Ədəbiyyatımızın generalı
(Elçin-70)
Yazıçı Elçin
haqqında yaza bilmədiyim yazılara rezüme
Son
yarım əsr ədəbiyyatımızın ən
ünlü simalarından olan Elçinin
yaradıcılığı daimi heyrət mənbəyidir; həm
həcminə görə, həm sanbalca, həm də elə intensivliyi,
operativliyi baxımından. On cildlik “Seçilmiş əsərləri”nin
nəşrindən (“Çinar-Çap”, Bakı, 2005)
sonra da elə bir il
olmamış ki: yazıçı, dramaturq, publisist, tənqidçi,
ədəbiyyatşünas Elçinin “525-ci qəzet”də,
“Azərbaycan” jurnalında, internet saytlarında, yaxud da
ayrıca kitab şəklində təzə-təzə əsərlərini
– hekayə, pyes, məqalə, esse, müsahibə, oçerk və
monoqrafiyalarını oxumayaq. Elə hey informasiya
alırıq: ölkədə və ölkə
hüdudlarından kənarda dramaturqun teatr əsərləri
səhnəyə qoyulmuş, yazıçının nəsr
əsərləri çap olunmuş, haqqında əcnəbilər
yazmışlar...
Elçinin
hər əsəri Elçinsevərlər üçün
bir müddət stolüstü kitaba çevrilir. Ən
azı, öz payıma deyirəm. “Dost yadigarıdır”
ünvanı ilə qazandığım hər
kitabını, ya təsadüfən internet saytlarından
rastlaşdığım yazılarını dərhal, yerindəcə
həzm-rabedən keçirir, gerçək və ya əqli
“yaradıcılıq masam”ın bir küncünə yerləşdirirəm.
Çün bilirəm, anında olmasa da, bir gün mütləq
bura, bu məqama qayıdacağam. Axı Elçinin heç
elə-belə, məzə üçün nəsə
yazdığını gördünüzmü?; nə
yazırsa, mahiyyətdən, ya da vacibatdan yazır. Bu ki:
Elçin Ədəbiyyatda mənim daimi opponentlərimdəndir;
onun əsərlərini oxuya-oxuya öyrənmişəm. O
cümlədən: etiraz etməyi, polemikaya girməyi, öz,
fərqli mövqeyini ortaya qoymağı. Elçin – məşhur
60-cılardandır, mən isə: hələ də, hələ
də “mövqe ortaya qoymaqda olan” 80-cilərdən.
60-cılardan mənə ən çox söz deməyə, bəhsləşməyə,
nəyisə təqdir edib, nədəsə
razılaşmamağa bəhanə verən məhz
Elçindir! Elçinin isə cavab üçün (kiməsə-nəyəsə-niyəsə)
bəhanəyə lüzumu yox; Cavabı – özlüyündə
bəlli; yaradıcılığında, hər dəfə-
hər dəfə qələmə aldığı növbəti
yazılarında olur...
Yazıçı
Elçin haqqında hər zaman yazmaq itəmişəm, ta gəncliyimdən.
Amma yazammamışam, gücüm çatmayıb. Sadəcə
ona görə ki, yaradıcılığının həcmi-ölçüsü
çox böyükdür, çəkisi ağırdır;
bütünlükdə, axıracan yükünü heç
çəkmək olmur. Bəs o şeyi ki,
bütövlükdə götürə, ləzzətini tamamən
duya bilmədin – bunun harası tənqid oldu ki... – deyibən
ruhdan düşmüşəm.
Yadımda,
Elçin haqqında ilk çıxışımı isti-isti,
“Mahmud və Məryəm” çıxmışdı,
Universitetdə müzakirəsi idi, 1980-cilərin əvvəlləri,
tələbə vaxtlarımda eləmişəm.
Özlüyümdə cəsarətli bir Söz deyirdim guya;
romanı M.S.Ordubadinin “Qılınc və qələm”indən
Qabriel Markesin “Yüz il tənhalığı”nacan milli və
“dünya ədəbiyyatı”nın cəbbəxanasında
“oxumağa” cəhd edir, yeri-önəmi-şəcərəsi
barəsində hansısa eyhamlarla tənqidini verirdim. Sonralar
bu yığcam talib-tələbə “tənqid”imi esse qismində
“Azərbaycan yeni nəsri” kitabımda (1999) çap etdirməkdən
də çəkinmədim. Amma roman “oxundu” da, Elçinin ən
çox oxunan mətnlərindən oldu! Biz o zamanın
oxucuları “Mahmud və Məryəm”i tarix
işığında, uzaqbaşı tarixin fəlsəfəsi
kimi oxuyurduq; indi odur-ha, istərsə bu, istərsə də
Elçinin digər romanları – “Ağ dəvə”,
“Ölüm hökmü” 1980-ci illərin özünü (!),
əsl dekadans ruhu-havası-fəlsəfəsini (!!!), eləcə
son Sovet dönəmi, çökməkdə olan imperiya əhvalını
xəbər vermirmi bizə?! Nəinki 1980-lər, Elçinin
romanları 1990-cı illərdə bu və ya digər
rejissorların təfsirində “səhnələşdi”, təzədən
səhnəyə çıxdı, dostum, teatrşünas
Aydın Talıbzadənin yazılarına söykənərək
deyə billəm ki, modernist ruhlu nəsnələr kimi yenə
də “oxundu”! Və budur, “Mahmud və Məryəm” – beynəlxalq
arenada! Bu dəfə sinema, yeni sənətçilər və
Sənət! – kino-film qismində , yenə də, yenə də
yeni-yeni auditoriyaları dolaşmada, ağılları-ürəkləri-duyğuları
qəsb etmədə... Pah ki, yığcam bir tələbə
çıxışında tənqid deməyə nə
vardı; hünər istər ki, məhz bu
masştabın-miqyasın-trayektoriyanın sirrini çözə
və yaza biləsən...
Yubiley
yaşı sevinc deməkdir, ömrün bahasına,
barına-bəhərinə sevinməkdir. Nədirsə,
yazıçı Elçin barəsində son günlər
bir-birinin ardınca çıxan yazıların əksərində
xatirələr-anılar, “Ax, ötən əyyam, olasan indilər...”
notunu-şövqünü də duyuram. Görünür, 70
yaşın sevinci – elə nisgilindədir... Heç olmayan
xatirələrdən birisini də mən deyim. 1984-1986
arası günlərin bir günündə Elçin idi,
AYB-nin o zamankı katiblərindən, gərək ki, Hüseyn
Abbaszadə idi və bir də Cabir Novruz,
Yazıçıların Cənub bölməsinə, Lənkərana
gəlmişdilər. Əslində, yazıçı ilə
ikinci üzbəsurət tanışlığım burda(n) baş tuta bilərdi. Təyinat
üzrə Lerik dağlarında müəllim işləyir,
hər həftənin bazar günləri ədəbiyyat həvəsinə
Lənkərana enib, bölmənin aktivistlərindən
olmağa çalışırdım. AYB rəhbərliyi ilə
həmin görüşdə də ədəbi proses barədə
nəzərə çarpacaq bir tənqidi
çıxış nümayiş etdirdim və ruhuna rəhmətlər!,
bölmənin o zamankı rəhbəri yazıçı Məmmədhüseyn
Əliyevin dediyinə görə, çıxış
Elçini maraqlandırmışdı. Və Məmmədhüseyn
müəllim də, dediyinə görə, Bakıdan
olduğumu vurğulayıb: “Qanadının altına al, qoy səndən
yazsın”,- söyləmişdi. Nə qədər
doğruydu, bilmədim, rəhmətlik xətrimi istəyirdi və
mənə də qayıtdı ki: “Elçindən yaz, qoy səni
qanadlarının altına alsın!”
O
vaxt hələ ədəbiyyatda sütül bir gəncdim,
23-25 yaşım vardı; amma nə onda, nə də sonralar
Elçin haqqında yaza bilmədim; eləcə ədəbiyyatdan
yazmağı daha üstün-rahat bildim. Bu ki, Elçinin
“Absurd hekayələri”nin ədəbiyyatımızda yeni
addım olmasına, gərək ki, ilk diqqəti çəkən
mən olmuşam; o vaxt “Ulduz” jurnalı yazını tam verməmişdi
(“Ulduz”, 1998, ¹ 7) deyə, 1998-ci ildə “Rezonans” qəzetinin iki
sayında palaz-palaz dərc etdirdim. Daha sonra “Azərbaycan yeni nəsri”
kitabında (1999), habelə lap yenicə çapdan
çıxmış magistrantlar üçün qələmə
aldığım “Müstəqillik illəri Azərbaycan ədəbiyyatı”
(2013) dərsliyində də “yerinə otuzdurdum”. Elçinin
teatr fəaliyyəti, bütün müstəqillik illəri ərzində
milli və tədricən də əcnəbi səhnələri
işğal edən dramaturji
yaradıçılığı, əslində,
düzgün qeydə aldığım kimi: həmən o
“absurd addımlar”dan başlanırdı. Amma dramaturq
Elçin barəsində də mən yaza bilmədim; teatr
var, sənətşünaslar var, bir-birinbən gözəl-fərqli
tamaşalar-təfsirlər, teatr hadisələri (“Ah, Paris!
Paris!”, “Mən sənin dayınam”, “Dəlixanadan dəli
qaçıb və yaxud mənim sevimli dəlim”, “Qatil”,
“Şekspir”, “Teleskop” və s. ) barəsində qoy onlar
yazsın, necə ki, yazırlar da... Hərçənd bir dəfə,
“Mənim ərim dəlidir” pyesi haqda yazmağa cəhd etdimsə
də, nəsə absurd bir şey alındı, belə:
“Yazıçının dördüncü pyesi” (“Ədəbiyyat
qəzeti”, 15 yanvar 1999)...
Nədən
ki yazmaq məsələsində belə israrlıyam,
çün ədəbiyyat biliklərimə görə
özümü 60-cılara mənən borclu bilmişəm həmişə.
Axı biz, bizim nəsil, son Sovet dönəminin
uşaqları necə də olsa, hər növ kirəcləşmə
və harınlığın acığına
Baladadaşın saf duyğuları (“Baladadaşın ilk məhəbbəti”),
özü-özünü kəşf edib-yaradan Əbilinin rəngbərəng
yuxuları (“Bu dünyada qatarlar gedər”), Şuşaya
yayılan dumanın acı ilğımları (“Şuşaya
duman gəlib”), nə olar, qoy ilğım olsun – qətiyyətlə
Abşeron gecələrinin ilıqlığına yeriyən
“gümüşü furqon”un sehrli iziylə (“Bir
görüşün tarixçəsi”) girmişik həyata,
bir fərd olaraq bu qəhrəmanlarla
doğmalıq-yaxınlıq-eyniləşmələrdə
özümüzə gəlib-çıxmışıq və
s. Bununla belə, deməliyəm ki, mən heç
Elçinin çox zəngin hekayəçiliyindən də
yaza bilmədim axı. O vaxt ki, bu qəhrəmanlar mənə
doğma-isti-yaxın idi, əlim hələ qələmə
yetmirdi. Biz böyüdük, həyata girdik, o qəhrəmanlar
isə böyüməmiş eləcə Şuşanın
dumanlı ilğımları içrə də qaldılar;
gec oldu. Əsəd Cahangirin Elçin haqqında çox
xoşladığım bir yazısı var, qəhrəmanlarının
anatomiyasını açır və belə məlum olur ki:
yaşından asılı olmayaraq, bu qəhrəmanlar yeniyetməlik
və gənclik arasındakı pillədə donub
qalırlar... Rəng versək, demək dünyaya qarşı
sadəlövh münasibəti, donmuş heyrətlərini
saxlaya bilirlər; bax bu heyrətamizlikdən yazmaq mənimçün
gec və sonra da güc oldu...
Ümumən,
Elçinin çox maraqlı-qurnaz-fəndgir nəsr
üslubu var – desəm çaşmayın; məhz sadəlövh-sadəzəmir
içə kökləndiyindəndir ki, gerçəkləri
“görmür”, yaxud da görməməyə
çalışır... Uzun illərin Sovet dönəmində
bu üsul yazıçıya “sosrealizm” deyilən əcaib
estetikadan özünü qorumağa, kənarda durmağa
imkanlar yaratmışdı. Elçin istisnasız, heç
bir əsərində sosialist gerçəklərindən
yazmayıb ki (nə yaxşısına, nə pisinə!),
açıq-açığına daim bu gerçəklərlə
“oynayıb”...
2003-cü
ildə mən Elçinin “Qarabağ şikəstəsi” hekayəsindən
ayrıca yazdım. Daha gerçəklərdən
qaçıb, hara gizlənəsiydik ki. On beş ildən
artıqdı ki, Qarabağ savaşı gedirdi və bu dərd,
problem, ağrı ədəbiyyatda da artıq yerini eləmişdi.
Elçin öz “şikəstəsi” ilə mövzuya təzə
nəfəs verdi. Çün o böyük “qaçqın”
ordusu ki, əzəli qəhrəmanlarının yurdu
Abşerona girib, nəsr dünyasını “zəbt eləmişdi”,
eləcə də yazıçı yeni mövzunu ədəbiyyata
hansı səmtdən otuzdurmağı yaxşıca
bacardı. İstər “Qarabağ şikəstəsi”ndə,
istərsə də ardınca yazılan “Bayraqdar” povestində
(2004) dərin İnsan problematikası var. Bəli, çox
yox, bir balaca “sadəlövh” olmaq bəs edirdi ki,
külli-dünyanın gözü qabağında
açıq-açığına (və
acığına!) oynanan bu İnsan faciəsini bütün dərinliyi
ilə, ağrı-acısıyla görəsən... Və
elə gördüyün kimi də yazasan; zatən daha
üslubun “oynaması”na hacət də yoxdu.
Mən
həmişə təəccüblənmişəm ki,
Elçin əslində elit mühitə mənsubdur, ənənəvi
ədəbiyyat diliylə desək: “saray əhlidir”, ta
cavanlığından həmişə yüksək
kürsülər tutmuş, nədən bəs sadə insan həqiqətlərindən
yazsın, sadə (orta statistik) insanların həyatına bu qədər
enə bilsin. Hətta bəzən həmfikirlərə
qoşulub qısqanmışam da; axı mənim kimi daxma-duxma
sakinlərinə “xərabat əhli”nin əbədi etiraz motivləri
daha yaxındır, nəinki bu cür naqolay mürəkkəbliklər...
İnsafən,
bir ədəbiyyat adamı şikayət edə bilməz ki,
Elçindən haçansa necəsə məmur münasibəti
görüb. Bunu mən əminliklə deyirəm; gərək
ki, 1997 idi, ilk dəfə randevü, uzun kabinetinin rəsmən
genişliyində özümü naqolay duyub da, bilmərrə
rəsmi qapılardan uzaq durmağa çalışan birisi
kimi deyirəm. Əksinə, bəlkə də Elçin məmur
stolunu həmişə yazıçı masasına
çevirə bilmiş yeganə adamdır bu dünyada;
görüşlərdə çox yüksək kreslo sahibi
ilə üz-üzə olduğunu qəti bilməzsən.
Axı ədəbiyyat dünyasında mənəm-mənəmlik
sevdası keçmir; bu ki, Elçin “dəmir qapı – taxta
qapı” müdrik xalq
düsturunu gözləyən İnsandır...
Elçinin
çox sevdiyi bir söz var: xislət!, İnsan xisləti... –
əslində, hər növ sosial xürafatları
başımızdan atanda yerində elə bir bu qalır:
İnsan! “İnsan – bədii tədqiq obyekti kimi” (2003) – ilk
olaraq Nərgiz xanım Paşayeva bu barədə “Xalq
yazıçısı Elçinin
yaradıcılığı əsasında” bütün
genişliyi ilə, qeyd-şərtsiz danışdı:
İnsan – insandır, insan hər yerdə İnsandır,
baxış bucağını dəyişib də bu incə
məqamı fəhm edə bilsən... Bax həmin kitab
haqqında mən gec də olsa, ayılıb-yazdım: sosial
gerçəklərdən İnsana doğru – Ədəbiyyatımıza
yeni baxışın uğuru kimi (bax: “Tənqid.net”
jurnalı, ¹ 1, 2006).
Gərək
ki, 1997 idi, ən nəhayət, özümü toparlayıb
Elçin yaradıcılığının müasirliyinə
girdim: “Ədəbiyyatda tarix və müasirlik problemi”
yazısı ilə (bax: Elçin, “Azərbaycan ədəbi
tənqidinin və ədəbi prosesin problemləri”
kitabında, 2003; səh. 52-98). Tənqid
yaradıcılığı barəsində yazacaqdım.
Çün mənə görə: Elçin
yaradıcılığının sirri burda, ədəbi tənqidindəydi.
İstisnasız: Azərbaycan yazıçıları
içərisində yeganə tənqidçidir Elçin;
bunu bizə onun qırx il ərzində ardıcıl ədəbi
icmalları, ədəbi proses dəyərləndirmələri,
ayrı-ayrı əsərlərə, kitablara, imzalara diqqəti
və diqqət yönəltməsi deyir... Və eyni zamanda Azərbaycan
tənqidçiləri içrə yeganə
yazıçıdır Elçin; nəzəri olaraq
bilib-düşündüklərini praqmatikaya, bilavasitə təcrübəyə
çevirən birisidir...
Fürsət
ikən: 1999-cu ildə iki gözəl tənqid kitabı
çıxmışdı Elçinin, birisi hələ
1966-1969-un bəhrəsi olan namizədlik monoqrafiyasıydı:
“Tənqid və nəsr”, indi latın qrafikası ilə
çıxmışdı. Bu kitab haqqında yazıb da “Ədəbiyyat qəzeti”ndə
geniş məqalə çap etdirdim: “Ədəbiyyatımızın
yaradıcılıq problemləri” (6 iyul, 2001-ci il) – məncə
də, yazıçının (=tənqidçinin) estetik-nəzəri
görüşlərinin təməlində məhz həmin əsər
dururdu... İkinci kitab isə Elçinin ta 1970-dən əsrin
sonunacan tənqid yaradıcılığını seçmə
əks etdirən həcmli bir toplu idi; eləcə: “Ədəbiyyatımızın
yaradıcılıq problemləri”... – adlanırdı. Həə,
fürsət ikən, Elçinin köməkliyilə ötən
əsr “Ədəbiyyatımızın yaradıcılıq
problemləri”nin tənqidini vermək iddiasındaydım...
Heyhat!, asanmıydı?; bunu etmək üçün ən
azı Elçin qədər bu ədəbiyyatın
içində-gücündə olmalı, XX yüzilin cikini də,
bikini də bilməliydin... Müsahibələrinin birində
Elçin deyirdi: “XXI əsrdə də mən XX əsr
adamı olaraq qalacağam...” Odur ki, mənim bu sevdam da elə
orda, baş tutmamış qaldı; “Ədəbiyyatımızın
yaradıcılıq problemləri”nin tənqidini axıracan
verməyə yenə gücüm yetmədi; qapıda XXI
yüzil idi...
Ümumən,
düşünmürəm ki, Elçin
yaradıcılığının bütünlüyü ilə
tənqidini vermək kiməsə asan ola... Son yarım əsrdə
haqqında nə qədər yazılıb!; tənqidimizin
klassiklərindən tutmuş cavanların həvəslə
girişdiyi Elçin mövzusunda dissertasiyalaracan.... “Hərəkətdə
olan estetika”dan yazmaq çox çətin;
axtardığın, hökmünü verdiyin nöqtələrdə
o daim yoxdur... Kimisi ardıcıl tamaşalarında olur,
“teatrı”nı izləyir, amma məsələn, “Kaşeyin
taleyi” hekayətini (2012) oxumağa macal bulmur; kimisi qəfil
525-in hər sayında gedən “Nağıllar” silsiləsinin
(2011), yaxud bir zaman olmuşlar barəsində xatirə-oçerklərin
tempini tutur, tamaşalarına vaxt tapmır; kimi klassikasına
və klassik irsi dəyərləndirmələrinə valeh
olur, amma məsələn, gənc yazar Şərif
Ağayardan da eyni şövqlə yazmağının fərqinə
varmır və s. və i.
Amma
deyirəm, nə yaxşı ki, bu dünyada 50 yaşlı
yazıçı Yaşar var və onun 70 yaşlı
yazıçı Elçinə bitib-tükənməyən
sualları var. Qayıdıram, nəsil söhbətinə. Ədəbiyyatın,
elə əbədiyyətin də, görünür, əzəli
qanunlarından biri bu ki: həyat, o cümlədən Sənət
bir nəslin digərinə soruları-sorunları üzərində
irəliləyir. Ötən ilin əvvəlləriydi,
Elçinin Cavablarla dolu daha bir kitabı çıxdı:
“Elçinlə ədəbiyyat söhbəti” (“Təhsil”,
Bakı, 2012). Həm də, bəli, 80-cilərdən olan
yazıçı Yaşarla: “Yaşarın Xalq
yazıçısı Elçin ilə müsahibəsi”.
Olduqca dolğun, hərtərəfli, ədəbiyyatın
bütün sferalarını (yazıçı-oxucu-tənqidçi-elm-sənət-cəmiyyət-dövlət...
münasibətləri) və coğrafiyasını (antik qədimlərdən
günümüzəcən) ehtiva edən söhbət
öz-özlüyündə o qədər tam,
tamamlanmış idi ki... – buna elə Elçin
yaradıcılığının tənqidi dərki demək
olardı. “Söhbətin əvvəli”, yəni ümumi ədəbi
proses məsələləri; “Dünya ədəbiyyatı”,
“Elçinin yaradıcılığı”, “Azərbaycan ədəbiyyatı”...
– sanki başqalarının Elçin barəsində heç
cür ərsəyə gətirə bilmədiklərini ədib
özü etməyə qərar vermişdi. Kitabdan
bütöv, sürəkli bir təəssürat və
içərisindən: elə hey boy verən, boylanan,
sözünü-həqiqətini deyib də doymayan,
bitib-tükənməyən, bütün
parlaqlığı, görüntüləri ilə
Yazıçı obrazı hasil olur, təcəssümlənirdi
– Elçin fenomeni...
Elçin
haqqında son yazmaq istədiyim və geniş tezislərini
cızma-qaraladığım da bu kitab oldu. Amma iş elə gətirdi
ki, həmin günlərdə AMEA-nın Nizami adına Ədəbiyyat
İnstitutunda “Elçinlə ədəbiyyat söhbəti”nin
möhtəşəm, yadda qalan bir müzakirəsi oldu; və
buradaca “tezislərim” monitorinqdən heç də uğurla
keçmədi. İlk tələbə
çıxışımın “uğuru”nu təkrarlamışdım
sanki; Elçini qoyub da Ədəbiyyatdan
danışmışdım; az qala daş-qalaq
olunasıydım... Halbuki mənim dediyim nəydi ki; deyirdim ki,
bəlkə yazıçının yazdıqlarının təsvirini
vermək, dediklərini özünə qaytarmaq, uzun-uzadı
özünü özünə tanıtmaq ənənəsi
bəsdir?! 70 illik bir ömür yaşamış,
gözümüzün qabağındaca kolossal bir
yaradıcılıq, irs ortaya qoymuş Ədibin bu irsin tənqidinə-resepsiyasına-dəyərləndirməsinə
haqqı çatmırmı; kənardan-bugündən- ədəbiyyatın
çölündən necə görünməsinə hacəti yoxmudur?!. Sağ olsun,
müzakirədə iştirak edən müəllif,
yazıçı Elçin məni axıracan dinləmək
həvəsində olduğunu söylədi...
– Mən
ordan başlayırdım və “tezislərim”in məğzi də
bütünlükdə buydu ki: bu dünyada “1960-1980-ci illər
ədəbiyyatı” dediyimiz bir milli hadisə var və
Elçin də bu ədəbiyyatın ən görkəmli
nümayəndələrindən biri, özünün sabiq
“sovet ədəbiyyatı”na şamilən sözü ilə
desək: “generalı”dır. Yəni sıravisi olmayıb,
1960-1980-ci illər ədəbiyyatını
bütövlükdə: parametrləri-miqyası, estetika və
poetikası, tənqidi və nəzəriyyəsi, təşkilati
strukturu-prosesuallığı, önəmi və
funksionallığınacan təmsil edir; bugünəcən də
onu gəlişdirib-gətirə bilir....
– Yenə
“Elçinlə ədəbiyyat söhbəti”nə əsasən
estetikası barəsində deyirdim ki: Elçinə görə,
Ədəbiyyat-sənət bir möcüzədir, ecazdır,
“sirri-xuda”dır; Ədəbiyyatın əbədi predmeti –
xislətdir, İnsan xisləti. Və bu möcüzənin
yeganə ölçüsü-meyarı varsa, o da –
İstedaddır...
– Həmin
möcüzə-ədəbiyyatın sehri-magiyası –
Miqyasındadır. “Elçinlə ədəbiyyat söhbəti”
də təsdiqləyir ki, bu ədəbiyyatın maraq sərhədlərini
antik-klassik irsdən- Nizamidən çağdaş-modern ədəbiyyat-
Markesəcən olan geniş ərazilər təşkil edir.
Başlıca oriyentrini isə – Qərb konteksti, İntibahdan
XX əsrə, U.Şekspirdən L.Tolstoyacan olan məsafələr
təyin edir. Yaşar – yəni sorular-sorunlar bu ədəbiyyatın
yalnız son hüdudlarına, Markes dairəsinə aid olan bir
komponentdir...
Haşiyə
olaraq onu da qeyd edim ki: bu yaxınlarda “Elçinlə ədəbiyyat
söhbəti”ndən bir çıxarış edib, ANN və
Kultaz saytlarında yayımladım – “Elçinə görə
dünyanın yüz aktual yazıçısı”; bu
yüzü mən kitabda adı keçən 359
yazıçı, şair, dramaturq, publisist, tənqidçi
və ədəbiyyatşünasın sırasından
seçmişdim; əsl gözqamaşdırıcı
effektdir, deyilmi?!.
– Bu ədəbiyyatın
konkret elmi hüdudları – müəyyənləşmiş
dəyərləri var; 1960-1970-ci illərdə, o cümlədən
Elçin tənqidində tam nəzəri dərkdən ədəbi
proses müstəvisində tənqidi doyumluğacan yarım əsrlik
yol gəlmiş. Elçin üçün Ədəbiyyat –
özündə-dəyərdir, ətraf aləmə və ətraf
aləmin reaksiyası heç də ümdə deyildir; qoy ətraf
aləm özü özünü bu Ədəbiyyatda tapa
bilsin, dəyər kəsb etsin...
–
Çün bu Ədəbiyyatın konkret
sifarişçisi-alıcısı-oxucusu olmuş həmişə;
məzənnəsi cəmiyyət – Dövlət münasibətləri-civarlarında
müəyyənləşir, strategiyasını isə
“generallar” təyin edir; sabiq Sovet dönəmində də, elə
indi də...
– Bizə
sadəcə koordinatlarını dürüst bilmək
qalır; həmin ədəbiyyatın verimliyi kimi,
doyumluğu da elə bundadır...
İndi
mən həmin bu qeydləri cızdığım dəmdə,
vaxt növbəti dəfə 00-00-ı keçdi və biz
2013, 13 may gecəsinə varid olduq. Mənimçün nisgilli
bir gün başladı; erkən itirdiyim bacımın
doğum günü; bir başqası üçün daha nə
iləsə əziz-doğma gün. Amma bugün həm də
axı ünlü Azərbaycan yazıçısı
Elçinin doğum günüdür...
Yubilyarı
qutlayaq, 70 yaşın yubiley sevinclərinə qatılaq, hər
günü yeni-yeni səhifələrə açılan
Yazıçıya istəyincə ömür-gün, usanmaz
yaradıcılıq həzzləri diləyək! Bu bir ədəbiyyatda
yaşanan ömürdür; ki, sonrası əvvəlinə
bağlı, bütövü hissələrinə...
Məni
isə oxucu məzur tutsun, yazıçı Elçindən
heç havaxt tam istəyimcə yaza bilməmişəmsə
də,bu ədəbiyyatdan həmişə yazmışam,
yaza bildiyim qədər yazmışam...
Son
günlərin daha bir xoş xəbəri o oldu ki, hər
dürlü təltif-ad-ordenli yazıçı Elçin Azərbaycan
Respublikası Prezidentinin sərəncamı ilə daha bir
mükafata – “Şərəf” ordeninə layiq
görüldü. Təbrik edək! Ədəbiyyatda(n)
rütbə, ad-san, Şərəf qazanmaq hər kəsə
nəsib olmur. Hər bir ədəbiyyat adamı bunu istəsə
də...
27 may 2012, 11-13 may 2013
Hörmətli
Elçin müəllim!
Azərbaycan
oxucularının böyük bir nəslinin
formalaşmasında Sizin əsərlərinizin müstəsna
təsiri olub. Sizin təxəyyülünüzün
yaratdığı obrazlar, qəhrəmanlar hətta həyatda
belə biz oxuculara bələdçilik, yolgöstərənlik
edib. Biz o obrazların həyatlarını,
yaşantılarını mütaliə etdikcə
özümüz də mənən təmizlənmişik,
saflaşmışıq.
Sizi,
Azərbaycanın görkəmli yazıçısı,
dramaturqu, ictimai xadimini 70 illiyiniz və bu günlərdə Azərbaycan
Prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif
olunmağınız münasibətilə ürəkdən təbrik
edir, Sizə uzun ömür və yeni-yeni
yaradıcılıq uğurları arzulayırıq. Arzu
edirik ki, mükəmməl, dərin məzmunlu əsərlərinizlə
həmişə olduğu kimi, Azərbaycan ədəbiyyatının
daha da zənginləşməsinə, mənəviyyat xəritəmizin
daha da genişlənməsinə öz bədii töhfələrinizi
verəsiniz.
Tehran Əlişanoğlu
525-ci qəzet.-
2013.- 14 may.- S.4.