Bir konsertin unudulmaz təəssüratları

 

Həftənin əvvəlində Beynəlxalq Muğam Mərkəzində Xalq artisti Nəzakət Teymurovanın tələbələri ilə birlikdə verdiyi solo konsertin xoş təəssüratları bütün həftə boyu məni tərk etmədi. Sözün açığı, konsertdən bu qədər zövq alacağımı düşünmürdüm. Çünki bir neçə gün əvvəl Nəzakət xanımın qonağı olmuşdum və konsert haqqında söhbət etmişdik. Demişdi ki, konsertdə çıxış edən tələbələrim arasında güclü səsi olan, artıq böyük səhnələrə addım atan tələbələrimlə yanaşı, yaş dövrü ilə əlaqəli olaraq səsi dəyişən, geniş səs diapazonu olmayan ifaçılar da var. “Mən sadəcə olaraq müəllimlik borcumu yerinə yetirmək istədim. İstədim ki, o uşaqlar böyük səhnədə çıxış etməyin sevincini, tamaşaçı alqışının gurultusunu eşitsinlər”. Konsert proqramı haqqında heç bir söz demədi, məni bir qədər nigaran qoydu. Amma belə təsəvvür etdim ki, yəqin ənənəvi müəllim- tələbə konsertlərindən olacaq.

Konsertin başladığına dair xəbərdarlıq gəldi, hamı artıq yerini almışdı. İfaçıların adları səsləndi və on üç tələbə zala daxil oldu. Geyimlərinin fərqli olması artıq konsertin də fərqli keçəcəyinə dair fikirlər yaratmağa başlamışdı. İfaçılar səhnəyə sadə və əsl tələbə görkəmində çıxmışdılar. Ağ-qara rənglərin fonunda gənc xanəndələr olduqca maraqlı görünürdülər. Hamının həyəcanla gözlədiyi konsert məhşur “Gül açdı” xalq mahnısı ilə başladı. Ardınca “Şur” muğamının “Bərdaşt” şöbəsini ifa edən ifaçılar ilk gurultulu alqışlarını qazandılar. Bir saata yaxın səhnədə dayanmadan “Mayə”, “Şur-Şahnaz”, “Bayatı Türk”, “Şikəsteyi-Fars”, “Simayi-Şəms” oxuyaraq tamaşaçıları heyran qoydular. “Səndən sənə mən, etməm giley yar” misrasıyla başlayan “Şur” təsnifini gənc xanəndələrin ifasında xor şəklində dinləməyin zaldakı tamaşaçılara zövq verdiyini onların üzlərindəki təbəssümdən anlamaq çətin deyildi. Arabir fürsət tapıb ön cərgədə sənət dostlarının arasında əyləşib tələbələrini izləyən Nəzakət xanıma da nəzər salırdım və onun tələbələrindən daha çox həyəcan keçirdiyini sezə bilirdim. Daha bir maraqlı məqam o idi ki, hər beş dəqiqədən bir zaldan gurultulu alqış qopurdu. Bu da ifaçıları ruhlandırır və daha da şövqlə ifa etmələrinə səbəb olurdu. Xüsusilə də Əhəd Yaqubovun, Fərid Əmiraslanovun, Maqsud Cəmilovun, Vüsalə Musayevanın, Gülnar İsayevanın, Gültəkin Məmmədovanın ifaları zaldakı alqışları səngiməyə qoymurdu. Əməkdar artist Əliağa Sədiyevin rəhbərlik etdiyi “Xarı bülbül” ansamblının möhtəşəm müşayiətini də vurğulamadan ötüb keçmək olmaz. Konsert proqramının maraqlı quruluşunu da Əliağa Sədiyev vermişdi. Gənc və istedadlı kamança ifaçısı Elnur Mikayılovun peşəkar müşayiəti də ayrıca alqışa layiqdi.

Konsertin birinci hissəsi gənclərin solo ifası ilə yekunlaşdı, ikinci hissədə isə artıq Xalq artisti Nəzakət Teymurova səhnəyə çıxdı və tələbələri ilə səhnəni paylaşdı. Məhşur Kərkük mahnısı olan “Ninnə” və Nəzakət xanımın solo ifasında “Bayatı Şiraz”, “Müxalif” səsləndi. O qədər də çox müraciət edilməyən “Dənizdə qağayı” adlı gözəl mahnını həm Nəzakət xanım, həm də gənc xanəndələr çox fərqli və maraqlı şəkildə təqdim etdilər. Mahnının nəqərat hissəsində heç gözlənilməyən halda gənclərin qavalı kənara qoyub çəpiklə ifalarını müşayiət etmələri bütün zalı coşdurmuşdu. Konsertin yekunu unudulmaz bəstəkarımız Cahangir Cahangirovun bəstəsi olan, “Yenilməz batalyon” filmindəki məhşur mahnı ilə vuruldu. Adətən, konsertlərdə axıra qədər oturmağa bir çox tamaşaçının səbri çatmır və müəyyən vaxtdan sonra yavaş–yavaş zal seyrəlir. Amma bu konsertdə belə bir hal baş vermədi. Konsert o qədər zövqlü və rəngarəng keçdi ki, hətta ifalar bitəndən sonra da heç kim yerindən qalxmağa tələsmirdi. Təbii ki, bu da konsertin uğurlu keçdiyinin bir göstəricisi idi.

Açığı, Nəzakət xanım tələbələri arasında güclü tələbələrin az olduğunu deyəndə konsertin uğurlu alınacağına bir az şübhəm yaranmışdı. Ancaq mahnılar, təsniflər elə seçilmişdi, muğamlar ifaçılar arasında elə məharətlə bölünmüşdü ki, kimin güclü, kimin zəif olduğunu sezmək çox çətin idi. Repertuara daxil edilən, çox da müraciət edilməyən, tez-tez səslənməyən mahnı və təsnifləri dinləmək adama xüsusi zövq verirdi. Musiqi bilicilərinin dili ilə desək, musiqi həqiqətdir, muğam isə onun istinadgahı, məbədidi. Muğamı tədris etmək, gələcəyə muğamı yaşadacaq xanəndələr yetişdirmək, bir sözlə, bu məbədi qorumaq xanəndəlik istedadından başqa, həm də müəllimlik-ustadlıq bacarığı tələb edir. Doğrudan da, bir çox ustad xanəndələrin dediyi kimi, yaxşı xanəndə olmaq mümkündür, amma yaxşı müəllim olmağı hər xanəndə bacarmır. Nəzakət Teymurova isə bu konsertlə bir daha sübut etdi ki, həm gözəl xanəndə, həm də bacarıqlı müəllimdir.

 

 

Günel Musa

 

525-ci qəzet.- 2013.- 11 may.- S.17.