Azərbaycançılıq mollanəsrəddinçilərin fərdi yaradıcılıq kontekstində: Əbdürrəhim bəy Haqverdiyev

 

Təkcə Azərbaycanın deyil, bütövlükdə Şərqin qəflət yuxusundan  oyanmasına  güclü təsir göstərmiş “Molla Nəsrəddin” jurnalının  özü  və onun əsasında yaranan   ədəbi məktəb  və bu məktəbin nümayəndələri yüz illik tarixi dövrü aşaraq müasirliyini, aktuallığını bu gün də saxlamaqdadır. “Molla Nəsrəddin” ədəbi məktəbinin tanınmış  nümayəndələri sırasında  Əbdürrəhim bəy Haqverdiyevin də adı xalqımız və mütəxəssislər tərəfindən  böyük  ehtiramla çəkilir.

1870-ci il mayın 17-də Şuşada anadan olan Əbdürrəhim Əsəd bəy oğlu Haqverdiyev Şuşa və Tiflis realnı məktəblərində təhsil alıb. Peterburq Yol Mühəndisləri İnstitutunu bitirib.   

Görkəmli ədəbiyyatşünas Firudin Hüseynov yazır ki, “Molla Nəsrəddin” jurnalının azərbaycançılıq  ideyasının daşıyıcıları – Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Mirzə Ələkbər Sabir, Əli  Nəzmi, Məmməd Səid Ordubadi və başqalarının  durduğu cərgədə Əbdürrəhim bəy Haqverdiyevin  öz yeri, öz xidmətləri  vardır” .

Əbdürrəhim bəy Haqverdiyevin yaşadığı dövrdə milli özünüdərk, Vətənin istiqlalı,  millətin  oyanıb öz haqqını tələb etməsi, ana dilinin yad təsirlərdən qorunması, gözəl milli adət-ənənələrə sədaqət kimi amillərə diqqət artırdı. Şübhəsiz ki, Əbdürrəhim bəy Haqverdiyevin də bədii yaradıcılığı bu amillərdən qaynaqlanırdı.  Azərbaycan reallığının böyük simalarından və “Molla Nəsrəddin” ədəbi məktəbinin görkəmli  nümayəndələrindən biri kimi Əbdürrəhim bəy Haqverdiyevin bədii yaradıcılığı xalqı ilə dərdləşmək və onu böyük tərəqqiyə, təkamülə yetirmək vasitəsi olub. Vətənini istiqlala qovuşdurmaq, millətini tərəqqiyə çatdırmaq, ana dilinin gözəlliyini qorumaq  arzularının  gerçəkləşməsi  üçün Əbdürrəhim bəy Haqverdiyev bir tərəfdən bədii nəsrin, dramaturgiyanın imkanlarından, digər tərəfdən mətbuatın və xüsusilə “Molla Nəsrəddin” tribunasından məharətlə istifadə edib.

Əbdürrəhim bəy Haqverdiyevin hekayələrində, bütövlükdə bədii nəsrində Cəlil Məmmədquluzadənin təsiri hiss olunmaqdadır. İstər “Molla Nəsrəddin” səhifələrində, istərsə də nəsr yaradıcılığında Əbdürrəhim bəy Haqverdiyev tipik obrazlar yaradır və həmin obrazları özünü dərk etməyə, istiqlalını qazanmağa, inkişafa hazırlayır. O, Azərbaycan milli koloritindən , milli məişətindən çıxış edərək ya bunu bəyənir, təbliğ edir, ya da köhnəliyi tənqid  edib yeni dünyaya, yeniliyi duymağa çağırır. Bu mənada ədibin portret yaradıcılığı üzərində dayanmaq olar. Məsələn, ədib tipik bir azərbaycanlını Filologiya elmləri doktoru Təhsin Mütəllibovun qeyd etdiyi kimi,  “Şeyx Şəbanı elə canlı və real rəsm etmişdir ki, biz onu nə vaxtsa, haradasa görmüş kimi çox yaxından tanıyırıq. Şeyx Şəbanın azərbaycanlı xarakterini... bütün aydınlığı ilə görə bilirik” .

Yazıçının digər əsərlərində yaratdığı ağ çuxalı, ağ arxalıqlı, Buxara papaqlı, gümüş kəmərli, baməzə təbiətli, məğrur Mirzə Səfər, qarasaçlı, qaragözlü və “qara telli” Haqq Mövcud, əynində qədim sazəndələrimizin milli geyimi olan sənət fədaisi tarzən Cavad, habelə ədibin zəngin həyat müşahidəsi və fantaziyasının köməyi ilə nəzərimizdə canlandıra bildiyi onlarla belə surətlər xalqımızın ictimai tarixindən, keçmiş məişət tərzindən, etnoqrafik əlvanlığından nə qədər zəngin məlumat verir, öz zamanları haqqında nə qədər maraqlı hekayələr danışırlar! Biz də bu surətlərin şəxsi xarakteri ilə çox yaxından tanış olduğumuz üçün onların taleyini bütün əsər boyu böyük maraq və həyəcanla izləyir, sevinc və kədərləri ilə yaşayırıq. Məhz belə orijinal surətlər  silsiləsi, xarakterlər qalereyası Əbdürrəhimbəy Haqverdiyevi bədii nəsrdə mahir portret ustası kimi şöhrətləndirib. Ədib bədii portretdən mürəkkəb insan xarakterinin tam açılmasında, psixoloji təhlildə əlverişli və qüvvətli bir vasitə kimi məharətlə istafadə etmiş, bəzən də onun ən səciyyəvi əlamətlərini məhz bu yolla aşkara çıxara bilmişdir.

Əbdürrəhim bəy Haqverdiyevin bu əsərdə yaratdığı tipik obrazlar bütöv bir xalqın mənəvi dünyasının bədii təqdimi kimi azərbaycançılıq ideyasına xidmət edir.

Bədii əsərdəki ideyanın həllində oradakı surətlərin fərdi və ictimai taleləri, arzu və idealları, əməlləri başlıca vasitədir. Müəllif fikri adətən əsərdəki surətlərin simasında öz əksini və ifadəsini tapmış olur. Sənətkar əsərinin ideyasını özü üçün konkretləşdirdiyi kimi, həmin ideyanın bilavasitə “icraçıları” olan surətləri də canlı bir insan kimi konkret və aydın şəkildə görməyi və göstərməyi bacarmalıdır. Çünki bədii əsərlər müxtəlif taleli, müxtəlif xarakterli insanların həyatına dair ibrətli lövhələrdən, insanlıq haqqında sənətkar ideallarının bədii təcəssümündən ibarətdir. Əbdürrəhim bəy Haqverdiyev yaradıcılığın bu keyfiyyətlərini özündə yaşadan sənətkardır.

Lakin xüsusi qeyd edək ki, ədibin jurnalda fəaliyyəti öz mövzuları, həm də problemlərin qoyuluşu ilə birbaşa azərbaycançılıqla bağlıdır. Əbdürrəhim bəy Haqverdiyev dövrü, zamanı, hadisələrin məcrasını çox gözəl anlayan bir ziyalı kimi redaksiyasına qədəm  qoyduğu “Molla Nəsrəddin” jurnalının tribunasından maksimum istifadə etməyi  qərarlaşdırmışdı.

Bütövlükdə, mollanəsrəddinçilərin gücü  onların böyük ictimai  idealları ilə bağlı olduğu kimi, bu yazıçının da yaradıcılıq taleyi xalqa bağlıdır. Onun ictimai idealları sırasında  Azərbaycanın azadlığı və müstəqilliyi, xalqın mənəvi inkişafı, milli adət-ənənələrin, ana dilinin qorunması ön sıralarda dururdu. Əbdürrəhim bəy Haqverdiyev  öz xalqının  potensial gücünə bələd idi. Çünki o, öz xalqını və torpağını, onun qədim mədəniyyətini, tarixini, ədəbiyyatını çox yaxşı bilən, bütün qabiliyyətini, istedadını, milli tərəqqi və intibah yolunda əsirgəməyən vətəndaş sənətkar olub...

Böyük ədib Cəlil Məmmədquluzadənin şah əsəri olan “Molla Nəsrəddin”in  əməkdaşları sırasında  xalqı  yaxşı anlayan və  onun dərdlərinə əlac axtaran  bir ədib kimi  Əbdürrəhim bəy Haqverdiyev sözü özünə silah seçmişdi. Jurnalın yaradıcısı və ideya rəhbəri  Cəlil Məmmədquluzadə “Xatiratım”da  yazırdı: “Molla Nəsrəddin” tək bir nəfər  müəllifin əsəri deyil, “Molla Nəsrəddin” bir neçə  mənim  əziz  yoldaşlarımın  qələmlərinin  əsərinin  məcmuəsidir ki, mən də  onların  ancaq  ağsaqqal yoldaşıyam”.  Bu “ağsaqqal  yoldaşın” yaradıcılıq işində  ən  çox söykəndiyi ədiblər sırasında Əbdürrəhim bəy Haqverdiyev xüsusi yer tutur. Molla Nəsrəddin”in müqtədir nasirlərindən, bədii gülüş ustası  Əbdürrəhim bəy Haqverdiyev Xortdan, Ceyranəli, Mozalan bəy imzalarını qəbul etmişdi. Onun Azərbaycan xalqının kamilləşməsi, pis adət və ənənələrdən uzaqlaşması məqsədi ilə qələmə aldığı “Cəhənnəm məktubları”, “Marallarım” silsiləsindən satirik hekayələri, “Mozalan bəyin səyahətnaməsi” kimi əsərləri jurnalın səhifələrində işıq üzü görüb.

Əbdürrəhim bəy Haqverdiyevin jurnalda dərc olunan “Xortdanın cəhənnəm məktubları” öz cəsarəti, qaldırdığı problemləri, mövzu aktuallığı  və nəhayət bədii sənətkarlığı ilə xüsusi seçilirdi. Onun  “Molla Nəsrəddin”ə qədər də  mətbu yaradıcılığı vardı. 1906-cı ildə  “Həyat” qəzetində  dərc etdirdiyi “Ata və oğul”, “Ayın şahidliyi”  hekayələrində  insanın xislətində olan naqislikləri ifşa ilə  bu insanı kamilliyə çağırırdı. “Molla Nəsrəddin” kimi  qüdrətli bir jurnalın  fəaliyyətə başlaması  isə onun  bədii nəsrinə... geniş  meydan açmışdır” .

Ədibin “Xortdanın cəhənnəm məktubları” povesti  ictimai xarakterinə, qoyduğu problemlərə və üslubuna görə “Molla Nəsrəddin” ədəbi məktəbinin misilsiz nümunəsidir. Bu povestdə yazıçı XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan mühitinin bədii portretini yaratmışdır. Povestdə mühitin  doğurduğu ictimai qüsurlar, eybəcərliklər satirik üslubda  ifşa olunmuşdur. “Molla Nəsrəddin” jurnalında hissə-hissə dərc olunan  bu povest artıq ədibin  bir sənətkar kimi estetik  ideallarının  göstəricisidir. Bu ideallar  sırasında isə  povestin təqdim etdiyi millətin kamil millət olması ilk yerdədir. Millətin oyanması, haqqı nahaqdan  seçməsi,  qanunsuzluqlara göz yummaması bir azərbaycançı yazıçı kimi onun təlqin etdiyi əsas qayə  idi.

Əbdürrəhim bəy Haqverdiyev  nəsrinin poetikasını tədqiq edən  professor Təhsin Mütəllimov doğru qeyd edir ki, “bu əsərdə əsas məqsəd feodal-patriarxal Azərbaycanın ən ciddi və tipik  ictimai qüsurlarını, eybəcərliklərini konkret bədii lövhələr və obrazlar vasitəsi ilə göstərmək, siyasi-ictimai uyğunsuzluqların səbəb və səbəbkarlarını izah etmək, tanıtmaqdır”. Müəllifə görə  xalq bu səbəb və səbəbkarları  görüb tanısa, onun  sivil dünyaya qovuşması tez baş verər.  XIX əsrin sonu və  XX əsrin əvvəlləri Azərbaycan ziyalılığının əsas məqsədi  isə azərbaycanlını sivil görmək arzusu olmuşdur. Bütün bunlar “Molla Nəsrəddin” ədəbi məktəbinin və onu təmsil edənlərin azərbaycançılıq ruhuna uyğun idi.  Təsadüfi deyil ki, Əbdürrəhim bəy Haqverdiyevin hekayəçilik fəaliyyəti... xüsusən “Molla Nəsrəddin”in nəşrindən sonra  başlanır.

“Xortdanın cəhənnəm məktubları” da həmin dövrün məhsuludur. Azərbaycanda özünü göstərən gerilik, varlı-yoxsul münasibətlərinin fəsadları, saxta din xadimlərinin fırıldaqları bütöv bir xalqın pis ənənələri kimi ifşa edilir. Həm də bunlar tipik portretlər qalereyası ilə təqdim olunur.

“Xortdanın cəhənnəm məktubları”nda bu üsulda yaradılmış satirik portretlərə rast gəlirik. Bu satirik portretlərdə milli xüsusiyyətlər-azərbaycançılıq keyfiyyətləri qabardılır. İstər  müfəssəl olsun, istərsə müxtəsər, satirik portretlərin demək olar ki, hamısında ədibin surətə olan mənfi münasibəti,  hətta kinayəsi çox aydın və qabarıq şəkildə özünü biruzə verir. Daha doğrusu, belə hallarda bədii portret həm də əlverişli ifşa vasitəsinə çevrilir. Məsələn: “Bu şəxs həm də Qocaqurd mahalının bəylərindən idi. Yoğun cüssəli, yoğun sifətli, qırmasaqqal, boyunun gödəkliyindən başı iki çiyinlərinin arasında gizlənmiş, çuxasının qolları əllərini örtmüş, şalvarının yuxarısı dar, aşağısı enli, yerişi və danışığı vüqar və təmkinli, amma söz demək istəyəndə ağzından zəhrimar axırdı və ilan dilinə oxşar bir dil çıxarırdı” .

Bu təsviri oxuduqda, nəzərimizdə çox yöndəmsiz və eybəcər bir sima canlanır. Həmin surətin fiziki əcaibliyi, geyimindəki yöndəmsizliyini çox yaxşı tamamlayır. Yerişindəki və danışığındakı lovğalıq onu daha gülünc göstərir. Lakin ədib özünün mənfi  münasibətini daha kəskin deməyi lazım bilir və təsvirin sonunda onu açıq rüsvay edir.

Əbdürrəhim bəy Haqverdiyev obrazın təsvirində portret detallarından istifadə etməyi çox sevir. Belə hallarda surətin zahiri görkəminin mükəmməl təsviri verilmir. Yalnız ən zəruri, səciyyəvi əlamətlərindən bəzisi nəzərə çatdırılır. Bu üsula, əsasən, ikinci, üçüncü dərəcəli surətlərin təsvirində təsadüf olunur. Məsələn: “Meydanda bir nəfər dəllək mənim diqqətimi cəlb elədi. Bu adamın nə başında, nə də sifətində dərman üçün bir tük yox idi. Boyu azından bir sajen”. Xortdanın Ağdam bazarında rast gəldiyi usta Qulunun tamam tüksüz sifəti və bir sajenlik boyu oxucuda gülüş doğurur. Bu dəlləyin qarşısına çıxdığı  kəndlilərin başını zorla qırxmaq adəti də nəql edilirkən o daha gülünc görünür. Beləliklə, kiçik bir parçada surətin gülünc xarakteri və görünüşü haqqında çox yığcam və dəqiq təsəvvür yaranır.

Ədibin “Molla Nəsrəddin”dəki  başlıca mövzuları real  həyatın və  vaxtı keçmiş münasibətlərin tənqidindən ibarətdir. “Öz Vətəni olan Qarabağda, sonralar islam şərqində müşahidə etdiyi cəhaləti, haqsızlıqları kəskin satira atəşinə tutan, kəndli və əsnafın  avamlığını  təbii bir gülüşlə  bizə söyləyən ədib  böyük bir dövrü xarakterizə edən hekayələrində  əlvan tiplər  silsiləsi yaratmış və bunlara ümumi simvolik bir ləqəb verib “maral” adlandırmışdır”. Əsərdən kiçik  bir parça da onun haqqında  təəssürat yaratmağa qadirdir: “Hər yer mənim marallarımla doludur. Gözəl marallarım, göyçək marallarım... Hacı marallarım, kərbəlayi marallarım, məşədi marallarım, molla, rövzəxan, bəy-xan marallarım. Başları qapazlı,  üzləri tüpürcəkli marallarım...”.

Böyük tədqiqatçı alim və yazıçı Mir Cəlal  və ədəbiyyatşünas Firuddin Hüseynov  Əbdürrəhim bəy Haqverdiyevin “Marallarım” əsəri barədə yazıblar: “Bizim  heç birimiz istəmirik və istəməzdik ki, ata-babalarımız  bu əsərdə  göstərilən  dəhşətli aləmdə yaşamış olsunlar.  Madam ki, bu bir həqiqət imiş, biz cahil keçmişə, bizi gözübağlı saxlayanlara dərin nifrət edirik, qəzəblənirik. Biz ədibin hekayələrindən ayrı nəticə çıxarırıq: köhnə cəmiyyətin mirası olan o cəhalət dəhşətlərinə  son qoymaq, onun qalıqlarını məhv etmək üçün  camaata, lap avam camaata kömək etmək, ən  uzaq və kənar  guşələrdə, hətta ən geridə qalmış adamları da  o köhnə həyatın cəngəlindən, qalıqlarından xilas etmək uğrunda daha inadla, daha kəskin mübarizə aparmaq lazımdır” .

Bu  mübarizə isə  əslində millətin azad yaşaması  uğrunda böyük savaşın tərkib hissəsidir.

Əbdürrəhim bəy Haqverdiyev XX əsrin əvvəlləri Azərbaycan tənqidi realist ədəbiyyatın ən görkəmli nümayəndələrindən biridir. Nöqsanları ifşa yolu ilə aradan qaldırmağı əsas tutan “Molla Nəsrəddin”  tənqidi realizmin  zirvəsində duran mətbuat orqanı kimi  Əbdürrəhim bəy Haqverdiyevin də əsas  tribunası idi. “Əbdürrəhim bəy Haqverdiyev müəllim ruhlu, tərbiyə verməyi sevən, əxlaq üzərində  çox düşünən yazıçıdır”. Yalançı və fırıldaqçı adamların cəmiyyətə, məişətə gətirdiyi  pozğunluğu ifadə edən “Qiraət”  əsərində  avam, sadəlöhv, eyni zamanda  məsum, sədaqətli arvadını aldadıb “qiraət” öyrənmək adına  aşnası  Nataşanın yanına gedən  və üstəlik  “müctəhid” adına  yazıq  arvadına hazırlatdığı  plovu da götürüb kef məclisinə aparan “Maşaduşka”nı (Məşədini) müəllif tipik bir surət səviyyəsinə təsadüfən qaldırmayıb. Müəllif  Məşədi Qulamların  bu əxlaqını ifşa edərkən elə onun öz dili ilə azərbaycanlının qanmazlıq məqamlarını da ortaya qoyur: “Allah kəssin müsəlmanın (azərbaycanlının-A.M.) evini, eşiyini, diriliyini, səliqəsini!  Gözəl xörəkləri ortalığa  bir sifətdə çıxarırlar ki, adamın ürəyi ağzına gəlir. Qab çirkli, süfrə bir halətdə ki, itin üstünə atsan, qudurub qaçar. Qaşıqlar sınıq, iki ildən  yuyulmamış əl dəsmalı... Tfu... Gedirsən Nataşanın evinə, süfrə  qardan ağ, çəngəl-bıçağın şəfəqindən göz qamaşır... Ağ libaslı, ağ döşlüklü qulluqçu, gözəl səliqə ilə xörəyi ortaya çıxarır. Nataşa özü paltarlarının ən lətifini geyib, gəlib əyləşir, ustolun başında... di gəl arvad ölmüş, hər nə  yarar paltarı var geyir toya, hamama, yasa gedir.  Evdə də  adamın qabağında türkmən dilənçisi kimi  dolanır.  Üst-başından  bozbaş iyi gəlir...”. Ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin  öz əsərində  misal kimi gətirdiyi bu bədii parça azərbaycanlını məişət məqamında başqa  xalqlarla müqayisədə çox tipik ifadə etməkdədir.

Əbdürrəhim bəy Haqverdiyev “Molla Nəsrəddin”ə sədaqətli olduğunu jurnalın Bakı dövründə də sübut etmişdir. Həmişə Cəlil Məmmədquluzadə ilə məslək dostluğunu büruzə vermiş, jurnalın  müdafiəçisi olmuşdur. Onun sovet dövründə yazdığı əsərlərinin mayasında mollanəsrəddinçilik ruhu yaşayır. Ədibin “Ağac gölgəsində”, “Ədalət qapıları”, “Köhnə dudman”, “Yoldaş Koroğlu” pyeslərində, “Söhbət”, “Diş ağrısı”, “İanə” və başqa hekayələrində Azərbaycan cəmiyyətində olan mənfi hallar kəskin tənqid olunur.

Böyük mollanəsrəddinçi ədib Əbdürrəhim bəy Haqverdiyev 1933-cü ildə vəfatedib.

Əbdürrəhim bəy Haqverdiyev ictimai həyatdan tutmuş məişət həyatınadək bütün məqamlarda azərbaycanlını yüksəkdə görmək arzusu ilə yazıb yaratmışdır. O, əsərlərində mollanəsrəddinçiliyə daim sadiq qalmış, Vətənin azadlığına, xalqın oyanışına, müstəqil düşünməsinə, haqqı nahaqdan seçməsinə, ana dilinin geniş yayılmasına yardımçı olmağa səy göstərib.   

 

 

Allahverdi Məmmədli,

Filologiya elmləri namizədi

 

525-ci qəzet.- 2013.- 16 may.- S.7.