinəsi
biət eləmədi! Öz Məkkəndən də
dalınca daş atanlar az olmadı! Yeganə
hayanın, yeganə dayağın Tanrıya inancın, Azərbaycana
sevgin oldu! Bu sevgini sənə bağışlamadılar! Azərbaycanlı
olmağını əfv eləmədilər!
Ağıllısan, müdriksən, Kremlə rəhbərlik
edəcək qədər təcrübəlisən, lap belə
dahisən, amma slavyan deyilsən dedilər! Slavyan-rus mühiti
sənin timsalında özünün ən böyük rəqibini
gördü! Və ən böyük səhvə yol verdi – SSRİ-ni nə Qromıko, nə
Qrişin, nə də Qorbaçov yox, yalnız sən qoruyub
saxlaya bilərdin! Tanrı bunu istəmirdi! Sən tarixin
gedişini dəyişə bilərdin! Tarix bunu istəmirdi!
Dünya da bunu başa düşürdü! Vatikana, Qərbə
və Amerikaya özünün bayağı yenidənqurması
və dəhşətli yenidənqırması ilə
Qorbaçov sərf eləyirdi! Əliyevdən xilas olmaq
lazımıydı!
Azərbaycan
fobiyası, türk fobiyası, müsəlman fobiyası
baş qaldırdı! Nərimanovu cismən zəhərləyən
slavyan-erməni mühiti səni ev
dustağı elədi, mənən zəhərləmək, mənən
sındırmaq istədi! Bacarmadı! Topxanadan bir ağac kəsdilər,
Azərbaycan dedin! Qarabağ olayları başladı, Azərbaycan
dedin! Yanvar qırğını baş verdi,
Azərbaycan dedin! Tanrı sənə dayaq durdu! Vətən
eşqi sənə güc verdi! Və
ölümə qalib gəlib Azərbaycana döndün! Həyatımın
yerdə qalan hissəsini də Vətənə həsr edəcəyəm
dedin! Buracan olanlar sənin həyatının
üçüncü dövrü, bura qədərkilər sənin
Hicrətin idi! Əsas iş – maqnum opus hələ səni
gözləyirdi! Sən Vətəni xilas etməliydin! Vətən
səni gözləyirdi!
NÜSRƏT
Qayıtdın!
Nə qoyub getmişdin, nələr gördün! Aclıq,
müharibə, siyasi hərc-mərclik, iqtisadi xaos, vətəndaş
qarşıdurması, tüstüsü kəsilən ocaqlar,
zülmətə qərq olmuş kəndlər, Əlikram
Hümbətov, Surət Hüseynov, Rövşən Cavadov
qiyamları, Sadval...və yaddan çıxmış
Qarabağ – “Yağı səni nerədən daramış,
gözəl yurdum!” Qazan xandan fərqli atın da yoxuydu ki,
boynuna sarılıb ağlayasan! Ürəyini qucaqladın! Vətəni
ürəyinin başına sıxdın! Bu ürəklə
də atəşkəsə nail oldun, siyasi, iqtisadi xaosa son
qoydun, vətəndaş qarşıdurmasını aradan qaldırdın.
Torpağı kəndliyə verdin, əsrin neft
kontraktını imzaladın. Qaçanı qovmadın,
aman diləyəni öldürmədin! Sonuncu məişət
əşyalarını satmağa hazırlaşan sənət
adamlarını dilənçiliyin astanasından qaytardın,
ədəbi-mədəni həyatı öz ritminə
qaytardın... Və öz tarixi missiyanı başa yetirdin –
çağdaş Azərbaycanın iqtisadi, siyasi, hərbi, mədəni
bünövrəsini qoydun! Qalib gəldin! Amma
qarşılığında ürəyini verdin, həyatını
verdin...
Bura qədərkilər sənin həyatının
sonuncu – dördüncü dövrüydü. Bu, sənin NÜSRƏTin
idi! Bu, sənin son qələbən idi! Sən Azərbaycan
siyasətinin peyğəmbəri idin! Sənin Quranın
qurduğun Azərbaycan idi! Qoy sənin ölməz
ideyaların müqəddəs, üçrəngli, ay-ulduzlu
bayrağımız kimi Vətənin buludsuz göylərində
əbədi dalğalansın!
Ölməzlərə
də rəhmət düşür! Allah sənə rəhmət
eləsin, Heydər baba!
Əsəd Cahangir
525-ci qəzet.-
2013.- 11 may.- S.11.