“Məni Hamlet öldürdü

 

Bu sözləri “Sənətkarın taleyi” tamaşasında Paloni-C.Namiq Kamal, Ərəblinskinin-Firdovsi Atakişiyevin ona yönəltdiyi “səni cəmiyyət öldürdü” ittihamına qarşı olaraq söyləyir.

Söhbət görkəmli yazıçı, dramaturq,ictimai xadim Elçinin bu yaxınlarda Azərbaycan Dövlət Milli Akademik  Dram Teatrında  tamaşaya qoyulmuş “Sənətkarın taleyi” faciəsindən gedir. Azərbaycan professional dramaturgiyasının  yarandığı gündən müəllif problemini tale həmişə teatrımızın xeyrinə həll edib.M.F.Axundzadədən sonra Cəlil Məmmədquluzadə, C.Cabbarlı, İ.Əfəndiyev öz əsərləri ilə teatrımızın repertuar işinə çox lazımlı kömək etmişlər. Görkəmli dramaturqumuz İ.Əfəndiyev  vəfat edəndən sonra  teatrımız demək olar ki, repertuarı daima zənginləşdirən,milli dramaturgiyamızı irəliyə aparan yazıcıya möhtac qalmışdı.Əslində bu söz bir az inandırıcı səslənmir.Çünki İ.Əfəndiyevin dramaturgiyası ilə yanaşı müasir həyatımızı özünəməxsus bir şəkildə əks etdirən Elçin dramaturgiyası inamla addımlamağa başlamışdı. Onun ilk baxışda bir qədər qəribə görünən yazı manerasını mən də keçən əsr 70-ci illərin əvvəllərində çətin başa  düşürdüm. Elçinin radio-teatrda lentə aldığım Qızıl”pyesı demək olar ki,yeni formada yazılsa da ənənəvi dramaturgiya tələbləri əsasında tərbiyə almış rejissoraktyorlara yeni, xoş söz deyirdi. Eyni sözləri ElçininPoçt şöbəsində xəyal” pyesi barəsində də demək olar.Vaxtilə bu əsəri Akademik Dram Teatrında mən hazırlamalı idim.Lakin müəllifin məsləhəti ilə onu başqa rejissor hazırlamalı oldu.

Bir dəfə İlyas müəllimlə söhbətimiz zamanı Elçin yaradıcılığından danışmaq istədim.O, çox böyük qətiyyətlə mənə söylədi ki,Elçin tamamilə başqa səpkidə yazır.Bəzən onunla mübahisəmiz düşsə də sonralar məlum  oldu ki, Elçin haqlıdır.Mənim “Poçt şöbəsində xəyal” pyesinin ənənəvi dramaturgiyaya yaxınlaşdırmaq istəyimi o zaman Elçin rədd etdi.

“Sənətkarın taleyi”faciəsi dahi aktyor H.Ərəblinski və onun yaradıcılığına həsr edilib. Lakin tamaşa başlananda müəllifin radio vasitəsi ilə tamaşaçılara müraciəti səslənir.Müəllif əvvəlcədən şərtləşir ki,Ərəblinskiyə həsr edilmiş bu əsər aftobioqrafik xarakter daşımır. Əsər böyük aktyorun yaradıcılıq aləmini tərənnüm edir.Doğrudan da tamaşanın əvvəlində qaranlıqda pərdə arasından əlində fanarla bir teatr  personajı görünür.Bu personaj Carçı-Vüsal MustafayevKomedi De-artiİtalyan xalq teatrının obrazlarından biridir.Elçin sanki tamaşaçılara üç-dörd yüz il bundan qabaq öz sənətləri ilə xalqa işıq gətirən,maarifləndirən teatrı yada salır, Ərəblinski sənətinin, keçmişinin daha uzaqdan gəldiyinə işarə vurur. Personaj səhnədə “Otello” tamaşası barədə afişa asır.Otellonun Ərəblinski tərəfindən ifa ediləcəyini böyük təntənə ilə elan edir.

Pərdə açılır və səhnənin müxtəlif yerlərindən deyinə-deyinə,artistləri hədələyə-hədələyə müxtəlif obrazlar peyda olur.Burda mövhumatçı,molla,jandarm və hətta H.Ərəblinskinin qohumu Əbdül də görünür. Elçin bu səhnəni Ərəblinski sənətinin düşmənləri kimi təqdim edir.Ərəblinski haqlı imiş.Palonini Hamlet yox bu cəmiyyət məhv edəcək.

Elçinin “Sənətkarın taleyi”əsəri   polifonik şəkildə Ərəblinski dövrünün  cəmiyyəti ilə o dərəcədə ustalıqla bağlanıb ki,fikir dərhal aydın olur.Bu əsərdə həm cəmiyyətin atmosferi-o zamanlar doğrudan da neft həyəcanı yaşayan Bakı həyatı da, rus çarizmin Bakıya münasibəti də böyük ustalıqla təsvir edilib.

Qubernator-Əjdər Zeynalovun dediyi kimi Bakı indi rus imperiyasının xüsusi nəzarətindədir ,amma təəssüf ki,Bakı milyonçuları H.Tağıyev, Musa Nağıyevlə yanaşı Bakı neftini Nobellər və başqa millətdən olan milyonçular zəbt eləyib, aralarında bir nəfər də rus yoxdur.Qubernator buna görə çox narahatdır və Qrafinya-Şükufə Yusupova (Xalq artisti) Ərəblinskinin sənətini tərifləyəndə ona etiraz edir.Qubernator istəmir ki, Ərəblinski öz sənəti ilə tamaşaçıları ayıltsın və onlar dərk eləsinlər ki,axı niyə biz rus imperiyasının tərkibində olmalıyıq.Bir tərəfdən hakimiyyət simvolu qubernator,o biri tərəfdən Hüseynin dayısı oğlu Əbdül(Hikmət Kərimov) ailə-məişət üstündə və Bakı qoçularından birinin ona sataşması ilə Ərəblinskiyə qarşı köklənir.Onu “Hamlet öldürəcək”.

Bir yandan teatrın maddi cəhətdən acınacaqlı vəziyyəti, bir yandan qohumların kin-küdurəti ,bir tərəfdən də hakimiyyət üzvlərinin Ərəblinskiyə qarşı hərtərəfli hücumu  belə onu öz sənətindən ayıra bilmir.

Ərəblinski rolunun ifaçısı Firdovsi Atakişiyev elə ilk səhnələrdəncə ətrafında bu təcavüzkar halqanın getdikcə onu sıxdığını çox məharətlə aça bilib.Ərəblinski-Atakişiyev səhnəyə gəlişindən əsəbi və hövsələsizdir.Bığlı artisti(Ayşad Məmmədovməkdər artist) zorla yerə yıxıb bığlarını kəsməklə sonradan Paloninin dediyi “sən tiransansözü özünü doğruldur.Hərçənd Ərəblinski həm özünə,həm ətrafdakılara biz artistik, adam deyilik sözünü dəfələrlə təkrar edir.

Rejissor İranəTağızadə(Əməkdar artist)xüsusi ilə tamaşanın 2-ci yarısında əsərdən çıxış edərək gözəl səhnə mizanları qurub:Mayanın dəfni ,gənc teatr vurğununun gəlişi ,Qrafinya ilə Ərəblinskinin intim görüşü,Əbdül tərəfindən onun xəncərləndikdən sonrakı səhnələr...

Ərəblinski-Atakişiyev  duman  arxasında qalır.Əsərin sonunda da o,sənət baxımından həddən çox sevdiyi Ofelya rolunun ifaçısı Mayanı çağırır. O, səndələyə-səndələyə səhnənin dərinliyinə gedir,sanki səhnənin buludları arasında İsa peyğəmbər kimi çarmıxa çəkilmiş halda donub qalır. Qeyd etdiyimiz kimi onu yaşadığı cəmiyyət öldürdü.

Səhnələrin biri dediyimiz kimi Maya-Natəvan Hacıyevanın ölüm səhnəsidir. Vərəm xəstəliyinə tutulmuş Mayanı Ərəblinski qolları üstündə səhnəyə gətirir. Məşhur italyan tenorlarının birinin ifasında məhəbbət dolu qəmli bir mahnı səslənir. Hüseyn bu mahnının sədaları altında Maya ilə rəqs edir və birdən-birə Ərəblinski demişkən uçub gedir,ölür.Burda ifaçıların xüsusilə Paloni-C.Namiq Kamal, Yaqo-Elşən Cəbrayılov, Bığlı artist-Ayşad Məmmədovun bu ölümə münasibətləri son dərəcə təsirlidir.Mayanın ölümündən dəli kimi olan Ərəblinskinin bu hadisəyə münasibəti səhnənin sonunda məlum olur.Kədərlənən Ərəblinski belə deyir:”Bəs Ofelyanı kim oynayacaq”.

Burda yeri gəlmişkən gənc teatr vurğunu-Aslan Şirin haqqında  da yazmamaq olmaz. Mənim yadıma gəlir ki, Dram Teatrında aktyor işlədiyim vaxtlarda qocaman sənətkar Hacıməmməd Qafqazlı danışırdı ki, o, mətbəədə işləyirdi və Ərəblinskinin səhnədə ifasını görəndən sonra, o da Ərəblinskinin yanına gəlmiş və onun truppasına daxil olmaq istəmişdi. Gənc teatr vurğunu-Aslan Şirinin ifası mənə o söhbəti xatırlatdı.Aslan gənc teatr vurğununu çox incə həssaslıqla ifa edir. Teatr aləmindən dəli olmuş bu sənət vurğunu  Ərəblinski ilə  görüşəndən sonra Elçin dramaturgiyasına xas olan gözlənilməz dəyişiklik bu rolun xəttində də özünü bıruzə verir.Arıq,çəlimsiz, lakin böyük vurğunluqla Otello rolunu oynamaq həvəsi ilə Ərəblinskinin yanına gələndə ona  Yaqo rolunu təklif edirlər.O da pərəstij etdiyi adamlaraguya özləri yaxşı oynayır”sözlərini deyir,təhqir edirgedir.

Rejissor uğurunun bir cəhəti də bundan ibarətdir ki, işlədiyi Rus Dram Teatrının bir çox sənətçilərini də bu tamaşada məşğul etmiş,çox mükəmməl  bir ansambl yaratmışdır. Həm Maya-Natəvan,həm Qubernator-Əjdər, həm Qraf-İlham,Freylina-İnna İrina Tağızadənin dəvət etdiyi aktyorlardı.

Qrafinya-Şükufə Yusupovanı isə xüsusi qeyd etmək lazımdır. Müəllif bu obrazı Peterburq kübar cəmiyyətinin içindən çıxmış ağıllı,məqsədyönlü,əri Qrafın dediyi kimi bir çox xüsusiyyətlərə malik bir xanım kimi verib.Obrazın söylədiyi kimi dahi aktyor Ərəblinski dünya sənət aləminə çıxmağa layiqdir.Qrafinya sənət xiridarıdır. Qeyd etməliyik ki,aktrisa həm Qubernatorla,həm əriylə ,ən çox da Ərəblinski ilə dialoqlarını özünə inanan,istəyinə nail olmağa çalışan bir qadın kimi aparır,həm mülayim,həm də qətiyyətlə hərəkət etməyi bacarır. Qrafinya  Ərəblinski sənətini qiymətləndirərək ,onun Avropaya çıxmasını və gəlib Peterburqda işləməsini inadla təkid edir.Lakin Ərəblinski Qrafinyanın xətrinə dəymədən bu təklifdən uzaqlaşır.

Tarixdən bizə məlumdur ki,Ərəblinskini dayısı oğlu Əbdül qətlə yetirib. Özü-özlüyündə gözümüzün qarşısında zalım,amansız,qəddar bir obraz dayanır.Lakin Əbdül –Hikmət Rəhimov müəllifdən gələn mətnə əsasən tərəddüdlər içərisində vurnuxan ,kinli olsa da qətiyyən Ərəblinskini öldürmək fikrində deyil. O, qoçu, bibisi və Ərəblinskinin özü ilə söhbətlərində bu daxili aləmini inandırıcı şəkildə biruzə verir. O,çox asta danışır.Sanki hər addımı ölçüb-biçərək atır.Lakin Ərəblinskinin  təhqirlərinə qarşı tab gətirə bilmir,Hüseynin ona verdiyi xəncər ilə onu qətlə yetirir.Əlləri qana bulaşmış Əbdül:”Mən səni öldürmək istəmirdim”...sözlərini deyə-deyə ,əlinin qanını silə-silə məkanı tərk edir.Aktyorun, bu səhnədəki bütün hərəkətləri sənətkarcasına yığcam və təsiredicidir.

Keçmişdə aktyorlar hansı rolu  böyük müvəffəqiyyətlə ifa edirdisə onu bəzən öz adı ilə deyil həmən obrazın adı ilə çağırırdılar.Şekspirdə Poloni çox fitnəkar,Kral ətrafında öz xeyri üçün müxtəlif çəkişmələr quran ,nəhayət Hamlet tərəfindən öldürülən obrazdır.Yaqo isə Otellonu qısqanclıq burulğanında dəli eləyən, Dezdemonanın ölümünə gətirib çıxaran hiyləgər bir tipdir.Lakin hər iki obrazı müəllif teatr fədaisi kimi təsvir etmiş , hər iki obrazın ifaçıları Ərəblinskiyə hörmət edən ,sadiq sənət yoldaşlarıdır və görünür Ərəblinskinin çılğınlığı və ötkəmliyi  qarşısında bu obrazların yumoru və həlimliyi effekti  müəllif tərəfindən tam yerində verilib.

Teatr tariximizdən məlumdur ki,keçən əsrin əvvəllərində səhnəmizdə qadın aktyorlara böyük ehtiyac duyulurdu.Ona görə də kişi sənət fədailəri qadın rollarını da oynayırdılar.Bığlı artist- A.Məmmədov Dezdemona rolunu oynayıb səhnədən çıxandan sonra Ərəblinskiyə  bir daha qadın rolu oynamayacağını bildirir,arvadından və uşaqlarından xəcalət çəkdiyini söyləyir.Son zamanlar Ayşad Məmmədovun bir çox rollarını görmüşəm. O, sənətinə zərgərcəsinə yanaşan, hər dəfə yeni xarakterlər tapan səhnə ustasıdı.Maya qəflətən öləndən sonra onun diz çöküb yenidən qadın rolları oynamaq üçün paltarlar seçməsi səhnəsi çox təsirlidir.

Tamaşada Freylina-İnna İmranova, bibi-Hicran Nəsirova (Əməkdar artist), Molla-Əsgər Məmmədoğlu (Əməkdar artist), İntilliqent-Anar Hümmətov, Baqqal-Mirzə Ağabəyli (Əməkdar artist), Hacı-Telman Əliyev(əməkdar artist), Məmur-Əjdər Həmidov (Əməkdar artist) rollarını çox inandırıcı ifa edirlər.

Mən teatrın truppasında ilk dəfə gördüyüm gənc aktyor Cümşüd Zeynalovun redaktor  obrazını xüsusi qeyd etmək istəyirəm.

Bəli, tamaşa bütünlüklə uğurlu alınıb.Bu səbəbdən bütün teatr kollektivini təbrik edə bilərik.Bu sənət qələbəsinə görə səhnə əsərinin memarı-Xalq yazıçısı Elçinə xüsusi təşəkkürlər.Görkəmli dramaturq bu  pyesi ilə teatr sənətimizi daha da zənginləşdirməyə müvəffəq olub.

 

 

Ağakişi KAZIMOV,

Xalq artisti, professor

 

525-ci qəzet.- 2013.- 17 may.- S.7.