Rəsul Rzanın RəngbəRəng Dənizi...
Üfüqlər, elə bil,
çəkilir dal-dalı
Rənglər gizlənpaç oynayır;
dəniz sakit olsun, ya dalğalı,
İstəyirəm gün doğmamış
qalxam Buzovna qayalarına
qışqıram: – Hey... adamlar!!
Qalxın, qalxın.
R.Rza
Rəsul
Rza poeziyasının bütün mənaları,
rəngləri, ahəngi,
melodiyası ilə bütöv anlamaq, duymaq üçün vaxt lazımdır... Bir də aram düşüncə!
Eyni zamanda, həyata yetkin, müdrik baxış! Üstəgəl
həssaslıq! Hələ
poeziyaya fərqli münasibətdən, yeniliyi
dərk etmək, “tutmaq” qabiliyyətindən
danışmıram... Və bu kriteriləri sadaladıqca
düşünürəm, demək kiminsə intellektini, səviyyəsini
də elə Rəsul Rza şeirinə münasibətinə
görə ayırd etmək mümkündü.
... Məndən
ötrü, təkcə
Rəsul Rza yox, elə bütöv
Azərbaycan, türk poeziyasının zirvələrindən
biridir “Rənglər”.
Və bu “zirvə”ni yaratmaq,
yazmaq şairdən nə qədər ustalıq tələb edirsə, oxucu kimi ora qalxmaq
da bir o qədər zəhmət istəyir. Bir bu silsiləyə aid şeirləri anlamaq folklordan, adət-ənənələrdən,
incəsənətdən, rəssamlıqdan,
dünyadan, müharibələrdən,
tarixdən xəbərdar
olmaq deməkdir. Ramiz Rövşən şairin 100 illiyi münasibətiylə yazdığı
“Ömrün birinci yüz ili” məqaləsində
qeyd edir: “Həqiqət budur ki, intellektual poeziyanın misilsiz nümunəsi olan belə bir silsiləni
yazmaq hər özündən deyən
şairin işi olmadığı kimi, sətiraltı mənalar və işarələrlə
dolu bu şeirlərin
oxucusu olmaq da hər adamın
işi deyil. Hələ 60-cı illərdə tələbə dostlarımla
bu şeirlərdəki
ən “qəliz” misraların sirrini açanda necə sevindiyimizi xatırlayıram.”
Bu sətirləri oxuyanda Rəsul Rzanın gənclərə
təsir gücünə
heyrət etdim. Çünki Ramiz Rövşənin tələbəliyindən
təxminən 40 il sonra bizlər də Rəsul Rza rənglərinin “sirrlərini” tapanda, açanda sevincimizin həddi-hüdudu olmurdu. Universitetin soyuq oxu zalında “Rənglər”i növbəylə
oxuyaraq hər yeni “kəşf”imizə görə necə qürurlanmağımız da
yaxşı yadımdadır...
MAVİ
Dalğasız dəniz.
İztirabsız məhəbbət.
Səmanın dərinliyi.
Deqanın “Rəqqasələr”i,
Körpə bir rəssamın çəkdiyi günəş.
Gözlərin dincliyi.
İnsan düşüncələri.
Buz adaları arasında
su küçələri.
Xatırlayıram ki, o vaxtlar “Körpə bir rəssamın çəkdiyi
günəş...” misrasını
belə yozmuşduq: balaca məktəblinin diyircəkli qələmlə
dəftərinin bir küncünə günəş
şəkli çəkməsinə
işarədir...
Məncə, insan yaşa dolduqca, belə ağıllı, düşündürücü
poeziyanın da ona təsiri qüvvətlənir,
böyüyür. Və
bu məntiqlə hər dəfə Rəsul
Rza yaradıcılığına
və onun fonunda “Rənglər”ə
yenidən nəzər
salanda tamam fərqli, təzə mənalar, mətləblər
aşkar etmək mümkündür.
... Dahi şairin doğum günü ərəfəsində özünün
çoxcildliyini, haqqında
yazılmış məqalələri,
esseləri, Xalq yazıçısı Anarın
“Mübarizə bu gün də var” – Rəsul Rzanın həyatı və yaradıcılığı haqqında
düşüncələr kitabını, “Sizsiz” xatirə-romanını yenidən
oxuyandan sonra “Rənglər”in tamam ayrı çalarlarını
hiss etdim. Daha doğrusu bütöv
Rəsul Rza yaradıcılığındakı rənglərin harmoniyasını
duydum və onun mürəkkəbinin Dənizdən gəlməsinə
heç şübhəm
qalmadı. Yaradıcılığının,
poeziyasının mərkəzindən
qırmızı bir xətlə keçən
Dənizi Rəsul Rzanın şəxsi malı hesab
edə bilərik. Əlbəttə, bu fikrə
etiraz edib başqa şairlərin də həmin mövzuya müraciət etdiklərini demək olar. Amma başqalarının dənizi
ilə Rəsul Rzanın dənizi fərqlənir, onun dənizi birrəng deyil, onun dənizi
rəngbərəngdir:
Dəniz nə rəngdədir.
Mavi,
Eləmi?
Ancaq mən dənizi yaşıl görmüşəm
Dəniz
yaşıl olur,
Eləmi?
Ancaq mən dənizi qara görmüşəm,
Dəniz
qara olur;
eləmi?
Ancaq mən dənizi ağ görmüşəm.
Mən dənizi
üşüyən görmüşəm.
Mən dənizi acıqlı da görmüşəm,
gülən də.
Nə rəngdədir
dəniz?
Rəsul Rza Dənizin yanındadır həmişə. Yaxud da dəniz şairin yaradıcılığı və
həyatı boyu onun yadında və yanındadır.
Sənətkarın doğulduğu, yaşadığı
mühit, təbiət
onun yazdıqlarına,
sənətə münasibətinə,
təsvirlərinə, obrazlar
sisteminə təsir edir, mütləq edir. Bu mənada
Rəsul Rza şeirinə Abşerondan
Dəniz, Göyçaydan
Rənglər gəlib.
Və bunların ikisinin vəhdəti şeirlərin
böyük əksəriyyətində
ən müxtəlif,
ideal poetik priyomlarla özünü göstərir.
“Həyat adamı” şeirindəki misralar buna misaldır:
Dünyanı rəngli gördüm yuxuda.
Gördüm ağsız, qarasız.
Dənizlər –
dəniz rəngli;
gömgöy,
mavi,
sarımtıl.
Rəsul
Rza üçün dünya Dənizdən başlanır... Dəniz rənglidirsə, dünya rənglidir.
Ona görə də çoxu sadəcə açıq, ya tünd mavi saydığı dənizi
şair istədiyi rəngdə görə və duya bilir.
“Rənglər”dən gətirdiyim
bir neçə misra buna bariz
nümunədir:
Gümüşü – köpüklü
ləpələr...
Püstəyi – Yaz başında dəniz.
Mavi – Dalğasız
dəniz.
Sürməyi – Dənizin qəzəbi.
Firuzəyi – Dənizin yaraşığı.
Yuxarıda göstərilən misalları
oxuyanda adama elə gəlir ki, Rəsul Rza bunları məqsədli edib. Sanki şair
Göyçay təbiətindən
aldığı boyalarla
Abşeronun sərt, çılpaq gözəlliyini
və bu gözəlliyin əsasını
təşkil eləyən
Dənizi ürəyi
istəyən kimi rəngləyib, bir az da cazibəli edib. Və bu işi
o qədər ustalıqla
yerinə yetirib ki, bəzənmiş Dəniz öz təbiiliyini, zərifliyini
zərrə qədər
itirməyib. Əksinə!
Bəlkə əslində o, rəngləri
də “Dənizləyib”
və bu yolla mənalandırıb.
Şairin iki fərqli
şeirində Dənizə
və Rənglərə
oxşar münasibəti,
marağı, sevgisi apaydın görünür.
Biri “Rənglər partlayışı”,
digəri “Dənizdən
böyük” əsəridir.
“Rənglər partlayışı”nda:
Rənglər!
Sevincim,
ağrım, incikliyim!
Sizsiz nə rahatlığım,
nə dincliyim.
– deyən şair
“Dənizdən böyük”də
dəryaya eyni həssaslıqla, rəğbətlə
yanaşır:
Dünya
nə kədərli olardı,
dəniz olmasaydı.
Dəniz düşündürür məni.
Dəniz
inandırır məni
həyatın gücünə.
Şairin “Seçilmiş əsərləri”nə
“Dəniz haqqında nəğmələr” başlığı
ilə daxil edilmiş şeirlərə
“Rənglər” (1962) silsiləsindən
əvvəl və sonra yazılmış əsərlər aiddir. Bu şeirlərdə təkcə
rəngbərəng deyil,
həm də özünəməxsus xarakteri
olan, hirslənən, üşüyən, darıxan,
sevən, sevilən, şikayət edən, həsrətlə səhəri
gözləyən, şairi
ilhamlandıran Dəniz
obrazını görə
bilərik. Lakin onun
digər – “Rənglər”
və “Dəniz haqqında nəğmələr”
silsilələrinə aid
edilməyən şeirlərində
də bu iki obraza – Rəngli
Dənizə, yaxud Dəniz Rənglərinə
tez-tez rast gəlmək olar. Şairin “Balıqların
nəğməsi”, “Daşlar
nə deyirdi”, “Torpaq olmuş sümüklər”, “Ötən
günlər”, “Sənsiz”,
“Sevgilim” və onlarla başqa şeirləri bu mənada diqqəti çəkir.
... Rəsul Rza yenilikçi, novator, özünəməxsus
məktəbi olan şairdir. Heç şübhəsiz ki, onun Dənizi,
Rəngləri fərqli,
qeyri-adi, heyrətamiz olduğu kimi, göyü, yeri, meşəsi, çayı,
dünyası da bənzərsizdir. Sadəcə bunları duyan oxucuya, dərk edən tədqiqatçıya
ehtiyacı var şairin. Məncə,
o oxucunu da, tədqiqatçını da
Rəsul Rza özü yetişdirir... Yazdıqlarıyla. Sadəcə zaman lazımdır.
Yazımın əvvəlində
dediyim kimi... Bir də aram düşüncə...
P.S. İndi, nədənsə
birdən-birə “Körpə
bir rəssamın çəkdiyi...”, balaca məktəblinin diyircəkli
qələmlə dəftərinin
bir küncündə
qaraladığı günəş
yadıma düşdü.
Daha doğrusu həmin dəftər. Qırmızı
yazan qələmlə
sakit-sakit yırğalanan
dəniz də çəkilibmiş orda...
Günəşin kölgəsindən,
ya bəlkə utandığından qızarıbmış
dəniz... Rəsul Rzanın RəngbəRəng
Dənizi..
PƏRVİN
525-ci qəzet.- 2013.- 14 may.- S.7.