Dörd il və
...qarşıdakı bir ömür
Universitet
hər şeydən əvvəl tələbə həyatıdır.
Bu qaynar tələbə həyatı universitetin məzmunu, mənasıdır.
Bakı Dövlət Universiteti həm öz miqyası ilə,
həm fakültələrinin və ixtisaslarının
sayı ilə və həm də tələbələrinin miqdarı
ilə Azərbaycan təhsil mühitinin aparıcı müəssisəsidir.
Burada rəhbərlik-tələbə, müəllim-tələbə
münasibətləri bir çox mənada ideal səviyyədə
qurulub.
Və...
etiraf edək
ki, bu münasibətlərin
ideallığı birbaşa
universitetin rektoru, akademik Abel Məhərrəmovun
həm pedaqoji yaradıcılığından, həm də rəhbərlik prinsiplərindən
qaynaqlanır. Rektora görə
universitetdə hər
şey tələbə
üçün, hər
kəs tələbə
üçündür. Hər il sentyabrın
ilk dərs günündə
rektorun birinci kurs tələbələri
ilə görüşü
universitetə ilk dəfə
qədəm basan tələbənin ömür
yaddaşına çevrilir.
Həmin gün, elə o ilk görüşdəcə
hələ ağlında
orta məktəbin isti münasibətlərinin
nostalji hisslərini yaşayan bu gənclər rektorun səmimi, bir az kövrək, bir az lirik
hisslərlə söylədiyi
nitqindən dəqiq anlayırlar ki, bəlkə də indi daha doğma,
daha səmimi bir mühitə düşüblər...
İllər keçir və bu tələbələr hər gün, hər saat rektorun
qayğısını hiss edir, öz evləri,
öz valideynləri qədər əziz və doğma universitet mühitinin səmimiyyətindən ayrılmaq
istəmirlər. Və rektor haçansa-dörd il əvvəl birinci kursun birinci dərs günündə görüşlərinə
gəldiyi bu tələbələri bir
də dördüncü
kursun sonunda – onların universitetdən ayrılmaq vaxtının məqamında
o tələbələrlə görüşə gəlir.
Bu dəfə onları daha yaxşı dinləmək,
problemlərini öyrənmək,
xüsusilə qarşıdakı
dövlət imtahanlarını
uğurla başa vurmaq üçün ürəkləndirmək, tövsiyələrini
vermək üçün.
Bu görüşlərdə heç bir tələbənin sözünün
ürəyində qalmaması
üçün onlara
iki gün vaxt ayırır: dəqiq elmlər fakültələri və
humanitar elmlər fakültələri. Bu, bir ənənədir.
Abel Məhərrəmov universitetdə
yetişib boya-başa
çatan tələbələrin
– cəmi ikicə aydan sonra bir
mütəxəssis kimi
müstəqil iş həyatına qədəm
qoyacaq bu gənclərin elmi, psixoloji, peşə hazırlığının nə
yerdə olduğunu bir daha şəxsən
özü öyrənmək
istəyir.
Bu dəfəki ənənəvi
görüş mayın
15-də və 16-da baş
tutdu. Saat on birdir. Universitetin dəhlizlərində
qəribə bir tələbə axını
var. Kənardan bir reportyor gözü ilə baxıram və bu tələbə
axını içimdə
bir qürur hissi doğurur. Çünki universitetin
son kursunda oxuyan, yaxın günlərdə bu isti yuvanı tərk edəcək tələbələrin üzündə,
gözündə hər
şeydən – ölkədən,
onun inkişaf sürətindən, yeni həyatdan və nəhayət, Azərbaycan
deyilən bu məmləkətin qürur
yerlərindən biri olan Bakı Dövlət Universitetindən
bir razılıq, bir arxayınlıq ovqatı var...
Tələbələr universitetin böyük akt salonuna toplaşır
və təyin olunmuş dəqiq vaxtda rektor görüşə
çatır. Tələbələrin üzündə, gözündə müstəqil
insanın, sözünü
mütləq deyə biləcək adamın arxayınçılıgı var. Rektor əvvəlcə özü qısa bir nitq söyləyir.
Onun bu nitqində
sabah istehsalata yollanacaq bu tələbələrin
müstəqil Azərbaycan
deyilən gözəl
bir Vətənləri
olduğunu, bu Vətəni Heydər Əliyev kursu ilə sabaha inamla aparan Prezident
İlham Əliyevin gənclərə bəslədiyi
inamın, güvəncin
böyüklüyünü, elmi, pedaqoji istiqamətdə fəaliyyət
göstərmək istəyənlərə
universitet qapılarının
həmişə açıq
olduğunu, bu son kurs tələbələrindən
ayrılmağın şəxsən
onun üçün də çətin olduğunu dilə gətirir. Rektorun nitqində qəribə kövrək hisslər var və bu
kövrəkliyi onun aşağıdakı sözləri
bir az
da artırır:
– Universitet sizin həyatınızda silinməz
iz buraxacaq. Burada təhsilə sərf etdiyiniz dörd il
bundan sonrakı ömrünüzün təməli
olacaq. Bu sonrakı
ömür universitetdə
aldığınız bilikdən
çox asılı olacaq. İndi dünyanın aparıcı
dövlətləri keçmişdəki kimi silahlarının çoxluğu
ilə deyil, elmi potensialının gücü ilə öyünməyə başlamışdır.
Bu elmi gücü
xalqa, millətə universitet verir. Universitet müqəddəs bir məbəddir, bu məbəd sizin yolunuzu nurla dolduracaq və həmişə – həyatınızın
bütün anlarında
sizin köməyinizə
gələcək. Bu köməyin daha etibarlı, daha dayanıqlı olması üçün biz indi sizin dövlət imtahanlarından alınacaq
qalıq biliklərinizi
yoxlamaq istəyirik.
Mən uzun illərin təcrübəsindən görmüşəm
ki, dövlət imtahanları tələbələri
daha məsuliyyətli
olmağa sövq edir. Bilirsinizmi, universitet dörd
möhtəşəm özül
üzərində dayanan
bir binaya bənzəyir. Bu özüllər ixtisas bilikləridir. Dövlət imtahanı sizə bu özülün nə qədər möhkəm olub-olmadığını
göstərəcək. Heç nədən çəkinməyin,
universitet rəhbərliyi,
müəllimlər və
şəxsən mən
həmişə sizinləyəm.
Rektor daha bir çox
ibrətamiz misallarla nitqini yekunlaşdırır:
– Mən bu görüşə
sizi dinləmək üçün gəlmişəm.
Kimin nə sözü var, buyursun!
Rektora sözü
olan tələbələr
səliqə-səhmanla salonun
ortasında onlar üçün quraşdırılmış
mikrofona yaxınlaşırlar. Hüquq fakültəsinin
tələbəsi mülki
hüquq kafedrasından
dövlət imtahanlarına
düşən sualların
həddindən artıq
çox olduğunu, digər kafedralarla müqayisədə tarazlığın
gözlənilmədiyini bildirir.
Rektor dərhal fakültənin dekanına
sualları yarıya endirməyi tapşırır.
Valideynlərdən biri tarix fakültəsində
oxuyan oğlunun həmişə imtahanlardan
əla qiymətlər
aldığını, lakin
son bir imtahandan aşağı qiymətə
görə fərqlənməyə
düşmədiyini bildirir. Rektor dərhal prorektora göstəriş verir:
– Baxın, həqiqətən
də o tələbə
dörd il
müddətində bütün
imtahanlardan əla qiymət alıbsa, onun yenidən imtahan verməsinə şərait yaradın.
Jurnalistika fakültəsinin son kurs tələbəsi müəllimlərdən
birinin (adını çəkir) ona qərəzli münasibət
göstərdiyindən və
ona qərəzlə aşağı qiymət yazdığından şikayət
edir. Rektor məsələ ilə ciddi maraqlanacağını bildirir
və elə tələbəni bu cəsarətinə görə
də təqdir edir.
Daha sonra neçə-neçə tələbə
tədris-təlimlə bağlı
problemlərini dilə
gətirir və rektor onların hər birini salonda oturmuş müvafiq qurum rəhbərlərinin yanına
dəvət edib problemi dərhal – elə indicə həll etmək tapşırığını verir. İki saatdan çox
davam edən görüşün birinci
hissəsi bitmək üzrədir. Rektorun tələbələrin
hər biri ilə şəxsən söhbətindən və
bu söhbətin səmərəliliyindən çox
razı qalan digər tələbələr
bu razılıqlarını
alqışlarla ifadə
edirlər. Görüş çox səmimi keçir. Səmimiyyət o qədər güclüdür
ki, görüş bitəndən sonra da tələbələr salonu tərk etmək istəmirlər.
Bir az keçir
və salon boşalır.
Hamı üçüncü mərtəbənin
dəhlizinə çıxır.
Ancaq dəhliz yenə də tələbə axını ilə üz-üzədir. Çünki
bir neçə dəqiqədən sonra rektor daha beş fakültənin
tələbələri ilə
görüşəcək. Salona girənlərlə salondan çıxanlar arasında baş verən dialoqlarda ən çox eşidilən cümlə:
– Görüş çox səmimi keçdi. Gedin, nə probleminiz var rektora deyin. Hamısına çarə tapılacaq.
Könül NİFTƏLİYEVA
BDU-nun Jurnalistika fakultəsinin
baş müəllimi
fəlsəfə doktoru
525-ci qəzet.- 2013.- 18 may.- S.8.