Ən böyük
xoşbəxtlik halallıqdır...
REJİSSOR BƏHRAM
OSMANOVUN “SƏRGÜZƏŞTİ-MƏRDİ XƏSİS”
TAMAŞASI HAQQINDA
Doğru
yolda gedən yorulmaz. Bütün uğursuzluqların
arxasında mütləq ki, bir iradəsizlik, hiylə, məkr,
qeyri-qanuni səbəblər vardır. Zəhmətə və
doğru yola çağırış Mirzə Fətəli
Axundovun “Sərgüzəşti-mərdi-xəsis” (“Hacı
Qara”) komediyasının əsas leytmotivini təşkil edir. Əsərdə
dramaturqun xəsislik mövzusu ilə yanaşı, həmçinin
dövrün tipik ruhanilərinə, bəylərinə,
çar sisteminə, ermənilərə münasibəti də
əks olunub. Pyesdə əməyə xor baxanlar, oğurluq və
quldurluqla məşğul olan adamlar tənqid olunur. Axundov bu əsəri
ilə sanki belə deyir: möcüzəni göylərdə
axtarmaq lazım deyil, ən böyük möcüzə elə
yerdədir – insan! İnsanın halal zəhməti ən
böyük möcüzədir. Heç bir iş görmədən
nəsə qazanmaq mümkün deyil. İnsanın
alnının təri ilə qazandıqları hər şeydən
üstündür. Daim başqasına söykənərək
yaşamaq olmur, hər kəs məhz özünə
arxalanmalı, hər şeyi öz halal zəhməti ilə əldə
etməlidir. Məncə, Axundovun “Hacı Qara” əsərində
oxucuya çatdırmaq istədiyi bunlar idi. Ən böyük
xoşbəxtlik halallıqdır. Bu ideya istər folklorda, istərsə
də yazılı ədəbiyyatda öz əksini
tapmışdır. Belinski Puşkinin xəsislik mövzusunda
yazdığı “Xəsis cəngavər” əsəri
haqqında qeyd edir: “Xəsis ideyası yeni ideya deyil, lakin dahi
köhnəni yeni etməyə müqtədirdir”. Axundov da ənənəvi
mövzuya, klassik xəsis obrazına müasir gözlə
baxır.Onun Hacı Qarası konkret tarixi dövrlə – XIX əsr
Azərbaycan həyatı ilə bağlıdır. Əsərdə
Hacı Qaranın xəsisliyi tacir zümrəsinin əsas
xüsusiyyəti kimi göstərilmişdir.
1873-cü
ildə Həsən bəy Zərdabi və Nəcəf bəy
Vəzirovun rəhbərliyi ilə bir qrup tələbə ilk
öncə martın 10-da Axundovun “Sərgüzəşti-vəziri-xani-Sərab”,
daha sonra 17 apreldə “Hacı Qara” əsərini səhnələşdirirlər.
Milli dramaturgiyamızın və milli teatrımızın
yaranmasında bu əsərlərin əvəzsiz rolu
vardır. Məncə, həmin əsərləri oxumaq hər
birimizin mənəvi borcudur.
Dram əsərlərini
oxumaq bir başqa, əsəri səhnədə görmək
isə tamam başqadı. Pyes dramaturqun, tamaşa isə rejissorun
əsəridir. Dramaturqun əsərini oxumaq məktəbli
vaxtıma, rejissorun əsəri ilə
tanışlığım isə tələbəlik illərimə
təsadüf edir. Rejissorun əsərə hansı rakusdan
yanaşması, obrazların iç dünyasını
açması, dramaturq-rejissor-aktyor üçlüyü, səhnə
tərtibatı, aktyor və musiqi seçimi kimi işlər mənim
üçün həmişə maraqlıdır. Əsərlərə
özünəməxsus yanaşması ilə seçilən
rejissor Bəhram Osmanovun bu pyesi necə səhnələşdirəcəyi
böyük marağıma səbəb oldu və Gənc
Tamaşaçılar Teatrına yollandım.
Gəlin,
Axundovun “Hacı Qara” komediyasındakı obrazları qədim
Hindistandakı Kasta sisteminə uyğun
qarşılaşdıraq:
1.
Brahmanlar (din adamları)– Xudaverdi.
2.
Kşatriya (hökmdar sülaləsi) – Heydər bəy, Səfər
bəy, Əsgər bəy.
3.
Vaişya (tacirlər) – Hacı Qara.
4.
Şudra (işçilər) – Kərəməli, Arakel və
Mkrtıç.
Axundov
Quran oxumağı, fars və ərəb dillərini, həmçinin
klassik ədəbiyyatı himayəsində
böyüdüyü Axund Ələsgərin sayəsində
öyrənib. Mirzə Şəfinin “Sən də riyakar olmaq
istəyirsən?” sözündən sonra ruhani olmaq arzusundan əl
çəkən Axundov riyakar və ikiüzlü din xadimlərini
tənqid etməyə, onların fırıldaqlarını
üzə çıxartmağa, xalqın gözünü
açmağa başlayır. “Hacı Qara” komediyasının
əsas ideyası ruhaniləri ifşa etmək olmasa da, əsərdə
ruhani obrazına (Xudaverdi) rast gəlirik. Hacı Qara və
Xudaverdi dialoqunda hər iki obrazın iç üzü
açılır. Kasta sistemində Brahmanlar (rahiblər və
din adamları) hökmdar sülaləsindən daha öncə
gəlirdi. Çünki din mənəviyyat deməkdir, mənəviyyat
isə hər şeydən üstündür. Ancaq Axundovun
ruhani obrazı ən yaxşı halda axırdan birinci ola bilərdi.
O, Xudaverdinin timsalında həmin dövrün ruhanilərinin
Qurana qazanc kimi baxması, müqəddəs kitabı pula
satmaqlarını ifşa edirdi. Xudaverdi sureyi-cüməsini
Hacı Qaranın atasının adına tapşırmaq istəyir.
Lakin Hacı Qaranın canını al, malına dəymə.
Onun üçün pul itkisi ölümə bərabərdir.
O, atasının ruhuna bir abbasını belə qıymır.
Rejissor Bəhram Osmanovun Xudaverdi Hacının dükanından
çıxarkən parçanın “qurşağına
ilişməsi” səhnəsini əlavə etməsi ilə o
dövr avam camaatın göylərə
qaldırdığı ruhanisini bir daha göylərdən yerə
çırpır.
Əsərin
adını iki cür yozmaq olar: birincisi, xəsis kişinin (mərd
sözü kişi anlamındadır) hekayəti; ikincisi, xəsis
(Hacı Qara) və mərdin (Heydər bəy) hekayəti. Əsərdə
Hacı Qaranın xəsisliyi ilə yanaşı bəylərin
yol kəsməsi, quldurluq etməsi,
qaçaqçılıqla məşğul olması, kəndləri
talan etməsi də tənqid olunur. Heydər bəy (Elşən
Rüstəmov) Hacı Qara kimi xəsis, qorxaq, yaltaq olmasa belə
onun özündənrazılığı,
lovğalığı gülüşə səbəb olur.
Heydər bəy komik obrazdan daha çox dramatik obrazdır.
Axundov bu obrazın simasında XIX əsrdə bəylərin
müflisləşməsini, feodalizmin tənəzzülünü
göstərir. Çar Rusiyasının apardığı
siyasət nəticəsində bəylərin əvvəlki
nüfuzu zəifləyir, var-dövlətləri əllərindən
çıxır. Buna görə də işsiz qalmış
Heydər bəy keçmiş günlərin xiffətini
çəkir. O, pulu olmadığı üçün
sevdiyi qızla evlənə bilmir. Sevdiyi qızı
götürüb qaçmağı isə bəyliyinə
yaraşdırmır və çıxış yolunu
qaçaq mal gətirməkdə görür. Tamaşada Heydər
bəy zahirən deyilənlərə uyğun gəlmirdi. Onun
vahiməli gözəlliyi yetərincə deyildi. Heydər bəyin
Sona ilə söhbətləşdiyi, Hacı Qaranın
dükanında və ermənilərlə
qarşılaşdığı səhnədə Elşən
Rüstəmovun göstərdiyi performans finalda zəiflədi.
Atasının ruhuna bir
abbasılıq hörməti olmayan Hacı Qara qazanc əldə
etmək üçün üç yüz qızıldan
keçir. Qızıllarını mal alana qədər
özündə saxlaması, nökəri Kərəməli
ilə oğlu Bədəli və bir də artıq yük gətirmək
üçün əlavə bir atı da özüylə
aparması, finalda naçalnikdən murovun yasavullarının
ondan götürdükləri yarım abbasının
qaytarmasını istəməsi onun acgözlüyünü
bir daha sübut edir. Nökəri Kərəməli
naçalnikin hüzuruna gətiriləndə Hacı “vay”
deyib özündən gedir. Çünki o, malları Kərəməliyə
vermişdi, əgər nökər tutulmuşdusa, deməli,
mallar da əldən çıxmışdı. Hacı
Qaranı canlandıran Xalq artisti Yasin Qarayev obrazın iç
dünyasını ən xırda nüanslarınacan göstərir
və bu qəhrəmanın daxili aləmini özünəməxsus
intonasiyası, jestləri ilə tamaşaçıya
çatdırırdı.
Axundovun
ermənilərə münasibəti obyektivdir. O, ermənilərin
pisini də göstərir, yaxşısını da.
Əsərdəki
Ohan yüzbaşı, Karapet, Sərkis kimi ermənilərə
ironya olsa da, əkinçilər – Arakel və Mkrtıça
qarşı ironya yox, gülüş var. Rus obrazlarını
yaradarkən isə Axundov, şübhəsiz ki, əsərinin
tamaşaya qoyulması üçün, senzuradan keçmək
üçün müəyyən güzəştlərə
getmişdir. Pyesin siyasi qatı bugünümüz
üçün də aktualdır. Əsərdə azərbaycanlılar
və ermənilər arasında rusların hakimlik rolu göstərilir.
İndiki dövrümüzdə də ruslar Qarabağ
münaqişəsində iki dövlət arasında “barışdırıcı”
mövqedən çıxış edir. Axundovun dram
yaradıcılığında ilk çar məmuru
obrazına (Divanbəyi) “Hekyəti-xırs quldurbasan” pyesində
rast gəlirik. Bu əsərin sonunda da çar məmurunun
işə qarışması ilə bütün problemlər
həll olunur. Bununla yanaşı Axundov hər iki əsərdə
gizli şəkildə çar sisteminin ədalətsizliyini,
süründürməçiliyini, qanunsuzluğunu göstərir.
“Hacı Qara”da rus çarizminin “get-gəl” prinsipini,
bürokratizmini Hacı Qaranın dili ilə tənqid edir:
“Onların qılıncı-tüfəngi məni o qədər
qorxutmur ki, silisti (məhkəmə), apar-gətiri canıma vəlvələ
salır”. Və yaxud başqa bir epizodda ermənilərdən
biri deyir: “Kim bilsin indi silistdən havaxt qurtaracağıq!
Urusun silisti beş il qurtarmaz”. Finalda Hacı Qaranı tutanda
yasavulun onun cibindən pulunu götürməsini yazmaqla Axundov
məmurların rüşvətxorluğuna,
soyğunçuluğuna eyham vururdu.
Rejissor
Bəhram Osmanovun erməni obrazlarına baxışı
Axundovdan daha kəskindir. Məsələn, hər dəfə
ermənilər səhnəyə çıxarkən
kişilik rəmzi sayılan Qafqaz mahnılarının səslənməsi
təsadüfdürmü? Əlbəttə ki, yox. Rejissorun bu
cür mahnılar seçməsi ermənilərin kişiliyinə
və onların başqa xalqlardan oğurlayıb “milliləşdirdiyi”
mahnılarına ironiya idi. Naçalnikin hüzuruna gətirilərkən
Ohan yüzbaşının, Karapetin, Sərkisin rus
mahnısına oynaya-oynaya səhnəyə
çıxması ermənilərin rusun havasına
oynadığına işarə deyildimi?!
Digər
maraqlı məqam isə ermənilərin pusquda dayanıb
gözlədiyi səhnədir. Murovun və Heydər bəyin
səhnəyə hardan çıxması təzad təşkil
edir. Heydər bəy və onun dostlarının səhnəyə
tamaşaçıların içindən
çıxması, ermənilərə qarşı tərəfdən
hücum etmələri azərbaycanlıların düşmənə
həmişə arxadan yox, kişi kimi öndən hücum
etdiyini göstərir. Lakin Hacı Qaranı həbs edən
murovun səhnənin arxasından qəfil peyda olması rus məmurlarının
bütün işləri gizli-gizli etmələrinə,
insanların arxasından iş çevirdiklərinə
işarədir. Hətta qorxaq Hacı Qara belə erməni əkinçilərini
girov kimi saxlayanda onların arxasından yox, önündən
daxil olur.
Dramaturq
əkinçilərin – Arakel və Mkrtıçın, Kərəməlinin
simasında halal zəhməti, Ohan yüzbaşının
simasında isə yaltaqlığı,
satqınlığı, yalançılığı
göstərirdi. Arakelin (Natiq Aslan) balaca boylu, böyük
bığlı olması, Hacı Qaradan qorxaraq
Mkrtıçın (Sərvər Əliyev) qucağına
tullanması, Ohan yüzbaşının eşşək kimi
anqırması və bu kimi detallar müasir Azərbaycan-Ermənistan
münasibətlərindən yaranmışdı. Və bu, Gənc
Tamaşaçılar Teatrına gələn gənc
tamaşaçılar üçün nümunəvilik, vətənpərvərlik
hissinin aşılanması baxımından diqqətə
layiqdir. Lakin Sərkisin homoseksual planda verilməsi
tamaşaçı marağına hesablanmışdı.
Hacı Qara obrazı ifrata varmadan göstərildiyi halda, Sərkisin
(Vüsal Mehrəliyev) niyə bu qədər qroteskə getməsini
anlaya bilmədim.
Əsərdəki
əsas qadın obrazları Tükəz və Sonadır. Hər
ikisi müsbət qəhrəmanlardır. Tükəz Hacı
Qaranın arvadı, Sona isə Heydər bəyin
nişanlısıdır. Hacı Qaranın xəsisliyini,
tamahkarlığını tənqid edənlərdən biri də
Tükəzdir. Həm Tükəz, həm də Sona
qaçaq mal gətirilməsinin əleyhinədir. Onlar sevdikləri
kişilərin bu yoldan əl çəkməsini istəsələr
də buna nail ola bilmirlər. Finala doğru getdikcə
qadın qəhrəmanları yaxşı mənada dəyişilir.
İlk pərdədə Sona (Şəbnəm Hüseynova)
kobud kəndçi qızını xatırlatsa da,
tamaşanın sonunda kübar bir qadına çevrilir.
Acıdil, davakar Tükəzin (Naibə Allahverdiyeva) ərinə
olan güclü sevgisi ortaya çıxır. Naçalnik
qadınların zaminliyini hər kəsin zaminliyindən
etibarlı olduğunu və onların ərlərini dəyişdirəcəyinə
inandığı üçün Heydər bəyi və
Hacı Qaranı azad edir. Sonda Hacı Qaranın –
Düzlüyü çox sevir taleyi yazan, düz yolda görmədim
yolunu azan – sözləri ilə rejissor sanki
tamaşaçını Axundovu ciddi mütaliə etməyə
və ona dar rakusdan yox, geniş plandan baxmağı tövsiyə
edir.
Axundov
elə dahi dramaturqdur ki, ona hər zaman və hər rejissor
öz yozumunu verə bilər. Bu isə rejissor Bəhram
Osmanovun və mənim yozumum idi.
Ramil Əhməd
525-ci qəzet.-
2013.- 11 may.- S.30.