“Tarixi şəxsiyyətin
tarixi: Əlimərdan bəy Topçubaşov”
PROFESSOR CƏMİL HƏSƏNLİNİN
YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Bu günlərdə tarix elmləri doktoru, professor Cəmil Həsənlinin “Tarixi şəxsiyyətin tarixi:
Əlimərdan bəy
Topçubaşov” adlı
kitabı işıq üzü görüb. Nəfis şəkildə tərtib
edilən kitab Azərbaycanın böyük
dövlət xadimi Əlimərdan bəy Topçubaşovun həyat
və fəaliyyətindən
bəhs edir. Azərbaycan Diplomatik Akademiyasının layihəsi
üzrə çap edilmiş kitabda Topçubaşovun mənalı
həyatı, həmçinin
50 illik zəngin ictimai-siyasi fəaliyyəti
araşdırılaraq, Topçubaşov
nəslinin iki əsrlik tarixinə ekskurs edilib.
Çoxsaylı arxiv materialları əsasında yazılmış
kitabda Azərbaycan milli hərəkatı, Rusiya müsəlmanlarının
ümmətdən millətə
doğru təkamülü,
Azərbaycan Rrespublikasının
təşəkkülü və beynəlxalq münasibətlərə daxil
olmasında Əlimərdan
bəyin yorulmaz fəaliyyətinə nəzər
yetirilir. İlk dəfə olaraq
bu əsərdə Əlimərdan bəy Topçubaşovun şəxsi
arxivində saxlanılan
materiallar əsasında
Azərbaycan mühacirətinin
Paris mərkəzinin siyasi-diplomatik
addımları əhatə
edilib. Nəşrdə
Azərbaycan siyasi mühacirətinin ilk dəstəsinə
rəhbərlik edərək,
mühacir həyatının
bütün ağırlığını
öz çiyinlərinə
çəkən Topçubaşovun
Rusiya müsəlman xalqlarının azadlığı
uğrunda 50 illik mübarizəsindən geniş
bəhs edilərək,
oxucuların həmçinin,
Əlimərdan bəyin
nəsli ilə bağlı da geniş məlumatlara yiyələnməsi üçün
geniş faktlara yer verilib.
Əlimərdan bəy Topçubaşovun
14 illik mühacir həyatının geniş
mənzərəsi məhz
ilk dəfə olaraq bu kitabda yaradılıb. Əsərin sətirləri arasından
bu böyük fikir adamının möhtəşəm mübarizə
əzmi ilə yanaşı, Vətəni
işğal olunduqdan sonra Avropada məskunlaşmaq məcburiyyətində
qalan qərib bir Azərbaycan ailəsinin iztirabları da sezilir.
Oxucular kitabda Əlimərdan bəy Topçubaşovun
həyat hekayəsi ilə yanaşı, onun zəmanəsi və məsləkdaşları
haqqında da çox qiymətli məlumatlarla tanış
olacaqlar.
Kitabın redaktoru Hafiz Paşayevin nəşr barəsində
ön sözü də diqqətçəkicidir. O, Prezident
İlham Əliyevin sərəncamı ilə
ölkədə Ə.Topçubaşovun
150 illik yubileyinin keçirldiyini qeyd edərək, Cəmil Həsənlinin üzərinə
şərəfli bir məsuliyyət götürdüyünü
nəzərə çatdıraraq,
ilk dəfə üzə
çıxardığı arxiv materialları əsasında Əlimərdan
bəyin dolğun, mübarizələrlə zəngin,
dramatik həyat yolunu açıqladığını
və oxuculara gözəl bir kitab bəxş etdiyini vurğulayıb.
Kitabda bir-birindən maraqlı məqamlara toxunan redaktor Topçubaşovun
Amerika prezidenti Vudro Vilsonla görüşünü
də qeyd edir: “Nə qədər təəccüblü
olsa da, Əlimərdan bəy yalnız dövlət xadimi kimi deyil,
ümumilikdə
Amerika prezidenti ilə görüşmüş
ilk azərbaycanlı idi”.
Həqiqətən də bu kitabda
bir-birindən maraqlı
və olduqca diqqətçəkici faktlar
yer alıb. Kitab ilk baxışdan
tarixi ədəbiyyat olsa da, əslində
tarix üzərində
qurulmuş bir detektiv qədər maraqlıdır. Müəllifin Topçubaşovla bağlı
bütün faktlara nəzər yetirərək,
onlara incəliyinə
qədər nüfuz etməsi və bütün bunları səlis dillə qələmə alması
xüsusi vurğulanmalıdır.
Azərbaycan Diplomatik Akademiyası
tərəfindən anadan
olmasının 150 illik
yubileyi ərəfəsində
çoxsaylı, o cümlədən,
ilk dəfə üzə
çıxarılan arxiv
materialları əsasında
Topçubaşov haqqında yazılmış
kitabın nəşrinin
həvəslə həyata
keçirilməsinin mənalı
səbəblərindən biri
də Əlimərdan
bəyin Azərbaycan diplomatiyasının əsasını
qoyanlardan olmasıdır.
Qeyd edək ki, kitab
Azərbaycanın XX əsr
tarixinə maraq göstərən mütəxəssislər,
diplomatiya tarixi və beynəlxalq münasibətlər ixtisası
üzrə təhsil alan tələbələr,
habelə yaxın keçmişin taleyüklü məsələlərinə
maraq göstərən
geniş oxucu dairəsi üçün
nəzərdə tutulub.
Aqil LƏTİFOV
525-ci qəzet.- 2013.- 15 may.- S.3.