Sözə təranə düzümü
BƏSTƏKAR KAMALIN YARADICILIĞINA SƏMİMİ VƏ ÖZƏL BAXIŞ
Ordubadda
evlərində çörək kəsmişəm. Atası
Fəttah Heydərovla çoxlu görüşlərimiz olub
və səmimi münasibətlərimiz günü bu gün
də davam edir. Nur yağışına
bürünmüş bu ziyalı kişinin ürək
genişliyi, şəxsiyyət bütövlüyü, ləyaqət
ucalığı, səmimiyyət işığı həmişə
məni heyran qoyub. Ataların belə bir kəlamı var:
“Urvası halallıqla yoğrulanın kündəsi küt
getməz”. Kəmaləddin Heydərov urvası halallıqla
yoğrulmuş ocaqdan nur alıb. Elə buna görə də
həmin nur onu 30 yaşında 50 yaşlı müdrik insan
kamilliyinə ucaldıb. İctimai xadim, dövlət məmuru
kimi onun bu kamilliyi çox-çox yüksək zirvələr
fəth edib. Bu, Azərbaycanı sevən hər bir vətəndaşa
yaxşı məlumdur və ona görə də mən bu
insanın həmin keyfiyyətlərindən yazmaq istəmirəm.
Məni
musiqisevərlərin “Kamal” kimi tanıyıb sevdikləri
insanın daxili dünyası, emosional aləmi,
duyğularının səmimiyyət
yağışının dupduru cazibəsi
maraqlandırır...
Kamal
müəllimlə müxtəlif illərdə ünsiyyətimiz
olub. Bu görüşlərin ən uzunu bir saatdan artıq
çəkməyib. Hardasa 25-30 il əvvəl
danışığında bir qədər iti və ötkəm
təsir bağışlayırdı. Düzdür, istədiyi
anda daxilən səfərbər olub emosiyalarını
cilovlaya bilirdi. Bununla belə, onun daxili
çılğınlığı, ehtiraslarının
coşqunluğu gizli qalmırdı.
Son illərdə
həzin pıçıltıyla danışır, sanki
yöndaşını səslə incitməkdən
ehtiyatlanır. Hətta gərgin psixoloji məqamlarda da daxili gərginliyini
bir-birinə caladığı siqaretin tüstüsündə
göyə sovurmaqla müdriklik təmkini göstərir.
Kamalın
dediyim emosionallığı, ehtiras
çılğınlığı, daxili enerjisinin
gücü neçə illərdir həm də mahnı
yaranışına yönəlib. Mənim fikrimcə, onun bəstəkarlıq
yaradıcılığının mərkəz nüvəsini
ana bətnindən gələn həssas musiqi duyumu tənzimləyir.
Təbii
ki, insanın güclü musiqi duyumunun olması hələ bəstəkarlıq
üçün yetərli deyil. Həssas musiqi duyumlu dinləyicilər
çoxdur, ancaq onlar nə bir mahnı bəstələyiblər,
nə də ifaçı kimi çıxış ediblər.
Mahnı bəstələmək də bir Allah vergisidir.
Əlbəttə,
söhbət mahnını “quraşdırmaqdan” yox, onu bəstələməkdən
gedir.
Əlbəttə,
söhbət şairin yaratdığı poetik lövhəni
musiqi palitrasında əlvanlıqla verə bilməkdən
gedir.
Əlbəttə,
söhbət məhəbbətlə süslənmiş
misraların “həsrətini” təranələrə
qovuşdurmaqdan gedir.
Mahnı
var notla bəstələnir... təbii ki, peşəkarlıq
vərdişləri ilə...
Mahnı
var notla və həssas ürəklə bəstələnir...
Mahnı
var idrakın, təfəkkürün işıq süzgəcindən
ürəyə axır, orada munisləşib, ülviləşib
nur saça-saça nota köçür...
Kamalın
nəğmələri üçüncü qism mahnı
doğuluşuna aiddir.
Buna
görə də elə ilk dinləmədən ürəklərə
yol tapır, həlimliklə qulaq asılır, hisslərə
dinclik gətirən xoş ovqat oyadır. “Nigaranam”,
“Bağışlaram səni”, “Gəl qayıdaq o günlərə”
mahnılarında olduğu kimi.
Kainatda,
yer üzündə bütün gözə görünən
və görünməyən varlıqların müəyyən
ritm ahəngi var. Musiqidə ritm olduqca vacibdir və təəssüflər
olsun ki, çağdaş dövrdə çox zaman ritmdən
məhrum mahnıları da eşitməli oluruq.
Kamalın
mahnılarındakı ritm sözün ləngərindən və
fikir tutumundan başlayır. Başlayıb melodiyanı tənzimləyir.
Tənzimləyib təranələri sözlə (şeirlə,
mahnı mətni ilə) qol-boyun edir. Söz təranəni, təranə
sözü xüsusi bir ritm ahəngində bağrına
basır. Bu ritm Kamalın daxili ritmi, musiqi duyumu ilə həmahəngdir
və mahnının psixoloji-emosional obrazını müəyyənləşdirən
gücdə olur.
Buna
görə də Kamalın mahnıları həyat
ritmləri fərqli olan minlərlə
tamaşaçını həzin, kövrək və səmimi
həzz ovqatına kökləyə bilir. “İnan mənə”,
“İlahi”, “Ayrılığa dözərəm”
mahnılarında olduğu kimi.
Deyirlər
ki, arılar sübh tezdən bal dalınca laləzarlığa
uçanda əvvəlcə neştərlərini şeh
damlasında yuyurlar... və sonra çiçəkdən
şəhd çəkirlər...
Kamal
mahnı bəstələyəndə əvvəlcə
sözün məna şehində, fikir nurunda yuyunur.
Yuyuna-yuyuna emosional duyğulardan, lirizm zərifliyindən
güc alır. Güc ala-ala sözün musiqi təranəsini
tapır. Tapıb təranələri heyranlıq doğuran məharətlə
nota salır...
Kamalın
sözdəki fikir dərinliyini duymaq səriştəsi
güclüdür. O, əsasən həssas qəlbli nəğməkar
şair Baba Vəziroğlunun sözlərinə musiqi bəstələyir.
Mən Baba Vəziroğlunu çox yaxşı
tanıyıram, 30 ildən çoxdur dostluq edirik. Onun
poeziyasına, xüsusən mahnı mətnlərinə
yaxşı bələdəm. Bələd olduğum
üçün də həssaslıqla hiss edirəm ki,
Kamalın bəstəkarlıq
yaradıcılığında sözün mənasındakı
musiqi ahəngini incəliyinəcən qavramaq vərdişi
qatı peşəkarlıqla yoğrulub...
Buna
görə də Kamalın mahnıları yaz kəpənəyi
çiçəyə qonan kimi dalğavari kövrəkliklə
qulaqlarımızı öpə-öpə ruhumuza hopur... Biz
bu mahnıları dinləyə-dinləyə sanki mənəvi
saflaşma katarsisindən keçirik... “Sevəcəyəm təzədən”,
“Bizim nə günahımız”, “Sənsiz nəyimə gərək”
mahnılarında olduğu kimi.
Siyasi və
siyasi portret mövzularında mahnı bəstələmək
mürəkkəbdir, çətindir, məsuliyyətlidir. Bu
mürəkkəblik, bu çətinlik, bu məsuliyyət
notun ölçülərini “sındıran” gücdə
olur. Ona görə də hər bəstəkar bu səpkidə
mahnı bəstələməyə ya səy göstərmir,
ya da cəsarət etmir.
Kamal bu
“sındıran gücü” böyük ustalıqla ram edib not
həmayilinə düzə bilir. Düzür və həmin
not təranələrini dəvə karvanının ləngər
ahəngində səsləndirməyi ustalıqla bacarır. Səsləndirir
və bu melodiya buketinin ətri ilə dinləyicilərin
ruhunu mülayim zərifliklə oxşaya bilir...
Kamal ilk
baxışda “quru” təsiri bağışlayan siyasi sözlərə
əzəmətli emosional don biçə bilir...
Kamal
şeirdəki qafiyə sözləri adi “qafiyə
yükündən” çıxarıb cəngi harayına
çevirə, hər bir kəlməyə zindan səsinin
cingiltili əzəmətini verə bilir...
Buna
görə də Kamalın siyasi və siyasi portret
mahnıları simfoniya möhtəşəmliyində səslənir,
duyğuları məhvərindən çıxarıb
harayın təsdiqinə yönəldir. Kamal “Elə bir zirvəsən...”
(sözləri Baba Vəzir oğlunundur) mahnısında
bir-birinə zəncirbənd olan lirik, dramatik, fəlsəfi,
psixoloji təranələrin gücü ilə kamil şəxsiyyətin
nəğmə portretini dinləyicilərin qəlbində
ölməzlik abidəsinə çevirib. “Elegiya” (sözləri
Leyla Əliyevanındır) əsəri musiqidə həsrətli
və həzin xatirədir.
Nəhəng
klassik rus yazıçısı Lev Tolstoyun xatirələrindən
öyrənirik ki, o, “Kreytser sonatası” əsərini yazarkən
Bethovenin coşqun musiqisini dönə-dönə dinləyib.
Bəli, musiqidə belə möhtəşəm güc var. Əminliklə
deyə bilərəm ki, Kamalın mahnıları
yaradıcı insanı daxilən titrədir və onun
ovqatını yeni yaradıcılığa kökləyir.
Bəstəkar,
eləcə də hər bir yaradıcı fərd elmə,
biliyə daha dərindən yiyələndikcə təxəyyülünün
gücü günbəgün artır. Kamal klassik və
çağdaş poeziyanı sevir, dünya
filosoflarının elmi-nəzəri konsepsiyalarını
öyrənməyə maraq göstərir.
Buna
görə də onun psixoloji mahnılarında lirizmi
idrakın, təfəkkürün işığı
müşayiət edir.
Buna
görə də Kamalın mahnıları dinləyici ilə
səmimi, ünsiyyətcil həmsöhbət ola bilir. “Deyir”,
“Mənim 17 yaşım”, “Gözlər yalan deməz”
mahnılarında olduğu kimi.
Bəstəkarda
peşəkarlığın olması əsas sayılsa da,
yeganə keyfiyyət deyil. Bəstəkarın hiss, həyəcan,
duyum duyğularını özündə cəmləşdirən
peşəkarlıq palitrası son dərəcə rəngarəng
olmalıdır. Həmin əlvanlıq Kamalın bəstəkarlıq
yaradıcılığında üst qatdadır. Onun
mahnılarında sözlərin füsunkarlığı ilə
melodiyaların gözəlliyi həmahəngdir.
Buna
görə də Kamalın mahnıları insanın kövrək
duyğularını, həyəcanlarını titrədərək
ona tumar çəkir. Onun mahnılarında söz və
melodiyanın qoşa qanadı dinləyicini intəhasız zənginliyə
uçurur. “Sevəcəyəm”, “Sən”, “Yox deyəndə mən”
mahnılarında olduğu kimi.
Sədaqət
və dəyanət insan kamilliyini formalaşdırıb
bitkinləşdirən keyfiyyətlərdir. Kamalı
yaxşı tanıdığım üçün əmin
olmuşam ki, o, qətiyyətlidir, cəsurdur, mərddir və
etibarlıdır. Eyni zamanda gördüyü bütün
işlərdə məsuliyyətlidir.
Buna
görə də Kamalın mahnılarında könül
oxşayan bütövlük, tamlıq, incəlik və lətafət
var. “Sənsiz yaşadım”, “Gecdir daha”, “Bu axşam”
mahnılarında olduğu kimi.
Dünya
şöhrətli holland rəssamı Vinset Van Qoqun belə
bir deyimi var: “İnsanları sevməkdən nəcib heç
nə yoxdur”. O da məlumdur ki, sevgi bəzən insanın
ağlını başından çıxara, dəliqanlılığın
cilovunu əldən buraxa bilər. Kamal insanları sevməyi,
onlardakı istedad və ləyaqət, qürur və mətanət
hisslərini ehtiramla qiymətləndirməyi bacarır.
Buna
görə də Kamalın bütün mahnılarının
ruhuna pak emosionallıq hakimdir.
Buna
görə də Kamalın mahnılarında duyan
könüllərə riyasız, məkrsiz, təmənnasız, saf məhəbbətə
çağırış var.
Buna görə də Kamalın nəğmələrində çılğın eşq də, qızğın məhəbbət də həzinlik təranəsinə bürünüb. “Gəlsən də, gəlməsən də”, “Dəniz”, “Yenə yaz gələcək” mahnılarında olduğu kimi.
Fəaliyyəti istedada söykənən yaradıcı adamlar öz təxəyyüllərində mütləq həmişə fikir, duyğu azadlığını qoruyub saxlamalıdırlar. Fəzilət və istedad etik konsepsiya kimi dərk olunmalıdır. Kamal iradəli və cəsurdur. Qədim romalıların aforizmidir: “Cəsurlara tale kömək edir”. Kamal mahnı yazarkən mövzuya cəsarətlə və qətiyyətlə yanaşma prinsipinə güvənir.
Buna görə də onun mahnıları aydın ideyası və güclü melodik harmoniyası ilə dinləyicilərdə xoş əhval-ruhiyyə oyadır.
Buna görə də Kamalın mahnılarının yaşamaq haqqı onun melodiyalarının şaqraq və emosional zərifliyindən şirə çəkir. “Səndən başqa”, “Özün günahkarsan”, “Qədrimi bilməsən də” mahnılarında olduğu kimi.
Dahi ispan ədibi Migel Servantes yazır: “Sərvət ona malik olmaq deyil, ondan məqsədəuyğun şəkildə istifadə etməkdir”.
Kamalın
güclü musiqi istedadı var. Bu istedadın hüsnü, təravəti,
lətafəti və gözəlliyi bir də
orasındadır ki, Kamal onu həssaslıqla dəyərli,
ürəkaçan, hissləri oxşayan nəğmələrə
sərf edir...
İlham ƏZİZOĞLU
525-ci qəzet.- 2013.- 18 may.- S.20.