Kainatın iftixarı Muhəmməd Mustafanın mövlud gününə

 

(Nat-i şərif)

 

Mən Həzrəti Muhəmmədi

sözlərimlə deyil,

sözlərimi Həzrəti Muhəmmədlə

mədh etdim.

 

 

Peyğəmbərimizin şairi Həssan ibn Sabit

 

İti qələm, kəsərli söz istəyirəm,

Sənin əsl qiymətini verə bilsin.

Atəş kimi parlayan göz istəyirəm,

Üzündəki nur haləni,

qəlbindəki gur işığı görə bilsin.

Yarandığın xoş mərama,

              xoş niyyətə hamı möhtac.

Varlığına hakim olan 

qüdsiyyətə, ülviyyətə hamı möhtac!

Sən Allaha məxsus olan sifətləri                         

               insanlara tanıtdırdın, –

Təqva üçün, ixlas üçün göndərildin.

Səndən əvvəl hər peyğəmbər

               öz qövmünə göndərildi,

Sən dünyanı xilas üçün göndərildin!

Gəlişinlə pis əməllər,

               haqsızlıqlar məhv olundu,

Təlqin etdin həm inamı, həm imanı.

Hökm, hikmət yalnız sənə vəhy olundu,

 Ey ilahi kəlamların tərcümanı!

Haqdan nazil olunduqca 

                yol göstərən bu ayələr.

Dəyişdi həm məfkurələr, həm qayələr.

Sənin üzün hörmətinə,

Göydən yerə nur ələndi.

Xoş xəbərlər səndən gəldi –

                               müjdə verdin,

Təfəkkürlər, təsəvvürlər təzələndi!

Yerə növ-növ toxum səpdin,

Tumu, dəni dəyişdirdin.

Açdın əsl mahiyyəti,

Beyinlərdə düşüncəni,

                            əqidəni dəyişdirdin!         

O dövrdən min dörd yüz il zaman keçir,

Bu illərin hər anında təzə-tərsən.

Sığışmadın nə zamana, nə məkana,

Fövqəlbəşər, cahanşümul peyğəmbərsən!

Vida həcci zamanında

Ərafatda söylədiyin xütbə nəydi?

Bütün bəşər bu xütbəyə

                          baş endirdi, boyun əydi!

Bu xütbədə çox mətləblər bəyan etdin,

Çox qaranlıq məqamları əyan etdin.

Hər könüldə çıraq yandı,

Həqiqətə gedən yollar işıqlandı!

Ey insanlar!... Bu çağırış,

            insanlığa ən dəyərli xitab oldu.

Uca Tanrı dərgahında,

            İslam dini bəyənildi, tamamlandı,

Quran ona yol göstərən kitab oldu!

Yüksəldin Ərşi-əlaya,

Gecə seyri İsra – Merac sənə məxsus.

Gəzdin Rəbbin qat-qat sirli aləmini,

Bu səltənət, bu taxtı-tac sənə məxsus!

Şüur, idrak qavramayan möcüzədir,

Ağıl da şərh edə bilmir bu haləti.

İlahi bir iltifatla şərəfləndi,

Sənə layiq peyğəmbərlik risaləti!         

Dərd içində inləyirkən bəşəriyyət,

Sən dərdlərə                                    

şəfa kimi, şəfqət kimi göndərildin.

Yerin, göyün arasında mövcud olan,

Aləmlərə rəhmət kimi göndərildin.

Qulluğunda, təbliğində

Bir xətaya yol vermədin.

Sən özünə Yaradanın

Peyğəmbəri, qulu dedin.

Qulsan, yalnız Allaha qul,

Ey hər qəlbin, ruhun şahı!

Birləşdirdin bir elədin

“Lə iləhə illallah”la,

“Muhəmməd Rəsulallah”ı!

Qoşa səslənən bu deyim,

Hər kəsin səadətidir.

Sağ ikən hər müsəlmanın,

Gündəlik ibadətidir.

Son anda, axır nəfəsdə,

Kəlmeyi-şəhadətidir!

 

Şəhadət gətirənlər bilməz nədir aman, ah:

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Allah birdir, mütləqdir neçə adı var Onun,

Mahiyyəti gizlidir, varlığı aşkar Onun!

Muhəmməd Rəsuludur, nemət Onun, bar Onun,

İslamın ilk şərtidir, hər kəsə olsun agah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Bu kəlmə ruha, cana təkan verən ilhamdır,

Ümmətindən hüsnünə salavatdır, salamdır!

Dillərdə əzbər olan ən müqəddəs kəlamdır!

Nə bir lüğət gərəkdir, nə şərh, nə də ki, izah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Tövhidin qayəsidir sənin göndərilişin,

Təkallahlığı təbliğ – ilkin vəzifən, işin.

Pozdun, kökünü kəsdin bütlərə sitaişin,

Küfrdən qorunmağa ən etibarlı silah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Namazı fərz qıldın, könüllər xoşhal oldu,

Sən yaradan nə varsa mayası halal oldu.

Azanı səsləndirən ilk insan Bilal oldu.

“Allahu Əkbər” sözü dillərdə gəzən mətah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Qara daşı Kəbənin küncünə yerləşdirdin,

Kəbənin ətrafında dünyanı birləşdirdin!

Kəbəni təmizləmək hökmünü də sən verdin!

Sonra Kəbəni etdin insanlığa qibləgah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Dedin: haqq gəldi artıq, gərək batil yox olsun,

Daha dinə, imana inam, istək çox olsun.

Uyma dünya malına gözün, könlün tox olsun!

Kim desə – təqva tapar, ölər nəfs ilə tamah –

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Dünyanın son ümidi sən yaradan dinədir,

Sən öyrətdin həyat nə, əvvəl nədir, son nədir.

Varlığın yaranışı sənin xatirinədir!

Nurunla aydınlaşır, açılır hər xoş sabah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Buyurdun: xeyirli kəs həqiqətə uyandır,

Tanrı bilir hər şeyi, hər şey Ona əyandır.

Tövbə evi açıqdır, Allah bağışlayandır!

Sənə bağlı olanlar işlətməz heç bir günah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

İntəhasız, sonsuzdur kəramətin, qüdrətin,

Quran – müqəddəs kitab – tükənməyən sərvətin.

Təzə bir təqvim oldu Mədinəyə hicrətin,

Yaratmısan tarixdə yeni era, intibah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Tanrı təsdiq edibdir doğru, dürüst dindəsən,

Rəbbinə qulluq edən ən şərəfli bəndəsən!

“Şübhəsiz sən böyük bir əxlaq üzərindəsən!” 1

Könüllər sultanısan, sənsən hər qəlbə pənah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Dünya bina olanda bəlliydi gələsisən,

İbrahimin duası, İsanın müjdəsisən.

Bütün peyğəmbərlərin haqq çağıran səsisən.

Sən Allahın Həbibi, sənin Həbibin Allah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Sən gələndə yer üzü batırdı qaramatda,

Bütün pis adətləri əzdin ayağın altda.

Nəbilər sırasında yerin ən ali qatda!

Yalnız sənə məxsusdur belə bir uca dərgah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Gəldin haqqı, nahaqqı öz yerinə qoyasan,

Göylərdən təlim alıb yer üzündə yayasan.

Nübüvvətin əşrəfi – Xatəmül-Əmbiyasan!2

Necəki dünya durur sən də varsan inşallah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

Allah birdir, mütləqdir, “Əsmayi-Hüsna”sı3 var,

Bir adın doxsan doqquz bənzərsiz mənası var!

Muhəmməd Rəsuludur, nur dolu dünyası var,

İman gətirənlərə bu nurdan düşər rifah,

Lə iləhə illallah, Muhəmməd Rəsulallah!

 

1. Quran ayəsidir: Qələm surəsi, ayə 4.

2. Xatəmül-Əmbiya – son peyğəmbər

3. Əsmayi-Hüsna  Allahın doxsan

doqquz gözəl adı.

                                    

 

Tövbə

 

Hər səhvim özümə agah,

Tanrım bu agaha tövbə.

Bilərək, ya bilməyərək,

Etdiyim günaha tövbə.

 

Olmamaqçün üzü qara,

Nəfsi öldürməkdi çara.

Məni mala, mülkə, vara

Bağlayan tamaha tövbə.

 

Qəlbimi göynədib sıxan,

Tüstüsü başımdan çıxan,

Tövbəmin evini yıxan,

Eşq adında şaha tövbə.

 

Bazarçısı təbil çalan,                

Müştərisi məətəl qalan;             

Çəkisi, ölçüsü yalan,                

Hay-küyçü mətaha tövbə.        

Özgə hesabına yaltaq,          

Qurar özünə təmtəraq.                     

Kiminsə haqqına ortaq,

Şöhrətə, rifaha tövbə.

 

Tutma dünyadan dörd əlli

Onun ki, hər üzü bəlli.

Gecəsi şeytan əməlli –

Açılan sabaha tövbə.

 

Yol vermə qəsdə, qərəzə,     

Dava-dalaş deyil məzə.

Qan qaraldan acı sözə,

Qan tökən silaha tövbə.

 

Hər kimin zatı söyüdsə,

At getsin kəsəri kütsə.

Umud yeri canlı bütsə,

Belə umudgaha tövbə.

 

...Hər kəs saflaşmaq eşqinə,

Tövbə etsin dönə-dönə.

Deyənlər qoy desin yenə:

Ya Rəbbim bir daha tövbə!

Allahım bir daha tövbə!

 

 

Tanrım, biz niyə beləyik?!

 

Əlimizdən heç nə gəlmir,

Ancaq hazıra nazirik.

Nə deyirlər inanırıq,

Nə yükləyirlər dözürük.

Əlimizlə verib, sonra

Ayağımızla gəzirik.

Bax, belə-belə işlərdən,

Nə usanır, nə bezirik.

Bəlkə yer üzü cənnətdir,

Biz göydən düşmə mələyik?

Tanrım, biz niyə beləyik?!

 

Çörək bizim, süfrə bizim,

Buğdamıza cad deyirik.

Bəyənməyib özümüzü,

Doğmamıza yad deyirik.

Adımıza ləqəb qoşub,

Tamam başqa ad deyirik.

Bizdən qat-qat az bilənə,

Baş əyib ustad deyirik.

Özümüzü kor bilirik,

Özgələrə şam-şöləyik.

Tanrım, biz niyə beləyik?!

 

Duzumuzu yad aparır,

Xörəyimiz dadsız qalır.

Yad üçün mükafat hazır,

Öz dahimiz adsız qalır.

Köhlənimiz yad altında,

İgidimiz atsız qalır.

Oğlumuz yadla evlənir,

Qızımız urvatsız qalır.

Yadlarmı belə güclüdür,

Ya biz könüllü köləyik?

Tanrım, biz niyə beləyik?!

 

Dünya malı baldan şirin,

Bu tamahdan doyammırıq.

Nəfsimizi cilovlayıb,

Bir kənara qoyammırıq.

İştahımız daş üyüdür,

Heç dincəlib dayanmırıq.

Qulağımız ağırlaşıb,

Top atılır oyanmırıq.

Bizə düşmən nə lazım ki,

Öz-özümüzə tələyik.

Tanrım, biz niyə beləyik?!

 

Milyonçular zər axtarır,

Kasıblar bez marağında.

Dünən əlli qazananlar,

Bu gün də yüz marağında.

Vətən, torpaq çıxıb yaddan,

İşbazlar öz marağında.

Hərə bir yalan uydurur,

Millət düz söz marağında.

Sözlə əməl uyğun gəlmir,

Hər səmtə əsən küləyik.

Tanrım, biz niyə beləyik?!

 

Düzü belə gedişatdan,

Heç kimin gözü su içmir.

Zaman kəsib biçdiyini,

Bizim boyumuza biçmir.

Dünya pozub tarazlığı,

Doğrunu yalandan seçmir.

Qalmışıq tapdaq altında,

Heç yerdə sözümüz keçmir.

Başımıza gələn nədir,

Bəlkə millət yox, kütləyik?

Tanrım, biz niyə beləyik?!

 

Viran qalıb el-obamız,

Ruh ağlayır, can ağlayır.

Hər ürəkdə nalə çəkib,

Bir qəmli kaman ağlayır.

Bağımızı xəzan vurub,

Yaş töküb bağban ağlayır.

Yurdçular qaçqın, didərgin,

Yurd yerimiz qan ağlayır.

“Haralısan”? bölgüsündə,

Tayfa-tayfa qəbiləyik.

Tanrım biz niyə beləyik?!

 

Papaq altda yatan ərlər,

Qoy oyansın üzə çıxsın.

Hər bucaqdan silah-sursat,

Qılınc, qalxan, nizə çıxsın.

Bircə dəfə silkələnək,

Lap qan axsın dizə çıxsın.

Təki millət bu quyudan,

Uçurumdan düzə çıxsın.

Onda suallar qurtarar;

Yalnız o zaman demərik,

Tanrım, biz niyə beləyik?!..

 

 

Kasıb

 

Kasıbı görən göz yumar,

Heç yada salan tapılmaz.

Zəhmətindən hamı umar,

Qeydinə qalan tapılmaz.

 

Kasıbın gözü tox olar,

Ancaq qayğısı çox olar.

Alanda satan yox olar,

Satanda alan tapılmaz.

 

Halına uyğun yuvası,  

Gərdiş ilə hey davası...

Oynamağa öz havası,

Onu da çalan tapılmaz.

 

Düz söz hədəfdən yan ötməz,

Kasıb muradına yetməz.

Kasıbın əkdiyi bitməz...

Bu sözdə yalan tapılmaz.

 

 

Hacan Hacısoy 

 

525-ci qəzet.- 2013.- 11 may.- S.29.