“Azərbaycanda milli
siyasət burada yaşayan
xalqların tam hüquq
bərabərliyidir, heç kimə üstünlük verilmir”
Müsahibimiz
Mədəniyyət və İncəsənət Universitetinin
sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə
elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin
mövzusunu əsasən millətlərin
yaranması, təşəkkül tapması və
inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və
lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və
buna əsasən millətlərin təsnifatlaşdırılması,
qloballaşma fonunda milliliyin, milli dəyərlərin
qorunması, etnik münaqişələrin yaranma səbəbləri
və problemdən çıxış yolları təşkil
edir.
– Əlikram
müəllim, söhbətimizə sadə bir sualla
başlamaq istərdik: Toplumlar millətə necə
çevrilir? Milləti nə(lər) şərtləndirir?
–Hazırda
Yer üzündə 3000-dən çox xalq, tayfa, qəbilə,
etnik qrup, millət, milli azlıq və sair mövcuddur. Onlardan 250-nin millət
statusu var və onlar milli
ədəbi dilə malikdirlər. Millətlər
ailənin böyüyüb
qəbiləyə çevrilməsi,
tayfanın xalqa, xalqın millətə çevrilməsi istiqaməti
ilə inkişaf edib. Hazırda elə proseslər gedir ki, artıq
bir sıra millətlər və xalqlar iri çoxmillətli
dövlətlərdə birləşirlər
və yeni bir xalq tipini
əmələ gətirirlər
və çox güman ki, gələcəkdə onlar
da millətə çevriləcək. Qohumluq
əlaqələri də
zərurətdən mövcud
olub: birlikdə yaşamaq, qonşu tayfalardan, qəbilələrdən
qorunmaq və təbii amillər üçün. Tayfalardan
xalqlar yaranır, ya eyni xalqın
böyüməsi, ya
da müxtəlif xalqların birləşməsi
ilə millətlər
yaranır. Əksər
tədqiqatçılar bunu
kapitalizmlə əlaqələndirirlər.
Kapitalizm – burjua istehsal münasibətlərini
yaradır, əmək
ictimailəşir, vahid
dövlət və sərhədlər yaranır,
ucuz işçi qüvvəsi yaranır. Və bu zəmində
hətta bir-birinə yad olan tayfalar,
xalqlar da birləşib bir millət halına gəlir.
Millətlər sosial hadisədir
– yəni onların yaranmasında sosial amillər əsas yer tutur və
ona görə də millətin nüvəsini etnososial orqanizm təşkil edir. Yəni, millətin yaranmasının
bir şərti etnogenezdirsə, digər şərti iqtisadi, sosial hadisələr, kulturoloji amillərdir. Eyni bir millət
bir neçə dinlə ibadət edə bilər, yaxud elə dinlər var ki, onlara bəzən
milli dinlər deyilir. Məsələn, Sibirdə, Cənubi və Mərkəzi Amerikada yerlilər bir neçə dinə ibadət edirlər. Millət anlayışına 3 cür
yanaşma var: bioloji, siyasi-hüquqi, sosiokulturoloji. Bioloji yanaşmanın tərəfdarları
almanlar və yaponlardır. Bu ölkənin
konstitusiyalarına görə
damarından alman və yapon qanı
axanlar alman və yapon millətinin
nümayəndələridir. İsrail milləti də məhz bu prinsipə üstünlük verir, lakin eyni zamanda
hakim dinin, iudaizmin daşıyıcısı olmaq
da vacibdir. İsrail milləti həm qan qohumluğu,
həm də vahid bir din ətrafında
formalaşmış millətdir.
Millətləri yaradan
faktorlardan biri də millətçilikdir.
Millət eyni cür düşünən,
eyni psixi, mənəvi xüsusiyyətlərə
malik olan, eyni tarixi irsə
malik olan, eyni dildə danışan, eyni sosial-iqtisadi və sərhəd bütövlüyündə
yaşayan insanların
sabit birliyidir. Onlarda milli mənlik
şüuru var, müəyyən millətə,
etnosa mənsubluq xüsusiyyəti var. Bu da onlarda müəyyən millətçilik meylləri
meydana gətirir, millətçilik əslində
müsbət ideyadır.
– Bəs əgər bu, ifrata varıb
şovinizmə çevrilsə?
– Millətçilik özlüyündə
müsbət tendensiyadır.
Lakin o, inkişaf edib şovinizmə çevriləndə mənfi
olur. Şovinizm – şoven sözündəndir,
Napaleonun sevimli əsgəri olub. Şovinizm – yəni, üstünlük. Şovinizm
hakim millətin millətçiliyidir.
1928-ci ildə TBMM-də
Atatürk çıxışında
deyib ki, “Biz bütövlükdə əzilən
və məzlum millətik, ona görə də biz millətimizi 2 yerə bölə bilmərik”. Millətlər hakim və
məzlum olmaqla iki yerə bölünür.
Əzilən millətlərin
millətçiliyində bir
demokratik məzmun var.
Hətta Lenin özü
deyirdi ki Şərq xalqlarının
millətlərindən müstəmləkəçiliyə
qarşı mübarizələrdə
istifadə etmək lazımdır. Məsələn,
Böyük Britaniya müstəmləkəçiliyinə qarşı. Azərbaycanda
milli siyasət burada yaşayan xalqların tam hüquq bərabərliyidir, heç
kimə üstünlük
verilmir. Lakin bu heç də
o demək deyil ki, istənilən azsaylı xalq, milli azlıq ərazi muxtariyyəti tələb etsin. Bizim ölkəmizdə hamıya mədəni muxtariyyət verilib, hər bir xalq
öz dilini, mədəniyyətini, adət-ənənəsini
qoruyub saxlaya və inkişaf etdirə bilər, amma bu heç
də o demək deyil ki, onlar
tarixi ərazilərimizi
milli əlamətlər
üzrə parçalasınlar.
İkinci tərəfdən
belə bir parçalanma o xalqın özünə də sərfəli olmaz. Təyini müqəddərat
hüququ ilk dəfə
1878-ci ildə Berlin konfransında,
nəhayət 1918-ci ildə
Vudro Vilsonun irəli sürdüyü
“14 bənddə”, daha
sonra 1945-ci ildə
BMT-nin qətnaməsində
öz əksini tapıb. Bunlardan istifadə edən bütün millətlər,
xalqlar ayağa qalxdılar, bunun qarşısı alınmasaydı
dünya bir xaosa çevrilərdi, ona görə də 1975-ci ildə 33 Avropa dövlətinin və Amerika-Kanadanın iştirakı ilə Helsinkidə müşavirədə
qərara alındı
ki, mövcud sərhədlər dəyişilməzdir.
– Vahid dil-Azərbaycan dilinin milli birliyin
inkişafındakı rolundan
danışmağınızı istərdik...
– Təbii ki, milli dil milli
mövcudluğun əsas
şərtidir. Bir milləti məhv etmək istədikdə birinci növbədə onun dilini əlindən
alırlar. Çoxmillətli
dövlətlərdə hakim millətin dili dövlət dili plan olunur və digər dillər sıxışdırılır. Dilin işlənməsi üçün vacib şərt olan ictimai funksiyanın yerinə yetirilməsidir. Belə olmasa dillər zəifləyər,
hətta bəzən ictimai həyatdan silinib gedər. Lenin yazırdı ki, iqtisadi dövriyyə tələbatı həmişə
sayca çox olan millətin dilinə ehtiyac yaranır. Ona görə də SSRİ konstitusiyasında dövlət
dili anlayışı
yox idi. Şaumyan tələb edirdi ki, gələcəkdə
dövlət qurduqda rus dili dövlət
dili elan olunmalıdır. Lakin
Lenin ona qarşı çıxırdı. Lenin bilirdi
ki, rus dili
onsuz da bu funksiyanı yerinə yetirəcək, ona görə də onu rəsmiləşdirməyə
ehtiyac yoxdur.
Azərbaycan dili və mədəniyyəti tarix boyu yaxın Şərqdə və eləcə də Qafqazda daim digər xalqların mədəniyyətlərini zənginləşdirən mühüm vasitə və mənbə rolunu oynayıb. Heç də təsadüfi deyil ki, Lermontov dostu Rayevskiyə məktubunda bizim dilimizi Avropada fransiz dilinin (linqua frankua) oynadıgı rolla eyni mərtəbədə tutur. Bizim dilimizdən bütün region xalqları tarixən həmişə bir ünsiyyət vasitəsi kimi istifadə ediblər. Vaxtilə bütün Krım və Şimali Qafqaz bizim dilimizi həm ümumi anlaşma vasitəsi kimi, həm də öz ana dilləri kimi qəbul ediblər. Sovetlər isə “parçala və hökm sür” siyasətini əldə rəhbər tutaraq rus dilinin mövqelərini möhkəmlətmək naminə bu regionlarda hər bir xırda xalqın dililə paralel şəkildə rus dilini tədris etməyə başladılar, belə ki, regionda rus dili bizim dilimizi əvəz etməyə başladı. Qorxmazovun Dağıstandan uzaqlaşdırılması ilə bu siyasət daha da intensiv xarakter alır və sonrakı illərdə isə anti-Azərbaycan təbliğatı bütün vasitələrlə inkişaf etdirilir. Hazırda Şərq-Qərb mədəniyyətlərinin dialoqunda üstünlük getdikcə daha çox Şərqə keçir. Şpenqler yazırdı ki, Qərb mədəniyyəti böhran içərisindədir və çox güman ki, o, öz dominant rolunu gələcəkdə öz əlində saxlaya bilməyəcək. İslam, hind, çin, yapon, pravoslav və s. mədəniyyətlərin təsir dairəsi isə getdikcə genişlənir. Bu həqiqəti yaxından dərk edən Qərb alimləri və siyasətçiləri həyəcan təbili çalır və bu mədəniyyətlərin artan təsirini neytrallaşdırmaq üçün müxtəlif yollar axtarırlar. Respublikamızda xeyli sayda millətlər və xalqlar yaşayır. Onların dilləri bərabərdir, istənilən səviyyələrdə öz dillərində danışa bilərlər. Lakin Azərbaycan dili dövlət dilidir və nəinki Azərbaycanda, hətta bütün regionda aparıcı dildir. Dilin dil kimi mövcudluğunu şərtləndirən dövlətdir. Mədəniyyətimizin qarşısında duran əsas vəzifə qloballaşmadan öz xeyiri üçün maksimum yararlanmaqdır. Öz milliliyimizi saxlamaqla bərabər Qərb mədəniyyətinin unikal nümunələrindən və dəyərlərindən də bəhrələnməliyik. Bunun üçün dil və mədəniyyətimiz daim inkisaf etməli, təkmilləşməli, dövr və şəraitə uyğunlaşmalıdır. Belə olarsa, biz qloballaşmadan itkisiz çıxa bilərik.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 16 may.- S.6.