Kürdəmirdə Məmməd Araz sevdası
May
ayının 13-dür, səhər çağlarıdır.
Neçə gündü baharın ahəngi pozulmuşdu;
göydə buludlar ora-bura topalanır, gah da
bozarıb-qaralıb ağacların, çəmənlərin,
gül-çiçəklərin üstünə çən,
çiskin ələyirdi. Bu səhər isə tamam başqa
havada açılıb, elə əsl bahar səhəri kimi –
ilıq və günəşli... Bu səhər Kürdəmirin
küçələri daha işıqlı, daha izdihamlı,
daha gözəl görünür. Küçələrdə,
park və meydanlarda, yol kənarlarındakı çəmənliklərdə
şehli gül-çiçəklər günəşə
boylanır, xoş ovqat yaradır. Şəhər sakinləri
bir-birilə rastlaşdıqca sevinclə salamlaşırlar. Təbiətin
də, insanların da üzü gülür. Bir də... Elə
bil ki, çox doğma, çox əziz misraların səsi gəlir.
Bu kiçik, amma çox şirin, amma çox səmimi şəhərdən
həm də şeir, poeziya qoxusu gəlir.
Hər
şey mümkündü. İnsanın əhval-ruhiyyəsi nəyə
köklənirsə hissləri, duyğuları da o cazibənin
əsiri olur. Başqa nə haqda düşünəsən
ki? Həm də səbəbin özü dahiyanədir...
Bütün Azərbaycanın, bütün türk
dünyasının sevimli oğlu, əzəmətli şairi
Məmməd Araz şeirləri, xatirələri pərəstişkarları
ilə sanki bu yurda yeni bir ovqat gətirib. Gerçəkdən
belədir. Bu gün Kürdəmir şəhərində
böyük Məmməd Araz
yaradıcılığının, Məmməd Araz
şeirinin bayramıdır.
Artıq
hamı bilir ki, bu il həm də Məmməd Araz ilidir,
unudulmaz şairimizin 80 illik yubileyidir. Bu gün Kürdəmir
də bu sevincə tutulub, bu sevinclə qucaqlaşıb...
Saat
11-də böyük tədbir başlanacaq. Poeziya həvəskarları,
Kürdəmir sakinləri dəstə-dəstə şəhər
mədəniyyət evinin qarşısına toplaşır,
foyeyə daxil olanlar Məmməd Araza həsr edilmiş
guşələrə həvəslə baxırlar. Kürdəmir
rayon İcra Hakimiyyətinin AMEA Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyat Muzeyi ilə birgə
hazırladığı bu gözəl poeziya şöləni
böyük şairə sonsuz məhəbbətin ifadəsidir.
Tədbir
başlamazdan əvvəl Kürdəmir rayon İcra Hakimiyyətinin
başçısı hörmətli İrşad Əliyev
paytaxtdan gələn qonaqlarla görüşərək belə
günlərin əhəmiyyətindən danışdı.
Başçı Azərbaycanın hər yerində olduğu
kimi, Kürdəmir rayonunda da Məmməd Araz
poeziyasının hədsiz sevildiyini vurğuladı. O,
özünün də bir Azərbaycan vətəndaşı
və ziyalısı kimi Məmməd Araz
yaradıcılığının pərəstişkarı
olduğunu səmimi sözlərlə bildirərək
şairlə unudulmaz görüşlərindən də
söhbət açdı.
... Məmməd
Arazın 80 illik yubileyinə həsr edilmiş tədbir təbii
ki, şeirlə, musiqilə başlandı. Tədbirin
aparıcısı və quruluş müəllifi, AMEA Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyat Muzeyi Aran regional
şöbəsinin müdiri Yaqut Bahadurqızı giriş
sözü ilə böyük şairimizin bənzərsiz
yaradıcılığından, qəlblərdə əbədi
sevgi yuvası qurmasından danışdı.
Bu
gözəl yubiley tədbirində hər şey yerli-yerindədir.
Gənclər növbə ilə şairin şeirlərini
söyləyir, xanəndə və müğənnilər
muğam və mahnılar səsləndirir, sözü, istəyi
olanlar çıxış edirlər. Səhnə kənarındakı
iri monitor da elə qurulub ki, Məmməd Araz bir an belə bu
gözəl məclisdən ayrılmır. Sanki şair bu
dünyadan köç etməyib, heç yerə getməyib...
Doğmaları, oxucuları, sevdikləri haradadırsa, o da
oradadır. Bu böyük salonun hər yerində onun səsi,
sözü eşidilir, hara baxsan Məmməd Araz
görünür. O, iti addımlarla yeriyir, o, şeir söyləyir,
o, şeir dinləyir, o, dostları ilə birgədir, o, ulu
öndərlə söhbət edir, o, həyat yoldaşı
ilə, qızları, nəvələri ilədir, o,
oxucuları ilə bir yerdədir, o, həmişə
oxucularıyladır...
O, özünün 80 illik yubileyinə gəlib...
Çıxışlardan:
Vaqif Alıyev – Kürdəmir Rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri: “Böyük şairin Kürdəmirdə olan pərəstişkarlarının sevincini bu gün bu böyük salona diqqət yetirərkən hər bir iştirakçının baxışlarında daha aydın görürük...”
Sabir Rüstəmxanlı – Azərbaycanın xalq şairi, millət vəkili: “Məmməd Arazla eyni vətənin, eyni torpağın övladı olmaq xoşbəxtlikdir...”
Sabir Rüstəmxanlı özünün şeirini də söyləyir.
Rəşad Məcid – Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru: “... Bütün bunlar Məmməd Araz poeziyasına misilsiz məhəbbət nümunələridir”.
Rəşad Məcid sevimli şairimizin dalbadal üç şeirini söyləyərək alqışlanır.
Gülxanım İbrahimova – Böyük şairin həyat yoldaşı: “Mən Məmməd Arazın yarımçıq qalmış şeirlərini, sanki irihəcmli şeirlər əvəzi olan qısa-qısa misralarını, indiyəcən çap olunmamış nələri varsa hamısını toplayıb hazırlayıram, mən o kitabı oxuculara, sizlərə çatdıracağam...”
Azərbaycan Respublikasının xalq artisti Nurəddin Mehdixanlı, əməkdar artist Əli Nur, III Respublika muğam müsabiqəsinin qalibləri Mirələm Mirələmov və Nigar Şabanova öz çıxışları – söylədikləri şeirlər, oxuduqları muğam və mahnılarla tədbiri daha da gözəlləşdirir, şirinləşdirirlər.
Aqil Abbas – yazıçı-publisist, millət vəkili: “Məmməd Araz poeziyasının pərəstişkarlarına, bu günkü tədbir iştirakçılarına, Kürdəmir camaatına, Kürdəmir rayonunun rəhbərliyinə Məmməd Araz ailəsi adından dərin təşəkkürlərimizi bildirirəm...”
Bir nüans. Son vaxtlar belə tədbirlər üçün görünməmiş bir əlamət, bir ovqat! Fasiləsiz olaraq 3 saatdan artıq davam edən tədbirdən sonra da iştirakçılar salondan çıxmağa tələsmirdilər...
P.S. Reportajı hazırlayan bir müəllif kimi mənim də ayrıca deyəcəyim var. Biz 70-ci illərin tələbə-gəncləri, Məmməd Araz pərəskiştarları yaşı hələ 40-a çatmamış cavan şairə canlı klassik deyirdik. Cəmiyyətin bütün ağıllı zümrəsi də beləcə.
Məzahir ƏHMƏDOĞLU
525-ci qəzet.-
2013.- 15 may.- S.7.