Məhəmməd Əmin Rəsulzadə-
Əsərləri
Araşdırıb
toplayanı, ərəb əlifbasından latın
qrafikasına çevirəni, ön sözün müəllifi,
lüğətin tərtibçisi
Transliterasiya
redaktorları: professor Şamil VƏLİYEV, elmi işçi Samir MİRZƏYEV
IV cild
(1917-aprel
1918)
12-ci məclis
*
Məclis Fateh əfəndi Kərimovun təhti-rəyasətində
açılır.
Birinci məsələ:
Məclisi-Müəssisan seçki üsuli məsələsidir
ki, bu barədə syezd iş bu qərarları qəbul
etmişdir:
1)
Seçkilərdən əvvəl müsəlmanlar öz
aralarında bütün demokrat firqələrin birləşməsindən
ibarət bir ittifaq tərtib etmək lazımdır.
2) Məclisi-Müəssisan
və məhəlli idarə üzvlər intixab edildigi vəqt
başqa xəlq firqələrilə birləşməli. Fəqət bu trudoviklərdən sağda olmayan firqələr
ilə mümkündür. Çünki
ancaq ictimaiyyun firqəsi rus olmayan xəlqə həqiqi mənasilə
geniş hüquq verir. Bu məsələ
tamam olduqdan sonra “Milli şura” məsələsinə
keçilir. Bu barədə Ayaz əfəndi söz
alıb on birinci məclisdə oxuduğu məruzənin maddələrini
və qərardadlarını oxuyur ki, onlar da bunlardır:
1) Bütün Rusiya müsəlmanlarının syezdi,
Rusiya müsəlmanları arasındakı bütün siyasi
uyuşma və firqələrin birlikdə hərəkət
etmələrini və müştərək bir yol
tapmalarını lazım bildi. 2) Syezd Rusiya müsəlmanlarını
o müştərək yol ilə aparmağı felə
çıxarmaq üçün bütün sinif və qəbilələrin
vəkillərindən mürəkkəb bir şura
seçilməsini lazım bildi. 3) Syezd Milli Şura əzalının
otuz adamdan mürəkkəb olmasını qəbul etdi.
Bu əzalar aşağıdakı qaidə üzrə təqsim
edilir:
a)
Türkistan, Buxara və Xivədən yeddi (Buxara 2, Xivə 2,
Rusiya Türkistanı 3), Qafqasiyadan 5, Krımdan 2,
Qazaxıstandan 5, Litva tatarlarından 1, Daxili Rusiya
tatarlarından 10.
b) Bu
seçki hər bir ölkənin öz ixtiyarına
tapşırılmalıdır.
c) Syezd hər
bir ölkədən mümkün qədər
qadınlarımızın şuraya seçilmələrini
lazım bildi və bu işi ölkənin özünə
tapşırdı.
4) Syezd
müsəlman xəlqini şu müştərək yol ilə
aparmağı Məclisi-Müəssisan açılıncaya
qədər “Milli Şura” üzərinə qoydu. 5) Syezd Məclisi-Müəssisana qədər
bütün yerli cəmiyyətlər və təşkilatlarımızın
syezd qərardadına müvafiq olan Milli Şuranın hər
bir qərarına əməl etməsini lazım bildi. 6) Syezd Milli Şuranın arasından 12 adamdan ibarət
bir Baş Komitə ayrılmasını lazım bildi və
bunu Milli Şuranın özünə həvalə etdi.
7) Syezd Baş Komitə ilə ölkə komitələri
və yerli komitələr arasındakı münasibətin nə
üsul üzrə olmasını Milli Şuraya
tapşırdı. 8) Baş Komitənin
yeri hökumət duran yerdir. Milli
Şuranın başqa əzalarının yeri isə
şuranın qərarı ilə təyin edilir. 9) Syezd Məclisi-Müəssisana seçki
üsullarını təyin etmək üçün 5-i
avqustdan gec olmamaq şərtilə Rusiya müsəlmanları
vəkillərinin ikinci syezdinin düzəlməsini lazım
bildi və bu işi Milli Şuraya tapşırdı. 10) Syezd Milli Şuraya “Rusiya Müsəlmanları
Şurası” deyə ad verdi.
“Açıq
söz”,
21, 23, 26,
28, 29, 30, 31 may, 2, 4, 6, 7, 8, 12, 13 iyun 1917,
¹478, 479,
481, 482, 483, 484, 485, 487, 488, 490, 491, 492, 495, 496
Şərit
– lent
Şəbə
– tayfa
Same –
eşidən, qulaq asan
Məşum
– uğursuz, bədbəxt
Təsərrüf
– zəbt etmə, yiyələnmə
Ürf –
adət, hökm, tədbir
Müvərrix
– tarixçi
Kəşşaf
– kəşf edən, kəşfiyyatçı
Müəzzin
– azançı
Mütəvəlli
– müdir, idarə başçısı
Mütədəyyin
– dindar
Möhtəsib
– dini və əxlaq işlərinə nəzarət edən məmur
Müxtəri
– ixttira edən, icad edən, yaradan
Məhfuz
– mühafizə olunmuş
Vase –
geniş
Təşxis
– tanıma, ayırd etmə
Mücəhhəz
– hazırlanmış
Mazi –
keçmiş zaman
Mərcə
– müraciət edilən yer, adam, idarə
Mübəttər
– yarımçıq
Nədvə
– yığıncaq
Mövəddət
– dostluq, xeyirxahlıq
Nəfy –
sürgün, uzaqlaşma
Təəddüdi-zövcat
– çoxarvadlılıq
Moskva
müsəlman syezdində oxunan Salikov məruzəsi
Siz biliyorsunuz ki, müvəqqəti hökumətin
müttəfiqlərimizə xitabən vermiş olduğu
notanın bu nöqtələri məmləkətdə nə
qədər narazılığa bais olmuşdur. İş hətta
küçə müsadimələrinə qədər
vardı (Petroqradda 19-21 aprel hadisələri).
Mayın 27-də müvəqqəti hökumət tərəfindən
verilmiş olan bəyannaməyi izah edəcək olan nota
demokratiyanın protestosundan naşı özü izahata məruz
qaldı. Müvəqqəti hökumətcə “qəti qələbə”
və “möhkəm sülhü təmin” sözlərindən
nə tövr anlaşıldığı izah edilməli oldu.
1917 sənəsi 18 apreldə müvəqqəti hökumətin
müraciətnaməsi verilən izahatın ən maraqlı
yerləri budur:
“Məlumdur ki, bu notada düşmənə qəti qələbə
çalmaqdan bəhs edilərkən 27 mart bəyannaməsində
qeyd olunmuş məqsədlərə yetişməsi nəzərdə
tutulmuşdur.
Haman məqsədlər isə böylə bəyan
edilmişdir:
“Müvəqqəti
hökumət özünün mənəvi borcundan hesab ediyor
bəyan eləsin ki, azad Rusiyanın məqsədi sair millətlərə
ağalıq etmək, onların milliyyətinə əl atmaq,
zor ilə özgələrin yerini almaq degil, millətlərin
özü-özünü idarə etmələri əsasilə
möhkəm sülhə nail olmaqdır. Rus milləti
öz qüvvə və iqtidarını sair millətlərin
hesabına gücləndirmək istəmiyor. O heç kəsi
təhti-hakimiyyətinə almaq və alçaltmaq istəmiyor.
Ali ədalət naminə rus milləti
polyakların zəncirini açmışdır. Fəqət rus milləti razı olmaz böyük
müharibədən onun vətəni əzilmiş və həyat
qüvvəsi kəsilmiş çıxsın. Möhkəm sülhü təmin etmək
sözü ilə müvəqqəti hökumət təslihatın
azalması, beynəlmiləl tribunal təsis edilməsindən
və sairdən ibarət biliyor”.
Bizə böylə gəliyor ki, müvəqqəti
hökumətin bu bəyanatı da şübhələrin
hamısını izah etmiş olmuyor.
Rusiyanın
əqd etmiş olduğu əhdnamələr və öhdəsinə
götürdügü iltizamlar məsələsi haman əvvəlki kibi qeyri-müəyyən
bir halda qalıyor. Fəqət Rusiyanın
müttəfiqlər ilə bağlamış olduğu əhdnamələrin
nədən ibarət olduğunu az-çox anlamaq
mümkündür.
İştə, bu əhdnamələrdir ki, müharibənin
həqiqi məqsədlərini bizə açıq bildiriyor.
Milyukov özü “Müharibə məqsədləri”
ünvanı ilə yazmış olduğu bir məqaləsində
(“Reç” qəzetəsinin ildə bir nömrə
çıxan məcmuəsinin 1916-cı sənədə nəşr
olunan nömrəsində) müttəfiqlər arasında
bağlanmış olan əhdnamənin pərdəsini
qaldırmışdır. Məqalədə deniliyor ki:
“... 1916 sənəsi
fevralında doktor Dellon birinci dəfə olaraq müttəfiqlər
arasında İstanbul ilə Dardanel həqqində
bağlanmış olan etilafnaməyi cahana bildirmişdir. Onun
rəvayətinə görə Lamanşın bir tərəfində
Dalqasa (Fransa), digər tərəfində ser Kirey (İngiltərə)
Rusiyanın bəyanatına diqqət vermişlərdir... Bəziləri güman ediyorlar ki, bu qayət
mühüm etilaf Puankare imperatora müsafir olan vəqt hasil
olmuşdur. Digərləri fikir ediyorlar ki,
bu etilafnamə daha iləricə Rusiya ilə Fransa arasında
dəniz əhdnaməsi bağlanan zaman əqd edilmişdir.
Bu xüsusda eyni zamanda həm Parisdə, həm
də Londonda müzakirat icra ediliyordu. Böylə
bir əhdnamənin bağlandığı Qərbi Avropada xəbər
verildikdən sonra Rusiyada dəxi bu xüsusi sükuta
keçmək lüzumu qalmıyordu. Dellonun
bəyanatını Milyukov 1916 sənəsi 10 fevralda
Q.Dumanın iclasında xəbər vermişdir. Daha sonra rus parlaman vəkillərini qəbul edərkən
Askuyet söylədigi nitqində böylə bir etilafnamə
mövcud olduğunu açıq surətdə təyid
etmişdi. Askuyet demişdir ki: “Bən xatırlıyorum
o günləri ki, deniliyordu Avropa və Asiyada Şərq məsələsinin
həllində iki imperiyanın mənafeyi düzəlməyəcək
qədər yekdigərinə ziddir... Xoşbəxtanə haman yekdigərini anlamamazlıq günləri
keçdi, imdi gərək İranda və Türkiyədə
və gərəksə sair yerlərdə mənafeyimiz
toqquşduqda sədaqət və mütəqabil
ehtiramımızla gözləməgə qərar verdigimiz
etilafa gəliyoruz. Bu xüsusi məşhur
xariciyyə vəziriniz Sazanov ilə rəfiqim Kirey arasında
əqd olunmuş etilafnamə qiymətsizdir”.
Nəhayət,
heyəti-vükəla Rusiyaya qayıtdıqdan sonra
Q.Dumanın hərbiyyə və bəhriyyə komissiyası
iclasında (19 iyul) Sazanov Kovalyovskinin sualına
ap-açıq cavab verərək bəyan etmiş ki, haman etilaf boğazların hər iki tərəfinin
Rusiyaya verilməsini təmin ediyor. Bu xüsus mətbuatda
da xəbər verilmişdi”.
“Açıq
söz”, 24 may 1917, ¹480
Solların səhvi
İnqilabdan sonra müvəqqəti inqilab təşkilatına
başlayan sol firqələr bu işlərində əsaslı
böyük bir səhvə düşmüşlərdir. Bu səhv
yerli xəlqi, bilxassə müsəlmanları hesaba
almayıb, cəmaətin əksəri onlardan ikən gərək
icra komitəsində, gərək fəhlə vəkilləri
şurasında və sair xəlqin həyatı məsələləri
ilə əlaqədar olan müəssisələrdə
müsəlmanlardan olub-olmadığına heç əhəmiyyət
də verməməkdən ibarətdir. Bu
müəssisələrdən qeyri-mühüm olan bəzilərində
müsəlmanlar bir-iki yer ala bilmişlərsə də, bəzi
mühümlərinə heç keçə bilməmişlərdir.
Məsələn, Bakıda Fəhlə Vəkilləri
Şurası deyə əhəmiyyətli bir müəssisə
meydana gəlmiş, fəhlələrin qismi-mühümi, adətən
yarısı müsəlmandan ikən buraya bir nəfər də
olsa, müsəlman əmələsi, müsəlman nümayəndəsi
keçməmişdir.
Bu vəqtə qədər xüsusi surətdə
“yoldaşlara” kəlalə etdikdə diyorlardı ki, müsəlman
əmələləri “soznatelni” degil, özləri kahillik
göstəriyorlar, məclislərə gəlmiyorlar. Bu cavabda böyük bir həqiqət
var. Fəqət bu da həqiqətdir ki, haman
müsəlman əmələsinin tərbiyəsi yolunda
heç bir qədəm götürülməmişdir. Türk məsəli diyor ki, “Qomşuya ümid olan
şamsız yatar”.
Müsəlman əmələlərinin bu surətlə
şamsız yatmaları şübhəsiz ki, qeyri-təbii
idi və ən ziyadə gözə çarpan bir şey var
idisə, o da bu qeyri-təbii halın əmələ təşkilatları
tərəfindən hiss edilmədigi idi.
Nəhayət, keçən məhəllə komitələrinin
seçkisi meydana gəldi. Atil və kahil hesab
olunan, buna görə də kəndisinə əhəmiyyət
verilməyən müsəlman kütləsi (massası)
öz həqqini istəməgə başladı. Şəhərdə olsun, əmələ
rayonlarında olsun tələb olundu ki, məhəllə komitələri
əhalinin miqdarına mütənasib bir şəkildə tərtib
edilsin. Bu həqli və demokratik tələb
müsəlman cəmaət təşkilatının komitəsi
tərəfindən müdafiə edildi. Gözlənirdi
ki, bu xüsusda komitə ilə sollar arasında bir anlaşma
və etilaf olsun. Hətta bu xüsusda
danışıq belə başlanmış idi. Fəqət sonra yoldaş Qradel hiyləsi ilə
komitə özünün aldandığını
gördü. Vəqt az
qaldığından öz məsuliyyəti ilə
siyahılar tərtib edə bilməyib işi məhəllələrin
özünə buraxdı. Müsəlman məhəllələri
hərə özünəməxsus siyahı tərtib edərək
seçkiyə başladılar. Seçki
hər növ intizarın fövqündə müsəlmanların
qələbəsi ilə tamam oldu. Bu qələbə
yalnız şəhərdə degil, əmələ
rayonlarında, Bibiheybət ilə Ramanada dəxi müsəlmanlar
tərəfində idi.
Müsəlmanları
“qara və mədəniyyətsiz xəlq” deyə böylə
bir qələbəyi gözləməyən “yoldaşlar” səhvlərini
dərk edərək bundan sonra müsəlman təşkilatları
ilə dostluqda getməgə hazırlaşmaq əvəzinə
“burjuy”, “kapitalist” kibi modalı sözlərə bir də
“qoçu” kəlməsini əlavə edərək əhvalı
öylə təsvir etmək istiyorlar ki, guya on minlərlə
müsəlman seçkiçiləri mauzer və tapança
gücilə gəlib “qoçu”ları özlərinə
“ağa” seçmişlərdir. Əgər
“yoldaş”ların kimsəyə fürsət verməyib də
tələsdirməsi olmasaydı, adları ətrafında əfsanələr
çıxan adamlar degil, yalnız müsəlman
siyahılarına düşməz, bəlkə o qəbildən
olan adamlar sosialist-daşnaksütyun siyahısında da
gözlənəməzlərdi.
Heç
gizlədilmiyordu ki, ərzaq komitələ
rinin
seçkiləri bir növ seçki manevrasıdır. Bu manevrada müsəlman kütləsinə çox
möhtac olmadıqlarını düşünərək
sollar bu tərəfdən gələn nidalara o qədər də
qulaq asmaq istəmiyorlardı. Bu tərəf dəxi həqiqət
aranılarsa, məsələyə haman
manevra nəzərilə baxıb öz gücünü
göstərmək istədi. Həm də
göstərdi. Kim nə dersə-desin, hanki böhtan və
iftiralarla meydana çıxarsa-çıxsın, burası
şübhə götürməz bir həqiqətdir ki,
müsəlman əhalisi bir qüvvətdir – ədəd
qüvvəti. O qüvvət ki, demokratizmdə əsasdır.
Cəmaət işinə baxarkən bu qüvvəti,
bu ədədi, bu qüvvət və ədədin istək və
diləgini nəzərə almamaq, onunla hesablaşmamaq olmaz.
Bunu artıq Fəhlə Vəkilləri Şurasının qəzetəsi
olan “İzvestiya” özü də hiss ediyor. “Müsəlman
millətpərəstlərinin müsəlmanların
avamlıqlarından, cəhalətindən istifadə elədiklərini”
tənqiddən sonra fəhlə şurasına təklif ediyor
qoymasın ki, “müsəlmanlarla fəhlələr
arasında milli hasar çəkilsin”. Bunun
üçün çarə olaraq göstəriyor ki, gərək
“öz arasındakı müsəlman nümayəndələrini
çoxaltsın”.
Heç olmadansa, gec olmaq yaxşıdır.
Fəqət daha səmimi və həqiqətə daha
müvafiq olardı “İzvestiya” deyə idi ki, sovet öz
arasına müsəlman nümayəndələrini də qəbul
eləsin. Çünki “çoxaltsın” o zaman olar ki, azı
olsun. Məlum olduğu üzrə Fəhlə
Vəkilləri Şurasında bir danə də olsa müsəlman
yoxdur. Əgər müsəlman cəmaət
təşkilatının himməti olmasaydı və
seçki manevrasındakı müsəlman qüvvəti
görülməsəydi və müsəlmanlar öz
mövqe və saylarına görə yer istəməsəydilər,
o zaman müsəlman fəhləsi və onun fəhlə
şurasındakı nümayəndəligi də xatirlərə
düşəcəkmi idi?!
Fəqət
xətalarını düzəltmək niyyətində isələr,
sol dostlarımız bir az da bəsirət göstərib iləri
gəlməli, bilməlidirlər ki, müsəlman kütləsi,
müsəlman cəmaəti o zaman qara qüvvələr əlindən
xilas olar ki, sol firqələr sinif təəssübünü
ataraq müsəlman cəmaət təşkilatı ilə bərabər
getsinlər və misal üçün diyoruz ki, Volqaboyu cəmaəti
kibi sırf əmələ və demokratiyadan ibarət olan bir
müəssisəyə düşmən gözü ilə
baxmasınlar.
Mücərrəd əsaslar ayrı, həqiqi qüvvətlər,
üryan həqiqətlər də ayrıdır. Nəzəri
olaraq milləti danmaq mümkün, fəqət həqiqəti-hal
ilə hesablaşmamaq qeyri-mümkündür.
Bir xəlqi düşünürkən o xəlqin tələblərinə
də etina etmək, onu hesaba almaq gərək. Yoxsa
bürokratizm ilə demokratizmi bir-birindən ayırmaq olmaz.
“Açıq
söz”, 29 may 1917, ¹483
Atil – tənbəl,
ətalətli
Kahil – key
Rus imperializmi həqqində
İmperializm demək dünyagirlik, cahangirlik deməkdir. Bu imdiki
dünya millətlərini biri-birinə salıb, yer
üzünü qan dəryasına döndərən bir siyasətdir.
Bir siyasət ki, köhnə Rusiya idarəsi onun
ən qatı nümayəndələrindən idi. Rusiyadakı millətləri ruslaşdırmaq, Rusiya
xaricindəki millətləri əzmək, daima qomşular həqqində
təcavüzkar bir fikir bəsləmək imperializmin xasiyyətlərindən
idi. Bu imperializm idi ki, İranı bölmək
istiyordu. Bu cahangirlik idi ki, İstanbul ilə
boğazları almaq arzusunda idi. Bu
dünyagirlik idi ki, Avstriyaya hücum edib o “qurama” dövləti
parçalamaq fikrində idi.
Böyük Rusiya inqilabı
çıxar-çıxmaz özünün bu fikirdə
olmadığını, cahangirligə düşmən kəsildigini
elan elədi.
Həm başqa dürlü də ola bilməzdi,
demokratiyanın mənfəətlərinə nigəhban olan
inqilab qüvvəti əlbəttə ki, təamləri doymaq
bilməyən cahangirlik xatirinə milyonlarla canları qurban
verəmməz idi.
İmperializmdən
imtina eləmək, davanı “dava xərci almamaq və özgənin
yerini tutmamaq” surətilə bitirib bir an əvvəl
barışmaq Rusiya cəmaətinin virdi-zəbanı oldu. Ancaq adı hürriyyətpərvər “kadet” firqəsi
idi ki, bu siyasətdən əl çəkə bilmiyor və
bu firqə başçılarından olan Milyukov xariciyyə
vəzarəti qismində oturaraq hər bir vasitə ilə
inqilabçı Rusiyanı dəxi İstanbulu almaya aparmaq
istiyordu. Milyukov öz inadına fəda
edildi. Demokratiya hökumət
başında bir imperialisti çəkəməyib müvəqqəti
hökumət heyətini dəgişdi. Hər
tərəfdən imperializm siyasəti məzəmmətlənməgə
başlandı. Kadetlərdən bir
çoxu dəxi ümumi cərəyan təsirinə tutularaq
bu siyasətdən əl çəkmək zamanı gəldiginə
qane olur kibi göründülər.
Tam bu sürədə ikən Bakı kadetlərinin
nümayəndəsi Vermişev paytəxt imperialistlərindən
daha hərarətli çıxaraq erməni olduğundan rus səltənəti
naminə ürəgi ağrıdığını kadetlərin
sonki syezdlərində söylədi. Ağzı
köpüklənərək dedigi bu nitqində Bakı
nümayəndəsi isbat etmək istiyordu ki, rus imperializmi
Almaniya imperializmindən başqadır. Rus
imperializminin mənfi cəhətləri yox degilsə də,
müsbət və faidəli cəhətləri də
vardır. Əgər ermənilər
Qafqasiyada rahət yaşaya bilirlərsə rus imperializminə
borcludurlar. Ermənistanın dərin bucaqlarına
atılmış zavallı ermənilər rus dövlətindən
istərlər ki, onları atmasınlar. Ermənistanın
azadlığı isə rus imperializminin məqsədlərindəndir.
Rus
cahangirliginə oxuduğu bu qəsidəsindən dolayı
Bakı müsəlman cəmaət təşkilatının
rusca nəşr olunan “Əxbarı” bir məqalə yazaraq
Kadet firqəsini və əzcümlə də Vermişevi tənqid
eləmişdi. Bu tənqidə qarşı
Vermişev “Baku” qəzetəsinin dünki sayısında cavab
veriyor. Bakı kadeti bu cavabında rus imperializmini degil,
rus səltənətini müdafiə elədigini “cayigiriz” buraxmaq
üçün qeyd etdikdən sonra diyor: kim
inkar edə bilər ki, rus səltənətinin bütün
qüsurları ilə bərabər bəşəriyyətə
xidməti olmamışdır. Əgər
velikoruslarda imperializm meyli olmaz da, öz topraqlarından kənara
çıxmazlardısa, o zaman, Qafqasiya tərəqqi və
ümran üzü görməyib Türkiyə ilə
İran halında olmayacaqmı idi? Ələlümum
Vermişev fikrincə bu bir mətləbdir ki, üstündə
çox danışıla bilər.
Fəqət əsl mətləb burasında degil,
Vermişev Türkiyə ermənilərini
düşünüyor. Rusiya hürriyyəti rus millətlərini
azad elədi. Halbuki Türkiyə
hürriyyəti bu azadlığı vermədi, diyor. Rus
imperializmi olmazsa zavallı Türkiyə ermənilərini kim xilas edəcək. Əgər
Türkiyə ermənilərinin xilası üçün
başqa yol göstərilərsə, o zaman, öylə
görünüyor ki, Vermişev rus imperializmini müdafiə
etməyəcəkmiş.
Hər
şeydən əvvəl burasını söyləmək
lazımdır ki, rus imperializmi olmasa idi, vəqtilə Midhət
Paşa hürriyyəti də qana boyanmaz, rus imperializmi
olmasaydı İran Məclisi-Millisi də topa tutulmaz, ehtimal
Şərq millətlərinin tərəqqisi başqa bir yolda
dəvam edərdi. Tarixə müraciət edib də
“bu olmasa idi o da olmazdı” bəhsinə gələrsək o
zaman əlbəttə, çox şeylər söyləmək
olar. Fəqət məsələ
bugünki imperializmdədir. Bu gün
heç bir dövlət başqa dövlətə təcavüz
etməyib bütün millətlərə hürriyyət
verilməli, kimsənin toprağına təcavüz etməməlidir,
deniliyor. Əlbəttə, bütün
millətlərə həqq istənildigi zaman bu həqq
Türkiyə erməniləri üçün də istənilər.
Sair Türkiyə millətləri ilə bərabər
Türkiyə erməniləri də azad olmalıdırlar.
Fəqət bu azadlıq anlayamıyoruz ki, nədən
gərək hökmən rus nizəsi ilə həll edilsin.
Rus imperializmi ta əski zamanlardan bəri Ermənistanı
əlində bir bəhanə eləmiş, fəqət bu
günə qədər o zavallı ölkəyə nahaq
qandan başqa bir şey verə bilməmişdir. Bunu Böyük Petro verə bilmədigi kibi Voronsov-Daşkov
da verə bilməmiş, şübhəsiz ki, Vermişev ilə
Milyukov da verə bilməyəcək. Əgər
bu əfəndilər olmayıb Türkiyə erməniləri
öz hallarına buraxılsa idi, o zaman ehtimal ki, Ermənistan
məsələsi Türkiyə millətləri ilə birlikdə
daha təbii bir yolda həll olunardı. Şübhəsiz
ən nəhayət, öylə də həll olunacaqdır.
“Açıq
söz”, 31 may 1917, ¹485
Cayigiriz –
yer tutan, yerləşən
Fitnələrə qarşı
Qafqasiya müsəlmanları həqqində müftinlər
tərəfindən yayılan fitnə xəbərləri
şübhəsiz ki, cəmaətimizi
rahatsızlandırıyor. Başqa dürlü də ola bilməz. Çünki bu
xainlər qəlbi saf rus əskərlərini, rus cəmaət
müəssisələrini yalan xəbərlərlə
inandırıyorlar ki, guya müsəlmanlar rus cəmaəti,
rus hökumət və səltənəti əleyhində
sui-qəsdlər bəsləyib, bu məqsədlə
hazırlaşıyor, silah alıyor, kimi isə
gözlüyor, nə isə əzm ediyorlar. Bu qara fitnələr
nəticəsində müsəlmanlar həqqində bir
çox sui-müamilələr olmuş, çox yerlərdə
müsəlmanlar təftiş altına alınmış,
müharibə həqqilə tutulan Türkiyə yerlərində
hətta qanlı hadisələr, fəci mənzərələr
hasil olmuş, İrəvanda, Karsda, Nuxada və sair yerlərdə
əskərlər tərəfindən müsəlmanlara nisbət
təhqiramiz hərəkətlər hadis olmuşdur. Vəqtilə
müsəlman təşkilatı özlərinə gələn
bu qara fitnəyə qarşı müdafiə yollarını
düşünmüş, hər tərəfdə bu fitnəkarlıqları
protesto eləmiş, əzcümlə Bakı müsəlman
cəmaət təşkilatı komitəsi tərəfindən
Moskva ümummüsəlman syezdi ilə Vladiqafqazda iclas edən
Şimali dağıstanlılar syezdinə teleqraflar çəkilmişdi.
Moskva syezdi Bakıdan, Nuxadan və sair yerlərdən gələn
bu həyəcanəngiz xəbərləri böyük təsir
və həyəcanla dinləyərək haman
fitnəkarlar əlində qalan millətdaşlarının
qayğısilə mükəddər olmuş, hökuməti-müvəqqətə,
Fəhlə və Əmələ Vəkilləri
Şurasına birər teleqraf çəkərək eyni
zamanda da öz arasından bir heyət seçərək
Petroqrada göndərmişdir. Syezd ələlümum verdigi
bu qərarla bərabər syezddə bulunan müsəlman
soldatları əhvaldan mütəəssir olaraq haman qardaşca bir əlaqədarlıq göstərərək
öz aralarından nümayəndələr seçmiş,
onları Qafqasiyaya göndərməgə qərar vermişlərdir.
Qafqasiyaya gələcək bu əskər heyətinin
məqsədi Qafqasiyadakı əskər təşkilatı
ilə cəbhələrə gedib bu xüsusda nəşr
olunan fitnələrin önünü almaqdır. Tatar
qardaşlarımızla bərabər syezddə bulunan Qafqasiya
diviziyasının nümayəndələri dəxi
eşitdikləri xəbərdən mütəəssir olaraq
bir an əvvəl vətənə gəlib
də vaqe olan fitnələrə çarə görməyi
düşünmüşlərdir. Gərək
məzkur diviziyadan və gərək isə müsəlman əskər
şurası komitəsi tərəfindən bu məqsədlə
göndərilən əskərlərimiz iki gündür ki,
şəhərimizə varid olmuşlardır. Bu heyəti-əskəriyyə
Petroqradda Fəhlə Vəkilləri Şurası ilə,
Çxeidze ilə, hökuməti-müvəqqətə
başçısı Knyaz Lvov ilə görüşüb əhval
həqqində danışıqda bulunub Qafqasiyaya gəlmək
qəsdində olduqlarını söyləmişlər və
bu fövqüzzikr idarə və şəxslər tərəfindən
hüsni-qəbul görmüşlərdir. Əlavə
bərin əskər vəkilləri şurasından kəndilərinə
kağız dəxi verilmişdir ki, məzkur fitnəyə
qarşı görəcəkləri təşviqat və tədbirlərdə
kəndilərinə müsaidə edilsin.
Bu məqsədlə əziz qonaqlarımız iki gün
əvvəl şəhərimizə varid olmuşlar. Dünki Fəhlə
və Əskər Vəkilləri Şurasının rəisi
yoldaş Ramişvili ilə görüşmüşlərdir.
Ramişvili cənabları kəndilərini
hüsni-qəbul edərək əmələ və əskər
vəkilləri şurası ilə kəndilərini
görüşdürəcəgini vəd eləmişdir.
Daxili
Rusiyada bütün vətəndaşlar bərabər vətəni,
hürriyyəti müdafiə edən şimallı əskər
qardaşlarımızla Qafqasiya diviziyası naminə fitnəyə
məruz qalan qafqasiyalı millətdaş və
dindaşlarının təqdiratına laqeyd qalamayıb
müsəlman əskəri şurası tərəfindən
fövqüzzikr məqsədlə şəhərimizi təşrif
edən möhtərəm qonaqlar aşağıdakı əfəndilərdir:
1) Osman əfəndi Toqumbətov (bəhri-zabit), 2) Uraz xan
Hacı Murad (diviziya polkovniki), 3) Abdulla Abziyev (praporşik), 4)
Xeyrulla Yenikeyev, 5) Kərim İbrahimov (pulemyotçu), 6) Məhəmməd
Rza bəy Qaratalinski (diviziya könüllülərindən).
Heyət Bakıda əskəri təşkilat və
kornizon ilə görüşüb anlaşdıqdan sonra
Tiflisə əzimət edəcək, oradan dəxi cəbhələrə
gedib əhval ilə yaxından aşina olacaqdır.
“Açıq
söz”, 1 iyun 1917, ¹486
Bərin
– yüksək, ali
(Ardı var)
Şirməmməd HÜSEYNOV
525-ci qəzet.-
2013.- 18 may.- S.26-27.