Elçinin yubileyi Milli Dram Teatrında qeyd olundu
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı,
Əməkdar incəsənət
xadimi, filologiya elmləri doktoru, professor Elçin Əfəndiyevin
70 illik yubileyi qeyd edilib.
Tədbir
iştirakçıları əvvəlcə Azərbaycan
ədəbiyyatının görkəmli
nümayəndələrindən olan Elçinin həyat və yaradıcılığından bəhs edən kitab və fotoşəkillərdən
ibarət sərgi ilə tanış
olublar.
Daha sonra tədbirdə ilk öncə mədəniyyət
və turizm naziri Əbülfəs Qarayev çıxış
edərək bildirib ki, çağdaş milli nəsrimizin və dramaturgiyamızın
istedadlı nümayəndəsi,
görkəmli ictimai xadim, dünya şöhrətli yazıçı
Elçinin bədii əsərləri təkcə
Azərbaycanda deyil, həm də dünya ölkələrində
sevilə-sevilə oxunur,
əldən-ələ gəzərək
neçə-neçə oxucu
nəsli arasında mənəvi körpü yaradır.
Vurğulanıb ki, hələ lap uşaqlıq çağlarından
ədəbi mühitin
içində, kitabların
əhatəsində olan
Elçinin ilk hekayəsi
16 yaşında ikən,
“Azərbaycan gəncləri”
qəzetində dərc
olunub. Onun ədəbiyyata bağlılığında,
sözə həssas yanaşmasında, orijinal yazı üslubu ilə seçilməsində
sözsüz ki, yaşadığı dövrün,
eləcə də böyüyüb boya-başa
çatdığı, görkəmli
yazıçımız İlyas
Əfəndiyev ocağının
böyük təsiri
olub.
Diqqətə çatdırılıb ki,
yazıçı ilk pyesi
olan “Poçt şöbəsində xəyal”ı
26 yaşında yazıb. Lakin 1969-70-ci illərdə sovet senzurası bu pyesin tamaşaya qoyulmasına icazə verməyib. Sonralar yazıçı həmin əsəri dramatik povest kimi nəşr etdirib.
Elçinin “Ah, Paris, Paris!..”, “Mənim sevimli dəlim”, “Mənim ərim dəlidir”, “Poçt şöbəsində xəyal”,
“Mahmud və Məryəm”,
“Ağ dəvə”, “Ölüm hökmü”,
“Şuşa dağlarını
duman bürüdü”,
“Qatil”, “Şekspir”, “Arılar arasında” və s. pyesləri Azərbaycanın və xarici ölkələrin teatrlarında böyük
uğurla tamaşaya qoyulub.
Onun 100-dən çox
kitabı 40-dan çox
xarici dilə tərcümə olunub. İstedadlı
yazıçımız “Arxadan
vurulan zərbə”, “Sahilsiz gecə”, “Baladadaşın ilk məhəbbəti”,
“Gümüşü furqon”,
“Bağ mövsümü”,
“Hökmdarın taleyi”,
“Mahmud və Məryəm”
kimi ümumilikdə
15-dən çox filmin
ssenari müəllifidir.
Azərbaycan Xalq yazıçısı
Elçinin eyniadlı
əsəri əsasında
ekranlaşdırılmış “Mahmud və Məryəm” filmi mövzu və yenilik baxımından təkcə
nəsrimizdə deyil,
kino sənətimizdə
da öz sözünü deyib. Türkiyə və Azərbaycan kinematoqrafçılarının birgə işi olan bu ekran
əsərinin ana mövzusu eşqdir.
Bu ekran əsəri bir daha göstərdi
ki, 30 il
bundan əvvəl sevimli yazıçımız
tərəfindən qələmə
alınmış romanda
əksini tapan məsələlər öz
aktuallığını qorumaqdadır.
Diqqətə çatdırılıb ki,
Elçin yaradıcılığının
xalq sevgisi qazanmasının əsas səbəbi əsərlərindəki
təbiilik və səmimiyyətdir. Ədib yaşadığı dövrün paradokslarını
ustalıqla incələyir,
daha epoxal, sosial-ictimai, siyasi-iqtisadi, mədəni-kulturoloji, mənəvi-əxlaqi
mahiyyət kəsb edən mövzu və motivləri əsərlərinin mahiyyətinə
hopdurmaqla geniş oxucu rəğbəti qazanır. Onun bədii əsərlərinin
qəhrəmanları da
olduqca təbiidir, mənəvi-əxlaqi keyfiyyətləri,
hiss və duyğuları,
fikir və arzuları, istək və niyyətləri, ehtiras və emosiyaları ilə...
Elçin həm də professional tənqidçi, ədəbiyyatşünas
və nəzəriyyəçidir. Bu sahəyə aid fundamental monoqrafiyaların,
kitabların, elmi-tədqiqat
əsərlərinin və
çoxsaylı nəzəri-estetik
məqalələrin müəllifidir.
Ömrünün əlli ildən
çoxunu ədəbiyyatımızın,
mədəniyyətimizin və
elmimizin inkişafına
həsr etmiş dünya şöhrətli
yazıçının milli
azadlığımız və
müstəqilliyimiz uğrunda
genişmiqyaslı fəaliyyəti,
yüksək ziyalılığı,
mənəvi zənginliyi,
obyektivliyi, xeyirxahlığı,
təəssübkeşliyi, ictimai xadimliyi və müdrikliyi ona böyük nüfuz və xalq məhəbbəti qazandırıb.
Xüsusi olaraq qeyd edilib
ki, yazıçının
əməyi daim dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib. Bu günlərdə Prezident
İlham Əliyevin müvafiq Sərəncamı
ilə Xalq yazıçısı Elçin
Əfəndiyevin “Şərəf”
ordeni ilə təltif edilməsi buna əyani sübutdur.
Tədbirdə Azərbaycan Yazıçılar
Birliyinin sədri, Xalq yazıçısı
Anar və filologiya elmləri doktoru, professor Nizaməddin
Şəmsizadə yazıçının
özünəməxsus yaradıcılıq
yolundan söz açmış, ona yeni-yeni uğurlar arzulamışlar.
Sonra ədibin
eyniadlı əsəri
əsasında hazırlanmış
“Sənətkarın taleyi”
tamaşası nümayiş
etdirilib.
Tamaşa milli teatr tariximizə
adını əbədi
həkk etdirmiş aktyor Hüseyn Ərəblinskinin həyatından,
faciəli taleyindən
bəhs edir.
Tamaşaya Səməd Vurğun
adına Azərbaycan Dövlət Rus Dram Teatrının rejissoru, Əməkdar İncəsənət Xadimi
İrana Tağızadə
quruluş verib. Tamaşadakı əsas rolun,
Ərəblinskinin ifaçısı
da Dövlət Rus Dram Teatrının aktyoru, Əməkdar artist
Firdovsi Atakişiyevdir.
“Sənətkarın taleyi”
tamaşasının quruluşçu
rəssamı Tatyana Melnikova,
musiqi tərtibatçısı
Əməkdar mədəniyyət
işçisi Vladimir Neverovdur.
Tamaşada əsas rolları
Xalq artisti Şükufə Yusupova, əməkdar artistlər Cəfər Namiq Kamal, Elşən Cəbrayılov, Ayşad Məmmədov, İlham Hüseynov, Hicran Nəsirova, aktyorlar Natəvan Hacıyeva, Vüsal Mustafayev, Əjdər Zeynalov və başqaları canlandırıblar.
Gecədə dövlət və hökumət nümayəndələri,
Milli Məclisin deputatları, tanınmış
sənət adamları,
eləcə də teatrsevərlər iştirak
ediblər.
GÜNEL
525-ci qəzet.- 2013.- 15 may.- S.7.