Sən doğulan günə salamlar olsun, adaş!

 

Xalq artisti, professor Ramiz Quliyevin doğum günü münasibətilə

 

vaxtsa oxumuşdum ki, bəşəriyyətin ən böyük, möcüzəli kəşflərindən biri çörəkdir.

Çörək dedim, məşhur Ağdam bazarında satılan yağı, pendiri, balı, qaymağı...özündə olan yumyumuşaq təndir çörəyi yadıma düşdü. Xüsusilə Bahar xalanın dəmyə buğa unundan bişirdiyi, ətri bazarı bürümüş açıq çəhrayı rəngində olan dəyirmi təndir çörəyi...

Yoxdu o bazar, yoxdu o Bahar xala, yoxa çıxdı o təndir çörəkləri, qeyb oldu o günlər...

Zəng gəldi telefonuma, Ramiz Quliyevin həmin təndir çörəyi kimi ətirli, şirin səsini eşitdim:

Adaş, salam, zəhmət olmasa şənbə günüSpeystelekanalına gəl, ad günümdür.

Telestudiyada ilk gözümə dəyən Ramizin qol-qanadı alışıb yanan sədəfə tutulmuş tarı oldu.

Mənə elə gəlir ki, çörək kimi  tar da bəşər övladının ən böyük kəşfindən biridir.

Milli musiqimizi, xüsusilə muğam sənətimizi tarsız təsəvvür etmək mümkün olan deyil.

Ramizin tarı isə bir başqa aləmdir.

Çanağı Qarabağda çox məşhur olan qiymətli şah tut ağacının gövdəsindəndir həmin tut ağacının yarpaqlarını Şuşa tərəflərdən əsən dağ küləklərinin şipşirin nəfəsi sığallayıb, köklərini Qara qayadan axıb gələn dadlı sular oxşayıb, budaqlarını qaratoyuğun cəh-cəhləri bəzəyib, kölgəliyini yamyaşıl çöl  çiçəkləri bürüyüb.

Ona görə Ramizin ustad barmaqları simlərə toxunan  kimi, o küləklər, o bulaqlar, o cəh-cəhlər, o çəmən çiçəkləri bir-birinə qoşulub çağlamağa başlayırlar.

Sən bu dünyaya, xoş gəlmisən, adaş, yasəmənlər salxım-salxım açanda, lalələr qoşun çəkib çölləri, yamacları bürüyəndə, qızılgül qönçələrininburnu qanayandagəlmisən bu dünyaya, xoş gəlmisən bu gəlişinlə möcüzəli tarımızı da ucaltmısan tarınla bərabər özün ucalmısan.

Həmişə ucalarda, həmişə zirvələrdə, dostum, qardaşım, mehriban adaşım.

İndi 2007-ci ildə  sənin adına yaza bildiyim şeirə söz verirəm:

     

 

RAMİZİN DURNA TARI

  

Xalq artisti, əzizim

Ramiz Quliyevin adına

  

Qollarını

sarmaşıq kimi

dolayıb Ramizin qollarına

Başını sinəsindən qaldırıb

mürgüdən oyandı tar.

Gümüşü sədəflərin

cilvəli dalğalarına

boyandı tar.

Çağlamağa başladı,

başladı

Simlərin şümşad səsi.

Damcı-damcı süzüldü

Mizrabın hər kəlməsi.

  

Xəyalların ağuşunda

Uçub getdik dağlara.

O uzaq yaxınlara

O yaxın uzaqlara...

Bənövşə ətri bürüdü

dünyanı.

Sehirli bir duman aldı dörd yanı.

Çəmənlər, çiçəklər havalandı,

Dedim ki, Allah, Allah!

Bu həsrət, bu ayrılıq,

Yalan sözdü, yalandı...

Bizlərə qalxındeyər

Bu tarın cəsarəti.

Sonra hərdən gecələr

Ramizindən xəlvəti

Dumanlara,

küləklərə,

mələklərə

yalvara-yalvara

qanad alar,

uçub gedər

Ağdama, Şuşaya sarı

Ramizin bu durna tarı,

kövrək tarı.

Qəzəbindən tir-tir əsən

Güllə dolu tüfəng tarı!

 

 

Ramiz Məmmədzadə                                             

may, 2013-cü il

 

525-ci qəzet.- 2013.- 18 may.- S.19.