“Azərbaycanda milli siyasət burada
yaşayan xalqların tam hüquq bərabərliyidir, heç
kimə üstünlük verilmir” (davamı)
Müsahibimiz Mədəniyyət və İncəsənət
Universitetinin sosial- siyasi elmlər kafedrasının müdiri,
fəlsəfə elmləri doktoru, professor Əlikram
Tağıyevdir. Söhbətimizin mövzusunu
əsasən millətlərin yaranması, təşəkkül
tapması və inkişafında müxtəlif
ideologiyaların, dinin, diaspor və lobbinin rolu, milli birlik məsələləri,
milli mentalitet və buna əsasən millətlərin təsnifatlaşdırılması,
qloballaşma fonunda milliliyin, milli dəyərlərin
qorunması, etnik münaqişələrin yaranma səbəbləri
və problemdən çıxış yolları təşkil
edir.
–
Qloballaşmadan söz açdınız. Sizcə,
bu gün tez-tez adı hallandırılan qloballaşma prosesi
milliliyin qorunması məsələsinə nə dərəcədə
təsir göstərir?
–Qloballaşma
bir hərəkat olaraq, XX əsrdən başlayır və bəşəriyyətin
bütün inkişaf sahələrini əhatə edir. Qloballaşma ilk növbədə qlobal şəkildə
düşünməyi və fikirləşməyi tələb
edir. Bu, bəzilərinin iddia etdikləri kimi, heç də
kiçik dövlətlərin və xalqların daha
böyük dövlətlər və xalqlar tərəfindən
udulması prosesi deyil, onların imkanlarının bərabərləşdirilməsi
prosesidir. Qloballaşma təsirlərinə milli
dövlətlərin davam gətirməsi üçün
onların güclü olması gərəkdir. Burada ikili
proses gedir. Bir tərəfdən iri dövlətlər
qloballaşmanın aparıcı qüvvələri kimi
çıxış edirlər, digər tərəfdən isə
onlar qloballaşmaya əngəl törədən bir tərəf
kimi özlərini göstərirlər. Məsələn,
İngiltərənin, eləcə də Fransanın
ayrı-ayrı hakim dairələrindən müsəlmanlara
tez-tez belə mesajlar gəlir ki, Avropa islama dözə bilməz
və onları Avropaya buraxmaq əleyhinədir. Həqiqətən
də Avropanın bir sıra siyasi xadimləri
açıq-askar islam ölkələrini
ittiham edir və elan edirlər ki, onları Avropada görmək
arzusunda deyillər. Müasir dünyanın
siyasi proseslərilə qloballaşmanın
qarşılıqlı əlaqəsi mürəkkəb və
çoxcəhətlidir. İkiqütblü
dunyanın süqutu ona ümid yaradırdı ki, dünyada
gedən siyasi proseslərin arxasında baş verəcək
ziddiyyətlər bir qədər zəifləyəcək və
son anda aradan qalxacaq. Amma yeni dünya inkişafinda baş
verən hadisələr və meyllər onun tam əksini
göstərdi, ziddiyyətlər daha da artdı, ölkələr
və xalqlar arasında özünü təsdiq etmək
uğrunda mübarizə gücləndi, dünyanın
nizamlanmasında hegemonluğa can atan yeni qüvvələr və
güc mərkəzləri yarandı, onlar yeni dünya
qaydalarının formalaşmasında oz təəhhüdlərini irəli
sürdülər. ABŞ-la bərabər Qərbi Avropa,
Rusiya, Yaponiya, İslam dünyası, Hind-Çin
yarımadası, Cənubi Amerika və sivilizasiya mərkəzləri
dünyanın və eləcə də maddi nemətlərin
paylanması və bölüşdürülməsi məsələsinə
yenidən baxılmasını tələb etdilər.
Belə bir tarixi-siyasi şəraitdə qloballaşma
spektrində Azərbaycanda gedən siyasi proseslərin öyrənilməsi,
onun qloballaşmaya münasibəti məsələsi həm
elmi-nəzəri, həm də ideya-siyasi əhəmiyyət kəsb
edir. Əksər Azərbaycan alimlərinin dediklərinə
görə, qlobal təzyiqlərə davam gətirmək milli
dövlətlərin özlərinin sosial-iqtisadi, siyasi-mədəni
səviyyələrindan asılıdır. Milli
inkişaf nə qədər yüksək olarsa, qloballaşmadan bir o qədər
çox qazanmış olar, başqalarının təzyiqinə
az məruz qalmış olar, onlar tərəfindən
assimilyasiyaya uğramaz, əksinə dünyada gedən mürəkkəb
siyasi proseslərdə daha fəal iştirak edər. Bu mənada hazırda gedən proseslərdən
itkisiz ötüşmək üçün
qarşımızda duran əsas məsələ milli dövlətçiliyin
qorunması və möhkəmləndirilməsi, iqtisadi
müstəqilliyin təmin olunması və demokratiyanın
daim inkişaf etdirilməsidir.
–Qloballaşma
prosesi ilə milli inkişaf hansı dərəcədə
biri-birinə təkan verir, yaxud əksinə?
–
Qloballaşma ilə milli inkisafın nisbəti həqiqətən
də çox maraq doğuran mürəkkəb məsələlərdəndir.
Bjezinski yazır ki, qloballaşma “milli dövlət
ideyasının təməlinə” əsaslanır. Buradan da belə bir qənaətə gəlmək
olur ki, qloballaşma bir tərəfdən milli olanı beynəlmilləşdirir,
digər tərəfdən isə milli dövlətləri
daha da təkmilləşdirir, milli-mənəvi dəyərlər
qlobal dəyərlər əsasında daha da zənginləşir.
Daha aydın desək, qloballaşma şəraitində
millilik (milli ideya, milli dövlət, milli-mənəvi dəyərlər,
milli dil və sair) heç də ölmür, öz forma və
məzmununu dəyişir. Millətçilik
vətəndaş cəmiyyəti, insan hüquqları,
hüquqi dövlət, plüralizm, açıq cəmiyyət
və başqa yeni anlayışlar və ideyalar spektrində
özünü göstərir, köhnə xəstə millətçilikdən
yeni sağlam millətçiliyə keçid hadisəsi
baş verir, insanların düşüncə tərzi də
yeniləşir. Yeni siyasi proseslər nəticəsində
cəmiyyətin liberallaşdırılması ona gətirib
çıxarır ki, insanlarda fərdi azadlıq, patriotizm,
tolerantlıq, kompromislərə getmək hissləri güclənir,
siyasi mədəniyyət səviyyəsi yüksəlir.
Şübhə yox olur ki, bütün bunlar
qloballaşma prosesinin necə getməsindən çox
asılıdır. Əgər bu proses böyuk dövlətlər
və transmilli korporasiyalar tərəfindən süni şəkildə
sürətləndirilərsə, zəif millətlərin
özünümüdafiə instinktləri də güclənə
bilər və bu da xəstə (mənfi) millətçiliyin
və sosial şovinizmin baş qaldırmasına gətirib
çıxarar. Əksinə, qloballaşma
prosesi milli inkisafın tələblərinə uyğun şəkildə,
yerli şəraitin nəzərə alınması əsasında
davam edərsə, bu daha çox effekt verər və hər
iki tərəf bundan qazanmış olar. Belə
olan halda qloballaşma milli inkisafa nəinki mane olar, əksinə,
onun yeni əsasda inkisafı üçün yeni bir impuls
vermiş olar.
–
Qloballaşma və milli mədəniyyətlərin
inkişafı. Siz bu anlayışları
bir-birinə paralel, yoxsa zidd məfhumlar kimi səciyyələndirərdiniz?
–Qloballaşma
zamanın hökmüdür. Bu proses biz istəsək də,
istəməsək də gedib, gedir və gedəcək. O
bütün sahələri əhatə edir. Bizi
maraqlandıran məsələ milli mədəniyyətlərin
taleyidir. Qloballaşma xırda xalqların
mədəniyyətlərinə necə təsir edəcək?
Bu təsir həmin xalqların həyatında
müsbət, yoxsa mənfi rol oynayacaq? Bəlkə
də elə onların mədəniyyəti deqredasiyaya
uğrayacaq və bütün millətlərin mədəniyyətləri
içərisində əriyib gedəcək? Bu və
buna oxşar suallar
hazırda milli mədəniyyətlərin qarşısında duran əhəmiyyətli
məsələlərdəndir. Lakin bir məsələ
aydındır. O xalqların ki, mədəniyyəti
yüksəkdir, dilləri zəngindir, onlar qloballaşmaya
kifayət qədər yaxşı müqavimət göstərərək
və hətta digər mədəniyyətlərin hesabına
öz dil və mədəniyyətlərini zənginləşdirə
biləcəklər.
– Bəlkə
bu proseslərə tarixi aspektdən yanaşaraq müqayisələr
təqdim edəsiniz...
–Tarixə
nəzər salaq. Qədim dövrlərdən
üzü bəri mövcud olmuş iri imperiyalarda xalqların
birləşməsi və qovuşması prosesi mədəniyyətlərə
də sirayət edib, onların bəziləri zənginləşib,
bəziləri isə aradan qalxıb. Yunan
mədəniyyəti əslində bir tək yunanların
deyil, Aralıq dənizi və Qara dəniz sahilində
yaşayan xalqların ümumi mədəniyyəti idi. Çünki makedoniyalı İsgəndərin
yaratdığı imperiya parçalanandan sonra onun ərazisində
olan xalqlar Qərb-Şərq mədəniyyətinin simbioz bir
formasını yaratmağa yaxın idilər. İsgəndər özü də Qərblə
Şərqi birləşdirməyə
çalışır, bu xalqların qovuşmasına və
birləşməsinə hamilik edirdi. Belə
bir şəraitdə Qərb əvvəllərdə
olduğu kimi bu dəfə də Şərqdən çox
şey götürməyə çalışdı. Eləcə də Şərq xalqları Qərb mədəniyyətilə
yaxından təmasda oldular. Roma
imperiyası dövründə də belə oldu. Romalılar Şərqə doğru hücumlar etdilər,
hətta Qafqaza və Albaniyaya da, onlar burada amazonkaları
gördüklərini və onlarla vuruşduqlarını da o
vaxtkı dünyaya çatdırdılar. Şərqi
Roma imperiyasının yaranması və süqutu, türklərin
Avropaya yürüşləri, hələ bundan əvvəl
hunların bütün Avropanı işğal etmək səyləri,
rusların Şərqdəki istilaları Şərqə Qərbin
böyük imperiyalar daxilində birləşmələrinə
və qovuşmalarına səbəb olurdu. Bunun da nəticəsində
bir sıra xalqların- (karfagenlilər, finikiyalılar, misirlilər,
midiyalılar, albanlar, lulibeylər, utilər, skiflər,
soqdiyalılar, vikinqlər, normanlar və sair) tarix səhnəsindən
silinməsi prosesi baş verdi. Rusların Şərqə, Osmanlıların isə
Qərbə genişlənən ekspansiyaları türklərin
(türk-dilli xalqların) Rusiya imperiyası tərkibinə
qatılmaqla ruslaşdırılmağa başlaması,
slavyanların isə bəzi qruplarının daxilində
türkləşmə prosesi Avrasiya mədəniyyət
vahidinin yaranmasına səbəb oldu. Türk islam mədəniyyətinin güclü
müqaviməti bu mədəniyyətin sonrakı
inkişafını qeyri-mümkün etdi, amma Rusiya
imperiyasında bu mədəniyyət əksinə,
çiçəklənməyə başladı və
avrasiyalılar az qala rusofilləri üstələməyə
başladılar.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 17 may.- S.6.