Xalq yazıçısı İsa Muğannanın yeni çap olunmuş kitabları təqdim edilib

 

Mayın 18-də Atatürk Mərkəzində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq yazıçısı İsa Muğannanın 85 illik yubileyi münasibəti ilə nəşr edilən “İdeal”, “Məşhər”, “İsahəq, Musahəq”, “Qəbiristan”, “GurÜn” və “Cəhənnəm” əsərlərinin təqdimatı olub. “Hədəf” nəşrləri olan kitabların təqdimatında bir sıra ziyalılar, görkəmli yazıçılar, şairlər, ədəbiyyatşünaslar və mədəniyyət xadimləri qatılıblar.

Tədbiri giriş sözü ilə millət vəkili, AMEA-nın müxbir üzvü Nizami Cəfərov açdı: “Biz bu gün böyük yazıçımız, Azərbaycan ədəbiyyatının dünya miqyaslı bir sənətkarı, mütəfəkkiri İsa Muğannanın yeni nəşr olunmuş kitablarının təqdimatına toplaşmışıq. Əvvəlcədən, İsa Muğanna yaradıcılığına belə diqqətlə yanaşdığı üçün “Hədəf” nəşrlər evinə təşəkkür edirəm. Bu əsərlər Azərbaycan ədəbiyyatının ən nəhəng əsərləridir. Bu kitabların təqdimatı böyük yazıçımızın 85 yaşının qeyd olunduğu bir vaxta təsadüf edir. İsa Muğanna böyük mütəfəkkir, görkəmli dil və fikir ustasıdır. Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının böyük epoxasını əhatə edir. 50-ci illərdən başlayan bu yaradıcılıq çox yaxşı ki, 2010-cu illərdə də həmin keyfiyyətlə, həmin enerji ilə davam edir. Bu əsərlər  bizim ədəbiyyatımızı, mədəniyyətimizi, düşüncəmizi zənginləşdirir. İsa Muğannada ilahidən gələn, bizim çox zaman dərk etməyə çətinlik  çəkdiyimiz mənbələrdən gələn bir enerji var. O, öz yaradıcılığına qiymət verməyi bacaran yazıçıdır. Yazdıqlarını hər dəfə redaktə edən, yenidən işləyən və heç zamanda mahiyyəti dəyişməyən. Biz onu ancaq dünyanın çox böyük yazıçıları ilə müqayisə edə bilərik”.

Yeni nəşr olunan kitabların redaktoru Şəmil Sadiq son bir ildə İsa Muğanna ilə tez-tez görüşməsindən, yazıçı haqqında xatirələrindən danışdı: “ İlk dəfə “İdeal” əsərini 1998-ci ildə oxumuşdum. Həmin əsəri mənə tövsiyə edən Zülfəli müəllim demişdi ki, “İdeal”ı oxumayan adam Azərbaycan ədəbiyyatını tanımır. Tələbəlik illərindən arzum idi ki, İsa müəllimin əlini sıxım və bəzi sualların cavabını şəxsən özündən eşidim. Təxminən bir il müddətində İsa müəllimlə ünsiyyətdə olduq, mən bununla qürur duyuram”.

Kitabların naşiri Müşfiq Xan İsa Muğannanın bir dəfə oxumaqla başa düşməyin çətin olduğunu, onu dəfələrlə yenidən oxumağın vacibliyini qeyd etdi.

Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar İsa Muğannanın “Saz”, “Tütək səsi” və digər əsərlərinin də çap olunmasını istədiyini bildirdi və yazıçı haqqında fikirlərini bölüşdü: “Biz hər zaman İsa Hüseynova minnətdarıq. O, qəribə dünyada yaşayan bənzərsiz yazıçıdır. Yazıçı gərək yazdığına inansın, inandığını da yazsın. İsa Hüseynov da məhz belə yazıçılardandır”.

Daha sonra Xalq şairi Zəlimxan Yaqub çıxış etdi: “İsa müəllim təkcə Azərbaycanın yox, bütün dünyanın yazıçısıdır. O, təkcə “Məşhər”i, yaxud “İdeal”ı yazsaydı, yenə də ədəbi hadisəyə çevriləcəkdi. O, iyirmi beş, otuz, qırx yaşlarında necə yazırdısa, bu yaşında da həmin enerji ilə yazıb, yaradır. Bir dəfə Mehdi Hüseyn İsa müəllimdən soruşur: “Niyə atandan yazırsan?” İsa müəllim cavab verir: “Çünki atamı yaxşı tanıyıram”. İsa Muğanna Azərbaycan dövlətini, millətini, obasını çox yaxşı tanıyır. İsa Muğanna Azərbaycan Sovet ədəbiyyatının yönünü dəyişdirən yazıçıdır”.

Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq şairi Fikrət Qoca çıxışında İsa Muğannanın həqiqət yolunu qırılmağa qoymadığını, bu gün də bu yolun davamçılarının olduğunu vurğuladı.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədov çıxışı ilə oxucuların diqqətini özünə cəlb etdi. O, əvvəlcə yazıçıya təbrik məktubu bağışladı: “İsa müəllim haqqında texniki sahənin adamının fikirləri, məncə,  maraqlı olar. İsa müəllim bizim böyük yazıçımızdır. Onun “Ulduzlar sönmür” kinosu “Nizami” kinoteatrında veriləndə biz gedib orda növbədə dayanırdıq. İsa müəllimin “İdeal”ı stolüstü kitab olmalıdır. Osman Sarıvəlli deyir ki, kim yüz il yaşamasa, günah onun özündədir. Mən İsa müəllimə uzun ömür, cansağlığı arzulayıram”.

Tədbirin sonunda İsa Muğanna yaşının çoxluğu və səhhətində olan problemlərə görə jurnalistlərlə, oxucularla, ziyalılarla tez-tez görüşməyin mümkün olmadığını dedi. Çıxış edən və tədbirə gələn hər kəsə təşəkkürünü bildirdi.

Tədbirdə həmçinin İsa Muğannanın yeni nəşr olunan kitabları haqqında hazırlanan videoçarx göstərildi. Şagirdlər yazıçının tərcümeyi-halını və İlyas Əfəndiyevin, Anarın, Elçinin, Tofiq Hacıyevin, Zəlimxan Yaqubun və digər yazıçıların, şairlərin, ədəbiyyatşünasların İsa Muğanna haqqında fikirlərindən sitatları səsləndirdilər. Ədəbiyyat müəlliməsi Zöhrə Cəfərova isə Xəlil Rza Ulutürkün İsa Muğannaya həsr etdiyi şeiri oxudu.

 

 

Ramil Əhməd

 

525-ci qəzet.- 2013.- 21 may.- S.7.