Sarı simnən...

 

Ustad tarzən, Azərbaycanın Xalq artisti Ramiz Quliyevə ithaf olunur

 

Duyduqca ürəyim nur varaqlayar,

Dərər ümidlərim bar sarı simnən.

Elə pıçıldayarkar da ağlayar,

Bayılar vicdanı korsarı simnən.

 

Asiman yoludur məğrur biləyi,

Pərdələrmuğamlı körpə bələyi,

Tardı millətimin Sevgi mələyi,

Hər qəlbin söhbəti var sarı simnən.

 

Ağlayan gözlərdə yaş dili bilər,

Çeşmələr dindirər, daş dili bilər,

Peyğəmbər xislətlim quş dili bilər,

Toxuyar al-əlvan xalları simnən.

 

Könüllər güldürər, qəmlər sildirər,

Dastanlar danışar, müjdə bildirər,

Ürəyi nəğməli ərlər-ərənlər

Yerinnən oynadar dağları simnən.

 

Xalqıma yad olan bəstələr, sürün!

Tar, sənə qurbanam, hər yerdə görün!

Mizrabda baxta bax! – sədəf ömrünün

Yaşana ən gözəl çağları simnən.

 

Gümüşü zildədir, qızılı bəmdə;

Hikmətlər görmüşəm yazılı simdə,

Qardaşım Ramizin tar sinəsində

Segaha çəkdirər ahları simnən...

30.04.2013

 

 

Vahid Əziz

 

525-ci qəzet.- 2013.- 18 may.- S.19.