Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

Araşdırıb toplayanı, ərəb əlifbasından latın qrafikasına çevirəni, ön sözün müəllifi, lüğətin tərtibçisi

 

Transliterasiya redaktorları: professor Şamil VƏLİYEV,  elmi işçi Samir MİRZƏYEV

 

IV cild (1917-aprel 1918)

 

7-ci məclis – 8 may

 

Bugünki qurultay saət 12-də açılıb Xocayev rəislik ediyor. Məclisin proqramını, bu gün baxılacaq məsələləri elam ediyor. Məclis açıldıqda doktor Cavad bəy Orucov növbətdən xaric söz alaraq əski hökumətin müsəlmanlar həqqində tutduğu yollar barəsində mühüm bir doklad oxuyur. Nikolay zamanında Rusiya müsəlmanları həqqində icra edilən tədbirlərin nə yolda olduğunu və 1906-cı ildə hökumətin müsəlmanlar arasında elm və məarif nəşr etməgə nə cürə baxdığını bəyan ediyor. 1906-cı ildə hökumət rəsmi surətdə verdigi əmrdə diyordu ki, müsəlmanlar içmədiklərinə görə onların bu işdən məmləkətə təxminən ildə 70 milyon zərər oluyor. Bu isə onların arasında ülum və məarifin nəşr olmasından iləri gəliyor. Ona görə bu gündən onların arasından ülum və fünunun götürülməsi lazımdır. Sonra imperator Böyük Petronun məlumi vəsiyyətini oxuyur. Bu vəsiyyətə görə Rusiya məmləkəti padşahlar padşahı olub bütün Şərqi istila etməlidir, deniliyordu ki, bütün İslam məmləkətləri və bütün İslam topraqları onun əlində olub, İstanbul böyük Rusiyanın paytəxti olmalıdır. Ondan sonra Milyukovun siyasətindən, onun müsəlmanlara nə cürə baxmasından söyləyib alqışlanıyor.

Bundan sonra Zakir əfəndi Qadiri məarif komissiyası tərəfindən doklad oxuyur. Dokladın maddələri bunlardır:

1) Mədəniyyət və məarif işləri hər millətin öz idarəsində olmalıdır. 2) Hər millətin mədəniyyət və məarif işləri o millətin özü tərəfindən təşkil edilmiş müəssisələr əlində olmalıdır. 3) Rusiya müsəlmanlarının ibtidai, orta və ali məktəblərində təlim ana dilində olmalıdır. 4) Məlum bir yaşa çatan bütün balalar üçün ibtidai məktəblərdə təlim ümumi və məcburi olmalıdır. 5) İbtidai məktəblər bir tipdə olub dini və dünyəvi deyə ayrılmazlar. 6) Məktəblərimiz öylə bir surətdə tərtib ediləcəkdir ki, mütəəllimlər ibtidai məktəblərdən orta məktəblərə və orta məktəblərdən ali məktəblərə imtahansız olaraq qəbul ediləcəkdirlər. 7) Məktəblərimizdə rus dili ancaq bir dil olaraq oxunacaqdır. 8) Rusiyada olan bütün mütəəllimlərin və müəllimlərin hüququ hər cəhətdən bir olacaqdır. 9) Hər bir millətin mədəniyyət və məarif üçün tutulacaq məsrəfi dövlət və məhəlli idarələr tərəfindən təmin edilir. 10) Milli orta məktəblərimizi tamam edən şagirdlər rus ali məktəblərinə imtahansız olaraq qəbul olunurlar. 11) Məktəblərin yanında özünə məxsus ən azı altı desyatin yer verilir. 12) Başqa millətlər məktəblərində oxuyan müsəlman balalarının sanı 8-ə çatdıqda xəzinə və məhəlli idarələr tərəfindən onların özünə məxsus din və ana dili müəllimi təyin edilir. 13) Dini mədrəsələr dini idarələr nəzarətində olurlar. 14) Məktəb vəqtinə qədər və həm də məktəbdən xaric tərbiyə almaq üçün elmi müəssisələr və müsəlman məktəblərinə müəllimlər yetişdirmək üçün darülmüəllimin və darülmüəllimat, təlim və tərbiyə kursları açılır. 15) Müsəlmanlar üçün açılan seminariyalar və kurslara təyin edilən bütün varidat bina və mülklərilə bərabər yerli müsəlmanlar əlinə alınır. 16) Mümkün olan yerlərdə bu ildən etibarən müsəlman orta məktəbləri və həm ixtisas məktəbləri açılır. 17) Orta məktəblərimizə tiz oxucular yetişdirmək üçün müvəqqəti ali kurslar və rus ali məktəblərində kafedralar açılır. 18) 1917-18-ci dərs ilindən etibarən milli məktəblərin hər növündə oxuyanlar öz dərəcələrində rus məktəblərində oxuyanlar ilə bir hüquqda olub, onlar ilə bir vəzifə alırlar. 19) Əcnəbi dövlət təbəələrindən olan müəllimlərin müsəlman məktəblərində təlim etmələrinə heç bir cəhətdən məmaniət edilməməlidir. 20) Məclisi-Müəssisanda milli-mədəni muxtariyyət və həm federasiya məsələsi həll edilincəyə qədər zemstvo və şəhər idarələri hüzurunda mədəniyyət və məarif işlərimizi idarə üçün məhəlli heyətlər tərtib edilir. Bu iki idarə olmayan yerlərdə mədəniyyət və məarif işlərimizə baxmaq üçün xüsusi heyətlər düzəliyor. 21) Müəllimlər yetişdirmək üçün açılmış müəssisələrdən şəhadətnamə alanlar və ya ki məzkur üç müəssisə xüsusunda açılmış ali heyətlər hüzurunda imtahan vermiş adamlar məktəblərimizdə müəllimlik etməgə həqli oluyorlar. 22) Hərb xəttində və mühafizə yerlərində olan müsəlman müəllimləri azad edilməlidirlər.

Burada tənəffüs elan edilir.

Tənəffüsdən sonra Topçubaşov cənabları növbədən xaric olaraq söz alıb diyor ki: “Gecə Qafqasiyadan teleqram aldıq. Qafqasiya cəmaəti arasında təşvişli hallar başlanmış, fəna nəticələr olacağı mümkündür. Qafqasiya müsəlmanlarına heç bir vəqt hökumət etibar etmədi. Bizi əsgərligə almadılar. İmdi də bizdən əskər yerinə bədəl alırlar. Bu bizim üçün nöqsandır. Çünki müsəlmanlar əskəri təlimatdan məhrumdurlar. Fəhlə və soldat şuralarında bizdən vəkil yoxdur. Başqa millətlər əskəri xidmətdə olduqları üçün onların vəkilləri var. Bizdən əskər almamağın səbəbləri böyük idi. Guya müsəlmanlar silahlansalar xristianlara hücum edərlər, filan edərlər, deyə qorxuya düşüb bizi sıxıyorlardı. Milli nöqteyi-nəzərdən ol qorxuya yer var idi. Çünki misyonerlər: müsəlman qanını qaynadır, xəlqimiz isə səbrli və qorxaq edilər. İmdi İrəvan, Bakı ətrafından və Türkiyədən alınan yerlərdə müsəlmanlara qarşı hərəkət başlanmış; xristianlar və ələlxüsus xristian soldatlar firqəsi pək müntəzəm qaidə ilə müsəlmanlara qarşı ayaqlanmışlar. Bunlara qarşı nə tövr olsa da çarə etmək lazımdır. Xəbərdən anlaşıldığına görə xristianların müsəlmanları qarət etmələri gözləniyor. Ermənilər ayaqlanıb təhrikata başlamışlar. Ehtimal bu dəhşət bütün Qafqasiyayı istila etsin. Bu xüsusda tez addımlar intixab edib Petroqrada hökumət ilə danışmağa, hərbiyə vəzirinə xəbər verməgə, fəhlə və soldat şuralarına yetirməgə çalışmaq lazımdır”.

Topçubaşovun bu sözləri vəkillərə artıq dərəcə təsir etdigindən oradaca qurultay adından Petroqrada göndərilmək üçün aşağıdakı adamlar seçildi: Əlimərdan bəy Topçubaşov, Mirzə Əsədullayev, Səlim Gəray Canturin, Soltan bəy Mamliyev, polkovnik Hacı Mərdan əfəndi bu vəkillər 9-u mayda Petroqrada azim oldular.

 

8-ci məclis – 9 may

 

Ayaz əfəndi İshakov rəislik ediyor. Bugünki iclasda idareyi-ruhaniyyə, yer işləri, işçilər məsələsi müzakirə olunuyor. İdareyi-ruhaniyyə həqqində Ufa vəkili Salehcan Qaziurmanov pək uzun bir məruzə oxuyur. Bu məruzə ruhanilər komitəsində 5-6 gün müzakirə edilib qayət diqqət ilə baxıldığından bir ağızdan qəbul ediliyor.

Məruzənin maddələri bunlardır:

1) Orenburq məhkəməyi-şəriyyəsinə tabe olmaq istəyən kazakların dini ehtiyaclarını təsviyə üçün Orenburq məhkəməyi-şəriyyəsində müvəqqəti yeni heyət düzəltməli və onların xidmətlərini nəzərə almalıdır.

2) Gələcəkdə din hökumətdən ayrılsa da, ayrılmasa da dini idarələrimizin nə qaidə üzrə və haralarda olmasının lazım olduğunu nəzərdə tutmalıdır. (Bu xüsusda komitəyə məxsus bir məruzə hazırlıyor). Salehcan Urmanovun məhkəməyi-şəriyyənin hazırki işləri, müvəqqəti heyət və xidmətləri həqqindəki məruzə və layihəsi komitə məclislərində müzakirə edilib bəzi təbdillər ilə qəbul edilmişdir.

 

Məhkəməyi-şəriyyənin müvəqqəti işləri

 

1) Adi işlər. 2) Müsəlmanların bəzi dini işlərinə nəzarət: məsələn, imam və müəzzinləri təsdiq, onları əzl, məhəllə təşkil etmək və məscid bina etmək işlərinə rüsxət vermək. 3) Vəqfləri təsdiq etmək. 4) İslam dininə girənlər həqqində lazım olan tədbirlər görmək. 5) Məhkəməyi-şəriyyələrdə tətil günlərini, cümə və başqa dini və milli bayram günlərini tərtib etmək. 6) Məhkəməyi-şəriyyə öz arasında və həm onun ilə müsəlmanlar arasında olan müxabirə və yazı işləri türk və tatar dilində olmalıdır. 7) Məhəllə təşkilatı düzəltmək üçün imdidən başlamalıdır.

 

Məhkəməyi-şəriyyənin müvəqqəti heyəti

 

Bu vəqtə qədər müsəlman syezd və ictimailərinin verdikləri qərarlara görə bu qaidə üzrə olmalıdır: 1) Bir müfti və altı qazidən ibarət olub bunların bəzisi üləmadan olur.

Qeyd: Qazilərdən birisi İçəri Orda kazaklarından bulunsun – deyə kazak vəkilləri öz diləklərini bəyan etdilər. Bu dilək komisyə tərəfindən məqul görüldü. Müfti və qaziləri imdidən syezd göstərməli. Heyət üçün cümləsi 7 kişi seçiliyor. Onlar öz aralarından birisini rəis intixab edirlər. Lakin bu fikir komisyə tərəfindən rədd edildi. 2) Dini məktəb və mədrəsələrə nəzarət etmək üçün müfti və qazilərin məsuliyyəti ilə mütəxəssis kişilər dəvət edilir. Dini məktəb və mədrəsələri idarə üçün məxsusi bir məarif heyəti təsis edilməlidir. Bunlar müftinin rəyasəti ilə məhkəməyi-şəriyyə hüzurində dini məktəb və mədrəsələri idarə ediliyorlar. (Onlar syezd göstərsin deyə xahiş etdilərsə də, rədd edildi). Məhkəməyi-şəriyyə məarif işlərində mütəxəssis zatlardan ibarət ictima düzəldib onların razılıqlarilə qərarlar veriyor və buna müvafiq əməl ediyor.

Yuxarıda sayılan xidmətlərin məhkəməyi-şəriyyə əlinə verilməgi qərarlaşdırılmış və məhkəməyi-şəriyyə ilə məhəllə arasında vasitə olmaq üçün yenə bir idarənin təsisinə lüzum görülmüşdür. Buna binaən 50 min nüfus idarənin imam və mütəvəlliləri tərəfindən bir möhtəsib təyin ediliyor və məhkəməyi-şəriyyə tərəfindən təsdiq olunur. Hər möhtəsibə bir sekretar veriliyor. Həmçinin lazım olursa möhtəsibə yardım etmək üçün bir neçə adam intixab edilib təyin olunur.

 

Möhtəsibin xidmətləri

 

1) Məhkəməyi-şəriyyənin hər bir əmr və tədbirlərini imam və mütəvəllilərə yetirir, metrik dəftərlərini mollalar arasında dağıdar və onları yığıb məhkəməyi-şəriyyəyə göndərir, təsdiq edilmiş imam və müəzzinlərə məhkəməyi-şəriyyə tərəfindən göndərilən əmrləri verər. Dini məktəb və mədrəsələrə nəzarət kibi işlər, ailə nizailəri, təqsim, tərkə məsələləri həqqində məhkəməyi-şəriyyə tərəfindən verilən təlimat üzərinə əməl edər. 2) Vəqflərə nəzarət edib hesablarına baxar və bunları məhkəməyi-şəriyyəyə göndərir. Dini məktəb və mədrəsələrə və həmçinin rus məktəblərində və ümumən dünyəvi məlumat verən məktəblərdə din dərslərinə nəzarət edər. Müsəlman əskərlərinin dini ehtiyaclarını görüb əskəri imamlara nəzarət edər.

 

Məhkəməyi-şəriyyə üçün smeta

Sənədə müftiyə  6.000 manat

Qazılara (cümləsinə) 8.000

Katib və məarif işləri mütəxəssislərinə 14.000 manat.

Məhkəməyi-şəriyyənin xadimlərinə yanacaq, işıq, sığorta və başqalarına 65.000 manat.

Möhtəsibə maaş

Hər dairə üçün bir möhtəsibə maaş məhkəməyi-şəriyyə tərəfindən verilir (6.200), məhəlləyə təxminən 20 möhtəsib lazım olur, ildə 1.200 manatdan 7.200 manat (katib və möhtəsibə müavin təyin etsələr, onlara o dairə zəlqi özləri maaş verir)

Bütün məxaric 185.000 manat

Hesabı tamamlatsaq 200.000 manat

 

lll

 

İdareyi-ruhaniyyə məsələsindən sonra işçilər məsələsi müzakirəyə qoyulur. Bu barədə qafqasiyalı Hacıyev rusca məruzə oxuyor. İşçılər şöbəsi namindən oxuduğu bu məruzəsində Hacıyev işçilərin tələbnaməsilə syezdi aşina edərək diyor ki, bu məclis bu məsələləri həll etməgə səlahiyyətdar degildir. Bu məsələ əmələ syezdində həll olunmalıdır. Məruzə oxunub tamam olduqdan sonra şiddətli surətdə alqışlanıyor. Bədə bu məruzə həqqində Ömər Terequlov səs alaraq diyor ki, işçilər məsələsi əlbəttə özlərinə aid xüsusi bir işdir. Onu işçilər syezdi həll etmək gərəkdir. Dərs və təlim işləri türk balaları üçün ümumi olmağa görə işçilər arasında da təlim işləri yaxşı yola qoyulmaq lazımdır. Tatar işçiləri ağır bir halda yaşıyorlar, onlar təlim görmüyorlar. Onları unutmamaq gərəkdir. Onların dili, dini bizim ilə birdir. Binaənileyh dini və milli ehtiyaclar bir olaraq görülməlidir. Zənginlər və mollalar kibi onlara da məktəb, ədəbiyyat, musiqi və başqalar lazımdır. Bu məsələlərdə biz işçilər ilə şərikiz. Amma başqa işlər işçilər syezdində həll edilməlidir. Ömər Əfəndinin bu təklifi səsə qoyulub nəticədə qəbul ediliyor.

Sonra yer məsələsi həqqində Şakir Əfəndi Məhəmmədyarov yer şöbəsi naminə məruzə oxuyor. Yer məsələsi həqqində şöbənin təklifi ilə aşağıdakı qərar qəbul edildi:

1) Bütün yerlər: xəzinə, xalisə, monastr yerləri və həmçinin xüsusi mülklərdəki yerlər cəmaətin öz əlinə keçsin, yer üçün vəz edilmiş xüsusi mülk qaidələri bitirilib, yer alıb satmaq mən edilsin. 2) Öz zəhmətilə yer işlərilə məşğul olmaq istəyən hər adam yerdən faidələnməgə həqlidir. Bu həqqə ayrı-ayrı adamlarla bərabər yer işçiləri cəmiyyətləri və şirkətləri də malik olsunlar. 3) Yer təsərrüf etmək yer əkən cəmaətin əlində olsun. O zamanlar, günlər və sair ümumin mənfəətdar olduğu yerlər geniş əsas üzrə qurulan məhəlli idarələr təsərrüfündə olur. 4) Yerin cəmaət ixtiyarına keçməsindən zərərdidə olanlara müvəqqəti olaraq yardım edilir. 5) Bir yerdən şəhər və ya ki dəmir yoluna yaxınlığı cəhətdən gələn artıq faidələr cəmaətin məarifi üçün əxz edilər. 6) Yer almaqda ən əvvəl yer işlərilə məşğul olan və həmçinin mal saxlayan məhəlli cəmaətin həqqi nəzərdə tutulmalıdır. Artıq olan yerlər başqalarına verildikdə məhəlli cəmaətin bu yerləri qan qardaşlarımıza verilsin – deyə edilən arzui yerinə yetirilsin. 7) Dövlət və məhəlli idarələr yer məhsulatının tərəqqisinə, mədaxil götürməsinə hər cürə müavinətdə bulunmalıdır.

Buna görə yer işləri üçün məktəblər açmaq və istiqraz işlərini yüngülləşdirmək lazımdır. Cəmaətə yer üçün ən lazım olan əkin makinələri qayırmaq üçün zavodlar, hər cür material skladları təsis etmək gərəkdir. Əkin işlərinə yardım etmək üçün dəmir və şosse yolları salınsın, əkinçi cəmiyyətlərinin birləşmələrinə yardım edilsin. Cəmaətin kredit məsələsində əl sənətləri işlərində hər cür təşəbbüsatda bulunmağa, cəmaətin birləşib işləmələrinə yol açılsın. Əkin mümkün olan meşəliklərdə yaşayan cəmaətin zəhməti nəzəri-etibarə alınsın. Batlaq olan yerlər qurudulub, qumluq olan yerlər düzəlsin. Əkinçilərə təcrübə və nümunə üçün ayrılmış kiçik yerlər və mədəni baxçaların bəqası təmin edilsin. Köçərilərə xəzinədən yardım edilsin və əlhasil yer işlərinə o qədər yardımlar edilsin ki, yer işlərilə məşğul olan cəmaət az zəhmətilə çox mənfəətlər alsın. 8) Yer məsələsi bütün cəmaət faidəsinə ancaq Məclisi-Müəssisanda tamam mənasilə həll ediləcəkdir. 9) Buna görə bütün Rusiya müsəlmanları qurultayı hər yerdə asayişi mühafizə edib müsəlmanlara rahət durmalarını tövsiyə etməlidir. 10) Məclisi-Müəssisana qədər yerə mütəəlliq olan məsələlərdə bütün Rusiya kəndçiləri syezdinin qəbul etdikləri qərarlara etibar edilsin. Müsəlman kənçiləri hər yerdə birləşib əkinçilər cəmiyyəti düzəldirlər. Bu cəmiyyətlər məhəlli müsəlman büroları və həm rus kəndçiləri komitələrilə blok düzəldib iş aparıyorlar. Bu cəmiyyətlərə bir mərkəzdə birləşib müsəlman kəndçiləri ittifaqı düzəltmək lazımdır. Bu ittifaqın vəkilləri Rusiya müsəlmanları şurasında bulunurlar.

 

9-cu məclisin davamı

 

Yer məsələsi tamam olduqdan sonra Məhəmməd Əmin Əfəndizadə növbədən xaric söz alaraq diyordu ki:

“Rusiyada əsir düşən türk əskərlərinin halı pək ağırdır. Əski hökumətin zülm və cəbrdən ibarət qanunları imdiyə qədər təbdil edilməyib beynəlmiləl qanunlara müraat olunmayır. Samara və Sızran quberniyalarında minlərcə türk əsirləri məşəqqətli hallara davam gətirməyib öldülər. Biz millətdaşlarımıza böylə zülm və cəbr edilməsinə əsla razı degiliz. Rica edirəm, syezdə böylə ağır hallara diqqət verilib onlara yardım yolunda bir təşəbbüsdə bulunulsun”.

Bu təklif onuncu məclis tərəfindən artıq dərəcədə təsirlə qəbul edilərək lazım gələn yerlərə müraciətlə çarəsinə baxılmaq işi heyəti-rəyasətə tapşırılır.

 

10-cu məclis

 

10-cu məclis 9 may axşam saət 6-da Ayaz əfəndinin təhti-sədarətində açılıyor. Rəis növbətdəki məsələləri elan ediyor:

1) Qadın, qız məsələsi,

2) Əskəri təşkilat.

Bu məclisə qadın və qız məsələsinə dair üç məruzə daxil ediliyor:

1) Kazanda 24-27 apreldə olan müslimələr syezdinin bu məsələ xüsusundakı qərarları həqqində İlhamiyə Tutaş Tuqnarovun məruzəsi.

2) Ümumsyezdin qadın-qız məsələsinə dair şöbənin qərarları həqqində Fatimə Tutaş Güləhmədovanın məruzəsi.

3) Qadın-qız müsavatına şəriətin nasıl baxdığı həqqində Musa Carullah əfəndinin məruzəsi.

Musa Carullah əfəndinin məruzəsi ayə, hədis və müctəhidlərin fikirlərinə bina edilib qadınların islam şəriətincə kişilər ilə bərabər hüquqda olduqlarını söylüyor. Müşarileyhin bu məruzəsi qayət böyük bir ciddiyyətlə istima edilib tez-tez alqışlanıyor.

Qadın-qız məsələsi həqqində bir çox natiqlərdən sonra İlhamiyyə Tutaş xanım müslimələr syezdində qəbul edilmiş atidəki qərarları oxuyor və bu qərarlar tamamilə əksəriyyəti-ara ilə qəbul edilir. Qadın-qız məsələsi həqqində verilən qərarlar bunlardır:

1) Şəriətcə qadın və kişi bərabərdir. 2) Şəriətcə qadınların siyasi və ictimai işlərə qarışmağa həqləri vardır. Buna görə qadınların seçki işlərinə qarışmaları lazımdır. 3) Şəriətdə qadınlara hicab yoxdur. 4) Qadınları müsavi hüquqlu bulunan millətlərin qüvvətli olmalarından və həm qadınlar qanun qoyan məhkəmələrdə hazır olduqda özlərinin müsavi hüquqda olmalarını feliyyətə çıxarmaq mümkün olduğundan müslimələr: bütün siyasi hüquqda kişilər ilə bərabər olsunlar. Qadınlar el qurultayına seçmək və seçilmək həqqinə malik olsunlar. 5) Seçmək və seçilmək işləri müslimələr üçün yeni bir işdir. Binaənileyh əgər qadınlar bu vəqtə qədər ictimai işlərə qarışıb ögrənməmiş olduqlarından və ərlər də qadınların seçki yerlərinə getmələrinə qarşı durmaq ehtimalı olduğundan xəlqimizin yarısı olan qadınlarımızın səsi yox olmamaq üçün el qurultayına seçkilər vəqtində hər bir müslimənin seçkiyə qarışması borc olsun. Müslimələrə səs vermək üçün kişilərdən ayrı yer verilsin. 6) Rusiya müsəlmanları arasında qız və oğlanlar rizaları olmadan nikah oxumaq çox olub bu iş: ailə həyatının narahatlığına və o ailədə böyüyən balaların bədbəxtliginə səbəb olduğundan nikah vəqtində qız ilə oğlan hazır olsunlar. 7) Çox vəqt ailədə ər ilə arvad arasında uyuşmazlıq olduğundan qadın ərindən ayrılıb gediyor. Bu surətdə ər arvadına talaq verməyincə bu iş: qadın üçün cəbr və ailədəki balaların tərbiyəsi üçün zərərli olduğundan nikah vəqtində dəftərə qeyd etməlidir ki, əgər ər ilə arvad arasında uyuşmazlıq olsa qadının ərindən ayrılmağa həqqi vardır. 8) Türkistanda, Qafqasiyada və Qazaxıstanda 11-12 yaşında qızları ərə vermək adət hökmünə girdigindən bu iş qadınların zəiflənmələrinə, vəqtsiz ölmələrinə və həm də zəif bala yetişdirib gələcək nəslimizin zəif və gücsüzliginə səbəb olduğundan Rusiyanın gərək şimalında və gərək cənubunda 16 yaşından əksik bulunan qıza nikah oxunmasın. 9) Millət balalarının sağlam olması üçün və həm də ailə bəxtsizliklərinin məbdəyi ər və ya qadının yoluxma naxoşluqlara mübtəla olduğundan irəli gəldiginə görə öylə bədbəxtliklərin önünü almaq üçün nikah vəqtində oğlanın da, qızın da yoluxma naxoşluqlarının olmadığına əllərində şəhadətnamələri olmalıdır. 10) Çox vəqt olur ki, bir ər əvvəlki qadının üstünə ikinci bir qadın almağı və həm əvvəlki qadınlarının bir eybi olmadığı halda onları özlərindən ayırmağı bir adət olaraq qəbul etdiklərindən bu oyun-oyuncaq kibi işlərin sui-nəticəyə səbəb olduğunu etibara alıb nigah vəqtində kişinin dilindən bir kağız almalıdır ki, arvadının üstünə ikinci bir arvad almasın. Əgər başqa bir səbəb ilə ikinci bir qadın alsa əvvəlki arvadını ayırıb nəfəqəsini versin. 11) Qazaxıstanda qız uşaqları hələ kiçik ikən ataları onları qalun (mehrdən başqa bir şey olub, qızı atasından aldığı vəqt verilən şeydir) malına satırlar. Sonralar ev qızları ərlərindən ayrılmaq üçün təlaş edirlər, o halda onlar qalun mallarını qaytarmağa məcbur olurlar. Binaənileyh qazax qızlarının hüquqlarını etibara alıb onlar ərə getdikləri vəqt qalun malı alınmasın. 12) Bəzi səbəblərdən dolayı bir çox qadınlar ümumxanələrə girməgə məcbur olurlar. Ondan sonra onlar bu bəladan qurtarmağa çarə axtarırlarsa da bir şey edə bilmiyorlar. Çünki fəhş xüsusundakı qanunlara görə onlar ömürlük bədbəxtligə məhkumdurlar. Ona görə fahişəxanələr və fəhş xüsusundakı qanunlar aradan götürülsün.

Bu qərarlar olduğu kibi qəbul edilir. Ondan sonra yuxarıda da məzkur Fatimə Tutaş Güləhmədovanın oxuduğu iki maddəli qərar dəxi cüzi bir təshih ilə qəbul edilib yuxarıdakı qərardadlara əlavə edilir. O iki qərar bunlardır:

1) Müslimə qadınlar bütün siyasi və mülki hüquqda ərlər ilə bərabərdir.

2) Təəddüdi-zövcat insaniyyət və ədalətə müxalif olduğundan bu: qəti surətdə pislənilməlidir.

Burada 15 dəqiqə tənəffüs elan edilir.

Qadın, qız məsələsindən dolayı 203 imza ilə mollalar tərəfindən bir protesto elan edilmişdir ki, bunun təfsilatı sabah.

 

lll

 

Tənəffüsdən sonra əskəri təşkilat həqqində Krımdan gələn vəkil polkovnik Əliyev rus dilində bir məruzə oxuyur və bu məruzə mənasif tərəfindən tərcümə edilir.

Məruzələrdən sonra əskəri təşkilat həqqində atidəki qərarlar qəbul edildi:

 

1) Əskərligə alınmaq bütün-bütünə yetirilsin və imdiki qaidə ilə olmasın. Militarizmə qarşı durmaqla bərabər daimi əskər olduqda milli əskər olsun. 2) Müharibə qurtarıb daimi əskər olduqda ayrı müsəlman əskəri firqələri düzəlsin. 3) Bu firqələrin komandanları, zabitləri müsəlmandan olmalıdırlar. 4) Bu əskərlər özlərinin alındıqları yerlərdə xidmət etsinlər. 5) Hal-hazırda müharibə səfindəki müsəlman soldatlarının bir diviziyada olanları haman diviziyanın bir  polkuna cəm edilir. Qarnizondakı müsəlman əskərləri də bir polka yığılsınlar. Bu polklarda müsəlman aşxanaları olsun. 6) Müsəlman əskərləri yığılan hər alaylara alay keşişləri ilə bərabər hüquqda alay mollaları seçilib təyin edilsinlər. 7) Müsəlman əskərlərinə yardım üçün müsəlman tibbi firqələri düzəlsin. 8) Hər hifzüssihhə qatarına 2-3 müsəlman xidmətçisi qoyulsun. 9) Cəbhəyə yaxın əskəri xəstəxanələrdə müsəlman xadimləri olsun. 10) Bu qərarların 5, 6, 7, 8 və 9-cu maddələri təxirə salınmayaraq mövqei-icrayə qoyulsun və bunu tələb etmək üçün hərbiyyə vəzirinə müraciət edilsin.

Bu qərarlar qəbul edildikdən sonra növbətdəki məsələ idareyi-ruhaniyyəyə müvəqqəti müfti və (6) qazi seçmək məsələsidir. Bu seçki məsələsini idarə etmək üçün bir komissiyə tərtib verilsin. Müfti və qazılığa namizədlər təyin etmək üçün heyəti-rəyasətə bir çox zapiska (müxtərə)lər verilir. Bu müxtərələrə görə 55 namizəd göstərilir, şar ilə seçdikdə bu qədər adamı səsə qoymaq mümkün olmadığından (çünki şar salınan qutular 14 danədir) bu namizədlər arasında səsə qoyulacaq adamları kağızda yazmaq üsuli ilə seçməgə qərar verilir. Vəqt keçdigindən bu seçki məsələsi 11-ci məclisə təxir edilir.

 

11-ci məclis – 10 may

 

Məclis gündüz saət 11-də açılır. Buxara vəkili Berdiyev növbətdən xaric söz alaraq hürriyyətin Buxarada nə cürə qarşılandığı, Buxara idarəsinə və Buxaradakı tərəqqipərvər sinfinə necə təsir bağışladığını və Buxara cavanlarının nə kibi hərəkət və təşəbbüsdə bulunduqları həqqində müfəssəl bəyanat verir. Bu bəyanat məclis tərəfindən qayət ciddi bir təsir ilə dinlənir.

Bundan sonra mollalar tərəfindən daxil edilmiş 203 imzalı protest elan edilir. Bu mollalar qadın-qızlara siyasi, ictimai və ailəvi hüquqlar, fəqət şəriətə sığdığı qədər verilərək ondan artıq verilməməsini tələb edirlər. Bununla bərabər onuncu məclisdə qəbul edilən qərarlara protest edib təəddüdi-zövcat həqqində syezdin qərarına qoşulmadıqlarını açıqdan-açığa bildiriyorlar. Bu protest intisar edilmədigindən məclis tərəfindən gülünc bir hal ilə qarşılanır.

Syezddə hazır olan Türkistan vəkilləri də növbətdən xaric söz alıb syezdin yer məsələsi və qadın-qız məsələsi həqqindəki qərarlarına protest edirlər. Bu vəkillərin nöqteyi-nəzərlərinə görə yeri mülkdarlar və dövlətlilər əlindən alıb kəndçilərə vermək, yeri cəmaət mülki etmək şəriətə xilaf imiş. Buna görə bunlar yer məsələsinin böylə həll edilməsini Türkistan üçün qəbul etmiyorlar və diyorlar ki, “Əgər syezdin bu qərarı Türkistan üçün də çıxarılmışsa biz buna qarışmıyoruz. Və əgər Türkistanı istisna edib də Rusiyanın başqa yerləri üçün bu qərarları vermiş isəniz o vəqtə biz bu qərarlara qoşularız”. Türkistan vəkilləri qadın-qız məsələsi həqqindəki qərarlara da məmnuniyyət edib şəriətcə iş görməgi lazım bilirlər. Türkistan vəkillərinin bu iki protestə qol qoyan kişilərin sanı 7-8-dən artıq degildir.

Növbədən xaric ərznamələr tamam olduqda növbədəki məsələlərə baxılmağa başlanır.

 

Birinci məsələ “Milli Şura” təşkil etmək həqqində

 

Bu məsələ xüsusunda 10-cu məclisdə Ömər əfəndi Terequlov tərəfindən bir məruzə oxunub məsələ açıq qalmış idi. Bu gün məsələ qaldırıldıqda Ayaz əfəndi İshakova söz verilir. Ayaz əfəndi məsələnin əhəmiyyəti və milli şuranın necə təşkil edilməsi lazım olduğu həqqində mükəmməl və müfəssəl bir məruzə oxuyur. Milli Şura üstünə yüklənəcək vəzifələr və onunla məhəlli təşkilatlar arasındakı münasibətin necə olması və nə kibi əsaslar üzrə bina edilməsi Məclisi-Müəssisana seçkilər başlanıncaya qədər necə xətti-hərəkət tutulmasının lazım olduğu həqqində müfəssəl məlumat veriyor. Ayaz əfəndinin bu məruzəsi bütün Rusiya müsəlmanlarını birləşdirmək, uyuşdurmaq, bir yola salmaq həqqində olduğundan qayət ixlas ilə istima edilir. Məruzəsinin axırında “Milli Şura” təşkil etmək üçün syezd tərəfindən qəbul edilməsini xahiş edib on maddədən ibarət bir qərarnamə təqdim edir. (Ayaz əfəndinin təqdim etdigi maddələr on ikinci məclisdə bir-bir baxılıb cüzi bir təbəddülat ilə qəbul edildigindən bu maddələr on ikinci məclisin hesabına qalır).

Ayaz əfəndinin məruzəsi tamam olduqdan sonra bu məsələ həqqində müzakirə başlanır. Bu barədə bir çox natiqlər rəylərini diyorlar.

 

(Ardı var)

 

 

Şirməmməd HÜSEYNOV

 

525-ci qəzet.- 2013.- 11 may.- S.26-27.