Tarix, fəlsəfə, ədəbiyyat
Akademik Ramiz Mehdiyevin oxuculara təqdim
olunmuş “Şah İsmayıl Səfəvi ali məramlı
tarixi şəxsiyyət kimi” (“Azərbaycan” qəzeti, 5 dekabr
2012-ci il) və “Tarixi idrakın elmiliyi problemlərinə dair”
(“Azərbaycan” qəzeti, 26 aprel 2013-cü il) məqalələri
həm də bu baxımdan maraq doğurur ki, o, “tarix” və
“fəlsəfə” qütblərini bir araya gətirməyin,
tarixi empirik səviyyədə öyrənməklə kifayətlənməyərək,
tarix fəlsəfəsi kontekstində yazmağın
yollarını göstərir.
Müəllif yazır: “Zəngin tarixi irsimiz bu irsi bizə
yenidən qaytara biləcək və bununla da Azərbaycan
xalqının mənəvi zənginliyini dünyaya
açıb göstərəcək peşəkar tədqiqatçılarını
gözləyir”. Akademik R.Mehdiyev həm də bu tədqiqatların
metodoloji və fəlsəfi əsaslarını göstərməklə
bu sahədəki gələcək işlərin təməlini
qoyur.
Tarix və fəlsəfə
“Tarix” anlayışı üç müxtəlif səviyyədə və mənada istifadə olunur. Birincisi, sosial-tarixi proses – ictimai inkişaf kimi; ikincisi, ictimai-siyasi hadisələrin xronoloji ardıcıllıqla təsviri kimi və nəhayət, üçüncüsü, bu prosesin insan tərəfindən bütöv bir fenomen kimi dərk olunması mənasında – “tarix fəlsəfəsi” kimi. Burada terminlərin ənənəvi işlənməsindən yaxa qurtara bilsək və məsələyə konseptual yanaşmağa çalışsaq, görərik ki, tarixçilərin tədqiqat predmeti olan “tarix” və filosofların tədqiqat predmeti olan “tarix”, heç də həmişə üst-üstə düşmür. Belə ki, birinci halda söhbət zaman və məkanca bölünmüş, ayrılmış və müstəqilləşmiş lokal hadisələrin “canlandırılması” və sonradan ipə-sapa düzülməsindən, canlı hadisələrin cansız toplusundan gedirsə, ikinci halda söhbət məkan-zaman müəyyənliyi və sərhədləri itmiş, bütövün içinə qatılmış hadisələrdən, daha doğrusu, hadisələrdən yox, bütövün özündən gedir. Hadisənin “canlandırılması”, onun təsvirinin “elmiləşdirilməsi” – daxili səbəbiyyət əlaqələrinin tapılması heç də o demək deyil ki, hər bir hadisəni başqa hadisələrin səbəbiyyət zəncirində davamı kimi vermək mümkündür. Hər hansı bir hadisənin tarixi zərurət kimi anlaşılması onun bütöv sosial tarixi proses kontekstində nəzərdən keçirilməsini tələb edir. Bu isə ancaq o zaman mümkündür ki, mərkəzində həmin hadisə dayanan bütöv tarix mənzərəsi çəkilmiş olsun. Onda biz nə qədər hadisə varsa, o qədər alternativ tarixlər yaratmış olarıq. Tədqiqata cəlb olunmuş hadisəni zərurət kimi təqdim edə bilmək üçün tarixçilər digər hadisələri təsadüf kimi və ya ictimai-tarixi fon kimi verməyə məcbur olurlar. Bəs tarixi prosesin bütövlüyü necə dərk oluna bilər? Ancaq fəlsəfi fikrin köməyi ilə. Çünki fəlsəfə üçün zaman və məkan lokallığı yoxdur. İlk baxışda nə qədər paradoksal görünsə də, əsas mövzularından biri zaman və məkanın tədqiqi olan fəlsəfənin özü – fəlsəfi düşüncə zaman və məkanın fövqündə dayanır.
Tarix dəyişiklikləri, elm dəyişmənin qanunauyğunluqlarını, fəlsəfə sabit qalanları əks etdirir. Zaman və məkan müəyyənliyi isə tarixin tələbidir.
Tarixin fəlsəfə kontekstində öyrənilməsi ona görə vacibdir ki, keçib gedənlərin üzərində çox da bənd olmayaraq, diqqəti daha çox tarixdən bizə qalanlara, bu gün də davam edənlərə yönəldək.
Tarix indi yaşadığımız həyatın deyil, nə vaxtsa keçmişdə yaşanmış bir həyatın fikirlərdə və mətnlərdə bərpası cəhdidir. Tarixçi artıq keçmişdə qalmış hadisələrin maketini yenidən qurur və bu zaman faktlarla yanaşı, öz interpretasiyasını da ortaya qoyur. Yəni istər-istəməz müəyyən bir metodoloji prinsipdən və ideoloji mövqedən çıxış edir. Ən pisi odur ki, tarixçi özündən əvvəl hansı isə məşhur tarixçinin (əcnəbi və ya “milli-əcnəbi”) yazdıqlarını interpretasiya kimi yox, ehkam kimi, fakt kimi qəbul edir və öz şəxsi mövqeyini ortaya qoymur. Bu halda o, başqalarının dəyirmanına su tökmüş olur.
Vəziyyəti yoluna qoymaq üçün fəlsəfənin köməyinə müraciət etmək lazım gəlir. Akademik Ramiz Mehdiyevin baxılan əsərində ancaq tarix məsələləri nəzərdən keçirilmir. Burada həm də fəlsəfənin bir sıra fundamental məsələlərinə müraciət edilir və hətta bəzi fəlsəfi anlayışların müəllif versiyasında yeni, orijinal izahı verilir. Məsələn, “tarixi şüur”, “tarixi bilik”, “tarixi proses”, “tarixi idrak” anlayışlarına yenidən baxılır. Onların qarşılıqlı əlaqəsi və dialektikası şərh olunur. Həm də bu yanaşmalar o dərəcədə orijinaldır ki, onların hər biri gələcək müzakirələrin predmeti ola bilər.
Azərbaycan tarixinin konkret bir dövründən, tarixşünaslığın müəyyən bir bölməsindən – Səfəvilər dövlətindən, Şah İsmayıldan başlanan söhbətin belə mürəkkəb nəzəri ümumiləşdirmələrlə nəticələnəcəyini öncədən təsəvvür etmək çətin olardı. Amma akademik R.Mehdiyev tarixin müəyyən bir bölməsini, səhifəsini, hətta ən kiçik bir hissəsini belə tamın kontekstində araşdırmaq zərurətini əsaslandırır. O, Q.Zimmeldən gətirdiyi iqtibasda tam ilə hissənin dialektikasının tarix üçün nə qədər önəmli olduğunu bir daha vurğulayır. Müəllif tarixi kompilyasiya kimi anlayanları tənqid edir. Onun fikrinə görə, tarixçilər əvvəlcə fəlsəfəni öyrənməli, fəlsəfi metodologiya ilə silahlanmalı və bunun sayəsində sadəcə faktları təsvir etməklə kifayətlənməyərək və onları fikir süzgəcindən keçirərək, müəyyən bir ideya istiqamətində yönəltmək qabiliyyətini nümayiş etdirməlidirlər. O, tarix fəlsəfəsinə də orijinal tərif verir: “Tarix fəlsəfəsi tarixin tədqiq edilməsi təcrübəsi üzərində düşünməkdir”.
Bu məqamda akademik Ramiz Mehdiyevin
yazdığı bu əsəri dəyərləndirmək
üçün onun öz dediklərindən
çıxış etmək yerinə düşər:
“Tarixi idrakın xüsusiyyətləri barədə yalnız
o adam düşünə bilər ki, o, bunun üçün
zəruri olan idrak sistemini tətbiq etməyi öyrənmişdir”.
Lakin bu, kifayət qədər ciddi bir tələbdir
və müasir Azərbaycanın elmi mühitində bu şərtləri
ödəyən şəxslər çox azdır.
Çünki ilk ixtisasına görə tarixçi olub, daha
sonra ölkəmizdə tarixi prosesin
iştirakçısı olmaq, müasir Azərbaycan tarixinin
memarı Heydər Əliyevin yaxın
silahdaşlarından biri kimi bu quruculuq işində fəal
iştirak etmək, sonra isə fəlsəfə sahəsində
akademik kimi tarixin həm təcrübəsinə, həm də
nəzəriyyəsinə fəlsəfi təhlil səviyyəsindən
qiymət vermək heç də hamıya nəsib olmur.
Yəni akademikin bu əsərdə irəli sürdüyü
ideyaları mənimsəmək, qəbul etmək və
inkişaf etdirmək səviyyəsində tədqiqatçıları
haradan və necə tapmaq olar? Ara-sıra tarix fəlsəfəsinə
dair məqalələr yazsam da mənim ilk ixtisasım
fizikadır və mən tarix məsələsinə olsa-olsa
elmşünaslığın aspektlərindən biri kimi
yanaşıram. Yəni müəllifin bu əsərdə
qaldırdığı məsələlərin konkret böyük
bir qismi mənim üçün qaranlıqdır. Peşəkar
tarixçilər fəlsəfəni, fəlsəfəçilər
isə tarixi yetərincə bilmədikləri
üçün akademikin qarşıya qoyduğu vəzifələri
yaxın gələcəkdə həll etmək elə də
asan görünmür. Lakin başqa yol yoxdur: “Tarix fəlsəfə
metodunu, onun idrak imkanlarını mənimsəməlidir, fəlsəfə
isə tarixi təfəkkürün təcrübəsinə
arxalanaraq öz nəzəriyyə və metoduna zəruri
düzəlişlər etməlidir”. Yaxud: “Tarixin dərindən
dərk edilməsi fəlsəfənin və tarixin
yaxınlaşmasını nəzərdə tutur”. Bu müddəalar
ölkəmizdə ictimai elmlərin, xüsusilə tarixin
inkişaf perspektivləri ilə bağlı yeni bir doktrina
kimi dəyərləndirilə bilər.
Tarix və ədəbiyyat
Tarix də, ədəbiyyat da, fəlsəfi fikir də milli-mənəvi varlığın formalaşmasında mühüm rol oynayır. Bizim xalqımız üçün bütün bu amillər “azərbaycançılıq” məfkurəsinin tərkib hissələridir. Heydər Əliyev ona görə “azərbaycançılıq” ideyasına xüsusi əhəmiyyət verirdi ki, Azərbaycanın dövlət müstəqilliyinin dönməzliyinin təmin edilməsi uğurlu daxili və xarici siyasətlə yanaşı, həm də ictimai şüur tarixində möhkəm təməllərlə şərtlənir. Ramiz Mehdiyev də öz məqalələrində “azərbaycançılıq” şüurunun daha qədim köklərə malik olduğunu göstərməyə çalışmışdır.
“Mən fəxr edirəm ki, mən azərbaycanlıyam,” – deyən Heydər Əliyevlə orta əsrlərdə yaşayan və öz qurduğu dövlətin yaxın ətrafdakı digər dövlətlərdən fərqini konseptual şəkildə ifadə edə bilməsə də, duyan və bu duyğularını şeirlərində və əməllərində ifadə edən başqa bir böyük azərbaycanlının müqayisəsi azərbaycançılıq haqqında düşüncələrin tarixini bir neçə əsr əvvələ aparır. Əslində milli təkamülün yalnız dövlətçilik müstəvisində deyil, həm də özünüdərk müstəvisində keçdiyi neçə minillik yolun izlənməsi zərurəti tarixçilərlə filosofların birgə fəaliyyətini, əməkdaşlığını tələb edir. Söhbət məhz Şah İsmayıldan və Heydər Əliyevdən getmir. Onlar sadəcə tarixin uzaqdan görünən sütunlarıdır. Ölçü şkalasını bir qədər dəyişməklə bu sütunların sayını artırmaq, buraya Şah İsmayıldan əvvəl və sonra digər tarixi şəxsiyyətlərimizi də əlavə etmək olar. Akademik Ramiz Mehdiyevin əsərində məqsəd ancaq bu iki tarixi şəxsiyyəti müqayisə etmək deyil. Söhbət tarixin metodoloji oriyentasiyasından gedir. Tarixi sadəcə hadisələrin salnaməsi kimi yox, həm də milli özünüdərk tarixi kimi təqdim etmək zərurəti təsbit olunur. Tarixə ancaq məlumat mənbəyi kimi yox, həm də milli qürur mənbəyi kimi; ancaq idrak üsulu kimi deyil, həm də tərbiyə üsulu kimi baxmaq imkanı dəyərləndirilir. Bu isə tarix adlandırdığımız böyük məbədin bütövlüyü naminə onun sütunları ilə yanaşı, arakəsmələri və naxışlarını da zehniyyətə həkk etdirmək zərurətini ifadə edir.
Söhbət həm də sıravi azərbaycanlının zehniyyətindəki təkamüldən gedir; yəni hökmdarlar, dövlət başçıları ilə yanaşı, zehniyyəti təmsil edən söz və sənət adamlarının keçdiyi mədəni-mənəvi inkişaf yolundan gedir. Biz dövlət və siyasət tarixi ilə yanaşı, mədəniyyətin və ədəbiyyatın da tarixinin həmin bu metodoloji xətt üzərində, bir bütövün hissələri kimi yenidən nəzərdən keçirilməsini zəruri sayırıq. Buna görə də sənətin zehniyyətə təsir imkanlarını və milli özünüdərkin formalaşmasında onun rolunu da tarixin ümumi konsepsiyasına uyğun surətdə araşdırmaq imkanları barədə düşünməliyik. Ədəbiyyatın tarixi rakursu yalnız yazıçının, sənətkarın öz şəxsiyyəti ilə məhdudlaşmır. Yəni “Nizami kimdir?” sualı ətrafında geniş müzakirələrin önəmini azaltmadan, Nizaminin obrazlarının da kimliyini və önəmini vurğulamaq istərdik. Xüsusilə tədris proqramlarına daxil edilən bütün bədii əsərlərə milli özünüdərk meyarı ilə yenidən baxılmalı və onlara ədəbi tənqidi şərhlə yanaşı, tarixi-fəlsəfi şərh də verilməlidir. Ona görə də biz bu sırada Tomrisi, Əfrasiyabı, Siyavuşu, Məhinbanunu, Nüşabəni, Bəhram Guru, Fərhadı, Şirini də görürük.
Məsələn, tarixdən bəlli olan Qızıl Arslanla M.S.Ordubadinin “Qılınc və qələm”ində təqdim olunan Qızıl Arslan eyni olmaya bilər, lakin zehniyyət təkamülündə onların hər birinin öz yeri vardır. Şah İsmayılın da şifahi xalq ədəbiyyatında, dastanlarda, film və operalarda təqdimatının hər biri ayrıca bir mədəni-tarixi gerçəklikdir. Yaxud Nadir şahın, Ağa Məhəmməd şah Qacarın ədəbiyyatda yaradılmış müxtəlif obrazları – hər biri zehniyyətə müəyyən dərəcədə təsir göstərir. Tarixdən və ədəbiyyatdan gələn obrazları məhz zehniyyət kontekstində və milli özünüdərkə aparan yolun dolanbaclarında nəzərdən keçirmək, onları gəncliyə milli ideologiyamıza uyğun yeni tarixi konsepsiyanın işığında təqdim etmək zərurəti də ortaya çıxır.
Biz Haqverdiyevin, Nərimanovun, Ordubadinin, Səməd Vurğunun və s. tarixi mövzuya toxunmaqla yazdıqları bədii əsərlərə elmi tarix meyarından tələblər qoya bilmərik. Əksinə, əgər müasir tarixi biliklər səviyyəsindən baxdıqda müəyyən fərqlər ortaya çıxırsa, bu faktların özü dərslik müəllifinə, müəllimə imkan verir ki, tarixlə ədəbiyyatın müqayisəsini aparsın və konkret nümunə əsasında bu iki düşüncə tərzinin, yanaşma üsulunun spesifikasını izah etsin. Həm də bu zaman yazıçının öz əsərini hansı dövrdə yazdığının nəzərə alınması həmin dövrün öz düşüncə tərzi, ideoloji prioritetləri və meyarları haqqında da əlavə məlumat vermək imkanı açır. Habelə fənlərarası əlaqə imkanı ortaya çıxır. Müəllim şagirdə bir tarix deyil, iki tarix, iki fərqli zaman və hər zamanın öz meyarlar sistemi olması barədə məlumat verməli, müqayisələr, paralellər aparmalıdır. Əgər birinci tarix bədii əsərdə təsvir olunan dövrü əks etdirirsə, ikinci tarix həmin əsərin yazıldığı dövrün səciyyəsini əhatə edir. Təəssüf ki, bəzən müasir tədqiqatçı və pedaqoqlar öz üzərinə düşən bu missiyasını yerinə yetirmək əvəzinə, böyük yazıçılarımıza “səhv tutur”, onları tarixi bilməməkdə və ya təhrif etməkdə təqsirləndirirlər ki, bu da həm metodiki, həm də metodoloji baxımdan qüsurlu və yolverilməzdir.
Ancaq peşəkar tədqiqatçı, əgər o, eyni zamanda müxtəlif fənlərin sərhəd bölgəsində də çalışa bilirsə, tariximizi və ədəbiyyatımızı gənc nəslə məhz milli fəlsəfi fikir məcrasında çatdırmaq iqtidarında ola bilər. Həm tarixi, həm də ədəbiyyatı tədris edən müəllimlər üçün “Dədə Qorqud” ən etibarlı mənbədir. Təsadüfi deyil ki, Heydər Əliyev dövlətçiliyimizin tarixində “Kitabi-Dədə Qorqud”un rolunu, dilin və mədəniyyətin rolunu neçə-neçə müharibələrdə qələbə çalan, adlı-sanlı sərkərdələrin rolundan heç də az qiymətləndirmirdi. “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanında Heydər Əliyev deyir: “Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi göstərir ki, Azərbaycan xalqı dünyanın ən qədim xalqlarındandır... “Kitabi-Dədə Qorqud”un meydana çıxa bilməsi üçün Azərbaycan dili böyük tarixi-ədəbi hazırlıq mərhələsi keçməli idi”. Yaxud, başqa bir yerdə: “İki mininci ildə 1300 illik yubileyini təntənə ilə qeyd etdiyimiz “Kitabi-Dədə Qorqud” kimi möhtəşəm bir abidəyə malik olmaq da onu göstərir ki, bu torpaqda hələ bizim eramıza qədərki dövrdə böyük bir mədəniyyət mövcud olmuşdur”. Dil və dövlətçiliyin, mədəniyyət və dövlətçiliyin sıx əlaqələrə malik olduğuna istinad edən Heydər Əliyev dövlətçiliyin inkişaf etdirilməsində bu amilləri həmişə ön plana çəkirdi.
Çox önəmli məsələlərdən
biri budur ki, tariximizi və tarixi coğrafiyanı tam dəqiq
bilməyənlər qədim dövrə aid ərazi
adlarının müasir anlayışlarla zahiri səsləşməsindən
sui-istifadə edən əcnəbi tarixçilərin felinə
uymuş, toruna düşmüşlər. Məsələn,
Azərbaycanda İslamdan öncəki tarix yaxşı
araşdırılmadığından və sovet
dövründə ictimai şüura düzgün
çatdırılmadığından, ədəbiyyatda və
publisistikada da alban abidələrinin erməniləşdirilməsinə
adekvat reaksiya verilməmişdir. Yaxud Nizaminin də istifadə
etdiyi “ərmən” anlayışı əcnəbi “bələdçilərin”
yüngül əli ilə və sadəlövhlüklə
“erməni” kimi qəbul olunmuşdur. Əslində “Ərməniyyə”
tarixən türklərə məxsus olmuş yer
adıdır. Eramızın III əsrində manixeylik də
bu ərazidə yayılmışdır və manixey
tarixçilərinin də göstərdiyi kimi, bunun haylara
(bizim adi şüur səviyyəsindəki anlamda – ermənilərə)
heç bir aidiyyəti yoxdur. Bütün bunlar öz
gerçək, elmi tədqiqatını gözləyir. Yəni
klassik bədii ədəbiyyat da tarix üçün həm
suallar qoyur, həm də düşüncənin yönləndirilməsinə
xidmət edir. Sadəcə olaraq, ədəbiyyatçılar,
tarixçilər və filosoflar – hərə özü
üçün deyil, birlikdə, ümumi səylərlə
çalışmalıdırlar.
Tarix fəlsəfəsi
və fəlsəfə tarixi
Bəşər tarixi özünü “tarix” (tarix fənni və ya tarixşünaslıq) səviyyəsində dərk edə bilmədiyi üçün tarixin fəlsəfəsi yaranır.
Tarix fəlsəfəsinin predmetinə hadisələrin təsviri və xronoloji düzümü deyil, cəmiyyətdə gedən proseslərin ümumiləşdirilməsi və burada ənənələrin, qanunauyğunluqların aşkara çıxarılması və müasir ictimai gerçəkliklə, bəşəriyyətin müasir problemləri ilə əlaqələndirilməsi daxildir.
Fəlsəfə ilə tarixin arasında çox geniş bir fikir sahəsi dayanır ki, elmi və bədii təfəkkür də bura daxildir. Aristotelin “poeziya fəlsəfəyə tarixdən daha yaxındır” fikri də bu kontekstdə daha çox aydın olur.
Tarixçi mahiyyətləri yox, hadisələri təsvir edir. Hadisədən mahiyyətə keçid cəhdi isə artıq tarix fəlsəfəsidir.
Mənə elə gəlir ki, akademik Ramiz Mehdiyevin tarix və fəlsəfənin ittifaqı ilə əlaqədar dedikləri tək tarixçilərə aid olmayıb, həm də və daha çox dərəcədə fəlsəfəçilərə aiddir. Çünki son illərdə tarixçilərimizin aktual mövzular üzrə fəaliyyəti xeyli dərəcədə məqsədyönlü və intensivdir. Düzdür, hələ ki, tədqiqatlar əsasən müəyyən mövzular üzrə materialların toplanması və sistemləşdirilməsi istiqamətində gedir. Lakin bu mərhələ də çox vacibdir. Metodoloji əsasların işlənib hazırlanması və tədqiqatların fəlsəfi yükünün artması məsuliyyəti isə daha çox fəlsəfəçilərin üzərinə düşür.
Hazırda fəlsəfə sahəsində yazılan dissertasiyaların və tədqiqatların böyük əksəriyyətinin kimə və nəyə xidmət etdiyi bəlli deyil. Tarix qarşısında məsuliyyətin ədalətli bölgüsü milli tariximizin metodoloji, ideoloji və ideya-siyasi əsaslarının fəlsəfi tədqiqatların prioritet istiqamətlərindən birinə çevrilməsini tələb edir. Amma təəssüf ki, ölkəmizdə bu sahədə fundamental tədqiqatlar, demək olar ki, aparılmır.
Azərbaycanla bağlılıq, milli maraqlar təkcə şəxsiyyətlərə münasibətdə yox, tarixi hadisələr, təlimlər, fəlsəfi cərəyanlarla bağlı yazılarda da önə çəkilməlidir. Akademik yazır: “Təəssüf hissi ilə deməliyik ki, Azərbaycanın bir sıra layiqli oğulları, onların fəaliyyəti və irsi insafsızcasına unudulmuşdur və heç kəs etiraz edə bilməz ki, bunun səbəbi bizim tarixçilərin və mənbəşünasların passivliyidir”. Mən buraya fəlsəfə tarixçilərini də əlavə edərdim. Çünki zehniyyət tarixinin araşdırılması tarixçilərlə yanaşı və bəlkə daha çox dərəcədə filosofların işidir. R.Mehdiyev başqa bir kontekstdə milli mədəni irsin konkret aspektlərini də sadalayır: “Azərbaycan xalqının görkəmli siyasi, elm və mədəniyyət xadimlərinin dünya sivilizasiyası xəzinəsinə töhfələri haqqında elmi araşdırmaların olmaması yalnız təəssüf doğurur”. Etiraf etmək lazımdır ki, tarixçilər əsasən, siyasi liderlərin, dövlət başçılarının həyat və fəaliyyətini işıqlandırırlar. Halbuki, tarix anlayışı çox genişdir və hər bir sahənin öz daxili tarixi vardır. Elm və mədəniyyət xadimlərinin miras qoyduğu irsin öyrənilməsi isə daha spesifik səciyyə daşıdığından bu iş tarixçilərdən daha çox, müvafiq sahə üzrə mütəxəssislərin üzərinə düşür.
Akademik Ramiz Mehdiyev “Şah İsmayıl Səfəvi ali məramlı tarixi şəxsiyyət kimi” məqaləsində yazır: “Qədim dövrə və orta əsrlərə aid ilk mənbələri öyrənməklə asanlıqla yəqin etmək olar ki, Azərbaycan tarixində həm siyasi, həm də mədəni və elmi sahələrdə parlaq şəxsiyyətlər çox olmuşdur. Lakin indi böyük təəssüf hissi ilə deməliyik ki, Azərbaycanın bir sıra layiqli oğulları, onların fəaliyyəti və irsi insafsızcasına unudulmuşdur və heç kəs etiraz edə bilməz ki, bunun səbəbi bizim tarixçilərin və mənbəşünasların passivliyidir.” Daha sonra R.Mehdiyev milli fikir tariximizin unudulmuş böyük nümayəndələrindən bəzilərinin adlarını çəkir və bizim əslində necə böyük bir mədəni intellektual sərvətdən və tarixi dəyərlərdən, imtina etdiyimizi yada salaraq, keçmişimizə münasibətdə köklü dəyişikliklər etməyin vaxtı çatdığını bildirir. Olduqca haqlı iradlardır. Çünki azərbaycanlılar bütün dünya xalqları arasında nəinki siyasi təşkilatlanma və dövlətçilik tarixi baxımından, həm də dünya fikir xəzinəsinə misilsiz şəxsiyyətlər bağışlamaq və ümumbəşəri intellektual və fəlsəfi tərəqqi prosesinə əvəzsiz töhfələr vermək baxımından seçilirlər.
Belə böyük abidələr içərisində bilavasitə dünya fəlsəfi fikrinin təməlində dayanan mənbələrdən biri də Zərdüşt və onun “Avesta”sıdır. Onun məhz Azərbaycan xalqının ideya sərvəti kimi təsbit olunması məsələsi qarşıda duran ən mühüm vəzifələrdəndir. Dünya fikir tarixi əksər hallarda bu böyük abidəni fərqinə varmadan İrana aid etsə də, onun məhz Azərbaycanla bağlı olduğunu sübut edən mənbələr də az deyil. Lakin biz müstəqil dövlət olduqdan sonra Zərdüştün timsalında öz milli fikir sərvətimizə sahib çıxmaq baxımından nə kimi bir yaradıcılıq axtarışları aparmışıq? Arada bir kiminsə, haradasa göstərdiyi şəxsi təşəbbüsləri, sistemsiz, arqumentsiz çalışmaları çıxsaq, bu sahədəki tədqiqatlar yox dərəcəsindədir. Hətta Azərbaycan xalqının tarixinə, habelə fəlsəfi fikir tarixinə aid ensiklopedik kitablarda da bu böyük və əhəmiyyətli məsələyə başdansovdu yanaşılır. Ən azından, vahid mövqe və ciddi metodoloji əsasın çatışmazlığı göz qabağındadır.
Azərbaycan Milli Ensiklopediyasının Azərbaycana həsr olunmuş ayrıca cildində “Avesta” məhz ölkəmizin tarixi və mədəniyyəti ilə əlaqələndirildiyi və milli-fəlsəfi fikrin ilk abidəsi kimi təqdim olunduğu halda, 2-ci cilddə “Avesta” haqqında ayrıca məqalə verilərkən, ölkəmizlə əlaqə tamamilə unudulmuş və iranpərəst mövqelərdən yazılmış bir mənbə tərcümə edilərək ensiklopediyaya daxil edilmişdir. Nəticədə bir Ensiklopediyada iki bir-birinə zidd məlumat və izahlar verilmişdir.
Milli ensiklopediya çox ciddi bir mənbədir və burada fəlsəfi mətnlərin işıqlandırılması üçün ölkəmizin bütün fəlsəfi potensialı səfərbər olunmalıdır. Xüsusi cilddəki “Fəlsəfə” məqaləsində Azərbaycan fəlsəfi fikrinin təməlləri nə üçünsə zərvaniliklə təqdim olunur. Halbuki, zərvaniliyin Azərbaycan məfkurəsinə heç bir aidiyyəti yoxdur. Əgər biz zərdüştiliyi milli fəlsəfi fikir mənbəyi kimi qəbul ediriksə, onda zərdüştiliyin və “Avesta”nın ilk mətnlərinin təhrifləri üzərində qurulmuş, əsl zərdüştiliyə və təkallahlıq ideyasına bidət kimi yaranmış, Xeyiri təmsil edən Hörmüzü (Ahura Mazda) hər vasitə ilə aşağılayaraq, Əhrimənə üstünlük verən və şərin ideologiyası kimi çıxış edən bir təlimə sahib çıxmaq cəhdi nə ilə izah oluna bilər?
Başqa bir misal: yenə həmin “Fəlsəfə” məqaləsində zərvaniliyə iki səhifə yer ayrıldığı halda, Azərbaycana aidiyyəti şübhə doğurmayan “işraqilik” təliminin sadəcə adı çəkilir, halbuki bu təlim müasir dövrdə Qərb filosoflarının maraq dairəsindədir. Bu sətirlərin müəllifinin Romada və Oksforddakı məruzələrində və Avropanın mötəbər jurnallarında çap olunmuş məqalələrində sübut etdiyi kimi, Husserl fenomenologiyasının əsas ideyaları yeddi əsr əvvəl işraqilik təlimində öz əksini tapmışdır. Habelə, Kant fəlsəfəsi ilə müqayisələr göstərir ki, onun inqilabi çevriliş sayılan bir çox ideyaları Ş.Y.Sührəvərdinin əsasını qoyduğu işraqilik təlimindən hasil olur. Lakin təəssüf ki, son onilliklərdə aparılmış bu tədqiqatların nəticələri nə Ensiklopediyada, nə də “Azərbaycan fəlsəfəsi tarixi”ndə öz əksini tapmamışdır. Təsadüfi deyil ki, akademik Ramiz Mehdiyev də öz məqalələrində milli irsimizin yetərincə tədqiq olunmadığını vurğulayır. Belə ki, hər bir akademik nəşr çox ciddi elmi araşdırmaların nəticəsinə əsaslanmalıdır.
Bizcə, milli-fəlsəfi fikir tariximizin akademik Ramiz Mehdiyevin irəli sürdüyü metodoloji prinsipləri də nəzərə almaqla, yeni konseptual əsasda, daha geniş və hərtərəfli şəkildə yazılmasına böyük ehtiyac vardır. Eyni sözləri “Azərbaycan tarixi” haqqında da demək olar. Əksər bölmələri sovet dövründə yazılmış bu çoxcildlik də müasir tələblərə cavab vermir və yenidən nəşr olunmaqdansa, yenidən yazılması daha məqsədəuyğundur.
P.S. Mənə elə gəlir ki, akademik Ramiz Mehdiyev öz məqalələrində qarşısına tariximizin hansı isə dövrünü və ya hansı isə konkret tarixi hadisələri məhz bir tarixçi kimi yenidən yazmaq vəzifəsini qoymur və eyni zamanda hamı üçün məcburi olan son söz də demək niyyətində olmamışdır. Mən bunları ona görə vurğulayıram ki, bəziləri onun məqaləsindəki ayrı-ayrı fikirləri, cümlələri götürüb onları təfərrüatçılığın, “hərfi mollalığın” predmetinə çevirmək istəyirlər. Kimlərsə hər cümləni oxla qarşılayır və kimlərsə onu ehkama çevirməyə çalışır. Ramiz Mehdiyev özü isə ehkamçılığın əleyhinə olub, diskurs tərəfdarıdır – amma məhz elmi-fəlsəfi diskurs. Əsərdən görünür ki, müəllif tarixi təfərrüatlara iddialı deyil. O, diqqəti hadisələrin həqiqiliyindən daha çox, metodun həqiqiliyinə yönəldir, tarixi düşüncənin, yanaşma üsulunun, fəlsəfi təməlin və ideoloji kursun nümunəsini verməyə çalışır. O, tarixə elmi-fəlsəfi yanaşmanın bir nümunəsini göstərir və tədqiqatçıları da öz işlərini elmi-fəlsəfi idrak müstəvisində davam etdirməyə səsləyir. Tariximizin neçə əsrlər ərzində başqaları tərəfindən yazıldığı və saxtalaşdırıldığı bəllidirsə, qarşıda emosiyalara uyaraq bir saxtakarlığa başqa saxtakarlıqla “cavab vermək” yox, əsl elmi həqiqəti ortaya çıxarmaq və ancaq elmi-fəlsəfi idrak metodlarına istinad etmək tələbi qoyulur. Onun əsl məqsədi tarixi tədqiqatlara yeni metodoloji baxışın əsas prinsiplərini təqdim etmək, tariximizi fəlsəfi təməl üzərində yenidən nəzərdən keçirmək və yeni nəslin tarixlə tərbiyəsinin düzgün yönləndirilməsinə nail olmaqdır.
Səlahəddin Xəlilov
525-ci qəzet.-
2013.- 18 may.- S.14-15.