Əlahəzrət Teatrın tərənnümçüsü...

 

(Elçin-70)

 

Son dövrdə çağdaş Azərbaycan dramaturgiyasına yeni dramaturgiya – yeni teatr estetikası baxım bucağından nəzər salanda, görürük ki, özünün bənzərsiz dramaturji yaradıcılığı ilə ən fəal şəkildə onu təmsil edən dramaturq Elçindir.

Bu gün Elçinin özü və təcrübəsi artıq elə bir zaman nöqtəsinə gəlib çatıb ki, “Elçin yaradıcılığı” anlayışı Azərbaycan mədəniyyətinin faktına çevrilib: bu faktda şəffaf aynada olduğu kimi, milli mədəniyyətin özü əks olunur.

Elçinin dramaturgiyası  həm öz problematikasına, həm də strukturuna görə çağdaş tamaşaçıya çox yaxındır. O, pyeslərində şəhərdə yaşayan insanın kövrəkliyindən, köməksizliyindən yazır, onun dəyərini görünməyən dərin qatlarda axtarır. Dramaturqu hər şeydən çox adi qəhrəmanın daxili sarsıntıları cəlb edir. Elçin parlaq yaradıcı bir fiqur kimi şəxsiyyət və zaman münasibətlərinə insan rakursundan – daxildən nəzər yetirir. İnsanın daxili aləminə güclü sirayət edən dramaturq dövrün ictimai-siyasi, sosial-psixoloji ziddiyyətlərini insanın iç dünyasında axtarmağa yönəlir. İntəhasız mütaliəyə və yüksək bədii təhlil mədəniyyətinə malik olan bu sənətkarın dramaturji əsərlərində bədii təfəkkürlə tənqidi təfəkkürün güclü vəhdətini görürük. Onun milli teatr sənətindəki varolma faktı milli sənət düşüncəmiz, yaradıcı təcrübəmiz və onun elmi dərk edilməsindən ötrü elə bir “həqiqət anı”dır ki, bu varolma faktını ehtiva edən anlayışlar yalnız Elçindən ötrü əlamətdar və həlledici sayılmaz; çünki ömrünü fəal yaradıcılıq şəraitində keçirən yaradıcı şəxsin nailiyyətləri, eyni zamanda, mədəniyyətimizin durumunu əks etdirən aynadır.

Yaşının müdriklik çağında (70 yaş! Amma və lakin gəlin etiraf edək ki, Elçin miqyaslı bir yazıçı üçün yaşın nə fərqi var ki?!) yaşayıb-yaradan Elçinin şəxsiyyətinə,  yaradıcılığına, dramaturgiyasına bir teatrşünas kimi “peşə maraqları” prizmasından nəzər salanda və Elçin fenomeninin Azərbaycan milli teatr prosesinə təsirini qeydə alanda, ilk növbədə, sənətçi qeyrəti, səmimiyyət, intellektuallıq, işıqlı zəka, intəhasız mütaliə hünəri, həm sənətə, həm də sənətkara (cavanlı-qocalı!) yönələn maraq,  təəssübkeşlik və məhrəm təbəssüm arxasında gizlənən ciddi, ağrılı düşüncələrin katalizator təsirini konstatasiya etməliyəm. Milli teatr düşüncəmizi dünyanın axar-baxarına qoşan və beləliklə də, əməllicə yeniləşdirən Elçinin pyeslərinin səhnə təcəssümü milli teatr prosesimizə dünya teatr təcrübəsinin mühüm problemlərini qatdı ki, bu, yeni zamanın, yeni dövrün tələbi və “yaradıcı sifarişi” idi. Bəlkə də çox dramaturqlarımız bu tələbi duydu-eşitdi, amma məhz Elçin öz dramaturji yaradıcılığıyla yeni dövrün çağırışına adekvat cavab vermiş oldu.

Azərbaycan ədəbiyyatında XX yüzilin “altmışıncılar” nəslinin parlaq nümayəndəsi Elçin 90-cı illərdən etibarən fəal şəkildə dramaturgiyaya gəldi və görkəmli dramaturqumuz İlyas Əfəndiyevdən (...Atasından!) estafeti qəbul etdi. Beləliklə də, zaman görkəmli atanın uzun illər daşıdığı ağır yükün məsuliyyətini görkəmli yazıçı – oğul Elçinə həvalə etdi... Əlahəzrət  Teatr “öz müəllifi” ilə səmərəli əməkdaşlığa başladı...

Elçinin teatra gəlişi son dövrdə müasirlərinin istəklərinə cavab verməyə çətinlik çəkən bu sənət məbədinə yeni nəfəs, can, qan və dirilik suyu gətirdi.

Zaman göstərdi ki, dramaturgiya Elçindən ötrü təsadüfi və ya müvəqqəti “məşğulat” deyil və nasir, ədəbiyyatşünas-tənqidçi Elçinin özəl dramaturji poetikası mövcuddur ki, onun predmetini, baxım bucağını və ifadə vasitələrini dramaturq dünya komedioqrafiya məkanından əxz edərək milli ədəbi və teatr prosesinə daxil etmiş, ona güclü inkişaf təkanı vermişdir. Müəllif xalq gülüş mədəniyyətinin (qaravəlli) zəminində milli klassik dramaturgiya ənənələrini komedi del-arte (italyan) və vəziyyətlər komediyası (fransız) ilə ustalıqla sintez edərək özünəməxsus komik bir üslub yaratmağa nail olmuşdur. Elçinin elmi və ədəbi nailiyyətləri, yaradıcı metodu və özəllikləri düşünüşlü və ardıcıl şəkildə dramaturgiyada öz ekvivalentini  tapmışdır.

Azərbaycan milli teatr prosesini kifayət qədər uzun müddət və dərindən araşdırmaq cəhdində bulunan teatrşünas kimi tam məsuliyyətlə söyləməliyəm ki, Elçinin trilogiyası (“Ah, Paris, Paris!..”, “Mənim seviml dəlim”, “Diaqnoz D”) oynanıldığı zaman teatr prosesimizə nə qədər təsir göstərdisə, bir o qədər də onun inkişaf istiqamətlərinə və gələcəkdə baş verəcək teatr hadisələrinin keyfiyyətlərinə təsir göstərməkdədir. Elçinin güclü gülüş potensialına malik olan komediyaları, bu məzhəkə – parodiyalar yeni dramaturji strukturun, tam yeni tipli konflikt və kolliziyaların, yeni məzmunlu xarakterlərin yaranması üçün güclü zəminə çevrildi.

Məncə, dünya mədəniyyət tarixini, bəlkə də, hamımızdan yaxşı bilən Elçinin özü də çox gözəl anlayır ki, onun pyesləri artıq öz həyatlarıyla yaşamağa başlayıblar və insanlardan fərqli olaraq ömürləri gerçək amillərdən asılı deyil... Zaman göstərdi ki, “öz həyatıyla” yaşayan sənət əsərlərinin taleyi insanların hökmlərindən asılı olmur. Mistikaya qapılmaq istəməsəm də, deməliyəm ki, əsl istedadlı əsərlərin yaşam tarixi hələ də dərk etmədiyimiz, bəlkə də çox sadə olan, amma adi gözlə görünməyən qanunlarla tənzimlənir.

Elçin dramaturgiyası milli dramaturgiyamızda bu vaxta qədər rast gəlmədiyimiz yeni mövzuları, gözlənilməz süjet kombinasiyalarını, düşüncə və hisslərin stereotipdən uzaq bir formada ifadə edilməsi ilə fərqlənən yeni insan tiplərini, obrazlarını yaratdı. Bu pyeslərdə dramaturqun “mövcudluq effekti”nin parlaqlığı, maraqlı dramatik, lirik, komik subyektlərin varlığı, aktual mənəvi konflikt-qarşıdurmalar, yeni dövrə xas davranış tipi və ona adekvat dünyaduyumu yüksək peşəkarlıqla bir-birinə hörülüb. Ştrixləri, detalları, intonasiyaları, süjet gedişatlarını mükəmməl şəkildə seçən dramaturq gah məişət motivləri ilə xəyali romantik çırpıntıların bir-birinə bağlandığı komediyalar yazır, gah da mənəviyyatını, ruhunu qoruma instinktini itirən insan obrazlarını yaradır. Düzdür, həyatın mənasının itirilməsi hissi çox zaman bu insanlar tərəfindən şəxsi faciə kimi yaşanır. Elçin qəhrəmanın həyatının “astar üzü”nü ustalıqla sərgiləyə bilir. “Gözə görünən və görünməyən ara pərdələri qaldırıb əsl mahiyyətə, nüvəyə çatmaq meyli bu yazıçıya xas olan bir keyfiyyətdir” (Məmməd Arif). Elçinin dramaturq manerasının özünəməxsusluğu zaman-zaman onun dramaturgiyasında baş verən struktur dəyişikliklərini aşkarlamaq imkanı yaradır. Bu pyeslərdə qəhrəmanların evolyusiyası ilə birlikdə dram əsərinin strukturu da dəyişikliyə məruz qalır.

E L Ç İ N  T E A T R I  özündə gerçək dramatik materialın dolğun əhatə edilməsi sayəsində müxtəlif imkan və xüsusiyyətlərə malik olması ilə seçilir. Onun pyeslərində dramatik əməlin də forma və strukturu köklü dəyişikliyə məruz qalır. Əməl-fəaliyyət kolliziyaları bu dramaturgiyanın təməli əsasıdır. Sözügedən pyeslərdə (24 pyes!) personajların arzu və istəklərini bəyan etmək üsulları, bir sözlə, onların özünüifadəsi fərqlidir, daha dəqiq desək, yenidir. Dramatik gərginlik ərazisi iştirakçıların fəallığı nəticəsində yaranır. “Teleskop” pyesində müəllif parlaq teatral dildə çox ustalıqla qurduğu həyat tarixçəsini tamaşaçıya nəql edir. Həmdəmlik hisslərinin, milli dramaturgiyaya gətirilməmiş yeni həyati layların (dramaturq sanki arxeoloq missiyasını yerinə yetirir), mövzu və problematikanın bədii obrazlar vasitəsilə oxucu və tamaşaçıya çatdırılmasında Elçinin fövqəladə misilsiz xidmətləri var. Bu pyeslərin qəhrəmanları adi insanlardır. Elçinin sehrli qələmi bu insanların sanki adi görünən niqablarını, örtüklərini qaldıraraq, onların qeyri-adi daxili dünyasına nüfuz edə bilir. Dramaturq oxucu və tamaşaçıya bu insanların gündəlik yaşamlarının gözəgörünməz gözəlliyini görükdürür və adi insanın möcüzəsi bizi heyrətə salır. Parlaq real-fantastik-mistik naxışlardan hörülən bu pyeslərin “içinin içində” gizlənən insan faciələri bizi sarsıdır.

Elçinin pyeslərinin ən əsas məziyyəti həyat həqiqətidir – bu həqiqət Şər adlanırsa, onun hüdudlarını aşıb keçmək, Xeyir adlanırsa, onun mahiyyətini üzə çıxarmaqdır. Milli dramaturgiyamızdakı realist ənənəni zənginləşdirmək yolunu tutan dramaturq Elçin real həyati proseslərin təsvirinə sadiq qalır, onun pyeslərinin qəhrəmanları əsl konflikt situasiyalarına salınır.

Böyük Mirzə Fətəlidən, ölməz Mirzə Cəlildən, novator İlyas Əfəndiyevdən,  bənzərsiz Sabit Rəhmandan üzü bu yana gələndə Elçinin möhtəşəm dramaturq fiquru bu sırada üzvi şəkildə özünə yer tutur: komediyalarında (satirik komediya, məişət komediyası, intriqalar komediyası, buffonada, xronikalar...) dramaturqun sehrli gülüş güzgüsünə baxırıq, burada gülüş və göz yaşlarını – həyatın iki fərqli üzünü bir-birinə sıx hörülmüş halda görürük və bir də görürük ki, dramaturqu, deyəsən, gülüş yaman cəlb edir.

Yaşının müdrik çağında yazdığı pyeslərdən fışqıran yaşam sevinci  Elçini ruh baxımından qoca dünyanın sirlərini açmaq əzmində bulunan gənc bir dəliqanlı kimi təqdim edir ki, bu da həqiqətdir. Həmkarlarının, ələlxüsus, gənc həmkarlarının yaradıcılığına olduqca həssas münasibət bəsləyən, ədəbi prosesi (həm də teatr prosesini!) diqqətlə izləyib, düzgün səmtə istiqamətləndirən, hər maraqlı, ümidverici fakta həməncə reaksiya verən, istedadın bəhrəsinə uşaq paklığı ilə heyrətlənmək və heyran qalmaq qabiliyyətini bu günə qədər itirməyən yazıçı istəsə də, istəməsə də, öz yaradıcı potensialını hər an açıqlamış, səngimək bilməyən yaratmaq şövqünü nümayiş etdirmiş olur və bununla, özünün hələ fəth edilməmiş zirvələrini də açıqlayır ki, bu da danılmaz həqiqətdir. Elçinin sənətkar həyatının qeyri-şərti göstəricisi isə ondan ibarətdir ki, uzun bir zaman kəsiyində milli sənət təfəkkürümüzdə, ədəbi və teatr prosesimizdə “Elçin” adlandırdığımız “insan amili” öz məhsuldar işini görüb, görür və inşaallah, hələ uzun bir müddət zəhmətini əsirgəməyəcək.

Elçin yeni dövrün Azərbaycan dramaturgiyası və teatrında parlaq ədəbi hadisədir. Ədəbi yaradıcılığın müxtəlif istiqamətləri Elçin yaradıcılığında cəmlənmişdir. Razılaşın ki, belə bir təzahür tez-tez rast gəlinən hal-hadisə deyil. Elçinin çox cəhətli yaradıcılığının rişələri, kökləri dərində axtarılmalıdır.

Mirzə Fətəli... Mirzə Cəlil... Molyer... Qoqol... Çexov...

Adlarını çəkdiyimiz bu nəhənglər onun sələfləridir. Teatr və dramaturgiya sahəsində hərtərəfli biliyə sahib olan Elçin öz sələflərinin təcrübəsinin ən yaxşı keyfiyyətlərini yaradıcı tərzdə mənimsəmişdir. Mükəmməl komizm hissi... cilalanmış nəfis mətn... metoforiklik... sərt realizm... mistik realizm... Elçin dramaturgiyasının əsas məziyyətləridir. Elçinin nəsri Bakı və Abşeron motivlərinin çox parlaq bədii həllini sərgilədiyi kimi, o özünün dramaturgiyası və deməli, teatrı ilə də bakılıların teatrını yaratmaqda və ona ümumxalq mənası verməkdədir.

Bu gün yeni Azərbaycan dramaturgiyası sürətlə dəyişən ziddiyyətli dünyamızda nə ilə nəfəs alır? Bu suala cavab tapmaq məqsədilə də Elçinin xüsusi hüsnü ilə seçilən dramaturji irsinə nəzər saldıq və gördük ki, Elçin yaratdığı dramaturji obrazlarda mənəvi potensiyanın, xeyrin və insan iztirablarının, fədakarlığa qadirliyin mənbəyini axtarır. Bu pyeslərdə biz Elçinin bədii təxəyyülünün müxtəlif qütblərinə qoşula bilirik. Bu pyeslər həm də yeni dövrün güzgüsüdür: dövrün incəliklərə qədər duyulan ab-havasında, mətnaltı mənalarında dramaturqun fərdi üslubunun özünəməxsusluğu sayəsində yeni tipik həyati təzahürlərin əksini görürük. Mübaliğəsiz deyə bilərik ki, son dövrdə dram janrı məhz Elçinin dramaturgiyası sayəsində ciddi dəyişikliklərə məruz qalıb. Çox zaman zahiri və daxili xarakterli dəyişikliklər bu yeni dramaturgiyada yeni janr kateqoriyalarının yaranmasına gətirib çıxarıb.

Didaktikadan uzaq olan bu pyeslərdə dramatik kompozisiya montajı çox gözlənilməzdir. Bu pyeslərdə güclü lirik, lirik-romantik, tragik, tragikomik zonalar mövcuddur və onlar çox bənzərsiz dramatik strukturun yaranması ilə nəticələnir. Elçin müasir yaşamımızı əks etdirən kəskin psixoloji konfliktli dramlar ustası olmaqla yanaşı, həm də tarixi mövzulara novatorcasına yanaşmağı bacaran dramaturq kimi çıxış edir.

Yeni, çağdaş Azərbaycan dramaturgiyasında dram janrının (eləcə də milli teatrın!)  düşdüyü növbəti böhrandan çıxmaq və yeni tarixi şəraitdə təzədən “əbədi” məsələlərin həllinə girişmək çapalarında... ciddi-cəhdində... əzmində!.. şəksiz-şübhəsiz, Elçin dramaturgiyasının rolu böyükdür. Xalis sənətkar olan Elçinin dramaturq kimi xidməti həm də ondadır ki, o, özünün parlaq nəsr təcrübəsini, parlaq nasir qələmini keçən əsrin 90-cı illərindən etibarən sevib-seçdiyi dramaturgiya janrına caladı və çağdaş, yeni Azərbaycan  dramaturgiyasında insanın psixoloji təhlil vasitələri arsenalını əhəmiyyətli dərəcədə zənginləşdirdi.

Əcəba, dramaturgiya yazıçı Elçin üçün nəsrdən daha cazibəli oldumu?

Bəli! Elçinin pyesləri həm teatrımızın repertuarını bəzəyən tamaşaların ədəbi əsasıdır, həm də yeni səhnə ədəbiyyatı nümunələridir. Bu pyeslər çağdaş Azərbaycan dramaturgiyasında psixologizmin yeni məzmunlu kateqoriyasını  təmsil edir. Onlarda Elçinin cəmiyyətə ictimai-sosial münasibəti və onun bədii inikası çox aydındır. Bu pyeslərdə biz insan talelərinin qayğısı ilə yaşayan, xeyirxah hisslərin  əzəmətli gücünə inanan Elçini görürük. Onun sevimli qəhrəmanlarını – sənət (Teatr!) adamlarını, teatr fədailərini, güclü təbiətli insanları, kövrək xarakterli obrazları, adi adamları məqsədə doğru aparan yolda görürük... Biz  – oxucu və tamaşaçılar da onlarla birlikdə bu yolun yolçusuna çevrilirik...

Elçin öz əsərləri ilə sübut etdi ki, sənət həyatın mahiyyətinə, “içinin içinə” nüfuz etməli və bu mahiyyəti açmalı, üzə çıxarmalıdır. Buna görə də, dramaturq öz pyeslərində yumora, qroteskə, ironiyaya, sarkazma, tragikomik  məqamlara, parodik  səhnələrə, “parodaksal gəlişmələrə” geniş yer verdi. Elçin   tragik və komik olanı, “mənasız” cəhdləri, oyunbazlığı və oyun məqamlarını, natural və parodiyanın hökm sürdüyü səhnələri absurda gətirib çıxardan bir   ab-havaya bürüyür. Bu parodaksallıq onun yeni Azərbaycan dramaturgiyasını təmsil edən pyeslərində acı ironiyaya  çevrilərək, sosial eybəcərliyə və sosial cəhətdən eybəcər olan tiplərə qarşı  yönəlir. Onun komediyalarını tamaşaçı və oxucuların şüurunda güclü partlayış  yaradan qumbaraya bənzətmək olar.

Ədəbiyyat və sənət tükənməz insan təbiətinə doğru yönəldiyindən, əsl sənətkar kimi Elçin də insan hisslərinin, istək və ümidlərinin sərhədsiz dəryasına baş vurur. Və beləliklə də, bizə – oxucu və tamaşaçıya dünyanın sonsuz və tükənməz mənəvi-ruhsal qatına yaxınlaşmaq, ona azacıq da olsa, toxunmaq imkanını yaradır.

Nasir Elçinin xoşbəxt taleyi olduğu kimi, dramaturq Elçinin də xoşbəxt teatr taleyi var. Onun pyeslərini həm oxucular, həm tamaşaçılar, həm də teatr sənətçiləri sevirlər. Bu pyesləri rejissorlar həvəslə tamaşaya hazırlayır, aktyorlar sevə-sevə oynayırlar. Elçinin pyesləri nəinki Azərbaycan teatrlarının repertuarının bəzəyidir, onlar, eyni zamanda, xarici ölkə teatrlarında da qurulmuş parlaq tamaşaların ədəbi əsasıdır. Onun dramaturgiyasını xarici ölkələrdə tanıyırlar, sevirlər və  oynayırlar... O, böyük eşqlə, həvəslə yeni-yeni, gözəl pyeslər yazır və inanırıq ki, yeni yazılacaq pyeslərdə də özünün bədii ifadə vasitələrini   yeniləşdirməkdə davam edəcək. Elçinin həyata, yaradıcılığa, tədqiqat obyekti olan insana, yeni   mövzulara marağı bitməz-tükənməzdir. O, “uzun... incə... bir yol”dadır (Yunis İmrə). Bu yol onunla birlikdə həm dramaturgiyamızın, həm  teatrımızın, həm də onun müasirləri olan bizlərin yoludur... Elçinin pyeslərindən xeyirə, işıqlı insanlar arasındakı münasibətlərin qələbəsinə inam arzusu ilə ayrılırıq və bu humanist missiya Elçinin yüksək keyfiyyət nişanlı  (brend!) əsərlərini son dərəcə xarakterizə edir.

Elçin   hər   yanda,  hər   an  Ə L A H Ə Z  R Ə T    A Z Ə R- B A Y C A N   T E A T R I nı cazibəli, SEHRLİ  BİR  MÖCÜZƏ kimi şöhrətləndirməkdədir... şərəfləndirməkdədir... daha uca zirvələrə ucaltmaqdadır...

...Bu düşüncələrlə də yeni Azərbaycan dramaturgiyasında özünün bəlli bir “yeri-yurdu” olan Elçinin özü və  pyesləri barəsində mülahizələrimizi bitiririk...

Amma və lakin bu mülahizələri yenidən davam etdirmək niyyəti ilə...

Elçinin yaratdığı xalis sənət əsərlərinə gəldikdə, onlara nə isə diləmək mənim iqtidarımda deyil – onlar çoxdandır ki, sənət aləminin zaman və məkanında öz həyatlarını yaşayır və zaman baxımından bircə göstərici tanıyır – əbədiyyət!

Elçinə  isə diləyim  budur  ki, o  hələ  çox  uzun  illər    Ə L A- H Ə Z R Ə T  T E A T R a indiki gənclik eşqiylə... gənclik şövqüylə... gənclik inamı ilə sitayiş və xidmət edə bilsin... 

 

 

Məryəm Əlizadə

 

525-ci qəzet.- 2013.- 11 may.- S.14-15.