“Mənim universitetlərim”
(3-cü yazı)
(Yaddaşımın küncündən...)
...Qəzet
səhifələrindən “Rəfail Nağıyev”
imzasıyla tanışlığım keçən əsrin
60-cı illərinin ortalarında başlanıb. Mən o vaxt mətbuata maraq göstərən 15-16
yaşlı məktəbli olmuşam, jurnalist sənətkarlığının
nə demək olduğunu, təbii ki, bilməmişəm.
Amma qəribədir ki, məni “Rəfail
Nağıyev” imzalı yazıların tematikasından,
süjet və kompozisiyasından daha çox üslubu, ifadə
tərzi və dili cəlb edib.
Uğurlu
bənzətmə tapa bilmirəm: həmin yazıların hər
abzası, hər cümləsi, hər bir kəlməsi mənə
təlim-parad meydanında (“plats”da) nizami yeriş zamanı əsgər
çəkmələrinin qopardığı səslərin
ahəngdarlığını xatırladıb. Yəni belə:
sol ayaqla başlanan yerişdə birinci addım bitən andan
müəyyən vaxt keçəndən sonra ikinci addım,
birinci addımla ikincinin arasındakı zaman və məsafə
ölçüsünə tam uyğun gələn
üçüncü, dördüncü, beşinci...
addım gəlir. Həm də irəli atılan hər
addımdan sonra sanki çəkmə “superyapışqan”la
meydançaya yapışır – istəsən də onu qopara
bilmirsən...
İllər
keçəcək, mən 1987-ci ildən onunla eyni qəzetin
redaksiyasında işləməyə başlayacaq, qələmindən
çıxmış ən xırda yazılardan da xəbər
tutmaq imkanı qazanacaq, səngiməyən yeniyetməlik
marağıyla həmin yazıları oxuyacaq və mat-məəttəl
qalacağam: yazı tərzi elə 60-cı illərin
ortalarından hafizəmə həkk olunmuş kimidir! Heç bir yazıda artıq abzas, abzasda artıq
cümlə, cümlədə isə artıq kəlmə
yoxdur. Yox-dur!..
Altında Əlinin, Vəlinin, Dəlinin imzası olan,
yaxud imzasız yazılar oxuyacağam. Amma hər şey mənə tanış görünəcək: kompozisiya həmin
kompozisiya, abzas həmin abzas, cümlə həmin cümlədir.
Şübhəm qalmayacaq: onun qələmindən
çıxıb!
Özünə
deyəcəyəm, əvvəl: “Yox... Bilmirəm... Xəbərim yoxdur” – deyə fikrimi azdırmağa
çalışacaq. Dilə gətirməsəm də,
daxilən bu “xəbərim yoxdur”u qəbul etmədiyimi duyub
soruşacaq: “Nədən bilmisən?”.
Artıq
neçənci dəfə əsgər yerişi barədə
“köhnə bayatı”nı
çağırmağa başlayacağam və o da sanki
birinci dəfə eşidirmiş kimi, bu “bayatı”ya qulaq kəsiləcək.
Sinəsinə döyməyəcək, “Mən
beləyəm də!” – deməyəcək,
amma duyacağam ki, daxilən xoşhallanır.
Onu həmişə yazılarının mövzusuna
görə ya öyüb, ya da söyüblər. Bütün səviyyələrdə
belə olub. YAZI adamı kimi, onun isə
heç vaxt NƏDƏN yazmaq problemi olmayıb – o, həmişə
NECƏ yazmağın fikrini çəkib.
Rəfail
Nağıyev necə yazmağın ustasıydı!..
...60-cı
illərin ikinci yarısıdır. Redaktor (yəni baş
redaktor) müavini olduğu qəzetdə – respublikanın 1
nömrəli qəzetində az qala hər
həftə onun bir bədii oçerki, müsahibəsi,
ifşaedici məqaləsi, məhkəmə oçerki...dərc
olunur. Mənim və artıq içərisində
yaşadığım tələbə mühitində mətbuata
maraq göstərən hər bir yaşıdımın nəzərində
bu respublikada ondan qüdrətli adam yoxdur:
loru dillə desəm, yəni qılıncının dalı
da kəsir, qabağı da...
87-ci ilin
1 avqust günüdür – təzə qəzetin
redaksiyasında ilk iş günüm. Onunla cəmi bir həftə
əvvəl – işə qəbul olunmağım barədə
məsələ müzakirə edən redaksiya heyətinin
iclasında əyani, necə deyərlər, üzbəsurət
tanış olmuşam (qiyabi şəkildə bir-birimizi
tanımağımız barədə isə əvvəllərdə,
“Yaddaşımın küncündən...”də, “Bu
dünyada kimin günü qara deyil?!.” adlı xatirəmdə
belə yazmışam: “...Hansısa ildə axşam “Kommunist”
(indiki “Azərbaycan”) nəşriyyatındakı
redaksiyamıza zəng vurub təxminən bir qəzet səhifəsi
həcmində yazını tərcümə eləmək
üçün mənə göndərdiyini söyləmiş,
yazı boyu hansısa sözbirləşməsini nə
cür tərcümə eləmək lazım gəldiyini də
əlavə eləmiş və tərcümə olunmuş mətni
redaktəsiz-zadsız birbaşa yığım sexinə
göndərməyimi istəmişdi. Belə
anlaşılırdı ki, tərcümə eləməyimdən
xəbərdardır, hətta o dərəcə də ki,
redaktəyə də ehtiyac duymur...”), bu gün isə
artıq iş yoldaşıyıq. Evə getmək ərəfəsində
daxili telefonla zəng vurur və rəsmi idarə
tabeçiliyi qaydalarına qətiyyən uyğun gəlməyən
bir sual verir: “Evə ətdən-yağdan bir şey
lazımdırmı?”. Ətin,
yağın talonla satıldığı illərdir – halalca
pulumuza talonda göstəriləndən 100 qram artıq yağ tapanda da sevinirik. Ərkyana
sualını eşidib, təbii ki, bütün rəsmiyyəti
kənara qoyur və qətiyyətlə: “Lazımdır!” – deyərəm...
Yolüstü
maşını bir mağazanın qarşısında əylədir:
“Biz həmişə buradan alırıq. Raykom işçiləri
üçün gətirirlər, dost-tanışa da pay düşür”.
Mağazanın
müdiriylə səmimi görüşüb məni təqdim
edir: “Təzə şöbə müdirimizdir. Bu
gün birinci dəfə işə çıxıb.
Dedim evə əliboş qayıtmasın; hərəmizə
iki kilo ət, bir kilo da yağ ver...”.
Müdir
dağı arana birləşdirir: “Vallah, imkan yoxdur, sabah gəlin,
bəlkə bir şey düzəldə bildim...” – deyir. Xahiş-minnət kömək eləmir. Mağazanı tərk edirik. Mənim
elə bir narahatlığım yoxdur, o isə – mən bunu
açıq-aydın görürəm – mənəvi əzab
çəkir. Tək mağaza müdirinin deyil, həm də
“təzə işçi”nin yanında
sözünün yerə düşməsinə görə!
Həmin anda mənim nəzərlərimdə də
neçə illər qabaq onun barəsində yaranmış HƏR
ŞEYƏ QADİR mifi dağılır. Demə, o da adi bir
insanmış – ən xırda məişət problemini də
həll etməkdə aciz qalan öləri sovet adamı!
Halbuki
kommunist rejiminin yazılmamış qaydalarına müvafiq
olaraq, neçə-neçə ali mənsəb
sahibi onun imzasıyla dərc olunmuş yazılardan sonra vəzifə
kürsüsüylə vidalaşmaq məcburiyyəti
qarşısında qalmış, uzunmüddətli
azadlıqdan məhrumetmə cəzalarına layiq
görülmüşdü...
Bu “adi”,
“aciz” insan Moskvanın “Oqonyok” jurnalında Şuşanın
erməni şəhəri, “Komsomolskaya pravda” qəzetində
Qarabağın Ermənistan əraziləri kimi təqdim olunması
əleyhinə “Kommunist” qəzetində, öz imzasıyla
yazı dərc etdirməkdən çəkinməmiş və
bu “özbaşınalığına” görə Azərbaycan
KP MK bürosunda rəsmi töhmət almışdı...
Bu “aciz”
insan redaktor əvəzi kimi çapa imzaladığı qəzetdə
SSRİ adlı dövlətin başçısı Mixail
Qorbaçovun, Sov.İKP MK Siyasi Bürosunun antiazərbaycan
siyasəti əleyhinə yazının dərc olunmasına
qol qoymuşdu...
Məzahir
Süleymanzadə də şahiddir: 25 yanvar 1990-cı il tarixli
“Səhər” qəzetinin – o vaxt rəsmən “Kommunist”
qəzetinin iqtisadi əlavəsi olan nəşrin
“şapka”sındakı daimi qrifi (“Kommunist” qəzetinin iqtisadi əlavəsi”
kəlmələrini) çıxarıb atmağın icazəsini
o vermiş, “Kommunist” qəzetinin redaktor əvəzi və “Səhər”in
matəm nömrəsini çapa imzalayan məsul şəxs
kimi “bu özbaşınalığın” vəzifə və
partiya məsuliyyətini də öz öhdəsinə
götürən o olmuşdu...
Məşhur
sovet kinorejissoru Stanislav Qovoruxinin “Qara yanvar” barədə
“Moskovskiye novosti” qəzetindəki məqaləsinin “Kommunist”də
dərc olunmasına hərbi senzor icazə verməyəndə
mətbəə fəhlələrini boykota təhrik edən
və buna görə 30 sutkalıq həbs cəzasıyla cəzalandırılan,
Azərbaycan SSR Ali Soveti deputat-istintaq komissiyasının 10
fevral 1990-cı il tarixli yekun sənədini qeyri-rəsmi yolla əldə
edərək “Kommunist”də verməyə cəhd göstərdiyinə
görə Bakının hərbi komendantı tərəfindən
daha 30 sutkalıq həbs cəzası alan da o idi...
İndi necə demək olar ki, o, “aciz insan” idi?!
lll
Onun qəzetçi
ömrünün təxminən 40 ili sovet
hakimiyyəti illərinə düşüb. Həmin
müddətdə SSRİ rəhbərliyində 6 nəfər,
Azərbaycanda isə 7 nəfər bir-birini əvəzləyib.
Rejim və onun mahiyyəti, ideologiyası prinsipcə
dəyişməsə də, hər rəhbər cəmiyyətə
öz şərtlərini diktə edib. “Diktə”
diktaturanın özəyi, mayasıdır. Diktatorun
çaldığı havaya mütləq əksəriyyətin
– on milyonlarla, yüz milyonlarla insanın oynadığı bir
şəraitdə ayrıca bir fərdi toplumdan təcrid edib
onu bütün bəlaların baiskarı qismində qələmə
vermək sağlam məntiqə sığmır. Rejimə
qulluq eləmək bir şeydir, konkret iş sahəsində
vicdanla işləmək, təmiz və
keyfiyyətli iş görmək – ayrı şey. Üstəlik də konkret zaman kəsiyinin içində
yaşayıb həmin zaman kəsiyinə yüzdə-yüz
düzgün qiymət vermək hər insana nəsib olan
keyfiyyət də deyil.
Rəfail Nağıyev öz dövrünün vətəndaşı
idi və həmin dövrün sifariş verdiyi mövzularda
yazırdı.
Sifarişə əməl etməməyin bircə yolu
vardı: ümumiyyətlə, yazmamaq; qələmi yerə
qoyub dəmiryol vağzalında yük daşıyan
hambalların cərgəsinə qoşulmaq.
Bu gün
yol göstərmək çox asandır, amma deyək ki, 40 il qabaq özünü cəmiyyətə
qarşı qoymaq xüsusi cəsarət tələb edən
hərəkət olmalıydı.
Rəfail Nağıyev qəhrəmanlıq sevdasına
düşməmiş, öz işini yüksək keyfiyyətlə
görməyə üstünlük vermişdi. Təbii ki,
indiki dillə desək, hər yeni iqtidar onun əvvəlki
iqtidar dövründəki yazılarını qəbul etməmişdi.
Amma eyni zamanda, onun yüksək səviyyəli
PEŞƏKAR olduğunu da unutmamış, yenə ən məsul
tapşırığı, deyək ki, respublika rəhbərləri
üçün çıxış yazmağı, yaxud
rusca yazılmış həmin çıxışı və
ya SSRİ başçısının nitqini tərcümə
eləməyi məhz ona həvalə etmişdilər.
Onun 30-dan
artıq tərcümə kitabı var. Sözümün
canıyla birbaşa bağlı olanları sadalayıram:
Leonid Brejnevin xatirələri, Dubinski-Muxadzenin Nəriman Nərimanov
və Şaumyan barədə kitabları; Valovoyun iqtisadi
mövzuda kitabı; Dmitri Volkoqonovun Stalin barədə
kitabı; marşal Ştemenkonun xatirələri; “Əsrin
kontraktı” adlandırılan neft müqavilələri və
s. Tərcüməçi R.Nağıyevə bu kitabların
müəllifinə və ya mövzusuna görə deyil, hər
şeydən öncə, tərcümənin keyfiyyətinə
görə qiymət vermək gərəkdir.
Qiymət vermək üçün isə həmin
kitabları hökmən peşəkar oxucu gözüylə
mütaliə etməlisən.
lll
90-cı
illərin lap əvvəllərində “Bərəkət”
adıyla nəşr olunmuş keçmiş “Sovet kəndi” qəzetindəki
təxminən 10 aylıq işini nəzərə almasaq, o,
heç vaxt redaktor (baş redaktor) – redaksiyada birinci şəxs
olmamışdı. Amma o, iliyinə qədər redaktor idi: qəzetçilikdə
yüksək səviyyədə bilmədiyi məsələ,
fəaliyyət sahəsi yoxdu. Cəmil Əlibəyovdan
Şamil Şahməmmədovacan, Məzahir Süleymanzadədən
Akif Qəhrəmanovacan, Əfqan Əsgərovdan İlham Rəhimliyəcən,
Hidayət Zeynalovdan Telman Heydərovacan,
Əhməd İsayevdən Ziyəddin Sultanovacan, Vaqif Bəhmənlidən
Rafiq Hacıyevəcən, Rusvat Bayramovdan Zülfüqar
Rüfətoğlunacan (mən hazırda həyatda sağ
olanların adını çəkirəm) – hamı təsdiqləyər
ki, Rəfail Nağıyev qəzetçilik peşəsinin
birincisiydi: kifayət qədər təşkilatçılıq,
rəhbərlik bacarığına, bitib-tükənməyən
orijinal ideyalara malik kollektiv başçısı və son dərəcə
qayğıkeş, demokratik ruhlu yazı redaktoru, novator məsul
katib (maketçi) və rəssam duyğulu tərtibatçı
(illüstrasiyaçı), universal mövzulu jurnalist (publisist)
və mahir tərcüməçi – bütün bu keyfiyyətlər
onda sanki anadangəlmə formalaşmışdı.
lll
1991-ci il oktyabrın 9-da – 60 yaşının
tamamına iki gün qalmış onu sevimli peşəsindən
– qəzetçilikdən ayırmışdılar, “kollektivin
tələbiylə”. Rəsmən heç bir maddi-məsul vəzifə
tutmadığı, kütləvi informasiya vasitələri
redaksiyasında işləmədiyi – eləcə Dövlət
Neft Şirkətində tərcüməçi olduğu
sonrakı illərdə ən nüfuzlu və səlahiyyətli
dövlət idarələri məhz onu dəvət edib əhəmiyyətli
saydıqları mövzularda yazıları yazdırır, həmin
yazıları bir neçə qəzetdə təkrar-təkrar
dərc etdirəndə isə öz imzasını – “Rəfail
Nağıyev” imzasını açıqlamağı
“lazım bilmirdilər”; Rəfail Nağıyev 1988-ci ilin
fevral-mart aylarında Moskvada son dərəcə ümidsiz cərrahiyyə
əməliyyatına məruz qalmışdı və
bütün bunlar ona dəyən ciddi fiziki-mənəvi zərbələr
olsa da, ən ağırı deyildi.
Rəfail
Nağıyevə ağrısı heç vaxt çəkilməyəcək
zərbəni 1999-cu il fevralın 15-dən
sonra – ömrünün sonuncu günündən sonra endirdilər:
37 il fasiləsiz çalışdığı qəzetdə
“Vida sözü” dərc eləməyi və ya ailəsinə,
ilk növbədə də elə həmin qəzetdə 33 il
(!!!) işləmiş ömür-gün yoldaşı Firuzə
xanıma başsağlığı verməyi “unutmaqla”! Hərçənd
əməkdaşlarından bir neçəsi vaxtilə
R.Nağıyevlə iş yoldaşı olmuş “rəsmi
dövlət qəzeti” də o vaxtlar üçün həddən
artıq az sayda olan “Azərbaycan
Respublikasının əməkdar jurnalisti” titullu həmkarının
vəfatıyla bağlı standart
başsağlığı dərc etməyəndə, məncə,
heç nəyə təəccüblənmək lazım
deyil...
lll
80-ci illərin axırlarında peşədaşı və
işdaşı Cəlil Xəlilovla birlikdə “Karvan” roman-qəzeti
üçün Dmitri Volkoqonovun kitabını tərcümə
eləmişdi. Kitabın adı beləydi: “Zəfər və faciə”.
Rəfail Nağıyev zəfərlə faciənin üzvi
şəkildə çulğaşdığı bir
ömür yaşadı: peşəsi onu eyni vaxtda həm qibtə,
həm də qınaq hədəfi etdi. O isə bundan zərrəcə
incimədi, əksinə, “jurnalistikaya məni
kasıbçılıq gətirdi, məni bu gözəl
peşəyə caladığı üçün
yoxsulluğuma minnətdaram” – dedi.
Rəfail Nağıyevin bu tale qismətini qəbul etməkdən
savayı çarəsi yoxdu. Ayrı cür də ola
bilməzdi: o, PEŞƏKARLAR olmadan ötüşə bilməyən,
lakin həqiqi PEŞƏKARı qəbul etməyən, qiymətləndirməyən
cəmiyyətin yetirməsiydi...
P.S. Rəfail
Məmmədhüseyn oğlu Nağıyev “mənim
universitetlərim”in birincilərindəndir...
1960-cı
illər – May 2013
Şakir YAQUBOV
525-ci qəzet.- 2013.-
17 may.- S.4.