Böyük şəxsiyyətlər bütün dünyaya məxsusdur

 

(davamı)

 

27 aprel 1969-cu ildə, referendumda məğlub olduqdan sonra de Qoll öz qərarını verməli idi. Bir gün sonra Şarl de Qoll qədəhdən bir az bordo şərabı içib, qəmli şəkildə demişdi: “Fransa məndən yorulub. Mən də fransızlardan”. Heç vaxt hakimiyyət kürsüsünə yapışıb qalmağa çalışmayan de Qoll bu dəfə də öz prinsipinə xilaf çıxmadı və Beşinci respublikanın prezidentliyindən istefa verdi.

De Qollun mövqeyi 1968-ci ilin may həyəcanları vaxtı zəifləmişdi. Əvvəlki seçkilərdə o, fransızların əksəriyyətinin ölkənin stabilliyində və qayda-qanunda maraqlı olduğu səbəbindən qalib gəlmişdi. Referendumdakı cavabla fransızlar onun əleyhinə səs verməklə de Qollun istefasına razılıqlarını bildirdilər. Onun təklifinin ikinci maddəsi – Senatın islahatı əhalidən neqativ cavab aldı. Artıq de Qollun siyasəti fransızların onu artan dərəcədə anlamamaları və mənfi münasibəti ilə üzləşirdi.

Fransanın NATO-nun hərbi təşkilatından çıxması (1 iyul 1966-cı il) gözlənilən nəticəni vermədi. Fransanın “Atlantika okeanından Urala” qədər olan Avropada da aparıcı yer tutması barədə de Qollun iddiası əsasən havadan asılı qaldı. Çünki bunun üçün ölkədə nə siyasi razılıq, nə də maliyyə imkanları var idi. Özünün nüvə proqramı da böyük vəsait tələb edirdi, hətta sosial və iqtisadi islahatları keçirməyə də vəsait çatmırdı.

Beşinci respublikanın ikinci prezidenti gözlənildiyi kimi de Qollun silahdaşı Jorj Pompidu oldu.

Bəziləri üçün de Qoll XIX əsr ənənəsini davam etdirən və ya millətçi idi. O, həqiqətən də Fransanın statusunu dirçəltmək istəyirdi. O, yazırdı ki, “Mən Fransanın nə düşündüyünü bilmək istəyəndə, bunu özümdən soruşuram”. Digərlərinə görə isə o, uzağı görən dövlət xadimi idi, ayıq və fərasətli adam idi; sadəcə populyar mifdən istifadə edirdi, öz həmvətənlərini inandırırdı ki, onun liderliyini qəbul etsinlər. De Qollun ideyalarının özü də həmçinin ən azı, özünün müəyyən qədər istifadə etdiyi populyar bir mif idi. Siyasi alət kimi o, şəraitlərdən maksimum fayda götürməyə qadir idi. İnqilab dövründən sonra ilk dəfə bütün rejimlərin ondan uzaq qaçdığı siyasi stabilliyə nail olmaq üçün o, yalnız ümid təklif edirdi.

Tarix onun inkaredilməz keyfiyyətlərini dəqiq şəkildə tanıdı. Prezident kimi o, respublika qanunçuluq rejimini dəstəklədi. O, Əlcəzair problemini həll etdi, bunu yəqin ki, heç kəs edə bilməzdi. O, Fransa Afrikasının ərazilərinin dinc qaydada “dekolonizasiyasına” – müstəmləkəlikdən azad olmasına nail oldu. Bunların hər biri siyasi və fərdi risqlə əlaqədar idi. Ancaq həm də post-qollist dövlət xadimləri üçün problemlər yaratdı. O, komandaya və ya müşavirlərə ehtiyac duyan adam deyildi, tənha adam idi. O, hətta hakimiyyəti və etimadı nazirləri ilə, parlamentlə və partiyalarla bölüşməyi sevmirdi.

Memuarlarında açıb göstərdiyi kimi, onun şəxsiyyəti dövlət xadimi və liderlikdə üzə çıxmışdı. Onun müasirləri də de Qollu məhz belə görürdülər. Onun şəxsiyyəti həmin dövrün “qaranlıq saatında” digər milli qəhrəmanla kəskin kontrastda idi. Uinston Çörçill karyeralı siyasətçi, parlamentə dərin inamı və müdafiədə ehtiraslı marağı ilə seçildiyi halda, ekspansiv, hərarətli ürəyə malik, həm də şıltaq adam olduğu halda, Şarl de Qoll karyeralı hərbçi idi, siyasətdə ehtiraslı olduğu halda, siyasətçi karyerasına dərin nifrət bəsləyirdi. O, kənarda dayanan uzaq adam idi, öz sözləri ilə dediyi kimi “hakimiyyət prestij tələb edir, prestij isə uzaqda dayanmağı”. Gələcək təcrümeyi-hal yazanlar onun əcdadlarının nə etdiklərini tapmaqla yanaşı, de Qollun “özəl sifətinin” naməlum olaraq qalan və güman ki, dərk edilməyən olduğu qənaətinə gələcəklər.

3 noyabr 1970-ci ildə general de Qoll 79 yaşında vəfat etdi. Onun ulduzu siyasi üfüqdə Fransa 1940-cı ildə natsist Almaniyasına təslim olandan sonra Müqavimət hərəkatına başçılıq edəndə parladı. Beşinci respublikanın prezidenti kimi (1959-1969-cu illər) de Qollun idarəçiliyi adətən, avtoritar üsul-idarə kimi qiymətləndirilir. Xarici siyasətdə o, Fransanın dünya dövləti kimi nüfuzunu bərpa etməyə cəhd edirdi. Nümayişkaranə qaydada ABŞ-dan uzaqlaşaraq o, milli nüvə qüvvələrini yaratmaq niyyətini bəyan etmişdi. Əlcəzair müharibəsinə 1962-ci ildə son qoymuşdu.

Böyük liderin matəmi ilə əlaqədar televiziya ilə çıxış edən prezident Jorj Pompidu demişdi: “General de Qoll ölmüşdür. Fransa dul qalmışdır”. Həqiqətən də o, Fransaya sədaqətli oğul, fransız xalqına qayğıkeş ata olmuşdu. Onu millətçi adlandırsalar da, başqa millətlərə o, loyallıqdan başqa heç bir hiss bəsləmirdi. Müstəmləkə xalqlarının mübarizəsinə onun vicdanlı münasibəti bunu bir daha sübut edir. O, imperiyanın deyil, doğma Fransanın mühafizəçisi idi. Əgər Hitler özünün irqçilik siyasətini hələ 1922-ci ildə natsistlərin yığıncağında “Burada heç bir güzəşt ola bilməz, burada yalnız iki imkan vardır: ya arilərin qələbəsi, yaxud da arilərin məhv edilməsi və yəhudilərin qələbəsi”. Hitler qəddar irqçiliyi ilə Almaniyanın vətəndaşları olan yəhudilərə divan tutacağını az qala iki onillik əvvəl vəd edirdisə, de Qoll yalnız Fransa uğrunda ölümcül mübarizəyə atılmış, sonradan da müstəmləkə ölkələrinin xalqlarına irqçilikdən çox-çox uzaq olan hərarətli münasibət göstərmişdi.

Fransada tarixi müharibədən sonrakı əsrin bir rübünə bərabər olan dövr bir adamın – Şarl de Qollun aparıcılıq rolu ilə əlamətdar idi. Müharibə dövründəki nəhəng fəaliyyəti ilə yanaşı o, qələbədən sonrakı illərdə də öz dövlətinin stabilliyi və inkişafı üçün yorulmadan mübarizə aparırdı. Parlament sisteminə keçirilməsi ilə Dördüncü respublikanın elan edilməsi de Qollun nisbətən zəif olduğu partiyalar sisteminə əsaslanırdı və onu siyasətdən geri çəkilməyə vadar etdi. O, Fransa Xalq hərəkatını yaratdı, bu tam sağ təmayüllü təşkilat idi. Hərəkat Fransanın siyasi qarışıqlığına görə partiyaları məzəmmət edirdi və güclü prezidentliyin yaradılmasına səsləyirdi. Bu məqsədə isə de Qoll 1958-ci ildə nail oldu.

Dördüncü respublikanın kövrək siyasi stabilliyi Əlcəzair böhranı tərəfindən güclü surətdə silkələndirildi. Fransız ordusu 1954-cü ildə Hind-Çindəki məğlubiyyətdən əzab çəkirdi və əlcəzairlilərin müstəqillik tələblərinə müqavimət göstərməyi qərara almışdı. Lakin fransız ziyalıları və kilsə liderləri arasında möhkəm anti-müharibə hərəkatı acı bir bölünməyə aparıb çıxardı və Fransada vətəndaş müharibəsinin mümkünlüyünə qapıları açdı. Panika qaydasında qorxan Dördüncü respublikanın liderləri təklif etdilər ki, qoy de Qoll hökumətə başçılıq etsin və hətta Konstitusiyanı təftişə uğratsın.

1958-ci ildə de Qoll ləngliyə yol vermədən Beşinci respublika üçün layihəni hazırladı, bu sənəd prezidentin hakimiyyətini artırırdı. Prezident baş naziri seçmək, parlamenti buraxmaq, müdafiə və xarici siyasət məsələlərinə nəzarət etmək hüququna yiyələnəcəkdi. Yeni prezident kimi de Qoll Fransanı böyük dövlət mövqeyinə qaytarmaq yollarını arayırdı. O, inanırdı ki, özünəməxsus milli qaydada rolunu oynamaqla Fransanın statusu qalxacaqdır. Bu səbəbdən o, Fransanı NATO-nun yüksək komandanlığından çıxardı. Dünya dövləti statusunu qazanmağa yönəlmiş baxışı ilə de Qoll nüvə silahları üzrə yarışa ağır investisiya qoydu. Fransa ilk nüvə bombasını 1960-cı ildə sınaqdan çıxardı. Öz uğurlarına baxmayaraq de Qoll dünya dövləti barədə öz ambitsiyalı məqsədlərinə real olaraq çatmadı. Onun varisləri Fransanı ABŞ-dan və Sovet İttifaqından sonra üçüncü nüvə dövləti kimi saxlasalar da, həqiqətdə Fransa belə qlobal ambitsiyalar üçün çox kiçik idi.

Nüvə proqramının xərci müdafiə büdcəsini şişirtməsinə baxmayaraq, de Qoll fransız iqtisadiyyatının inkişafına da biganə deyildi. İqtisadi qərarlar mərkəzləşdirilmişdi. 1958-ci və 1968-ci illər arasında fransız milli daxili məhsulunun artımı hər il 5,5 faiz təşkil etmişdi, bu Birləşmiş Ştatların inkişaf səviyyəsindən sürətli idi.

De Qoll erası başa çatdıqda Fransa başlıca sənaye məhsulları, xüsusən avtomobil qayırma və silah sahələri üzrə güclü istehsalçı və ixracçı idi. Buna baxmayaraq, problemlər də qalırdı. Ənənəvi sənaye sahələrinin, məsələn, daş kömür, polad və dəmir yollarının milliləşməsi (dövlətin mülkiyyətinə keçməsi) büdcə defitsitinin böyüməsinə səbəb oldu. Qalan Avropa ölkələrinə nisbətən yaşayış xərcləri də artmışdı. İstehlak qiymətləri 1968-ci ildə on il əvvəl olduğundan 45 faiz yuxarı idi.

De Qoll hökumətinin bu problemləri həll edə bilməməsindən artan narazılıq daha zorakı hərəkətlərə aparıb çıxardı. 1968-ci ilin mayında bir sıra tələbə etirazları həmkarlar təşkilatlarının baş təbilinin arxasınca hökuməti silkələdi. De Qollun qaydanı bərpa etmək cəhdlərinə baxmayaraq, 1968-ci ilin may hadisələri fransız xalqının öz möhtəşəm prezidentinə olan hörmətini ciddi surətdə zədələdi. Yorulan və narazı olan de Qoll 1969-cu ilin aprelində istefa verdi və bir ilin içərisində öldü.

 

 

Telman Orucov

 

525-ci qəzet.- 2013.- 11 may.- S.20.