Bakıda «Yer kürəsi
uşaqların gözü ilə» festival-sərgi açılıb
Heydər Əliyev Fondunun
vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü
ilə gerçəkləşən tədbir Ulu Öndərin
90 illik yubileyinə həsr olunub
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə fəaliyyət göstərən İDEA - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq Kampaniyası çərçivəsində mayın 12-də Bakıda "Yer kürəsi uşaqların gözü ilə" devizi altında Gənclərin Birinci Beynəlxalq Fotofestivalı və Sərgisi açılıb. Gənclərin Birinci Beynəlxalq fotofestivalı və sərgisinin açılışında Leyla xanım Əliyeva iştirak edib. Mayın 14-dək davam edəcək festival və sərgi Ümummilli Lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunub. Festival və sərginin təşkilatçıları İDEA Kampaniyası və tanınmış fotoqraf Reza Deqatinin təsis etdiyi AİNA Dünya qeyri-hökumət təşkilatıdır.
Leyla xanım Əliyeva ilk olaraq gənclərin Birinci Beynəlxalq Fotofestivalı və Sərgisi çərçivəsində qrafiq sərgisi ilə tanışlıq olub. Azərbaycan, Rusiya, Ukrayna, Gürcüstan və Böyük Britaniyadan olan rəssamların işlərinin nümayiş olunduğu sərginin məqsədi ekoloji maarifləndirməni təbliğ etməkdir.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 90 illik yubileyi və ənənəvi Gül bayramı günlərinə təsadüf edən bu beynəlxalq festivala Bakının ev sahibliyi etməsi gənc istedadların qədim mədəniyyətin, möhtəşəm memarlığın və bayramların gözəlliklərini fotoaparatın yaddaşına köçürmələri üçün yaxşı imkan yaratmışdır.
Bu festival-müsabiqə ən yaxşı 100 fotoşəkilin seçilməsi şansını yaradıb. Festival çərçivəsində "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" devizləri altında keçirilən müsabiqə dünyanın 90 ölkəsindən minlərlə gəncin diqqətini cəlb edib. Fotomüsabiqə sosial və ətraf mühit mövzusunda şəkillərin dili ilə uşaqları məlumatlandıran ilk beynəlxalq layihə hesab olunur.
Gənclərin Birinci Beynəlxalq Fotofestivalı və Sərgisində çıxış edən Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA-nın təsisçisi və təşəbbüskarı Leyla xanım Əliyeva ölkəmizin ecazkar təbiəti və faunası ilə tanındığını bildirib. Son zamanlar ölkə həyatının bir çox sahələrində olduğu kimi, ekologiya sahəsində də inkişafın müşahidə olunduğunu bildirən Leyla xanım Əliyeva sərginin əhəmiyyətindən danışaraq sərginin "Mən təbiəti sevirəm" və "Mən çirklənmədən qorxuram" mövzusunun fotoqraflara təbiət haqqında fikirləri ifadə etmək imkanı yaratdığını bildirib: "Dünyanın istedadlı gəncləri "Yer kürəsi uşaqların gözü ilə" sərgisi vasitəsilə ekspertlərə, məsul şəxslərə və bütün dünyaya ətraf mühitdə mövcud olan mühüm problemləri təqdim edirlər. Mən bizim bu festival-sərginin hər il keçirilməsi barədə məlumatı sizə çatdırmaqdan məmnunam. Ümidvaram ki, bu, dünyada olan bütün uşaqları və gəncləri bir ümumi məqsəd ətrafında birləşdirəcək, insanları həmin problemi həll etməyə ilhamlandıracaq. Fikrimcə, ətraf mühitin fotosunu çəkənlər - bizim gözlərimizdir. Doğrusu, fotoqrafların ətraf mühiti göstərmək üsulu dəyişməlidir. Çox zaman biz Facebook, İnstaqram kimi sosial şəbəkələrdə gözəl fotolar görürük. Bu gün burada gördüyümüz fotolar 90 ölkənin gəncləri tərəfindən təqdim edilən minlərlə foto arasından seçilib".
Gənc fotoqrafların kreativ şəkillərində dünyadakı problemlərin əks olunduğunu deyən Leyla xanım Əliyeva qeyd edib ki, bu, planetimizi qorumaq üçün insanları konkret addımlar atmağa sövq edəcəkdir. Leyla xanım Əliyeva sərgi-festivalda iştirak etmək üçün ölkəmizə səfər edən qonaqların qədim paytaxtımıza gəlişinin gözəl günlərə təsadüf etdiyini vurğulayıb. Bildirib ki, bu günlərdə Azərbaycanda Ulu Öndər Heydər Əliyevin 90 illik yubileyi və Gül bayramı qeyd edilir: "Bu, gənc fotoqraflar üçün ölkəmizi bayram günlərində fotoobyektivin gözü ilə bütün dünyaya təqdim etmək üçün daha bir şansdır. Əminəm ki, bu festival böyük uğur hekayəsi olacaq". Festival çərçivəsində İDEA tərəfindən mükafatlar təqdim olunub.
Mükafata layiq görülən İngiltərənin "National Geographic Kids" jurnalının keçmiş baş redaktoru, hazırda festivalın kataloqunun baş redaktoru Loren Cervez fotoların planetimizi qorumaq istiqamətində gənclər üçün platforma olduğunu söyləyib. Mükafata layiq görülən Fransanın "Polka" jurnalının redaktoru, gənclərin birinci Beynəlxalq fotomüsabiqəsinin münsiflər heyətinin üzvü Alen Cenestar fotoların yalnız göz ilə deyil, ürəklə təsvir olunduğunu deyib.
Xüsusi mükafatı alan dünyanın tanınmış fotoqrafı, müsabiqənin münsiflər heyətinin sədri Reza Deqaiti gənc fotoqraflarla təcrübəsini bölüşüb, Qarabağda, Şuşada çəkdiyi fotolarını nümayiş etdirib. Bildirib ki, o, həyatında 12 mindən çox qaçqın uşağın fotosunu lentə alıb və bu fotolar sayəsində 3 min 500 uşağın valideyni tapılıb.
"Planetimiz uşaqların gözü" ilə filmi nümayiş olunduqdan sonra ən həyəcanlı an yetişib. Fotomüsabiqənin qaliblərinin adları elan edilib. Bunlar Fransa, Hindistan, Kanada, Sloveniya, Cənubi Afrika, Ukrayna, Nepal, Türkiyə, Böyük Britaniya, İndoneziya və İspaniyadan olan uşaqlardır. Dünya şöhrətli fotoqraf Reza Deqatinin sədrlik etdiyi münsiflər heyətinə "Reuters", "Polka" jurnalı, "National Geographic", "Associated Press" və foto sahəsində tanınmış digər qurumların nümayəndələri daxildir.
Beynəlxalq fotomüsabiqəyə 4 mindən çox fotoşəkil təqdim edilib. Onlardan yalnız yüzü - ən yaxşıları festival-sərgidə nümayiş olunur. Müsabiqənin qaliblərinə mükafatlar, o cümlədən kamera avadanlığı təqdim edilib. Onlar, həmçinin dünyada məşhur fotoqraf Reza Deqaitinin fotoseminarında iştirak etmək imkanı əldə ediblər. Fotosərgi və festivalın açılış mərasimində qonaqlar milli musiqimizlə tanış olmaq imkanı da qazanıblar.
Reza Deqaiti ikinci müsabiqənin də başlandığını elan edib. Bildirib ki, bu müsabiqə "Su həyatdır. Susuz həyat mümkün deyil" adlanacaq. Sonda İDEA-nın himni səslənib.
Həmidli Sevinc
525-ci qəzet.- 2013.- 14 may.- S.7.