“Azərbaycanda milli siyasət burada
yaşayan xalqların tam hüquq bərabərliyidir, heç
kimə üstünlük verilmir” (davamı)
Müsahibimiz
Mədəniyyət və İncəsənət Universitetinin
sosial- siyasi elmlər kafedrasının müdiri, fəlsəfə
elmləri doktoru, professor Əlikram Tağıyevdir. Söhbətimizin
mövzusunu əsasən millətlərin
yaranması, təşəkkül tapması və
inkişafında müxtəlif ideologiyaların, dinin, diaspor və
lobbinin rolu, milli birlik məsələləri, milli mentalitet və
buna əsasən millətlərin təsnifatlaşdırılması,
qloballaşma fonunda milliliyin, milli dəyərlərin
qorunması, etnik münaqişələrin yaranma səbəbləri
və problemdən çıxış yolları təşkil
edir.
–Məqalələrinizin
birində vurğulayırsınız ki, marksizmə görə,
mədəniyyəti aşağı olan bir xalq mədəniyyəti
yüksək olan bir xalqı işğala məruz qoyarsa onda
o, mütləq mədəniyyəti yüksək olan
xalqın mədəniyyətini qəbul edəcək...
–
Doğrudur. Məsələn, makedoniyalılar zəngin və
həşəmətli İran imperiyasını, orta
Asiyanı (Soqdiyanı) və Hindistanı tutandan sonra yerlilərin
yüksək mədəniyyəti onları valeh etdi, İsgəndər
və yunan elitası artıq İran libaslarını geyinməyə,
qızıl-gümüş və billur qablarda yeyib-içməyə
başladılar, halbuki onlar dağlıq və kasıb
Makedoniyada və Yunanıstanda bunları heç yuxuda da
görə bilməzdilər. Ona görə də İsgəndər
bu xalqları birləşdirməyə
çalışdı, 10 min yunan oğlunu 10 min iranlı
qızla (fars və midiyalı) evləndirdi. O
iranlıların və yunanların birləşməsində
hibrid bir millət yaratmaq istəyirdi. Bu məqsədlə
özü əvvəlcə Rövşənəki (Roksana),
sonra isə Daranın iki qızı ilə evləndi. Dostu
Qafsetona isə Midiyanın Satrapı Atropatın
qızını aldı. Eləcə də ərəblər.
Onlar tarix səhnəsinə çıxanda bir tayfa idilər.
İranı və Turanı işğal edəndən sonra
varlandılar. Mirzə Fətəli Axundovun dediyi kimi “ac-yalavac
ərəblər Vətənimizi çalıb-çapmaq
yolu ilə varlandılar və mədəniləşdilər”.
Onlar Şərqin həmişə mədəniyyət mərkəzi
olmuş İranı (eləcə də Azərbaycanı) əldə
etməklə onların zəngin mədəni sərvətlərini
də əldə etdilər və bunun nəticəsində
onlarda elm və mədəniyyət yüksək sürətlə
inkişaf etməyə başladı. Xəlifə Əl-Malik
deyərdi ki, biz ərəblər min illərllə İran
imperiyasının tərkibində olmuşduq. Amma onlar bizə
heç bir ehtiyac duymayıblar. Amma bizim cəmisi 100 illik bir
tarixi dövrdə hakimiyyətimiz onlarsız keçinmir.
Dövlət idarəçiliyində iranlıların zəngin
təcrübəsi olmadan xilafət Çindən
İspaniyayadək yayıla bilməzdi. İranlı Cəfər
Bərməki nəslinin hakimiyyətdən
uzaqlaşdırılması xilafəti zəiflətdi.
Eləcə
də Səlcuq imperiyası dövründə
Nizamülmülkün öldürülməsilə imperiya tədricən
zəifləyir və parçalanır. Orta əsrlərin dəqiq
nizam-intizamı vardı. Bu dövrdə Şərqin
üç böyuk xalqı əmək
bölgüsünü öz qabiliyyətinə görə həyata
keçirirdi. Ərəb dili elm və fəlsəfədə,
fars dili divan işlərində və şeirdə, türk
dili isə orduda işlədilirdi. Bu qayda Azərbaycanda hətta
ruslar buraya gələnədək belə davam edirdi. Ruslar Azərbaycan
xanlıqları arasında farsca yazışmaları aradan
qaldırdı, bu işin elə “tatarca” da edilə bilməsini
əsas tutdular. Bu da əslində Azərbaycan dilinin
sonrakı inkisafı üçün səmərəli oldu.
Ruslar bu siyasəti həm də ona görə həyata
keçirirdilər ki, onlar Şimali Azərbaycan
xanlarının və eləcə də əhalinin İranla
olan əlaqələrini zəiflətsin. İkinci bir tərəfdən
Yermolov təbiətcə nə qədər qaba və sərt
bir adam olsa da çarizmin yerlərdə siyasətini həyata
keçirirdi. Yerli – məktəblər açır və
Rusiya üçün işləyəcək yerli kadrlar
yetişdirirdi. Qafqazın “prokonsula”
vəzifəsini yerinə yetirən Yermolov 1816-1826-cı
illərdə – keçirdiyi bütün tədbirləri
Rusiya imperiyasının Qafqazda möhkəmlənməsinə
xidmət edirdi. Bu yolda o yeri gəldikcə ermənilərdən
də istifadə edirdi. Milliyyətcə erməni olan Mədətov
və Behbudov kimi hərbçilər də ona kömək
edirdilər.
– Milli və
dini vəhdətin əldə olunması üçün
tarixən bir sıra ideologiyalar hakim mövqe tutub. Bunlardan
türkçülük, islamçılıq və azərbaycançılıq
ideologiyalarını bəzən bir-birinə qarşı
qoymağa çalışıblar. Sizin bu barədə
hansı fikirləriniz var?
–Azərbaycançılıq
elmdə və siyasi ədəbiyyatda artıq bir paradiqma kimi
irəli sürülüb, onun yaranışı, təkamülü,
hazırki vəziyyəti, xüsusiyyətləri,
türkçülükdən fərqli cəhətləri və
sair müəyyən tədqiqatların obyekti olub. Azərbaycançılığın
milli ideya kimi seçilməsi heç də onun
türkçülüyə qarşı qoyulması demək
deyil. Türkçülük ümumi, bir qədər də
romantik səciyyə daşıdığı halda, azərbaycançılıq
daha real və praktiki görünür, yerli xalqlar, xüsusən
də azsaylı xalqlar üçün daha məqbul və cəlbedicidir.
Etnik millətçilik olan türkçülükdən fərqli
olaraq azərbaycançılıq siyasi-coğrafi millətçilikdir
və bütün respublika xalqları və vətəndaşları
üçün inteqrativ rol oynayır. Ona görə də
azərbaycançılıq qarşıya qoyulmuş məqsəddir,
dövlətçiliyin möhkəmləndirilməsi yolunda
bir vasitədir. Hər bir xalqın, millətin, tayfanın,
regionun və hətta ayrılıqda
götürülmüş bir insanın özünəməxsus
müəyyən bir ideyası, fikri, amalı, yəni,
uğrunda mübarizə apardığı bir məqsədi
olur. Bu fenomen özlüyündə ya milli ideyanın
özüdür, ya da ona yaxın bir anlayışdır. Bu
ideyalar geniş və dar mənada işlənə bilər. Məsələn,
Qərb ideyası ilə yanaşı “alman ideyası”,
“fransız ideyası”, “anqlo-saks ideyası” və sair
mövcuddur. “Slavyan ideyası” ilə yanaşı olaraq “rus
ideyası” mövcud olduğu kimi, “islam ideyası” və
“türk ideyası” ilə bağlı olan bir “Azərbaycan
ideyası” da olub və indi də var. Bu ideyalar
özlüyündə öz siyasi-coğrafi məkanlarını
çıxış nöqtəsi sayırlar. Məsələn,
Qərb ideyasının məqsədi “Avropa evidir”. Slavyan
ideyasının və eləcə də türk
ideyasının məqsədi “Avrasiya evinə” sahib
olmaqdır. Bu ideyalar öz “evlərini” qurub yaratmaq
üçün bəzən başqalarını rədd
edirlər. Məsələn, Qərb ideyası “West is against
Rest!” (Qərb hamıya qarşı!) şüarından bir
vasitə kimi istifadə edir. “Qafqaz ideyası” “Qafqaz –
qafqazlılar üçün” şüarını irəli
sürür. Belə olan şəraitdə “Azərbaycan
ideyası” da Azərbaycanı özünə
sığınacaq bilir, onun siyasi-coğrafi vəhdətini
ön sıraya qoyur.
–Konkretləşdirsək,
azərbaycançılıq nəyi tələb edir?
–Azərbaycançılıq
– respublikanı məskunlaşdıran xalqlarda Azərbaycan
dövlətinə mənsubluq hisslərinin
formalaşdırılması, ölkədə vahid vətəndaş
siyasi mədəniyyətini inkişaf etdirmək vəzifələrinin
yerinə yetirilməsini tələb edir. İnsanlar öz
polietnik rəngarəngliyini politik rəngarəngliyə
çevirməməlidir. Əksinə,
çalışmalıdırlar ki, yaşadıqları Azərbaycan
Respublikasının ümumi maraqları və mənafeləri
kölgədə qalmasın. Milli ideyalar milli liderlərin ətrafında
sıx birləşəndə reallığa çevrilir. Azərbaycanın
ulu öndəri Heydər Əliyev milli ideologiyanın təcəssümüdür.
Onun şəxsiyyəti, fəaliyyəti, siyasi-əxlaqi
keyfiyyətləri, elmi-nəzəri irsi əsl azərbaycançılıq
nümunəsidir. Heydər Əliyev milli ideologiyanın təməlini,
güşə daşını qoyub və indi də bu ideya həmin
özül üzərində qərar tutub. Heydər Əliyev
böyük hərflərlə yazılan azərbaycanlı
idi. Özü də əbəs yerə deməyib: “Mən həmişə
fəxr etmişəm, indi də fəxr edirəm ki, azərbaycanlıyam”.
Heydər Əliyevin Azərbaycan xalqı qarşısında
xidmətləri əvəzsizdir. İstər iqtisadi, istər
siyasi-hərbi-ideoloji, istərsə də xarici və daxili,
istər sosial-mədəni, mənəvi sahələrdə
qazanılan uğurlar bilavasitə onun adı ilə bağlıdır.
Ulu öndərin 90 illik yubileyi haqqında Azərbaycan
Respublikasının Prezidentinin 21 yanvar 2013-cü il tarixli sərəncamında
deyilir: “Azərbaycan məfkurəsinin parlaq
daşıyıcısı kimi Heydər Əliyev öz
müdrik siyasəti, dönməz əqidəsi və tarixi
uzaqgörənliyi sayəsində milli dövlətçilik
ideyasının gerçəkləşdirilməsinə,
müasir Azərbaycan dövlətinin qurulmasına və
xalqımızın müstəqillik arzusuna çatmasına
nail olub”. Bu baxımdan xalq milli ideyanı milli liderin ideyası
kimi qəbul edəndə onun rolu daha da artır və yalnız o halda milli ideya dönməz
olur. Azərbaycançılıq iqtidar tərəfindən
hakim ideyaya, bir siyasi xəttə, dəsti-hərəkətə
çevrilib. Azərbaycanı bütün ölkə vətəndaşlarının
mənafelərinə uyğun gəldiyinə görə onu hər
yanda dəstəkləyirlər. Azərbaycançılıq
tarixən osmançılığın Türkiyədə
oynadığı rolu Azərbaycanda oynamalıdır. Bu
keçid dövründə ölkənin və onun
xalqlarının vəhdətini qoruyub saxlamaq
üçün ortaya atılmış çox uğurlu
siyasi bir ideyadır.
(Ardı var)
Sevinc MÜRVƏTQIZI
525-ci qəzet.-
2013.- 18 may.- S.22.