Təzəpir məscidi bolşevik rejimi illərində

 

(davamı)

 

Təzəpir məscidi: dini-ruhani ocaq, milli mənəviyyat abidəsi və parlaq memarlıq əsəri kimi

 

1920-ci il aprel işğalı təkcə Azərbaycanın müstəqilliyinə son qoymadı. Müstəqil dövlətin bütün dövlət təsisatları ləğv edildi. İslam dininə düşmən olan bolşevik ideologiyası əhalinin milli dəyərlərinə, o cümlədən dini ibadət ocaqlarına, məscidlərə böyük ziyan vurdu. Sovet hökumətinin dinə münasibətinin başlıca prinsipini dinin dövlətdən ayrılması təşkil edirdi. Sovet dövlətinin ilk illərində yeni quruluşun ideoloqları İslam dininin özünəməxsus xüsusiyyətlərini və dindarların milli heysiyyatlarının nəzərə alınması məcburiyyətində qalırdılar.

1920-ci ilin mayında Azərbaycan hökumətinin başçısı N.Nərimanov Təzəpir məscidində çıxışında İslam dininin müsəlman kütlələrinin şüurunda tutduğu yeri, onun Şərq xalqlarının mənəviyyatında, məişətində, həmçinin həyatın müxtəlif sahələrində mühüm rolunu dərk edərək vurğulayırdı: “Şərqdə dinə münasibət fövqəladə əhəmiyyətli məsələdir”.

1920-ci ilin mayında, Azərbaycan İnqilab Komitəsinin vicdan azadlığı haqqında dekretinə görə Xalq Maarif Komissarlığının tabeliyində olan bütün dövlət məktəblərində dini təlimlərin tədrisi və hər hansı dini mərasimin keçirilməsi qadağan olundu. Din Nazirliyi ləğv edildi. Xalq Maarif Komissarlığının xüsusi əmri ilə tədris müəssisələri və məktəb şuralarının sədri vəzifəsini tutan dini dərəcəli şəxslər vəzifələrindən azad edildilər. Dövlət və məktəb məsciddən ayrıldı. Din nazirliyinin ləğvi haqqında dekret respublikanın hər bir vətəndaşına istənilən dini etiqadı seçmək və ya heç bir dinə etiqad etməmək hüququ, eyni zamanda dinin lehinə və ya əleyhinə təbliğat aparmaq azadlığı verirdi. Dini etiqadı ayrılıqda hər bir şəxsin vicdan işi hesab edən dövlət, dinə münasibətdə bitərəf qalaraq heç bir dini cərəyanın tərəfində durmadı, onlardan heç birini maddi və mənəvi cəhətdən müdafiə etmədi. Sovet dövləti böyüməkdə olan nəslin bütün təhsil və tərbiyə işini Xalq Maarif Komissarlığının sərəncamına verdi, bütün dövlət və qeyri dövlət məktəblərində hər hansı dini mərasimin keçirilməsi qadağan edildi.

Sovet hakimiyyətinin ilk illərində hökumət dindarları ələ almaq məqsədilə dini bayramları–Qurban bayramı və Ramazan bayramını dövlət səviyyəsində qeyd edirdi. Novruz bayramı günlərində məktəblərdə tətillər başlanır, küçələrdə şagirdlərin bayram nümayişləri, teatr və klublarda tamaşa və konsertlər təşkil edilirdi. Hətta 1921-ci il avqustun 30-da N.Nərimanovun göstərişi ilə Məhərrəmlik günlərində Təzəpir və Bibiheybət məscidlərində dindarlara ərzaq paylanmışdı.

1920-ci il sentyabrın 20-də Azərbaycan İnqilab Komitəsinin dekreti əsasında Bakıda Azərbaycana məxsus olan qızıl, gümüş, platin, brilyant və mirvaridən ibarət qiymətli şeylərin mərkəzləşmiş şəkildə saxlanılmasını təmin edən Dövlət Mühafizə İdarəsi təsis edildi. Ancaq dekretdə xüsusi olaraq qeyd edilirdi ki, qiymətli sərvətlərin təhvil verilməsi dini icmaların ixtiyarında olan sitayiş əşyalarına aid edilmir.

1922-ci ilin noyabrında Təzəpir məscidinin axundu Ağa Əlizadənin imzası ilə Azərbaycan Kommunist (bolşeviklər) Partiyasının Rəyasət Heyətinə bir ərizə daxil olmuşdu. Axund hökumətdən Kərbəla ziyarətinə gedənlərə yardım göstərilməsini xahiş edirdi. Mərkəzi Komitənin Rəyasət Heyəti Kərbəlaya ziyarətə gedən vətəndaşlar haqqında məsələni müsbət həll edərək, zəvvarlara üç yüz manatadək qızıl pul ayırmağa icazə verdi.

1921-1922-ci illərdə taxıl rayonları olan Volqaboyunu, Ukraynanı, Krımı və Qafqazı aclıq bürüdü. 90 milyon əhalisi olan 40 quberniya aclıq keçirirdi. Aclıq çəkən əhaliyə yardım məqsədi ilə 1922-ci il mayın 23-də Təzəpir məscidində Azərbaycanın din xadimlərinin başçıları – Axund Ağa Əlizadə, qazi axund Əbdülrəhim Hacızadə və b. ruhanilər aclıqla əlaqədar bütün dünya müsəlmanlarına kömək üçün müraciət etdilər. Müraciətdə deyilirdi: “Müsəlman qardaşlar! Siz yaxşı bilirsiniz ki, İslam dininin əsaslarından biri əziyyət çəkənlərə, ilk növbədə aclara və yoxsullara kömək etməkdən ibarətdir. Krımdan, Volqaboyundan və başqa vilayətlərdən gələn ürək dağlayan fəryadı eşidin”. Təzəpir məscidinə toplaşan Azərbaycan üləmaları İran, Türküstan, Türkiyə, Hindistan və Əfqanıstan ruhanilərinə müraciət edərək onları aclara fəal kömək etməyə çağırırdı. Maraqlıdır ki, Azərbaycan partiya təşkilatına rəhbərlik edən S.Kirovun Moskvaya, şəxsən Stalinə Azərbaycan dindarlarının müraciəti haqqında verdiyi xəbər mərkəzi dövlət radiosu ilə elan olunmuşdu.

N.Nərimanovun Təzəpir məscidində maraqlı çıxışlarından biri 1920-ci ilin iyununda Azərbaycan qadınları qarşısında oldu. N.Nərimanov İslam dininin ən humanist addımlarından biri olan qadın və kişi bərabərliyi üzərində xüsusi dayandı və qadınların məscidə gəlib onu dinləməsini yüksək qiymətləndirdi. N.Nərimanov çıxışında Təzəpir məscidinin şəhərin siyasi həyatında oynadığı rola da aydınlıq gətirdi.

1920-ci illərin əvvəllərində mətbuatda, partiya dairələrində müxtəlif dini ayinlər, bayramlar, məhərrəmlik günlərində müsəlmanların matəm mərasimi və onların qadağan edilməsi haqqında məsələlər müzakirə edilirdi. N.Nərimanov bu dövrdə bütün təzyiqlərə baxmayaraq, bu meyllərin artmasına kəskin müqavimət göstərirdi. Hətta o, 1922-ci ilin avqustunda Məhərrəmlik təziyəsinin qadağan edilməsinə qarşı çıxmışdı. Bu münasibətlə Təzəpir məscidinə gələn N.Nərimanov dindarlara müraciətində demişdi: “Peyğəmbərin ən sevimli nəvəsi İmam Hüseyn öz gücsüzlüyünü bilərək, Məhəmmədin qanunlarını pozan, hamını və hər şeyi qızılla ələ almaq istəyən Yezidə qarşı mərdi-mərdanə çıxış etməklə böyük qəhrəmanlıq göstərmişdir. İmam Hüseyn tabe olsun və öz vicdanını qızıla satsın deyə, Yezid böyük bir vilayətin idarə olunmasını ona təklif etdi. O, bunu etmədi, həlak oldu”.

1923-cü ilin avqustunda AK (b) P-nın Bakı Komitəsinin Rəyasət Heyəti bütün rayon partiya komitələrinə və məsul işçilərinə “şaxsey-vaxsey” əleyhinə kompaniya aparmamaq barədə göstəriş verdi. 1925-ci ilin aprelində xüsusi qərarda inqilabi bayramlarla yanaşı, altı xüsusi dini bayramın da qeyd olunması nəzərdə tutulmuşdu.

1920-ci illərin sonu – 30-cu illərin əvvəllərində SSRİ-nin başqa respublikalarında olduğu kimi, Azərbaycanda da islam dini üzərinə açıq hücumlar başlandı. Din əleyhinə isə yuxarı sinif şagirdləri, tələbələr, ədəbiyyat və incəsənət xadimləri cəlb edilirdi. Dövlətin öz dekreti ilə elan etdiyi dini işlərin bitərəf qalacağı, dinin hər bir şəxsin vicdan işi hesab olunacağı barədə prinsiplərindən uzaqlaşma halları baş verirdi. İnandırmaq və nəzakət metodları əvəzinə dindarlara münasibətdə inzibatçılıq metodları tətbiq olunurdu. Məhz elə buna görə 1924-cü ildə Bakıda yaradılan “Allahsızlar cəmiyyəti” zəhmətkeşlərin geniş dairəsini öz tərəfinə cəlb edə bilmədi. İllər keçdikcə dinlə mübarizə daha geniş vüsət almağa başladı. Belə ki, məscidlərin müsadirə edilməsi üzrə iri miqyaslı kompaniyalara başlandı. 1928-ci ilin dekabrında AK (b) P-nin Mərkəzi Komitəsinin Rəyasət Heyətinin iclasında “Kəndlilərə mədəni ehtiyacları üçün verilmiş məscidlər haqqında” məsələyə baxıldı. Bir sıra məscidlərin mədəni-maarif müəssisələri kimi fəaliyyət göstərməsi qərara alındı. Müxtəlif idarələrə əmrlər, habelə lövhələr sifariş etmək, məscidlərdən minbərləri çıxarmaq, dini lövhələri ağartmaq və məscidin içərilərinin hissə-hissə boşaldılması üçün əmrlər verilirdi. SSRİ-nin başqa müttəfiq respublikalarında olduğu kimi, Azərbaycanda da məscidlərin və mədrəsələrin bağlanmasına, din xadimlərinin təqib olunmasına başlandı. Quran zərərli bir kitab kimi qadağan edildi. Azərbaycan qəzalarında bütün məscidlər,  ya dağıdıldı, ya da anbar, klub və kitabxanaya çevrildi. Təkcə Quba qəzasında iyirmi iki gün ərzində 18 məscid mədəni–maarif binalarına çevrildi. Azərbaycanda 1929-cu il seçki kompaniyası dövründə 400 məscid bağlandı. Hələ AK (b) P-nin ikinci qurultayında N.Nərimanov öz çıxışında qeyd edirdi ki, bizdə elə müsəlman kommunistləri var ki, kəndə girən kimi adamları məsciddən qovur və əmr edir ki, məscidləri bağlayın. Bu faktdır və belə kommunistlər fəxr edirlər ki, güya böyük iş görürlər. Onlar elə güman edir ki, bizim inqilabımızı genişləndirir və möhkəmləndirirlər. Mən belələrini əksinqilabçı adlandırıram, çünki bunlar bizim işlərimizi korlayırlar.

Məscidlərin bağlanması və onların məktəb üçün uyğunlaşdırılması əksər hallarda yerli partiya təşkilatlarının rəhbərliyi altında aparılır, onların  bəziləri daha çox məscid bağlamaq üçün sosializm yarışı metodlarından istifadə edirdilər. Bir sıra qəzalarda məscidləri inzibati qaydada mədəniyyət müəssisələrinə çevirirdilər. Bu sahədə inzibati amirlik o dərəcəyə çatmışdı ki, “kollektivləşmə” ilə eyni zamanda ictimai-siyasi vəziyyətin kəskinləşdiyini nəzərə alan AK (b) P-nın IX qurultayı (1929-cu ilin martı) bu işdə əyintilərə yol verildiyini göstərmiş və bu cür məsələləri müstəsna olaraq könüllülük əsasında həll etmək barəsində xəbərdarlıq etmişdi. Bu xəbərdarlığa baxmayaraq, yenə də dinə münasibətdə ciddi təhriflər, yolverilməz hadisələr baş verirdi: zor işlədilməsi, komsomolçuların mollalara hücum etməsi və onları döyməsi, məscidlərə basqın edilməsi, məscid xadimlərinin təhqir olunması və s. bu kimi hadisələr adi hal almışdı.

Kommunist rəhbərliyi öz ateist mövqeyinə sadiq qalaraq, dinin rol və əhəmiyyətini ictimaiyyətin gözündən salmaq üçün müxtəlif vasitələrdən istifadə edirdi. Bakıda din tarixi və ateizm muzeyi yaratmaqda məqsəd dinin tarixinə səthi məlumatlar əsasında onun əleyhinə təbliğat kompaniyası aparmaq, “mürtəce” rolunu göstərən materiallarla onu gözdən salmaq idi.

 

(Ardı var)

 

 

Anar İSGƏNDƏROV,

Tarix elmləri doktoru,

professor

 

525-ci qəzet.- 2013.- 11 may.- S.22.