Əjdahanı yaşatmaq

 

Hər yaşam mərhələsinin öz mənzərəsi var.   zaman-zaman bu mənzərələri xatırlayanda göz önünə gələn  parlaq, ya da solğun rənglər  içində  yaşatdıqlarının    qədər sağlam olduğunun sığortasıdı bəlkə də... Müəyyən bir dövrdə kimlər qurub bu mozaik mənzərəni?   Yəqin əsas  sual  budu – kimlər?

  hər  dəfə  bir  mərhələdən o  birinə qədəm  qoyanda, özünə  verdiyin  sözü  tuta  bilməyəndə, həyatına  yeni-yeni insanlar daxil olanda bu çək-çevirin  içində dörd istiqamətə  baxa-baxa  düşünürsən – qurulanlar dağılır, bəs kimlər bu viranənin  altından  salamat çıxacaq? Sən  özün  qərar  verəcəksən  ömür  adlanan bu zəlzələnin sonrakı  yaşamzədələri  kim  olacaq  deyə... Bəzən  itirdiklərinə təəssüf, bəzən də  oxqay hissi ilə. Amma yeniliklərin qarşısını ala bilmərik... Gələn  gələcək, olan  olacaq...

 

lll

 

Şvartsın nağılları... Son vaxtlar bu nağılları nədənsə tez-tez xatırlayıram. İndi deyəsən elə bir mərhələ gəlib  çatıb ki, yenidən  inanmaq  istəyirsən  həmin  qəhrəmanların gələcəyinə. Yenidən  Adi  mocüzələr” olacaqmı? Yenidən içimizdəki “Əjdahanı öldürmək  istəyəcəyikmi? Az  qalıb  axı. Vaxt  azdı.  Şvartsın nağıllarında  Xeyir  və Şərin  mübarizəsi  ədalətlidi. O, həyatı  yazır – bəzəksiz, düzəksiz. Hər  kəsin  içindəki  Əjdahanı  öldürmək  haqqında  düşünür. Özümüzdən aralanmış  kölgələrimizin  saldığı  qorxunc  Kölgələrdən yazır. Hər  şeyi  dəyişəcək  adi möcüzənin  sevgi  olduğuna  inanır. Mən   buna  inanmaq  istəyirəm – vaxt  azdı. Və  bu  vaxt  azlığında əjdahanı  öldürüb də, yenidən  insanlara  səadət  bəxş  edəcək Əjdaha  kimi  bir  qəhrəmanın  varlığına inanmaq  istəyirəm.

“İnsanın tutduğu yola inamı olmayanda, işin sonunu əvvəlcədən görməyəndə tərəddüd edir. İnsan tərəddüd edəndə isə qorxağa çevrilir.Yazıçının da, şairin də, rejissorun da qəhrəmanları, obrazları belədir. Tutduğu yola inamı olanlar və tərəddüd edənlər. Çoxluğa qarşı duran, sonradan çoxluğun onun tərəfinə keçən qəhrəman!”

Bu  fikirlər  isə  yazıya  qəhrəmanlıq  edəcək  Əjdahaya  aiddi. Drakona... Rzaya ...

 

lll

 

“Dərd də bitkilər, ağaclar kimi iqlimlə bağlıdır. Necə ki, bitkilər, ağaclar iqlimə, fəsillərə uyğun olaraq bitirlər, yaşayırlar. Hər ürəkdə dərd də bitmir, yaşamır. Ürək var ki, dərd düşür ora, boy atmır, böyümür, soyuq alır dərdi. Soyuq ürəkdə, yanmayan ürəkdə dərd nə gəzir? Dərd üçün o ürək qışdır. Ürək də var ki, dərd düşür ora, boy atmağa, böyüməyə, çəkilməyə başlayır.

Dərd çəkən ürəkdə dərdə bahardır!

Dərdsiz insan yoxdur, dərdini çəkməyən, dərdini anlamayan insan var”.

Neçə  il  əvvəlin söhbətidi, dostumuz  Əlabbas  Bağırov  zəng  edib naxçıvanlı  bir  oğlanın  mənim  haqqımda  yazı  yazdığını deyir, yazını  tərifləyir. Mən   göndərsin  poçtuma” deyirəm. Kompumun monitorundan bu sözləri oxuyuram,  təəccüblü  gəlir  mənə. Açıb yazını  oxuyanda  xoş  mənada  heyrətləndirir  məni.  Tanıyır  müəllif  deyəsən   məni.  Yazının  sonunda  bəyənmədiyim  fikirlər də  yer  alıb. Razılaşmadığım... Baxıram, telefon nömrələrini də yazıb. Danışaq  görək bu  naməlum müəlliflə... Dəvət  edirəm  onu  redaksiyaya, nə vaxt gələcəyini  söyləyir.   təşrif  buyurur... Ay  aman, qapıdan  içəri  elə  əjdaha  kimi  bir  oğlan  girir. Öz  qabında  hiss eləmir  özünü  deyəsən, sıxılır elə  bil. Mən də müşahidə  edirəm  hətta  dilimi də saxlaya  bilmirəm, “nə qəşəng  oğlansan” – deyirəm. Qızarır uşaq  kimi    bu  nəhəng  vücudun  içində  uşaq  kimi  biri olduğunu  görürəm. Az  sonra  yazının  aqibətini soruşur məndən. Bəyəndiyimi deyirəm, “amma  çap  eləməyəcəm” – deyirəm. Niyəsini soruşur, “çox  özəl  yazıdı”- deyirəm. Həm   yazının  sonunda  dostlarımla  bağlı  xoşuma gəlməyən  ifadələr  işlədilib. “Yazının   bu  hissəsini çıxarmaq lazımdır” – deyirəm. Və qarşılıqlı etirazlar şəraitində yazı kompumun yaddaşında qalır. Özü də yadımda qalır. İnadıynan, ağıllı  mühakimələriynən, şirin Naxçıvan ləhcəsiylə. Və razılaşırıq ki, Rza bizə  yazılar yazacaq. Mənim haqqımda yazdığını çap  eləməsəm də.

 

lll

 

“Bir şəxs, insan bu gün haqqında yazanda, danışanda yalnız bugünkü məqsədlər, vəzifələr və problemlər haqqında yazmır, danışmır. Həm də öz daxilində öncədən yaranmış, yaşanmış təcrübələri, müşahidələri, bilikləri, baxışları xaricləşdirir, mənalandırır. Həm də özü haqqında danışır, yazır. Özünü ifadə edir. Kimliyini başqaları qarşısında müəyyənləşdirir.

İstənilən məqalənin, fikrin, cümlənin, sözün alt qatı var. Bu qatda müəllifin xarakteri, ruhu, həyat tərzi var. Məqalədə hansısa söz, cümlə, abzas ayrılıqda başa düşülməyə bilər, lakin məqalə, kitab bütöv oxunduqda tam məna, ruh aydın olur. Başa düşülməyənlərə, dərk edilməyənlərə həmin ruh aydınlıq gətirir, işıq salır. Həmin ruh, işıq yazılan sözlərdə deyil, deyilən, yazılan sözlərin içindədir, alt qatındadır, sözlə deyilə bilmir. Deyilən sözlərin cəmidir. Axırıncı cümlədən, sözdən, nöqtədən sonra gəlir “O SÖZ”. Deyilən sözlər “O SÖZ”ün qabığıdır. Qabığın içindədir “O SÖZ”.

Bilik əldə etmək çox vaxt, zaman alır.Mükəmməl bilik əldə etmək üçün insan olmazın əziyyətlərə qatlaşır.Hər şeyi dərk edən insan üçün yaşamaq çətinləşir.O, öncədən çox şeyi görür, dərk edir. İnsanlara mənfi təsir edəcək proseslərin qarşısını ala bilməyəndə əzab çəkir. Necə ki deyirlər: Biliyini artıran şəxs qəmini, dərdini də artırır. Hər şeyi dərk etmək, dərk edib yaşamaq çox çətindir. Şəxsiyyətlərsə bunu könüllü seçirlər.

Prosesləri, hadisələri şərh və təhlil edən insanlar, bir də yozan insanlar var. Hadisələri və prosesləri yozan insanlar yuxu yozanlara bənzəyirlər. Necə ki, biri yuxu görür, gəlir yuxu yozanın yanına ki, onun yuxusunu yozsun.Yuxu yozan da öz dünyagörüşünə, biliyinə, yuxu görənin halına, şəxsi marağına, yuxu görənə olan şəxsi münasibətinə görə yuxunu yozur.Yəni yuxu yozmağın ümumi müəyyən olunmuş qayda-qanunu yoxdur, heç nəyə əsaslanmır. Yuxu yozan necə istəyirsə, yuxunu eləcə də yozur. Lakin şərhin, təhlilin isə qayda-qanunu, əsasları var. Şərh və təhlil edən insan elmə, təcrübəyə, sübutlara əsaslanır.

Cəmiyyətimiz elə dövr yaşayır ki, bir çox insanlar o şeylərdən danışırlar ki, onların özündə o yoxdur. Vətənpərvərlikdən, insanpərvərlikdən, sədaqətdən, dostluqdan və s. Bəzi insanlar bu dəyərlərdən çətir kimi istifadə edirlər”.

Yazılar gəldikcə mən bu orijinal müəllifin qəlbini   oxumağa  başlayıram.  Görünür  kimləysə iltibat, rabitə  qurmağın ən vacib şərti də elə budu. Qəlbləri oxumağı  bacarmaq.

 

lll

 

İnsan  tək  qalmağı  sevmir. Daim  tənha  olsa da. Hər  yaşam mərhələsində isə bəlli  bir  çevrə  yaranır. Uşaqlığımızın o əziz  günlərindən  bu günümüzə daşıya bildiyimiz nə  qədər insan qalıb yadımızda? Azdı, bəlkə   heç  yoxdu... Amma o vaxtlar hamıya  dost  deyirdik  axı... Çox  idilər, yox  oldular. Və illər keçdikcə  həyatın, zamanın xəlbirindən keçə  bilmədilər. Ya da  keçirtmək istəmədik. Lazım  deyildi  artıq. Maraqlarımız  dəyişdi, dünyaya  baxışımız  dəyişdi, sevdiyimiz adlar, rəğbətimiz  olan ünvanlar  dəyişdi. Kimsə  bizə  yuxarıdan  baxmağa  başladı, kiməsə biz baxdıq... Türlü  səbəblərdən...  Dəyişir bizi zaman, dəyişir...

Gələn  təhlükədən qorunmaq anlayışı genetik koddur. İbtidai insanın beynində necə varsa bizə də elə  ötürülüb. Onlar öz qorxularını gizlətməyiblər, sığındıqları  kimsələrə  rəğbətlə yanaşıb tabe  olublar. Müasir  insan bunu gizlədir, ya da çox teatral şəkildə ifadə  edir.

İcma  anlayışından fərqli olaraq dostluqda qan  qohumluğu prinsipi yoxdu, burda ruh qohumluğu  var. Və  bu  qohumluğun    dərəcədə  möhkəm  olması  isə  rəğbətdən, anlayışdan, ürək  açıqlığından, təmənnasızlıqdan, inamdan, ümumi  maraqlardan, əyləncələrdən, ideallardan asılıdı....  Demək  asılılıq  prinsipi  var – çətin  məsələdi  kiməsə  dost  demək.  İndi  burda    qədər  məşhur  filosofların  kəlamların da  döşəmək olardı, amma  istəmirəm. Elə  özümüzə  nə olub ki? Özümüzdən  danışaq da ...

 

lll

 

“Bir də var vurub-tutan dəlilər. Bunlara Koroğlunun dəliləri də deyərlər. İndi Koroğlu yoxdu deyə, belə dəlilərin sayını da bilmək mümkün deyil. Yəni dəliləri bir yerə yığan yoxdu. Bəlkə də yığmaq istəyən var, amma Çənlibel məsələsi bu saat çox çətin məsələdir. Gərək milyonların ola, neçə xanı (naziri) soyub-talayasan ki, Çənlibelin yarısı qədər torpaq ala biləsən. Amma bir yazıda oxudum ki, baş redaktor gileylənir ki, harada dəli var gəlir məni tapır, dəlilərimin yeri boş qalmır. Bir dostu da deyib ki, harada özün kimi dəli var, yığırsan başına. Mən o baş redaktoru tanıyıram, o qədər pulu yoxdu Çənlibel ala, amma oturduğu otaqda dəli də bir gün oturmaz”.

Yadımdadı,  bu  abzası  oxuyanda  qəhqəhə  çəkib  gülmüşdüm. Rza bu yazısında çox mətləblərə  toxunub, amma  mənə  də sataşıb.   hər  dəfə  onun duzlu  yazılarını oxuduqca sevinmişəm ki, yeni bir imza  gəlib mətbuata. Hərənin  bir ulduz  saatı var. İndiki  yaşına  gələnə  qədər  Rzanın  çox məşğuliyyətləri  olub  yəqin. Amma  mənə  görə, onun  ən  doğru  yeri  ədəbiyyatdı. Baxmayaraq ki, son  vaxtlar film,  filmdəki Drakon  onu  qadınların xəyalına  çevirib, bura  onun  yeri  deyil,-  deyə  duşünürəm. Deyil.... Görün    maraqlı  mühakimələri  var.

“Əsas məqsədim dəli kimdir sualına cavab tapmaqdır. İnsan niyə dəli olur? Hansı insana insanlar dəli kimi baxır? Dəlilərin fərqi nədir? Keçmişdəki dəlilər.

Dəli insan görəndə niyə qaçır? İnsanlar dəlini görəndə niyə daşlayırlar?! Məni düşündürən, dəli edən əsas məsələ budur. İnsanlar dəlini ona görə daşlayırlar ki, dəli insanlara dəli kimi baxır. Dəli – insanların kimliyinin, necəliyinin dəlilidir! Bu dəlilləri qəbul etmədiklərindən insanlar dəlini daşlayırlar.

Başqalarına yüz daş atırsan dəymir. Dəliyə yüz daş atırsan biri boşa çıxmır. Niyə atılan daşların hamısı dəliyə dəyir?! Bilirsiniz, niyə? Dəli daşdan qaçmır, yayınmır. Onu atılan daşlar dəli edib. Dəli elə daşın dəlisidi də! Dəliyə hər daş atan günah qazanır, hər dəyən daş dəlinin günahını azaldır.

Dəli göyə baxa-baxa qaçır, daş atanlar yerə baxa-baxa! Dəli göydə Allahı axtarır, daş atanlar yerdə daş! Dəli Allaha inanır, daş atanlar daşa! Dəliyə atılan daşlar göydən nə vaxt yağacaq?!”

Və ya

“...Bir də var minalanmış sahə. Bilə-bilə bu sahə minalanıb, nə vaxtsa minalardan birini ayaqlaya bilərsən, amma yenə sənə minalanmış sahədə gəzmək zövq verir, nəfəsin zövq alır.

Bir gün hiss edirsən ki, ayağını qoydun minalardan birinin üstünə, indi nə ayağını minanın üstündən çəkə bilirsən, nə də ayağını minanın üstünə basa bilirsən. Kimisi ayağını minanın üstünə daha möhkəm basır, kimisi səhvini düzəltmək istəyir, ayağını minanın üstündən çəkir – Partlayış! Hər iki halda mina partlayır. Kimisi ölümün üstünə gedəndə ölür, kimisi ölümdən qaçanda ölür!”

Tanış  düşüncələrdi....Doğma....

 

lll

 

Bilirəm ki, ürəyində tutduğu böyük arzusu var. Film  çəkmək. Hətta bunu onunla müzakirə də eləmişik. Təhsil üçün xarici  ölkələrdən birinə getməsə, mümkün olacaq  bir şey deyil – demişəm. Amma  istək olan yerdə  bütün olunmazlar olur, keçilməzlər keçilir. Olar, inşallah...

 

lll

 

Həə.... Mətləb... Nəydi? Əjdaha  vücudlu, uşaq  qəlbli  Drakonun ad  gününə həsr olunub  sanki. Amma  mən  əslində dostluq  haqqında  yazmışam bu yazını.   zaman arasam, bulduğum, ürək qızdırıb dediyin sözləri  də sakit  tavırla dinləyib, ehtiyatla məsləhət də verməyə  çalışan təmənnasız dost haqqında yazmışam. Öz  problemlərini gizlədib də hamıyla ilgilənməyə çalışan, hamıya ürəyinin işığıyla baxan və bundan hər zaman  ziyan çəkən dost. Ürəyinin tavanı çat verən, ürəyi  daman dost... Telefonuna  gələn  mesajlara  yazı yazan  dost... Çox  əziz bir dostumun sözləridi  bu – “sevdiyim  adamları  yaxından  tanımaq  istəməmişəm  heç  vaxt . Fikirləşmişəm ki, gördüyüm  bir qüsur məni  uzaqlaşdırar sevgimdən”. Bu da  maraqlı  yanaşmadı, deyilmi?  Amma  mən  insanları  tanıya-tanıya  ya  yaxınlaşmışam, ya da tamam  uzaq  bir  diyara  çəkilmişəm. Elə  yerə  ki,  orda  mənim  görmək  istədiyim insanlar var. Orda adi möcüzələr baş verir,  orda kölgələr qorxunc Kölgəyə çevrilmir. Orda insan içindəki Əjdahanı özü böyüdüb başqalarının başını  yemir.

“Söz var ki, demək istəyirsən, deyə bilmirsən, sözlər ürəyində ölür, can verə bilmirsən sözlərə, ürəyini çevirirsən söz qəbiristanlığına, sonra bir dənə də olsun diri söz tapa bilmirsən. Nə danışırsan heç kim səni eşitmir, dinləmir, heç demə öldürdüyün sözlərlə bərabər ürəyin də ölüb, sən də ölmüsən. Bütün baş daşlarının üstündə yazılan son kəlmə – Ölü sözdü.

Həyatda elə insanlar var ki, o heç kimə daş atmır. Amma hamı onu daşlayır – daş atmadığına görə. Həyatın qanunu budur – gərək, daş atasan. Amma bir adamın bədəni antibiotik götürür, birininki götürmür. Bədəni antibiotik götürməyən insana antibiotik vuranda, insan şoka düşür. Hamının nə etdiyini anlayırsan, hamının nə edəcəyini yaxşı bilirsən. Edilənləri, ediləcəkləri edənlərdən daha yaxşı edə bilərsən, amma etmirsən, etsən şoka düşəcəksən”.

Mən  öz  diyarımdakı  gerçəklərə  inanmaq  istəyirəm. Mən buna inanmaq  istəyirəm – vaxt  azdı. Və  bu  vaxt  azlığında əjdahanı öldürüb də, yenidən insanlara  səadət  bəxş  edəcək  Əjdaha  kimi  bir  qəhrəmanın  varlığına inanmaq  istəyirəm. Əjdahadan  qorunmağın  yeganə  yolu öz  Əjdahanın  olmasıdı...  Əjdahanı yaşatmaq  lazımdı...

P.S.  Hələ ki həyatımızdakı  nöqtələri  əvəz  edəcək  söz  tapmamışıq....

 

YERDƏ YER YOXDUR YERİ OLANLARA, ƏZİZİM!!!

 

 

İradə Tuncay

 

525-ci qəzet.- 2013.- 18 may.- S.24.