Demokratiya və layiq olanların hakimiyyəti

 

Adamlar öz bədbəxtliklərində taleyi, Allahları və istənilən hər şeyi günahlandırmağa meyllidirlər.

Platon

 

İnsanın biliyi və qüdrəti üststə düşür.

Frensis Bekon

 

Qulun bədəninin ətrafındakı zənciri qırmaq asandır, onun beyni ətrafındakı zənciri qırmaq isə çox çətindir.

A.İ.Gertsen

 

Son iyirmi ildə Şərqi Avropada, Mərkəzi Asiyada və Afrikanın şimalında baş verən siyasi kataklizmlər demokratik dövlət quruluşunun bərqərar olunması cəhdləri ilə müşayiət olunmuşdur. Elmi kommunizmin banilərinin əsr yarımdan çox əvvəl işlətdikləri ifadədən istifadə etmək istəsək, dünyanın müxtəlif ölkələrində demokratiya kabusu dolaşmağa başlamışdır. Lakin öz sələfi kimi, onun da bu dəfə ideyadan gerçəkliyə qədəm basması o qədər də uğurlu olmamışdır. Bəzi məkanlarda bu quruluşun təşəkkül tapması baş tutsa da, əksər ölkələrdə uğursuzluğa uğramış, əvvəlki başqa hakimiyyət nümunələrini yada salan eybəcər karikaturanı xatırlatmışdır. Axı Hamletin atasının kabusunun çağırışı da artıq nəyinsə çürüdüyü Danimarka krallığına əlavə bədbəxtlik bəxş etmiş, onun sədaqətli oğlunun həyatına son qoyulmasına səbəb olmuşdu.

Lakin bu uğursuzluqda demokratiyanın hansısaanadangəlmə” qüsurlarını, onun uydurma Qabil damğasını axtarmağa da ehtiyac yoxdur.

Başlıca səbəb burasındadır ki, hakimiyyətə gələn hər bir qüvvə öz atavist baxışlarına uyğun olaraq yeni sintetik dövlət quruluşu yaratmış və onu ümumi dəbə uyğun olaraqdemokratik respublikaadlandırmışdır. Bu quruluşda hətta ibtidai icma və feodalizm qalıqlarına da rast gəlmək mümkündür, çünki traybalizm və bəzi əyalətlərin az qala müstəqillik istəyi ön plana keçmişdir. Xalqlar isə daima hakimiyyətlərinə layiq olduqlarını həmin tarix kəsiyində əyani olaraq göstərə bilmişlər.

Demokratiya çağırışına, demək olar ki, xalqların hamısı ordu intizamı ilə cavab vermiş, özləri üçün yeni olan quruluşun meydana gəlməsi ehtimalına bütün dərdlərin dərmanı, panetsaya kimi baxaraq, onu həqiqi xoşbəxtlik yolu, xilas imkanı kimi qəbul etmişlər. Onların belə münasibəti, ümumilikdə demokratiya barədə müsbət baxışları onun zəfər çaldığı ölkələrin nəcib nümunələrinə əsaslanırdı. Təkcə ümidin yaratdığı eyforiya hesabına xalqlar ölkələrinin və özlərinin tarixi təcrübəsini, zülmə boyun əymək ənənəsini tamamilə unudurdular, Şərq münəccimləri İisus Xristos anadan olanda parlayan ulduza istiqamətləndikləri kimi, demokratiyanın işığına pənah gətirirdilər.

Onlar güman edirdilər ki, yeni konstitusiyanın qəbul edilməsi və orada yeni prinsiplərin, müddəaların təsbit edilməsi ilə, həm də bazar iqtisadiyyatı elementlərinə yol açılması ilə firavan həyata qovuşacaqlar, ehtiyac girdabından birdəfəlik xilas olacaqlar. Bir qədər vaxt keçdikdən sonra həmin müddəaların havanı titrədən səsdən başqa heç nəyə təsir göstərmədiyini, inhisarın liberal iqtisadiyyatı öz caynağına aldığını gördükdən sonra bütünlüklə yanıldıqları qənaətinə gəldilər. Həmin ölkələrdə varlılarla kasıblar arasındakı uçurum daha da dərinləşdi. Sosial müdafiənin bəzi cəhətlərini özünə yad hesab etməklə, əksəriyyətin maddi rifahına ağır zərbə vuran pullu təhsil və səhiyyə (dövlət sənədlərində isə bunların tam inkarı nəzərə çarpır) yeni quruluşun, hansı qəbildən olanxoşbəxtliklərbəxş etdiyindən xəbər verir.

Bioloqlara, əkinçilərə yaxşı məlumdur ki, ayrı-ayrı bitkilər yalnız müvafiq iqlim şəraitində məhsul verir. Soyuq qışı olan, tropik istisi olmayan ərazilərdə palma hətta şaxtadan qorunsa da, meyvə gətirmir, çiçəkləsə də bar vermək iqtidarında olmur.

Demokratiya quruluşunun da zahiri görünüşü gözləri nə qədər oxşasa da, guya ali prinsip kimi qəbul edildiyi ölkələrin bəzilərində qismən mətbuat azadlığı istisna olmaqla, nəinki bir sıra müsbət cəhətlərini göstərə bilmir, əksinə, korrupsiya və rüşvətin gur çiçəklənməsi hesabına cəmiyyəti boğan zəhər yaymağa başlayır. Rüşvət hər şeyi yoluna qoyan ali qanuna çevrilir və demokratiyanın qatili rolunu oynayır.

Yüksək iqtisadi inkişaf bu mənzərəni ört-basdır edən pərdə rolunu oynayır. Məsələn, Cənubi Koreya Respublikası iqtisadi nailiyyətlərinə görə XX əsrin axırıncı rübündə məşhurlaşmışdı. Lakin korrupsiya virusu burada dövlətin yuxarı eşolonlarına da sirayətləndirmişdir. İki keçmiş prezident Ro De U və Çon Du Xvan korrupsiyaya görə cinayət məsuliyyətinə cəlb edilmişdir, digər prezident No Mu Xyon isə biabırçılıqdan xilas yolunu özünü öldürməkdə tapmışdı. Başqa bir misal: “Şaqulihakimiyyətin bərqərar olması ilə öyünən Rusiyada son vaxtlarda aparılan yoxlamalarda dəhşətli talançılıq faktları aşkara çıxarılmışdır. Ayrı-ayrı sahələrdə, hətta Müdafiə Nazirliyində və kosmosun tədqiqatı ilə məşğul olan dövlət idarəsində milyardlarla rubl məbləğində dövlət pulunun mənimsənilməsi məlum olmuşdur. Biabırçılıq orasındadır ki, bu oğurluq əməliyyatlarında hökumət üzvünün və nazir müavinlərinin bilavasitə iştirakı şübhə doğurmur. Bu kimi hadisələr elə təsəvvür yaradır ki, elə bil döyüş meydanı vuruşdan sonra qarətçilərə qalmış, şir adlanan xalqa məxsus olan və əziyyət hesabına başa gələn ov ( nəhəng mülkiyyət) acgöz kaftarlara qismət olmuşdur.

Belə vəziyyətin yaranmasında bəşəriyyətin ən mütərəqqi siyasi icadı olan demokratiyanı günahlandırmaq nəinki ədalətsizlikdir, həm də bu, yalnız demokratiyanın təhrif olunmasının, iyrənc qandala salınmasının nişanəsidir. Təəssüf ki, demokratiya korrupsiyaya immunitet yarada bilmir. Xalqların demokratiyaya hazır olmadığını, onun tədricən, uzun tarixi müddət ərzində təşəkkül tapmasını bəyan etmək də demokratik prinsiplərin tapdanması hesabına hakimiyyət başında möhkəmlənənlərə bəraət verməkdən, haqq qazandıırmaqdan başqa bir şey deyildir.

Demokratiya, hər şeydən əvvəl, insanların fəallığına, cəmiyyətin sosial fəsadlara biganə qalmamasına arxalanır. Axı insan, qədim yunan filosofu Protaqorun dediyi kimi, hər şeyin ölçüsüdür. İnsan azad olduqda, onun haqları pozulmadıqda, terror və haqsız cəzalarla susdurulmadıqda tam sərbəst qaydada düşünür və hərəkət edir, öz mənafeyi ilə yanaşı cəmiyyətin ümdə maraqlarını da ön plana çəkir. Bu, hansısa ideal cəmiyyətin mövcudluğunu deyil, yalnız demokratik quruluş üçün müvafiq şəraitin yaradılmasını tələb edir. Həmin şəraiti isə hakimiyyət yaratmalı, sağlam mühitin formalaşmasına və inkişafına hərtərəfli köməklik göstərməlidir. Xalq üçün olan hakimiyyət məhz bu qaydada fəaliyyət göstərir. Xalqın iradəsinə məhəl qoymadan hakimiyyəti qəsb edənlər isə heç vaxt əsl demokratik prinsiplərin yaşamasına, fəaliyyət göstərməsinə razı ola bilməzlər. Onlar məhz surroqat demokratiya şəraiti yaratmağa qayğı göstərirlər.

Hakimiyyətə gəlmiş siyasətçilər demokratiyanın bərqərar olması, zəfər çalması üçün məsuliyyət daşımalıdırlar. Ona görə də demokratiyanın işləməsinin mühüm şərtlərindən biri siyasətçilər tərəfindən özünə nəzarətin və özünü məhdudlaşdırmanın başa düşülməsidir. Demokratik prinsiplərin, insan haqlarının hansısa biri pozulursa, bu, hökmən zəncirvari reaksiya xarakteri alır. İlkin pozğun hərəkət sonrakı əxlaqsızlıqlara yol açır, ədəbsiz ehtirasların coşmasına şərait yaradır. Əgər seçkilər pozulursa, xalqın iradəsinə məhəl qoymamağın ifadəsi kimi seçki nəticələri saxtalaşdırılırsa, bu yolla hakimiyyətə gələn qüvvə demokratiyanın fasadına toxunmasa da, bəlkə ona hətta yeni üzlük çəksə də, onun daxilini boş anbar binasına döndərir. Belə anbara isə hər cür tör-töküntüləri yığmaq olar.

Seçkilərdə başlanan qanun pozğunluqları digər iri miqyaslı pozuntulara da yol açır. Korrupsiya, rüşvət tarlası böyüyür, bu eybəcərlik məmurların qulluq imtiyazlarına çevrilir.

Demokratiya birinci növbədə qanunun aliliyinə əsaslanır, belə qayda pozulursa, deməli, onun mahiyyəti də sıradan çıxır. Bunu müşahidə edən xalqda demokratiyaya inam itir, bəzən hədəfi səhv salan adamlar hətta ona lənət yağdırmaqdan da çəkinmirlər. Ümidsizlik hesabına onun həyati qüvvələrinə güvənmək hissi də bütünlüklə ölür.

Uinstion Çörçill vaxilə özünəməxsus bir ironiya ilə demişdi ki, “Demokratiya pis quruluşdur, lakin bəşəriyyət ondan yaxşı nəyisə icad etməmişdir”. Demokratik prinsiplərə ciddi riayət edildikdə, istənilən cəmiyyəti öz uğurları ilə sevindirir. Demokratiya heç də hansısa ötəri fayda, zərurət hesabına meydana gəlmir, ona görə də öz mövcudluğunda və inkişafında zaman məhdudiyyətinə məruz qalmamalıdır. İnsan haqlarına bütünlüklə cavab verən, cəmiyyət üzvləri arasında azadlığı və bərabərliyi real olaraq təmin edən bu quruluş elan edildiyi andan öz fəaliyyətini dayandırmamalı, ona fasilə verməməlidir.

Demokratiyanın başlanğıcı olur, lakin onun heç vaxt sonu olmamalıdır.

Ona son qoymaq onun qəbrini qazmaq deməkdir. Madam de Stal Napoleonu “azadlığın qəbirqazanı” adlandırırdı, XXI əsrin başlanğıcı isə yəqin ki, bu mübariz qadını dəhşətə gətirərdi. Demokratiyanın fəaliyyəti dayandıqda, əslində, idarəçilik öz məzmunundan məhrum olur.

Pərdələnmiş anarxiya başlanır. Axı velosiped də daimi hərəkətdə olmalıdır, dayandıqda hökmən yıxılır.

Bu elə bir quruluşdur ki, imitasiyanı, maskalanmağı sevmir, onda hər şey dalğalanan bayraq kimi açıq görünməlidir. Burada zahiri görünüş yaratmağa da ehtiyac duyulmamalıdır. Onun prinsiplərinin düzəlişə ehtiyac duymadan, dəqiqliklə həyata keçməsi təmin edildikdə, insanlar dövlətin idarə olunmasına geniş cəlb olunurlar, onun fəaliyyətinə nəzarət etmək hüququna yiyələnirlər. Xalq həmin prinsipləri pozanları, xalqın etimadından sui-istifadə edənləri və ya özlərinin layiq olmadıqlarını aşkara çıxaranları, nəinki vəzifələrindən qovmaq , hətta hökuməti bütünlüklə dəyişdirmək hüququna yiyələnir. Hakimiyyətin həqiqi bölgüsü üçün nəzərdə tutulan rıçaqlar xalqa bu səlahiyyətlərdən istifadə etmək üçün əlverişli şərait yaradır. Çünki bu rıçaqlar hansısa hakimiyyət qolunun sui-istifadə etməsinə yol verməmək üçün onun qarşısını almaq və əkslik gücünə malikdir.

Demokratiyanın pozulması ağır nəticələrə səbəb olur, avtokratik hakimiyyət yaranır, onun isə diktaturaya keçmək imkanları xeyli genişlənir. Tam pozulma ilə isə oxlokratiyanın – kütlənin, yığnağın xaosdan xəbər verən hakimiyyəti meydana gəlir. Bu vaxt əslində cəmiyyətin idarə olunmaması, anarxiya dövrü başlayır.

Ona görə də demokratiyanı müvəqqəti hal hesab edənlər, ona öz xəbis məqsədlərini həyata keçirmək üçün vasitə kimi baxanlar bu nəcib prisiplərə qarşı görünməmiş xəyanət yolunu tuturlar. Demokratiya heç də ehtirasları müəyyən müddətə sakitləşdirmək imkanı hesab edilməməlidir, interim – aralıq dövrü kimi qəbul edilməməlidir. Onu Redyard Kiplinqin “su barışığı” kimi də güman etmək ağılsızlıqdır.

Böyük, taqətdən salan quraqlıq baş verəndə butun vəhşi heyvanlar yeganə su mənbəyinin yanına toplaşırlar. Maral balaları leopardlarla birlikdə su içir, ilanlar qabanları sancmırlar. Əvvəlki düşmənçilik dəhşətli zərurət nəticəsində yaddan çıxır və beləliklə, qısa müddətə “su barışığı” yaranır. Demokratiya hansısa bir ağrını azaltmaq üçün istifadə edilən həb deyildir, cəmiyyətin sağlamlığına təminat verən və fasiləsiz axan dirilik suyudur. Axı insan da digər məməlilər kimi qida çatışmamazlığından daha çox susuzluqdan, bədənin suyunu itirməsindən əziyyət çəkir və hətta ölümlə üzləşməli olur.

 

(Ardı var)

 

 

Telman Orucov

 

525-ci qəzet.- 2013.- 18 may.- S.18.