“Tolerantlığın Azərbaycan
nümunəsində sadəcə bir-birinə dözmək yox, qarşılıqlı hörmət amili əsas yer tutur” (davamı)
Həmsöhbətimiz Milli Elmlər Akademiyasının
Fəlsəfə, Sosiologiya
və Hüquq İnstitutunun şöbə
müdiri, Fəlsəfi
Maarifçilik Assosiasiyasının
prezidenti, fəlsəfə
elmləri doktoru Adil Əsədovdur. Müsahibimizlə xalqların
tiplərinin millətlərarası
münasibətlərə təsirindən,
Qafqaz regionundakı xalqların tipoloji təsnifatından, mövcud
milli birliyimizin əldə olunmasında ümummilli lider Heydər Əliyevin müstəsna rolundan, xalqımızın azərbaycançılıq
ideyası ətrafında
yaranan vəhdətindən
və başqa bu kimi aktual
məsələlərdən danışmışıq.
– Danılmaz həqiqətdir
ki, biz ermənilərdən
daha güclü xalqıq. Bu, həm ərazimizin böyük olması ilə, həm əhalimizin sayca çox olması ilə bağlıdır. Qafqazda
100-dən artıq xalq
var, amma onların içərisində
ən böyük dövləti olan da bizimkidir, ən tərəqqi edən də bizik. İqtisadi baxımdan da da biz öndəyik. Bu həm də təkcə neftin hesabına deyil, insan potensialı da əsas amil
kimi iştirak edir. Nəzərə alaq ki, xalq
cəbhəsinin hakimiyyəti
vaxtında da həmin neft bizdə idi, amma xalqın maddi vəziyyəti sıfır idi. Biz hər cəhətdən ermənilərdən üstünük.
Erməniləri səciyyələndirən
bir cəhət isə qeyd etməliyəm.
Ermənilərdə icma
şüuru çox inkişaf edib. Biri ermənidirsə, erməni əsillidirsə,
dərhal onu özlərininki hesab edirlər.
– Bir məsələ ilə bağlı fikrinizi öyrənmək
istərdik. Biz ölkəmizə
gələn əcnəbilərlə
də öz dilində danışmağa
çalışırıq, istəyirik ki, hər bir halda
bizdən razı qalsınlar. Bəziləri
bunu bizdə xoşgörünün, qonaqpərvərliyin
yüksək səviyyəsi,
bəziləri isə
milli özünüdərkin
aşağı səviyyəsi
ilə əlaqələndirir.
Yaxud da illərlə ölkəmizdə,
Bakıda yaşayan rus Azərbaycan dilini öyrənmir, o bizim dildə danışmaq əvəzinə,
biz onunla rus dilində danışırıq.
Doğrudanmı, bu, xoşgörünün parlaq
təzahürüdür, yoxsa
milli özünüdərkin
aşağı göstəricisi,
milli mənsubiyyətinə
ikinci dərəcəli
yanaşmadır?
–Siz bizim ölkədə
öz doğma dilində danışan rusu misal gətirdiniz.
Hələ niyə bunu da demirsiniz
ki, Azərbaycanda yaşayan azərbaycanlı
niyə öz doğma dilini qoyub rusca danışır?
Konkret bu misallardan götürsək,
rusca danışmaq meyili sovetlər vaxtından qalmadır. Rus dilinin daha
mədəni, rusca danışmağın daha
aristokratik olması qəbul edilirdi. Belə hesab olunurdu ki, rusca
danışmaq elitarlığın
əlamətidir, mədəniyyətə
yaxın olmağın
ifadəçisidir və
sair...Bu cür yanaşmalar hələ
tam məhv olmayıb,
təxminən 20 faiz qalıb. Bəziləri rusca danışanda hesab eləyir ki, o daha mədəni,
daha elitar, daha yüksək səviyyəlidir. Amma hər nə qədər bu meyil qalsa da,
özünü azərbaycanlı
kimi qavramağı ehtiva edən icma şüuru bizdə getdikcə güclənməkdədir. Əvvəllər
isə bu icma şüuru demək olar ki, yox idi.
Rusdillilər özlərini
daha çox elitaya aid edirdilər, istəyirdilər ki, daha çox özlərini Moskvanın
elitasına aid etsinlər.
Amma ki, özünü azərbaycanlı
olaraq hiss etmək və bununla qürur duymaq- bu, əsasən müstəqillik dövrlərinə
aiddir.
– İndi bizdə milli özünüdərk
sizcə, hansı səviyyədədir?
– Bu bir
faktdır ki, getdikcə milli özünüdərk dərinləşir,
çoxalır. Yəni, özünü azərbaycanlı
olaraq qavramaq və bununla fəxr etmək xeyli artıb.
Yadımdadır, aspirant olduğum vaxt Bakıdan gedib Moskvada
yaşayan tanınmış filosof Murad Axundovla söhbətimiz
zamanı bir mövzu götürmək istədiyimi bildirdim.
O, təbii ki, rusca soruşdu ki, harada götürmək istəiyrsən?
Cavab verdim ki, Bakıda. Murad Axundov dedi ki, Bakıda hansı
elmdən söhbət gedə bilər? Amma indi o, elə bir
millətçi olub ki. Hazırda ABŞ-da yaşayır. Kitab
buraxanda üstündə Bakıda – Odlar Yurdunda
doğulduğunu xüsusilə qeyd etdirir və bununla fəxr
edir. Fikrimcə, nəinki Azərbaycanda yaşayanlarda, hətta
xaricdə yaşayan həmvətənlərimizdə də
milli özünüdərk, mili mənsubiyyəti ilə fəxarət
hissi artıb.
–
Tolerantlıqdan daha üstün keyfiyyət olan
xoşgörü bizim millətimizdə dini istiqamətdə
də üstünlük təşkil edir. Yəni, biz təkcə
digər xalqlara yox, həm də islamdan qeyri dinin nümayəndələrinə
də nəinki dözümlə, daha çox hörmətlə
yanaşırıq.
–
Açığı, xoşgörü termini mənim
üçün yenidir. Həm də fikrimcə, bu, daha
uğurlu ifadədir. Ümumiyyətlə,
dözümlülük və mədəniyyət bayaq da qeyd
etdiyim kimi, feminin xüsusiyyətlərə aiddir.
Dözümlülük də, tolerantlıq da,
xoşgörü də xeyirxahlığın təzahürlərdir.
Dediyimiz anlayışlar da həmin o xeyirxahlıqdan irəli gəlir.
Dini dözümlülükdən danışanda qeyd etməliyəm
ki, din məsələsində həmişə ehtiyatlı
olmaq lazımdır. Müsəlman dini tarixi baxımdan
üç qütbə bölünür. İlkin müsəlmanlıq,
şiəlik və sünnilik. Bunların arasında təbii
ki, fəlsəfi nöqteyi-nəzərdən fərqlər də
mövcuddur. Belə bir hal xristianlıqda da var. Bir alman mütəfəkkiri
protestantizmi burjua xirstianlığı kimi səciyyələndirib.
Burjua yarananda onun dünyagörüşünü ifadə edən
təriqət kimi protestantizm yaranıb. Mən hesab edirəm
ki, buna həmçinin ortodoksalizmi-pravoslavlığı da
aid etmək olar. Əsl islam Allahın buyurduğu kimi
yaşamaqdır. Daha başqasının həyatına
müdaxilə etmək deyil. Qurani-Kərim uzun tarixi proses nəticəsində
formalaşmış bir kitabdır. Bu, bilavasitə tarixi hadisələrin
konteksində formalaşmış bir hadisədir. Əlbəttə
ki, orada ziddiyyətli məqamlar ola bilər. Baxır indi kim
orada nə tapır, nəyi götürür. Biz tarixə
yanaşanda da oradan o fikirləri götürürük ki,
bizim indiki fəaliyyətimizə yararlıdır. Biz əksər
hallarda öz biliklərimizdən silah kimi istifadə edirik.
Qurani-Kərimdə surələrdən, ayələrdən
şiəlik özünə lazım olanı, sünnilik də
özünə lazım olanı seçir. Bütün
hallarda din məsələsində dözümlülüklə
yanaşı, bir ehtiyatlılıq prinsipi də gözlənilməlidir.
Bu həm də etniklərə olan münasibətdə
olduğu kimi, digər dinlərin təmsilçilərinə
də dərin hörmət hissi ilə müşayiət
olunmalıdır. Mən həmişə hesab etmişəm
ki, bizim bir-birimizə münasibətimiz dözməklə
ölçülmür. Biz bir-birimizə qardaşıq.
Qardaşın qardaşa münasibətində yalnız
birlik, birgəlik, səmimilik olar. Qardaşın qardaşa
münasibətində “dözürəm” demək nə dərəcədə
düzgündür? Nə qədər ki, biz azərbaycançılıq
ideyası mövqeyindəyik, bir-birimizə qardaşıq, həmişə
də qardaş olaraq qalacağıq. Bu ideologiyaya görə,
dözümlülük yox, qardaşlıq münasibəti
mövcuddur. Qardaş qardaşı sevir, sevgi isə dözməkdən
tam fərqli anlayışdır. Bayaq qeyd etdiyiniz kimi
qardaş qardaşı xoş görməlidir, ona
xoşgörü ilə yanaşmalıdır. Azərbaycan ərazisində
yaşayan bütün xalqlar bir-birinə dostdur,
qardaşdır. Biz vahid xalqıq və bir-birimizə də
hörmətlə yanaşırıq.
– Adil
müəllim, son sualım bundan ibarətdir ki, bu vahidliyi,
milli və dini birliyi qoruyub saxlamaq üçün bundan sonra
hansı meyarı, prinsipi əsas tutaraq ümummilli konsepsiyaya
çevirməliyik?
–Milli və
dini birliyimizi qoruyub saxlamaq üçün azərbaycançılıq
ideologiyasından möhkəm yapışmalıyıq. Onun təhrif
olunmasına yol verməməliyik. Azərbaycançılıq
ideologiyasının əsas prinsipləri budur: hesab etməliyik
ki, Azərbaycan vətəndaşı olmaq elə azərbaycanlı
olmaq deməkdir. Ona görə də biz deməməliyik ki,
bu türkdür, bu talışdır, bu ləzgidir, bu
avardır, bu inqiloydur. Bunlar hamısı bizdəndir, bunlar
hamısı bizik, bunlar bizimkidir prinsipi ilə
yanaşmalıyıq, qəbul etməliyik, bu belədir. Azərbaycanın
əsas xalqı ifadəsini işlətmək özü belə
ayrı-seçkilik olardı. Azərbaycanın əsas
xalqı elə Azərbaycan xalqıdır, buranın hər
bir vətəndaşı da əsasdır. Bu azərbaycançılıq
ideologiyasının əsasını təşkil edən
prinsipdir. Biz bu ideologiyaya sadəcə əməl etmək
xatirinə birləşməli deyilik, buna ürəklən
bağlanmalı, bunu bütün ruhumuzla hiss etməliyik. Biz
azərbaycanlıyıq, dilimiz də Azərbaycan dilidir.
Dilimizdən söz düşmüşkən, Hüseyn Arifin
maraqlı bir şeiri var; “Bədəl olmaram” şeirinin məzmunu
belədir: biz uşaq ikən dava-dava oynayanda biri deyərdi ki,
mən Qoç Koroğluyam, kim mənlə? O biri deyərdi
ki, mən Qaçaq Nəbiyəm, kim mənlə? Biri deyərmiş
ki, mən Giziroğlu Mustafa bəyəm, kim mənlə? Bir Bədəl
varmış, o deyərmiş ki, mən kimlə? Biz də
şəstlə deməliyik ki, Azərbaycan xalqıyıq,
daha deməməliyik ki, biz kimlə? Bizim vahid milli birliyimizin
yolu ancaq və ancaq azərbaycançılıq ideyasından
keçir, biz bu ideya ətrafında yumruq kimi birləşməliyik.
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 15 may.- S.6.