Oralarda kimlər var:
İnqilab Həsənli-4
“GÖRÜŞDÜYÜM SƏNƏTKARLARIN
HƏRƏSİNDƏN BİR ŞEY ÖYRƏNDİM”...
ONLAR NƏ DEDİLƏR: Hacı
Rafiq Savalan –yazıçı-jurnalist
Uşaqlıq
illərində az da olsa korluq çəkən,
həyatın nemətlərindən doyunca bəhrələnməyən
insanlar ailə sahibi olanda övladlarını
gözü-könlü tox böyütməyə
çalışırlar. Mən özüm də belə
olmuşam, dostum, qələm yoldaşım, məsləkdaşım
İnqilab da belədi...
Ötən əsrin
80-ci illərin sonu, 90-ların əvvəlində ölkədə
baş verən hadisələr, keyfiyyət dəyişiklikləri
çoxlarını həyatlarını yenidən qurmağa
vadar etdi. Bu addımı cəsarətlə atanlara,
halallarına haram qatmadan pul qazanmağa başlayanlara Tanrı
da kömək oldu, peşmançılıqdan qorudu
onları...
–
Doğrudur, indi kitabım var demək bir az
şit səslənir, amma yenə soruşum: kitab çap
etdirmisənmi, yoxsa nədən çap etdirməmisən?
– Tofiq,
Allah heç bir SÖZ adamının – şairin,
yazıçının çörəyini sözdən
asılı eləməsin. Sözdən asılı olan
çörək çoxlarını əyib,
sındırıb, Tanrının sevib-seçdiyi,
sözün ağası olmaq üçün
yaratdığı dönüb olub sözün qulu və bu
qul bir loxma çörəyinin xatirinə bazar adamına
çevrilib, “nə yazım, necə yazım ki, daha tez və
daha baha getsin...” təfəkkürü, düşüncəsi
onu SÖZ meydanından uzaqlaşdırıb, sıradan
çıxarıb, var ikən yox eləyib...
1976-cı ildə “Kişisiz evin kişiləri” adlı
bir hekayə yazmışdım və elə həmin ildə
də “Ulduz” jurnalında çap olundu. O hekayənin əlyazmasını
Ramiz Rövşən Filarmoniyanın bağında oxudu və
bütünlükdə hekayə barədə bir neçə
xoş söz söyləyəndən sonra bir epizoda xüsusi
münasibətini bildirdi: kəndin quzularını otaran balaca
çoban xalası oğlunun gətirdiyi bağlamanı
açıb çəmənliyə sərir, bir baş
soğanı yumruğu il əzib duzduyur və
başlayır dovğa ilə çörək yeməyə...
Ramiz: “Mən heç dovğaynan çörək yeməmişəm,
dovğanı yeməkdən sonra elə-belə içmişəm”,
dedi. Ulu yaradanımıza min dəfə, milyon dəfə
şükürlər olsun ki, biz kənd uşaqlarının
çoxu üçün çörəyinin
yavanlığı olan, çeşid-çeşid,
dadlı-dadlı xörəkləri əvəz eləyən
dovğa Ramiz üçün sadəcə ağız
dadını dəyişən bir yemək növü olub.
Ramiz elə bir ailədə doğulub, elə bir ocaqda
dünyaya göz açıb ki, onun süfrəsinə gələn
çörək nitqinə gələn SÖZdən
asılı olmayıb və o, qeybdən gələn, havada
uçuşan səsləri eşidib, sözə
çevirib, olub böyük şair, olub SÖZün və
SÖZÜNÜN ağası...
Bir də, Tofiq, mən həmişə öz peşəmlə,
jurnalist adımla qürur duymuşam, uzun illər də
çörəyimi qələmimlə, sözümlə
çıxarmışam. Ancaq efirdə deyilən sözdən,
qəzet, jurnal səhifələrində çap olunan məqalələrdən,
publisistik yazılardan fərqli olaraq kitab çap elətdirib
YAZIÇI kimi müxtəlif yaşda, müxtəlif
düşüncə tərzində, müxtəlif ovqatda olan
və çox vaxt da heç tanımadığın
adamların – oxucuların qarşısına çıxmaq
son dərəcə məsuliyyətli bir işdir... Yəni
YAZIÇI adının yükü çox ağırdı
və əgər bu yükü daşıya bilməyəcəksənsə,
SÖZdən utanıb bu yükün altına girməməlisən...
Mən də
“Kişisiz evin kişiləri”ndən sonra “Bəyaz gecələrin
soyuğu”, “Dünyanın qırmızı günü” və
bir neçə başqa hekayə, habelə “Qorxu” adlı
povest yazsam da, onları kitab kimi çap elətdirib, oxucu
qarşısına çıxmağa, özümə
yazıçı deməyə ürək eləmədim...
– Ailənə
yaxından bələd olmasam da, bilirəm ki, ailə sahibi
kimi həmişə var olmusan. Onların sənin
işində bir üstünlüyü olubmu? Onların
yardımını hiss etmisənmi, şayət indiki
xanımına rast gəlməsəydin, bu ömrü
yaşaya bilərdinmi?
– Tofiq,
dostumuz Qara Tağızadənin sənin toyunda dedikləri
yadındadımı? Qara mikrofonu götürüb: – “Əgər
Tofiq də evləndisə, daha nə dərdimiz... – dedi və
çoxumuz bu sözün dərinliyinə varmadan
gülüşdük... Əslində, Qara sənin də əksər
tanınan, sevilən qələm dostlarımız kimi hər
xanıma könül vermədiyini,
seçib-sonaladığını, yaxşıların
yaxşısını axtardığını nəzərdə
tuturdu və axır ki, axtarıb tapdığını
görüb bizim hamımız kimi sevinirdi...
Mənim isə sizin kimi seçim imkanlarım yox idi. Yəni bir az
əvvəl dediyim kimi anamla mən körpəliyimdən bir
damın altında tək yaşamışıq, həm də
çox pərdəli olmuşuq. Təsəvvür
elə ki, otuz yaşıma qədər nə anam mənə
“Oğlum, yaşın ötür, evlən” demişdi, nə
də mən “ana, artıq neçə illərdir oxuyub
qurtarmışam, işləyirəm, icazə ver evlənim”
deməyə cəsarətim çatırdı. Axır
ki, bir dəfə anamla birlikdə rayona gedəndə xalam
qızı anamın ismarıcını mənə
çatdırdı: “İnqilaba deyin evlənsin”. Mənim
fikrimsə çoxdan qətiləşmişdi: “Anam kimi istəsə
onunla evlənəcəm”.
Beləcə
xalam və xalam uşaqları kəndimizdəki
özümüzə bab, zəhmətkeş
bir ailənin qızı olan, Gəncə Pedaqoji
İnstitutunda oxuyan indiki həyat yoldaşımı məsləhət
gördülər... Və mən bu qismətimə
görə Allahımdan yerdən göyə qədər
razıyam. Çünki dörd
övladımın anası olan xanımım mənim ürəyimdən
keçənləri gözümdən oxuyan, ən çətin
məqamlarımda bir sözüynən, ağıllı məsləhətləriynən
içimdəki bütün sıxıntıları çəkib
canımdan çıxarmağı bacaran sözün həqiqi
mənasında yeganə DOSTUMDUR. Onun tərbiyə elədiyi
qızlarım isə məni həyata bağlayan, məni
yaşadan əvəzsiz bir varlıqlar, qiyməti olmayan bir
Tanrı paylarıdır...
–
Filologiya elmləri doktoru Adilxan Bayramov sənin telefonunu mənə
verəndə dedim: sən İnqilabdan nə soruşmaq istərdin.
Dedi, soruşmaq istərdim ki, CANIN BAŞIN NECƏDİR? Və
üstəlik onu da deyim ki, Adilxan müəllim sənin
haqqında bir yazı yazmağımı istədi...
– Adilxan
müəllim ədəbiyyatımızın, xüsusilə
ağız ədəbiyyatımızın çox
istedadlı, eyni zamanda cəfakeş, fədakar
araşdırıcısıdır. Ən başlıcası
isə o, kabinet alimi deyil, cəmiyyət üçün
açıq adamdı, öyrəndiklərini, bildiklərini
mətbuat, radio, televiziya vasitəsi ilə
paylaşmağı sevən və bu işi bacaran
ziyalıdır... O ki qaldı mənimlə bağlı
söylədiklərinə, diqqətinə görə sonsuz
sevgimi, sayğımı çatdır ona, denən çox
sağ olsun, min yaşasın...
– İnqilab səndən nəyi soruşmağı
unutdum? Məndən nə soruşmaq, mənə nə demək
istərdin?
– Vallah, nə
bilim, ay Tofiq, sənin unutduğun mənim yadıma hardan
düşər ki... O ki qaldı səndən nə
soruşmağıma, sənə nə deməyimə, bu
başqa məsələ... Əvvəla, sənə çox
sağ ol deyirəm ki, illər sonra əlinə qələm
alıb söznən başbaşa qalmağın, içimdən
keçənlərin az bir qismini olsa da
sözə çevirməyin sevincini yaşatdın mənə.
Bir də məni ömrümün elə
çağlarına – aylarına, illərinə qaytardın
ki, orda ANAM vardı, orda ruhu göylərdə gəzən
cavanlığım vardı...
Bir də
Tərtərin Hüləbətlisi qədər mənə doğma olan bir kənd
vardı o illərdə – Şəmkirin Dəllər Cəyiz
kəndi. Orda məni nə qədər çox istəyən,sevən insanlar vardı,ilahi. Qardaş nədi,bacı nədi
bilməyən canım birdən-birə heç görmədiyim,
duymadığım hissləri
yaşatdılar mənə. Hər gəlişim bəlkə
də, məndən çox onları – şair dostum Taleh Həmidin üç
qardaşını, üç bacısını sevindirdi.
İllah da ki, Əşrəfin övladlarını – Taleh əmiləri bir
yana, mən əmilərinin gəlişi əsl toy-bayram olurdu onlar
üçün.
Bəs mən neylədim? O boyda sevgiyə,məhəbbətə
sona qədər
qarşılıq verə bildimmi? Min kərə, milyon kərə təəssüf
ki,yox.Bir çox xeyir-şərlərində iştirak eləyib,sevincli,kədərli
günlərində Talehin yanında olsam da,son vaxtlar
böyük qardaşımız Əşrəfin, bir ya ərzində
dünyasını dəyişən iki bacımızın (hər
üçünün ruhu şad olsun) itgisinə şərik
ola bilmədim. Həkimlərin maşın sürmək,uzaq səfərə çıxmaq qadağası məni daha ağır dərdə
düçar elədi...Xəcalətimdən üzə
çıxmağa üzüm qalmayıb...
Əslində
bu sətirləri yazmağın özü bir əzabdı. Ancaq fikirləşirəm ki, etiraf da bir təsəllidir.
Orda bir çox dostlarımızla birlikdə SƏN da
vardın...Tofiq...
Tələbə idim, səhv eləmirəmsə, ikinci
kursda oxuyurdum.
Sənsə tanınmış şair, jurnalist
idin. O dövr ədəbiyyatımıza, mətbuatımıza
yepyeni bir hava gətirən, təptəzə bir yol açan
“Qobustan” toplusunda o çağacan görmədiyimiz,
oxumadığımız tərzdə – bəzən xəbəri
mübtədasından əvvəl gələn, adamın
ağlından öncə hissinə, duyğusuna təsir edən
cümlələrlə yazdığın məqalələr,
ən başlıcası isə sənin yazdıqlarından
daha artıq sərbəst və səmimi olmağın məni
sənə bağladı. Bəlkə elə buna görə
də sənət adamları barədə qələmə
aldığın ilk yazını – Azərbaycan Akademik Dram
Teatrının gənc və çox istedadlı aktyoru Səməndər
Rzayev haqqında yazdığım məqaləni “Qobustan”a gətirdim
və sən də əlindəki işi yarımçıq
qoyub o yazını oxudun, bəyəndiyini deyib öz stilində
bir-iki ağız da təriflədin məni. Nə gizlədim,
ondan sonra səni daha çox istədim... Bir də, SƏNİ
KİM ÇOX İSTƏMİR Kİ?!.
Hacı
Rafiq Savalan – yazıçı-jurnalist (davamı)
Allahın
himayəsinə sığınıb özünü tamamilə
yeni bir sahədə sınayanların biri də İnqilab
oldu: jurnalist, publisist kimi kifayət qədər tanınan,
yazıçı kimi çap olunmuş bir neçə
yazısı ilə diqqət çəkən İnqilab Həsənli.
İndi az qala iyirmi ildir ki, əməlli-başlı uyuşa
bilməyən bir təzə yoldadır İnqilab və Allaha
çox şükür ki, necə deyərlər
yükünü təpəyə yığıb,
üç övladını ev-eşik, ailə sahibi eləyib,
inşaallah Şəlalənin də xeyir işində biz də
iştirak edərik tezliklə... Qaldı yaradıcılıq
məsələsi... Son vaxtlar İnqilabın
ovqatında yenə də 90-ların əvvəlinin havası
duyulur, elə bil nəsə axtarır, narahatdır.
Yaxşı tanıyıram onu, ürəyimə damıb nə
axtarır... 15-20 il əvvəl yazı
masasının siyirmələrindən hansındasa, Qəndab
xanımın ayrılmaq istəmədiyi cehiz
dolablarının hansınınsa küncündə gizlətdiyi,
bir qədər mübaliğəli da olsa, hələ də
Azərbaycan radiosunun qoxusu duyulan qələmini axtarır
İnqilab. Çox gözəl! Gec deyil hələ... Xeyir işə Allah da zamindir. Heç olmasa bir
avtobioqrafıq roman, son illər müasir nəsrimizdə
çox az rast gəlinən, əsl mənsur
şeir dilində bir neçə duyğulu hekayələr
yaza bilər. Amma gərək tələsə, ömür
gedir, mən 80-i xırdalamışam, İnqilab isə 70-i...
... İnqilab barədə danışanda,
düşünəndə, inanın, səmimi deyirəm, kədərlənirəm.
Çünki İnqilab qələmi çox tez qoydu yerə,
bununla da jurnalistikamız, publisistikamız, elə
bütövlükdə nəsrimiz, kənd həyatını,
bu həyatı yaşayanların psixologiyasını
yaxşı bilən, şirin, şirəli, sadə
danışıq dili ilə söhbət açmağı
bacaran bir qələm adamını itirdik...
(Son)
Tofiq ABDİN
525-ci qəzet.- 2013.-
18 may.- S.23.